Bakıda Diplomatik
Akademiya və Beynəlxalq Münasibətlər
institutlarının
rektor və dekanlarının 40-cı Ümumdünya Forumu
başa çatmışdır
Azərbaycan
Diplomatik Akademiyasının (ADA) yeni tədris kompleksində
Diplomatik Akademiya və Beynəlxalq Münasibətlər
institutlarının rektor və dekanlarının 40-cı
Ümumdünya Forumu sentyabrın 28-də işini başa
çatdırmışdır.
AzərTAc xəbər verir ki, tədbirin
son günündə iki panel iclası keçirilmişdir.
"Dünya siyasətində dəyişikliklərin
mənzərəsi" mövzusundakı panel iclasının
moderatoru ADA-nın prorektoru Fariz İsmayılzadə,
çıxış edənlər isə Çin Xarici
İşlər Universitetinin prorektoru Zu Liqun, ABŞ-ın
Fletçer Hüquq və Diplomatiya Məktəbinin Diplomatik
Araşdırmalar Mərkəzinin direktoru Alan Henrikson və Cənubi
Afrika Respublikasının Pretoriya Universitetinin Diplomatik
Araşdırmalar Proqramının rəhbəri Yolanda Spays
olmuşlar. Bu panel iclasında güc balansının Qərbdən
Şərqə doğru dəyişməsi, Qərb ölkələrində
davam edən iqtisadi və maliyyə böhranı, eləcə
də onun qlobal təhlükəsizliyə və idarəçiliyə
təsiri məsələləri müzakirə edilmişdir.
"Regional təşkilatların
diplomatiyasının inkişafı" mövzusundakı
panel iclasının moderatoru ADA-nın ictimai və beynəlxalq
məsələlər məktəbinin dekanı Anar Vəliyev,
çıxış edənlər isə Avstraliya Milli Universitetinin
Asiya-Sakit Okean Diplomatiya Kollecinin təsisçisi və
direktoru Uilyam Meyli, Albaniya Diplomatik Akademiyasının rektoru
Lisen Başkurti, Peru Diplomatik Akademiyasının rektoru
xanım Liliana Torres-Muga, İndoneziya Xarici İşlər
Nazirliyinin Təhsil və Təlim Mərkəzinin rəhbəri,
səfir Hazairin Pohan olmuşlar. Bu panel iclasında artan problemlərin
həlli, bir dövlətin səlahiyyətlərinin
azalması fonunda təhlükəsizliyin təmini və idarəçiliyin
təkmilləşdirilməsində regional təşkilatların
rolu, dünyanın maraq dairələrinə bölünməsi,
yaxud bir və ya bir neçə super güc tərəfindən
idarə olunmasının mümkün nəticələri barədə
fikir mübadiləsi aparılmışdır.
Panel iclaslarından sonra "Diplomatik təlim
üzrə beynəlxalq Foruma gedən yol: təcrübə
mübadiləsi, yeni çağırışlara cavab verilməsi,
yeni cəbhələrin açılması" mövzusu ətrafında
məruzələr dinlənilmiş, müzakirələr
aparılmış, müxtəlif mövzularda seminarlar
keçirilmişdir.
Müzakirələrin yekununda Milli Məclisin
Beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsinin sədri Səməd Seyidov
çıxış edərək son illərdə Azərbaycanın
xarici siyasət sahəsində əldə etdiyi uğurlardan
danışmışdır.
Forumun sonunda ADA ilə Litvanın, Qətərin,
Mərakeşin, Serbiyanın və Perunun Diplomatik
akademiyaları arasında əməkdaşlıq
sazişləri imzalanmışdır.
Tədbirə qatılan xarici
qonaqları Azərbaycanın tarixi, ənənələri və
füsunkar təbiəti ilə tanış etmək məqsədilə
Bakıda gəzinti turunun, eləcə də Şəki və
Qəbələ rayonlarına səfərlərin təşkili
nəzərdə tutulmuşdur.
Azərbaycan.-2012.-
29 sentyabr.- S.6.