Dövlətin qarşısında duran əsas vəzifələrdən biri ərzaq təhlükəsizliyini təmin
etməkdir
Ərzaq təhlükəsizliyi
ölkədə sabitliyin təmin edilməsi,
iqtisadi tədbirlərin həyata
keçirilməsi və digər məsələlərin həlli
üçün əlverişli sosial-iqtisadi imkanlar yaradır.
Ona görə də hər bir sivil ölkədə olduğu kimi, Azərbaycan
Respublikasında da dövlətin
qarşısında duran əsas vəzifələrdən
biri yoxsulluğun və
işsizliyin birdəfəlik aradan qaldırılması, vətəndaşların
sosial-rifah halının daha
da yaxşılaşdırılması ilə
yanaşı, ərzaq təhlükəsizliyinin tam təmin edilməsidir.
Milli Məclisin Aqrar
siyasət komitəsinin sədri Eldar İbrahimovla müsahibəmiz də bu barədədir.
- Eldar müəllim, məlum olduğu
kimi, hazırda dünyanın bütün dövlətlərini narahat edən və düşündürən
əsas məsələlərdən biri ərzaq
təhlükəsizliyidir. Sizcə, istənilən ölkədə
ərzaq təhlükəsizliyi nə zaman
tam təmin olunmuş
hesab edilir?
- Hər bir ölkə üçün
milli təhlükəsizliyin tərkib hissəsi
olan ərzaq təhlükəsizliyinə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatının verdiyi tərifə
görə - ərzaq təhlükəsizliyi iqtisadiyyatın
elə bir sahəsidir ki,
bu halda şəxsiyyətin
fiziki və sosial
inkişafı, ölkə əhalisinin
sağlamlığının və artımının təmin
edilməsi üçün keyfiyyətinə,
çeşidinə və həcminə görə kifayət
qədər hamının və hər kəsin ərzaq məhsulları,
içməli su və digər məhsullar
ilə təminatına zəmanət verilir.
Bu tərifə uyğun
olaraq ərzaq təhlükəsizliyinin təminatı
iki əsas amilin - fiziki və iqtisadi
imkanların mövcudluğu şəraitində
mümkündür.
Fiziki amil dedikdə,
hər bir insanın normal
və sağlam həyat fəaliyyətini
təmin edən həcmdə, çeşiddə və keyfiyyətdə
əsas ərzaq məhsullarının davamlı olaraq mövcudluğu nəzərdə
tutulur.
İqtisadi imkan dedikdə
isə müvafiq qaydada
təsdiq edilmiş fizioloji
(tibbi) normalara uyğun bu məhsulları
hər bir kəsin əldə etməsi üçün maddi
imkanlarının mövcudluğu başa düşülür.
Müstəqil Azərbaycan Respublikasında həyata
keçirilən düşünülmüş
iqtisadi siyasət ölkəmizdə hər
kəsin ərzaq məhsullarına əlçatanlığını
təmin edir. Belə ki,
əhalinin orta aylıq əməkhaqqı
ildən-ilə artır və 2011-ci ildə 364 manat təşkil etməklə 2005-ci ilə
nisbətən 3 dəfə çoxdur.
Fiziki imkanların mövcudluğu
iki yolla - hər bir ölkənin özündə istehsal edilən və idxal
olunan məhsullar hesabına təmin edilir. Ərzaq təhlükəsizliyinin təmin
edilməsində yerli kənd təsərrüfatı
məhsulları istehsalının artırılması bütün ölkələr üçün
prioritet fəaliyyət istiqaməti hesab olunur. İkinci
yol isə başqa
ölkədən asılı və etibarlı
olmadığına görə məqbul hesab
edilmir.
Dünya ölkələrinin təcrübəsi
göstərir ki, ərzaq təhlükəsizliyi
o vaxt təmin edilmiş hesab edilir ki, ölkə ərazisinə
xaricdən ərzaq məhsullarının daxil
olması dayandıqda ərzaq böhranı baş
vermir və istehlak olunan xammalın və ərzağın ümumi həcmində yerli
istehsal taxıl üzrə - 90 %, kartof - 95%, şəkər - 80%, bitki yağı - 80%, ət və ət məhsulları,
süd və süd məhsulları
- 85-90 %, balıq və balıq məhsulları üzrə -
80 %-dən az olmasın. Bu parametrlər
nəzərə alınmaqla yerli kənd
təsərrüfatı məhsullarına olan
tələbat əhalinin sayı və fizioloji
normalara uyğun
adambaşına düşən əsas məhsulların həcmi
əsasında hesablanır. Adambaşına illik
ərzaq normaları hər bir ölkənin
iqtisadi vəziyyətindən, iqlim və ərazi şəraitindən,
peşəkar ənənələrindən, milli
mentalitetindən və s. asılı olaraq insanların normal
yaşaması və səmərəli fəaliyyət
göstərməsinə imkan verən
hansı məhsuldan nə qədər qəbul etməsi
normaları əsasında müəyyən edilir
və bir qayda olaraq ölkənin səhiyyə nazirliyi tərəfindən rəsmən təsdiq
edilir.
Bununla yanaşı, qeyd
etmək lazımdır ki, respublikamızda
ərzaq məhsullarına olan fizioloji tələbat normaları indiyə kimi müəyyən olunub
rəsmi qaydada təsdiq edilməmişdir.
Bu səbəbdən istehlak
olunan ərzaq məhsullarının fizioloji normalara uyğunluğunu müəyyən etməkdə
çətinlik mövcuddur. Bəzi hallarda istehlak edilən ərzaq
məhsulları minimum istehlak
səbətinin göstəriciləri ilə müqayisə edilir ki, bu
da yanlışlığa səbəb olur. Ona görə də
yaxşı olar ki,
respublikamızda da dünyada
qəbul olunmuş qaydalara
uyğun ərzaq məhsullarına tələbata
dair fizioloji normalar müəyyən olunaraq
təsdiq edilsin. Belə normalar
Ümumdünya Səhiyyə Təşkilatı
və ayrı-ayrı ölkələrin səhiyyə
nazirlikləri tərəfindən təsdiq olunur.
Ərzaq təhlükəsizliyinin
çox böyük siyasi və sosial-iqtisadi əhəmiyyət
kəsb etməsini nəzərə alaraq
XX əsrin sonlarında BMT-nin "Ümumdünya Ərzaq Konfransı" keçirilmiş və dünya
ölkələrində bu məsələ
ilə bağlı görülən bir
sıra tədbirlər nəticəsində ərzaq təhlükəsizliyinin
səviyyəsi xeyli yüksəlsə də,
2008-2009-cu illərdəki qlobal iqtisadi böhran yoxsulluq və aclıq halında yaşayan insanların sayının
artmasına səbəb olmuşdur.
Hazırda dünyada 1 milyarda
yaxın adam lazımi səviyyədə qidalanmaq iqtidarında deyil.
Əhalinin durmadan artması, əkin
torpaqlarının qeyri-kənd təsərrüfatı məqsədləri
üçün istifadəsi və
müxtəlif səbəblərdən eroziyaya
uğraması nəticəsində getdikcə azalması, qlobal iqlim dəyişikliklərinin
artması və digər amillər ərzaq təhlükəsizliyini
dünya siyasətinin ön
sırasına çıxarmışdır.
- Keçid dövründə Azərbaycanda həyata
keçirilən islahatlar kənd təsərrüfatını
da əhatə etmişdir.
Ulu öndər Heydər Əliyevin
1993-cü ildə hakimiyyətə qayıdışından sonra başlanan bu islahatlar Prezident
İlham Əliyev tərəfindən
layiqincə davam etdirilməkdədir. Bütün bu islahatlar, görülən tədbirlər
ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin
olunmasına necə təsir göstərmişdir?
- Ölkə əhalisinin
ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün bir
sıra konkret tədbirlər həyata keçirilmiş və hazırda da bu işlər davam etdirilir. Ulu öndər Heydər Əliyevin
imzaladığı sərəncamlara əsasən 2001-ci ildən
başlayaraq ərzaq təhlükəsizliyi
və yoxsulluğun azaldılması və
iqtisadi inkişaf
üzrə dövlət proqramları yerinə yetirilmişdir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə
təsdiq edilmiş "2008-2015-ci illərdə
Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları
ilə etibarlı təminatına dair
Dövlət Proqramı" uğurla
yerinə yetirilir. Regionların
inkişafına dair həyata keçirilmiş birinci və
hazırda icrası davam edən ikinci dövlət proqramlarında nəzərdə
tutulmuş tədbirlər də əsasən
işsizliyin aradan
qaldırılması və ərzaq təhlükəsizliyinin
təmin edilməsinə yönəlmişdir. Bu
problemlərin həlli ölkənin aqrar
siyasətinin inkişaf
strategiyasının əsasını təşkil edir və aqrar bölmə
ilə sıx əlaqədədir.
Ölkəmizdə
iqtisadiyyat bazar
münasibətləri əsasında inkişaf
etdirildiyindən aqrar bölmədə də
bu siyasətə uyğun
tədbirlər həyata keçirilir. Belə
ki, respublikamızın aqrar
bölməsində bazar
iqtisadiyyatının əsas şərtlərindən biri olan xüsusi
mülkiyyət bərqərar olmuş, torpaq islahatı başa
çatmışdır. Hazırda kənd təsərrüfatı
məhsulları istehsalının 99,7 faizi
sahibkarlar tərəfindən təmin edilir.
Torpaqların xüsusi mülkiyyətə verilməsi kənd
təsərrüfatının inkişafı üçün
yetərli olmadığını nəzərə alaraq aqrar sahəyə
dövlət dəstəyi göstərilməsinə ölkə
rəhbəri daim diqqət və
qayğı göstərir. Belə ki, kənd
təsərrüfatı məhsul istehsalçıları torpaq vergisi istisna olmaqla digər vergilərdən
azad olunmuş, əkin
sahəsinin hər hektarına 40 manat (buğda və çəltik sahələrinə
görə əlavə 40 manat) subsidiya ödənilir, aqrolizinq
yolu ilə mineral
gübrələr və damazlıq heyvanlar
güzəştli qiymətlərlə satılır, toxumçuluq təsərrüfatlarına əlavə
ödənişlər verilir, digər
yardımlar və güzəştlər həyata keçirilir. Bütün
bunların nəticəsidir ki, ildən-ilə
kənd təsərrüfatı məhsullarının
istehsalı artır və 2011-ci ildə ölkəmizdə
4,6 milyard manatlıq və ya
2000-ci ilə nisbətən 4,1 dəfə çox
məhsul istehsal olunmuşdur.
Məhsul istehsalının artımı əhali
artımını üstələdiyindən adambaşına
əsas növ heyvandarlıq və bitkiçilik məhsullarının istehlakı
son illər xeyli
artmışdır. İstehlak edilən
taxıl, bitki yağı, şəkər
istehsalı üçün xammal, süd, yumurta və balıq məhsullarına görə
xarici ticarətdən asılılıq olsa da, kartof,
tərəvəz və bostan, meyvə və
giləmeyvə, ət məhsullarına görə xarici ticarətdən asılılıq çox cüzidir və təhlükə
yaratmır.
Ölkəmizdə
əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi,
istehlak olunan ərzaq
məhsullarının istehsalının artırılması,
istehlakda idxaldan
asılılığın maksimum
azaldılması üçün aqrar sahəyə dövlət dəstəyini
bundan sonra da saxlamaq və genişləndirməklə
kompleks tədbirlər sistemi
hazırlanıb həyata keçirilməlidir. Möhtərəm
Prezident İlham Əliyev
bununla əlaqədar demişdir:
"Bazar iqtisadiyyatı prinsipləri
ölkələri ərzaq
çatışmazlığından qoruya
bilmir. Ona görə
də biz əlavə tədbirlər
görməliyik ki, özümüzü
qoruyaq, daxildə kənd təsərrüfatının
istehsalını artıraq, tam şəkildə
əsas ərzaq məhsulları ilə təmin edək. Hələ
ki, biz bunu
görmürük". Bu
tapşırığı yerinə yetirmək üçün kompleks tədbirlər,
yəni iqtisadi tədbirlərlə
yanaşı, təşkilati tədbirlərin də həyata
keçirilməsinə ciddi ehtiyac yaranmışdır. Bunu
aqrar sahədə mövcud
olan hazırkı vəziyyət də zəruri
edir. Məlumdur ki, kənd
təsərrüfatı məhsullarının
artırılması ekstensiv və intensiv yollarla təmin edilir. Bitkiçilikdə məhsul
istehsalının artımına əkin sahələrinin
genişləndirilməsi hesabına nail olmaq imkanları məhduddur və bu, külli miqdarda sərmayə tələb edir. Həm də əkin sahələrinin
qış otlaqları hesabına genişləndirilməsi gələcəkdə
heyvandarlıq, xüsusilə qoyunçuluq
məhsullarının istehsalına mənfi təsir göstərə
bilər. Ona görə bu
sahələr əkin dövriyyəsinə daxil
edilərkən həmin sahələrdən
heyvandarlığın yem bazasını
möhkəmləndirmək üçün
istifadəsi də nəzərə alınmalıdır.
Heyvandarlıqda isə ekstensiv, yəni
mal-qaranın sayının artırılması yolu ilə inkişafa nail olmaq imkanları, demək
olar ki, tamamilə
tükənib. Ona görə ki, hər hektar əkin
yerinə düşən qaramal və hər
hektar örüş
sahəsinə düşən qoyunların sayı maksimum normanı üstələyir və
mal-qaranın sayını artırmaq yox, əksinə,
azaltmaq tələb olunur.
Çünki örüşlərdə
mal-qaranın sayının normadan
artıq olması alaq otlarının
çoxalmasına və sahənin səhralaşmasına səbəb
olur ki, bu da həmin sahənin məhsuldarlığının
kəskin azalması və təsərrüfat dövriyyəsindən
çıxması ilə nəticələnir.
Respublikamızda
kənd təsərrüfatının intensiv
yolla inkişaf etdirilməsi
üçün böyük
potensial vardır və bu
imkandan tezliklə və səmərəli
istifadə etmək lazımdır. Məlumdur ki,
intensiv üsulla kənd
təsərrüfatını inkişaf
etdirmək məhsuldarlığın artırılmasına əsaslanır.
Təəssüflə qeyd etməliyik ki, ölkəmizdə becərilən kənd
təsərrüfatı bitkilərinin məhsuldarlığı
çox aşağıdır və əsasən
hava şəraitindən asılı olaraq artıb-azalır. Ərzaq təhlükəsizliyinin
təmin edilməsində əsas bitki hesab edilən buğdanın hər hektardan məhsuldarlığı ölkəmizdə
1913-cü ildən indiyə kimi 27,9
sentnerdən (2008-ci ildə) yuxarı olmamışdır. Bu göstərici Avropa
İttifaqına daxil olan
ölkələrdə 55 sentnerdən çox
olmaqla bəzi ölkələrdə 80
sentnerə çatır. İnsanın qida
tələbatını ödəyən digər əsas
bitkilər - qarğıdalı, kartof və
çəltiyin də məhsuldarlığı çox azdır və əsaslı artım hiss olunmur.
Heyvandarlıq
sahəsində də məhsuldarlıq aşağı olmaqla yanaşı, artım çox
cüzidir. 2011-ci ildə hər inək və
camışdan 1227 kq süd
sağılmışdır ki, bu da 1996-cı ilə nisbətən
cəmi 228 kq çoxdur
və ya hər il
artım 15 kq təşkil etmişdir.
Bu artım da əsasən
son illərdə aqrolizinq
yolu ilə xarici
ölkələrdən yüksək məhsuldar cins heyvanların gətirilməsi sayəsindədir.
Bəzi MDB və Avropa ölkələrində
isə hər inəkdən 8-10 min kq süd
sağılır. Bütün bunlar onu deməyə əsas
verir ki, bitkiçilik və heyvandarlıqda məhsuldarlığı
yüksəltmək üçün geniş imkanlar var və bu yolla ölkəmizdə kənd təsərrüfatı
məhsullarının istehsalını 2-3 dəfə
artırmaq mümkündür. Bu məqsədlə bəzi təşkilati tədbirlərin
həyata keçirilməsinə ehtiyac
vardır. Bu tədbirlər
sırasında uzun illər dünya təcrübəsindən uğurla çıxmış və
qabaqcıl aqrar bölməsi olan ölkələrdə bu
gün də tətbiq edilən və kompleks tədbirləri özündə cəmləşdirən
kənd təsərrüfatı kooperasiyasının həyata
keçirilməsidir.
- Kənd təsərrüfatı
kooperasiyaları aqrar sferada
istehsalın və məhsuldarlığın artımına nə
kimi töhfələr verə bilər?
- Məhsulun maya
dəyərinin aşağı salınması, məhsuldarlığın
yüksəldilməsi, yeni iş yerlərinin açılması, kənd
ərazilərinin inkişaf etdirilməsi,
aqrar-sənaye kompleksinin inkişafı və
modernləşdirilməsi, aqrar bölmədə
yeni texnika və
texnologiyaların tətbiqi, rəqabət qabiliyyətli məhsul
istehsalı üçün kənd təsərrüfatı
kooperasiyasının həlledici rolu
danılmazdır və bu təsərrüfatçılıq
forması kənd təsərrüfatının və kənd
əhalisinin bütün tələblərinə
cavab verir. Bazar iqtisadiyyatının inkişaf
etdiyi İsveç, İtaliya, Fransa, Danimarka, Almaniya və digər
ölkələrdə kooperasiya çox səmərəli fəaliyyət
göstərir və kənd təsərrüfatı məhsulları
istehsalı və satışının 60-100 faizi
kooperativlərin payına düşür.
ABŞ, Niderland, Danimarka, İsrail, Fransa kimi ölkələrdə məşğul əhalinin
cəmi 2-5 faizinin aqrar
sahədə işləməsinə baxmayaraq,
həmin ölkələr öz tələbatlarını
ödəməklə yanaşı, həm də
dünyanın iri ərzaq
ixracatçıları hesab olunurlar. Bunu ekspertlər kənd
təsərrüfatının maddi-texniki
bazasının mükəmməl olması və
genişmiqyaslı kooperasiya əlaqələrinin
qurulması ilə izah edirlər.
Hazırda dünyada iri aqrar kooperativlər fəaliyyət göstərir.
Finlandiyada istehsal olunan südün 65-70 faizini öz məhsulları
ilə Azərbaycan alıcılarının da
yaxşı tanıdığı "Valio"
kooperativi emal edir. Avropa Birliyinin
ən iri 25 aqrar kooperativinin hər birinin illik dövriyyəsi 4-10 milyard
avro təşkil edir.
Bu ölkələrdə kənd təsərrüfatı
kooperasiyası iqtisadi sistem
kimi formalaşmış və hər bir istehsalçı bir
neçə kooperativin üzvüdür.
Müasir dünya
praktikası sübut edir
ki, kənd təsərrüfatının
gələcək inkişafı əsasən kooperasiyanın
üstünlüklərindən istifadə etməklə
müəyyən ediləcək, ailə (kəndli) təsərrüfatları
və kiçik kənd təsərrüfatı
müəssisələrinə xidmət məsələlərinin
həlli isə kənd təsərrüfatı kooperativlərinin
yaradılması yolu ilə həll olunacaq.
Aqrar bölmənin və kənd ərazilərinin
inkişafında, ölkə əhalisinin etibarlı ərzaq
təhlükəsizliyinin təmin edilməsində
kooperasiyanın mühüm rolu nəzərə alınaraq "Kənd təsərrüfatı
kooperasiyası haqqında" Azərbaycan
Respublikasının qanun layihəsi
hazırlanmışdır. Layihədə kənd təsərrüfatı
istehsalçılarının istehsal vasitələri,
kənd təsərrüfatı texnikası və
avadanlıqlar, mineral gübrələr və
digər kimyəvi maddələr, toxum və
damazlıq heyvanlar, yem
və digər materiallarla təmin edilməsi,
onlara aqroservis xidməti
göstərilməsi, istehsal etdikləri
məhsulları emal etmək və bazarda satmaq üçün imkanlar
yaradılması, kooperativ bazarların təşkili,
kooperasiya prosesinə dövlət dəstəyi
və digər məsələlər nəzərdə tutulur. Bu qanunun
qəbul edilməsi ölkəmizin aqrar
bölməsində yeni dövrün
başlanmasının təməlini qoyacaq.
Müasir şəraitdə kooperasiyanın
təşəkkülü yalnız bir istehsalat və ya təsərrüfatçılıq
forması olmayacaq, o, iqtisadi məkanın qloballaşması və bazar iqtisadiyyatının ağır şərtlərində
kənd təsərrüfatı istehsalının
yaşamasının ideologiyasının iqtisadi
əsaslarını müəyyən edəcəkdir.
Kooperativlərin yaradılması və kənd təsərrüfatında
kooperasiyanın inkişafı yeni iş yerlərinin açılması ilə
yanaşı, yüksək ixtisaslı kənd təsərrüfatı
mütəxəssislərinin işlə təmin edilməsinə
təkan verəcək və aqrar sahə
mütəxəssislərinin hazırlanmasını stimullaşdıracaqdır.
Bu isə aqrar elmin inkişafına və problemlərin elmi əsaslarla həllinə zəmin
yaradacaqdır. Xırda təsərrüfatlarda isə aqrar mütəxəssis saxlamaq
səmərəli olmadığına görə hazırda bu məsələdə böyük
çətinliklər mövcuddur.
Yeri gəlmişkən, kənd təsərrüfatı
kooperasiyası ilk dəfə
İtaliyanın Florensiya bölgəsində
südçülük sahəsində
yaranmış və sonradan kənd təsərrüfatının
başqa sahələrini əhatə etməklə
digər bölgələrə və ölkələrə
yayılmışdır. Kənd təsərrüfatı
kooperasiyası haqqında ilk qanun XIX əsrin birinci
yarısında Böyük Britaniyada qəbul edilmişdir.
Həmin əsrin ikinci yarısında belə
bir qanun
İtaliyanın kənd təsərrüfatı naziri Sanardelli tərəfindən
hazırlanmış və qəbul edilmişdir.
Bu qanun bəzi dəyişikliklər
və əlavələr edilməklə indi
də qüvvədədir. Bəzi ölkələrdə
kooperativlərin yaradılması, onlara
dövlət dəstəyinin göstərilməsi və kooperativ hərəkatının
stimullaşdırılmasının hüquqi
əsasları həmin ölkələrin konstitusiyasında əks
olunmuşdur. İtaliya
Konstitusiyasının 45 və 129-cu maddələrində qeyd olunur ki,
Respublika qarşılıqlı
yardıma əsaslanan kooperativlərin sosial
funksiyasını dəstəkləyir, dövlət hakimiyyəti
orqanları vətəndaşların kooperativlərdə
iştirakını stimullaşdırır, kooperativlərin fəaliyyətinə
yardım göstərir. Macarıstan Konstitusiyasının
12-ci paraqrafında hökumətin üzərinə kooperativləri
dəstəkləmək, onların müstəqilliyini təmin
etmək öhdəliyi qoyulub.
Ərzaq təhlükəsizliyinin
təmin edilməsi hazırda dünya
iqtisadiyyatının prioritet istiqamətidir
və bu problem gələcəkdə
daha da aktuallaşacaq.
Hesablamalar göstərir ki,
2050-ci ildə dünya əhalisi 9 milyard nəfərdən çox
olacaq. Bu insanları və
indi aclıq çəkən əhalini fizioloji normalar əsasında
ərzaqla təmin etmək üçün
kənd təsərrüfatı məhsulları istehsalı ən
azı 60 % artmalıdır. Eyni zamanda bildirilir ki, bir neçə ildən
sonra bütün dünya ölkələrinin tələbatında
neft və qazı ərzaq məhsulları
əvəz edəcək. Ona görə də
hər bir ölkə problemin
həlli üçün təsirli tədbirlər
görməyə başlamışdır.
- XX əsrin
sonlarında genetika elminin
nailiyyətlərindən istifadə edərək genetik modifikasiya olunmuş (GMO) bitkilər yetişdirilməyə
başlanmışdır. Bu bitkiləri
yetişdirən şirkətlər dünyada
ərzaq çatışmazlığından əziyyət
çəkən insanları aclıqdan qurtarmağa,
kənd təsərrüfatında pestisidlərin və digər
kimyəvi maddələrin istifadəsini azaltmağa
və fermerlərin gəlirlərini çoxaltmağa
söz vermişdilər. Hazırda bu sahədə vəziyyət necədir?
- Həmin bitkilərdən istifadə
ilk vaxtlar müəyyən
üstünlüklərini göstərsələr də, bir neçə ildən sonra
vəd olunan nəticəni vermədi. Məlum
olub ki, genetik modifikasiya olunmuş bitkilər yüksək məhsuldarlıq
xüsusiyyətlərini saxlaya bilmirlər
və müəyyən müddətdən sonra
adi bitkilərdən fərqlənmir,
pestisidlərə qarşı davamlı superalaqlar
əmələ gəldiyindən kimyəvi maddələrdən
daha çox istifadə
olunur və fermerlər gəlir əldə
etmək əvəzinə zərərlə işləməyə
məcbur olurlar. Hindistanda
transgen pambıq becərən kəndlilərin
özlərinə kütləvi sui-qəsd etmələri, Braziliyada soya
böhranı bunu sübut
edir. Aparılan elmi-tədqiqatlar GMO mənşəli
məhsullarla qidalanmanın heyvan orqanizminə
mənfi təsir etməsini göstərir. Rusiya,
Almaniya, İngiltərə və digər
ölkələrin laboratoriyalarında heyvanlar
üzərində aparılan təcrübələr əsasında
müəyyən olunmuşdur ki, genetik modifikasiya
olunmuş kartof, soya və başqa məhsullarla
yemləndirilən siçovulların balaları zəif inkişaf edir, daxili orqanlarında patologiyalar
baş verir və
ölçüləri azalır, daxili qanaxmalar olur, aqressiv olurlar, nəsil vermək
qabiliyyəti azalır, yaxud tamam olmur və ölüm faizi çox olur. Ona görə də bir çox ölkələrdə və bəzi
ölkələrin müəyyən bölgələrində
GMO mənşəli məhsulların istehsalı və
satışı qadağan olunur və ya müəyyən
məhdudiyyətlər tətbiq edilir.
Dünyada ən çox
aclıq çəkən əhali Afrika
qitəsindədir. Buna baxmayaraq,
Cənubi Afrika Respublikasından başqa digər 26 Afrika
ölkəsi 2002-ci ildə Yohannesburqda
(CAR) keçirilən Ümumdünya
sammitində genetik modifikasiya
olunmuş məhsullara yox
demiş və bildirmişlər ki, gen
texnologiyasının və bu şirkətlərin
bizim fermerlərin XXI əsrin məhsullarını
istehsal etməyinə kömək göstərmələri
ideyasına inanmırıq. Əksinə, hesab
edirik ki, onlar bizim fermerlərin min illər boyu
hazırladıqları yerli
texnologiyanı və kənd təsərrüfatı sistemini, bioloji müxtəlifliyi
məhv etməyə və bununla da özümüzü
yedizdirmək imkanımızı azaltmağa
çalışırlar. Həmin sammitdə Zambiya
və Zimbabve hökumətləri
ABŞ-ın təklif etdiyi 51 milyon dəyərində olan
genetik modifikasiya olunmuş qarğıdalı məhsulu köməyindən
nümayişkaranə surətdə imtina
etmişlər. Buna baxmayaraq,
transgen bitkilərin əkin sahəsi
getdikcə genişlənir və hazırda dünyada
əkin sahəsinin 10-11 %-ni, ABŞ, Braziliya, Argentina, digər
ölkələrdə isə 40-60 %-ni təşkil
edir. Respublikamızda da
1997-ci ildə qəbul edilmiş "Toxumçuluq haqqında" qanunun
24-cü maddəsində göstərilir ki,
rayonlaşmamış sortların toxumlarının ticarət
dövriyyəsinə daxil edilməsinə
yol verilmir. Bu qanunun 27-ci maddəsində
isə qeyd olunur ki, gen mühəndisliyi əsasında
alınmış bitki toxumlarının
Azərbaycan Respublikasına idxalına icazə verilmir. Bu bitkilərin
toxumlarının və digər genetik
materiallarının ölkəmizə gətirilməsi "Ekoloji təmiz kənd təsərrüfatı
haqqında" və "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və
səmərəli istifadəsi haqqında" qanunlarda
da qadağan olunur. Təəssüf ki,
onların respublikamıza gətirilməsi, istifadəsi və
yayılması davam edir
və qanunlarda təsdiq edilmiş
tələblər kobudcasına pozulur və
artıq neçə illərdir ki,
ölkəmizdə rayonlaşdırılmamış və transgen bitkilərin - pambıq, buğda,
qarğıdalı, pomidor, qarpız və
digər bitkilərin genetik
materiallarından istifadə olunur.
Onu da qeyd etmək lazımdır ki,
toxumçuluğu və damazlıq heyvandarlığı
inkişaf etdirmədən kənd təsərrüfatında
yüksək nəticə almaq qeyri-mümkündür. Əgər
əkin sahəsinin yalnız üçdə bir hissəsinə
reproduksiyalı toxum səpilirsə və damazlıq heyvanlar məhsuldar
mal-qaranın heç bir faizini də təşkil etmirsə,
yüksək məhsuldarlıqdan söhbət gedə bilməz.
Fikrimcə, bu məsələlər əlaqədar təşkilatların
iştirakı ilə yüksək səviyyədə
müzakirə edilməli və ciddi tədbirlər
görülməlidir. Təkcə onu demək kifayətdir ki,
transgen bitkilərin əkildiyi sahələrin tam
sağlamlaşması üçün 16 il vaxt
lazımdır. Ona görə də ölkəmizin ekoloji təmiz
kənd təsərrüfatı məhsulları
istehsalçısı imicini saxlamaq, əhalinin etibarlı ərzaq
təhlükəsizliyini təmin etmək, aqrar sahədə
davamlı inkişafa nail olmaq, ekoloji təmiz məhsullarla
xarici ticarəti genişləndirib yüksək gəlir əldə
etmək üçün qəbul edilmiş qanunların tələblərinə
hamılıqla əməl etməliyik. Əks təqdirdə,
respublikamızın aqrar sahəsi problemlərlə üzləşə
bilər.
Müsahibəni yazdı; Rəşad CƏFƏRLİ
Azərbaycan.-2012.-
29 sentyabr.- S.5.