«Körpülərin
salınması» adlı beynəlxalq konfrans
işini başa
çatdırmışdır
Sentyabrın 28-də Bakıda
"Körpülərin salınması" adlı beynəlxalq
konfrans işini başa çatdırmışdır. AzərTAc xəbər verir ki, Azərbaycanda Vətəndaş Cəmiyyətinin
İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Avropa Məsələləri üzrə İnstitutun (İNEA) təşkilatçılığı
ilə sentyabrın 27-də işə başlayan
konfransda Avropanın 14 ölkəsindən
40-dan çox yüksək vəzifəli
nümayəndə iştirak etmişdir.
Yerli dövlət və hökumət nümayəndələrinin
də qatıldıqları konfransın
iştirakçıları arasında Avropa
ölkələrində fəaliyyətdə olan
siyasətçilər, keçmiş
dövlət məmurları, nazirlər, Avropa
Parlamentinin deputatları, eləcə də
Avropa İttifaqı strukturlarının fəaliyyətdə
olan və ya keçmiş
məmurları vardı.
Konfrans sentyabrın 28-də BMT baş katibinin "İdman
inkişafı və sülh naminə"
proqramının xüsusi məsləhətçisi
Vilfrid Lemke və Azərbaycan
Milli Olimpiya Komitəsinin
baş katibi Ağacan Abıyevin sədrliyi ilə
keçirilən "Sərhədsiz idman"
adlı üçüncü paneldə işini davam etdirmişdir.
Bu paneldə gənclər və idman
nazirinin müavini
İsmayıl İsmayılov, AFFA-nın baş
katibi Elxan Məmmədov,
Azərbaycan Şahmat Federasiyasının
vitse-prezidenti Faiq Həsənov,
Almaniya Şahmat
Federasiyasının direktoru Horst Metzinq, FİFA-nın
fəxri üzvü, alman
futbolunun fəxri prezidenti,
keçmiş dövlət katibi Gerhard Mayer-Vorfelder çıxış etmiş,
müzakirələr aparılmışdır.
Natiqlər Azərbaycanda
idmanın inkişafından, əldə edilən nailiyyətlərdən,
ölkədə keçirilən beynəlxalq
yarışlardan, idmanın xalqlar
arasında dostluq, qardaşlıq körpüsü olmasından
danışmışlar.
Bildirilmişdir ki, Azərbaycanın
müstəqil və dünya birliyinin bərabərhüquqlu üzvü kimi idman sahəsində əldə etdiyi uğurlar
xalqımızın azadlığının və ölkəmizin
müstəqilliyinin bəhrəsidir. Ölkəmizin Olimpiya oyunlarında əldə etdiyi nailiyyətlərin qeyd
olunduğu paneldə respublikamızda
idmanın, bədən
tərbiyəsinin inkişafına dövlət tərəfindən
böyük diqqət göstərildiyi
vurğulanmışdır. Qeyd olunmuşdur ki, idman xalqları, gəncləri, millətləri
bir-birinə yaxınlaşdıran, ünsiyyət yaradan gözəl bir amildir.
Diqqətə
çatdırılmışdır ki,
keçmişdə Sovetlər İttifaqının tərkibində
olarkən Azərbaycan idmanı inkişaf
etsə də, bu sahədə əldə
olunan nailiyyətlər beynəlxalq aləmdə
Ümumittifaq adından
tanınırdı. Lakin indi
müstəqil Azərbaycan dövlətində idman özünə layiq olan yerini tuta bilmişdir.
Azərbaycanda idmana, bədən tərbiyəsinə,
idmançılara qayğı gündən-günə
artır. Son illərin nailiyyətləri onu
göstərir ki, ölkəmizdə idmana, Olimpiya hərəkatına,
gənclərimizə göstərilən qayğı gənclərimiz,
idmançılar tərəfindən səmərəli
istifadə olunur və bu
gün biz mühüm nailiyyətlərin şahidiyik.
Eyni zamanda,
Bakıda keçirilən beynəlxalq yarışlar da Azərbaycanın idman
aləmində artan nüfuzundan
xəbər verir. Bir çox beynəlxalq yarışlara uğurla ev sahibliyi edən Azərbaycan artıq böyük təcrübəyə malikdir. Bu gün
ölkəmizdə davam edən FIFA U-17
qadınlararası dünya
çempionatının uğurlu təşkili
də deyilənləri sübut edir.
Vurğulanmışdır
ki, XXX London Yay Olimpiya Oyunlarında Azərbaycan
idmançıları 10 medal
qazanmışlar. Azərbaycanın Olimpiya
yığması bu göstərici ilə
205 ölkə arasında 30-cu olmuşdur.
Millimiz Avropa ölkələri
arasında 15-ci, MDB dövlətləri arasında 5-ci yerdə
qərarlaşmışdır.
"Sərhədsiz
idman" adlı üçüncü
paneldə Azərbaycanda futbolun, şahmatın,
boksun və digər idman
növlərinin inkişafından geniş
bəhs edilmişdir.
Daha sonra konfrans
Almaniyanın Humbolt Fondunun
baş katibinin müavini Tomas Hesse və Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin keçmiş
sədri, "İrşad-İslam"
Araşdırmalar Mərkəzinin rəhbəri Rafiq Əliyevin sədrliyi ilə keçirilən
"Tədqiqat və təhsil" adlı dördüncü
paneldə işini davam
etdirmişdir.
Bu paneldə təhsil nazirinin müavini Qulu Novruzov, akademik Vaqif Fərzəliyev, İNEA-nın distant təhsil və Hamburq
Tətbiqi Elmlər Universitetinin distant təhsil üzrə rəhbəri Toni Möller, Avropa və Mərkəzi Asiya
üzrə "Global Shapers
Community"nin meneceri Melih Nurluel, Baltik Dənizi Forumunun nümayəndəsi Prins
Kristian zu Şaumburq-Lippe
çıxış etmiş, müzakirələr
aparılmış, təkliflər səsləndirilmişdir.
Natiqlər
Azərbaycanda təhsilin, elmin
inkişafından, əldə olunan nailiyyətlərdən
və perspektivlərdən, respublikamızın bu sahədə xarici
ölkələrlə uğurlu əməkdaşlığından,
azərbaycanlı gənclərin xaricdə təhsil
almalarından, həmçinin xarici tələbələrin
ölkəmizdə təhsil almalarından, bu sahədə
Azərbaycanda həyata keçirilən dövlət
proqramlarından danışmışlar.
Bildirilmişdir ki, azərbaycanlı
gənclərin xaricdə təhsil alması prosesi
müstəqilliyimizin ilk illərindən
həyata keçirilməkdədir. Ölkədə təhsil
sahəsində 16 dövlət proqramı həyata keçirilir. Bu layihələr
təhsilin bütün səviyyələrini
əhatə edir. Bu proqramlardan biri də
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı"dır. Bu proqram çərçivəsində indiyədək
1800-ə yaxın azərbaycanlı gənc dünyanın nüfuzlu universitetlərində təhsil almağa göndərilmişdir. Bu gün Yeni Zelandiya,
Kanada, Avstraliya, Koreya Respublikası, Çin,
Malayziya, Sinqapur,
ABŞ, Norveç, İsveç,
Finlandiya, İtaliya, Belçika, Böyük Britaniya, Almaniya, Fransa, Niderland və s. ölkələrin müxtəlif ali təhsil müəssisələrində
yüzlərlə azərbaycanlı gənc təhsil alır.
Vurğulanmışdır
ki, bu il
Almaniyada tibb üzrə
diplomdan sonrakı pillədə təhsil almağa göndərilənlərin sayı
150 nəfərdən çoxdur. Bu, Azərbaycan həkimləri üçün
yaradılan böyük imkandır.
Diqqətə
çatdırılmışdır ki, Azərbaycanda
həyata keçirilən dövlət proqramları və islahatlar çərçivəsində təhsilin
bütün sahələri inkişaf edir. Təhsildə
idarəetmə, müəllim hazırlığı və
digər sahələrin inkişafına xüsusi
diqqət yetirilir. Eyni
zamanda, təhsilin inkişafı ilə
bağlı dövlət başçısının təsdiq
etdiyi müvafiq
dövlət proqramları hazırda Azərbaycan hökuməti
tərəfindən uğurla icra edilir. Bu
proqramlar orta məktəblərdə
kurikulum, təhsil sisteminin
informasiyalaşdırılması, texniki
peşə təhsili, Azərbaycanın ali
təhsil sisteminin Avropa
təhsil məkanına inteqrasiyasını və s. sahələri əhatə edir.
Qeyd edilmişdir ki, Avropanın bir
sıra ölkələri təhsil və elm sahələrində Azərbaycan
ilə əməkdaşlıqda, o cümlədən təcrübə
mübadiləsinin aparılmasında maraqlıdır. Almaniya
distant təhsillə bağlı təcrübəsini Azərbaycan
ilə bölüşməyə hazırdır.
Konfransın yekununda İNEA-nın sədri,
Almaniyanın keçmiş dövlət naziri Yurgen Qramke və
AVCİYA-nın prezidenti, Milli Məclisin deputatı,AVRONEST
Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin
rəhbəri Elxan Süleymanov çıxış etmişlər.
Natiqlər konfransın əhəmiyyətindən
danışmış, Azərbaycanın təşəbbüsü
ilə bu cür konfransların keçirilməsini rəsmi
Bakının Avropaya inteqrasiyasının, Avropa dəyərlərinə
verdiyi dəyərin bariz nümunəsi kimi qiymətləndirmiş,
əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsində
maraqlı olduqlarını bildirmişlər.
Qeyd edilmişdir ki, konfransın məqsədi
Azərbaycanın, həmçinin də Avropa
İttifaqının yüksək rütbəli şəxslərinin
bu mövzuda qarşılıqlı görüş və
fikir mübadiləsi aparmaları, perspektivlərə dair dərin
məlumatların, faydalı təcrübənin bir-birinə
ötürülməsi və toplanmasını təmin etməkdir.
Natiqlər bu cür konfransların
davamlı xarakter almasının əhəmiyyətini
vurğulamış, əməkdaşlığın daha da
genişləndirilməsindən bəhs etmişlər.
Azərbaycan.-2012.-
29 sentyabr.- S.6.