Bakıda istedadlı rəssam
İnna Kostinanın fərdi sərgisi
açılmışdır
Sentyabrın 28-də
Azərbaycan Milli İncəsənət
Muzeyində çoxcəhətli
yaradıcılığı ilə ölkəmizdə və
xaricdə təsviri incəsənətsevərlər
tərəfindən yaxşı tanınan, istedadlı rəssam
İnna Kostinanın fərdi sərgisi
açılmışdır.Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə keçirilən "Cənnət
yuxuları" adlı sərgidə rəssamın 1993-cü
ildən bugünədək müxtəlif texnikalarla
çəkilmiş 150-dən artıq bir-birindən
maraqlı əsərləri nümayiş
etdirilmişdir.
AzərTAc xəbər
verir ki, tədbirdə
dövlət qurumlarının nümayəndələri,
tanınmış rəssamlar, KİV nümayəndələri
iştirak etmişlər.
Açılış
mərasimində çıxış edən Azərbaycan Milli İncəsənət Muzeyinin
direktoru Çingiz Fərzəliyev
yeni sərginin açılışı
münasibətilə rəssamı təbrik etmiş,
ona yeni
yaradıcılıq uğurları və belə sərgilərin
davamlı olmasını arzulamışdır.
Mədəniyyət
və Turizm Nazirliyinin
şöbə müdiri Fikrət Babayev müasir rəssamların
sərgilərinin təşkilini təqdirəlayiq hal kimi qiymətləndirmişdir.
Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı
Ömər Eldarov, xalq
rəssamı Ağaəli İbrahimov
çıxışlarında istedadlı rəssamın
çoxşaxəli yaradıcılığından söhbət
açmışlar.
Bildirilmişdir ki, Azərbaycanda
və xarici ölkələrdə
keçirilən 250-dən artıq sərginin
iştirakçısı olmuş İnna Kostina "batik" texnikasında işlədiyi
pannoları və "Arabeski"
seriyasından rəsm əsərləri ilə məşhurlaşmışdır.
Onun əsərləri dünyanın bir çox ölkələrinin
tanınmış muzey və
qalereyalarında nümayiş etdirilmiş, bir çox mükafat və qrantlara layiq görülmüşdür. Rəssamın
qazandığı böyük uğurlardan biri də
2010-cu ildə İtaliyanın
II Leone İncəsənət Mərkəzində
keçirilən müsabiqənin mükafatçısı
olmasıdır.
Qeyd edilmişdir ki,
İnna Kostinanın ən böyük
uğuru bir pedaqoq kimi onun böyük
yaradıcılıq məktəbinin layiqli
davamçısı, gözqamaşdırıcı əsərləri
ilə bu gün hər
kəsi valeh edən gənc rəssam Məryəm
Ələkbərlinin istedadında özünü göstərir.
Məryəm Ələkbərli bu gün yaratdığı əsərlərlə
insan təxəyyülünü heyran qoyan yeni
dünya yaratmışdır.
Mərasimdə
çıxış edən Azərbaycan Respublikasının Prezidenti
Administrasiyasının Humanitar siyasət
məsələləri şöbəsinin müdiri
Fatma Abdullazadə rəssamın
yaradıcılığını yüksək qiymətləndirmişdir.
F.Abdullazadə
bildirmişdir ki, o, bir tərəfdən fəal
işləyən, üstəlik, konseptual
işləyən rəssamdır, digər tərəfdən
vaxtının xeyli hissəsini
insanları sənətkarlıq
ideyalarının sirlərindən agah etməyə,
onları bizə yaxınlaşdırmağa həsr edir. İstedadlı rəssam öyrədəndə
öz şəxsiyyətinin, öz yaradıcılığının hər
birinin təbii gözəlliyini axtarmağa çalışır ki, bu da
onun istedadının tam
açılmasına kömək edir, bir növ kamilləşmə
dövrü başlayır. Onun yaratdığı bütün
obrazlar, xalq
dastanlarının, miflərin, nağılların səhifələrindən
qoparaq canlanan qadın obrazları, əfsanəvi
quşlar, yarıqadınlar,
yarıquşlar, əslində, bütöv
bir dünya
yaradır. Zənnimcə, o, ildən-ilə
kamilləşəcək, gələcəkdə bizə yeni əsərlər bəxş edəcək,
yaradıcılığında yeni
üfüqlər açılacaqdır. İnna
Kostina demişdir: "Biz öyrətdiklərimizə
cavabdehik". Mən bu
gün müəyyən mənada rəssama
onun öyrətdikləri bütün
insanlar adından da
"sağ ol" demək
istəyirəm.
Sonra İnna Kostina sərginin Milli
İncəsənət Muzeyində təşkil edilməsindən
məmnunluğunu bildirmiş və bu işdə zəhməti olan
təşkilatçılara minnətdarlığını bildirmişdir.
Sonda sərgiyə baxış keçirilmişdir.
Azərbaycan.-2012.-
29 sentyabr.- S.6.