Azərbaycan arxeologiyasının
uğurları və problemləri
Bu dövrə aid qazıntılar sırasında Qafqaz Albaniyasının paytaxtı Qəbələ
şəhərində aparılan qazıntıları
xüsusilə qeyd etmək
lazımdır. Burada antik Qəbələ şəhərinin
ictimai binalarının qalıqları, zəngin
şəhər həyatını əks etdirən maddi-mədəniyyət
nümunələri, o cümlədən iqtisadi ticarət əlaqələrinin yüksək
inkişaf səviyyəsində olduğunu göstərən numizmatik
materialları aşkar edilmişdir.
Ağcabədi rayonu ərazisindəki Qalatəpə qədim
yaşayış yerində antik və erkən
orta əsrlər dövrünün
möhtəşəm şəhər qalıqları aşkara çıxarılmışdır. Bu ərazidə şəhərtipli
yaşayış məskəninin olması hələ antik dövr müəlliflərinin
əsərlərində qeyd edilmişdir. Arxeoloji
qazıntılar bu qədim şəhərin
ünvanını tam dəqiqləşdirdi
və burada Qafqaz
Albaniyasının bu vaxtadək məlum olmayan şəhər abidəsinin
qalıqlarını üzə çıxardı.
Orta əsrlərə aid Şəmkir,
Şamaxı şəhərlərində, Kürdəmir
rayonundakı Şəhərgah adlı şəhərtipli
yaşayış məskənində, Şabranda
geniş arxeoloji
qazıntı işləri aparılmışdır. Şəmkir
şəhərində qazıntılar daha
da genişləndirilmiş, şəhərin
Narınqala hissəsində bir sıra yeni strukturlar aşkara çıxarılmışdır. Nəticədə bu şəhərin
tarixinin əvvəllər elmə məlum
olduğundan daha 4-5 əsr
qədim olduğu müəyyən edilmişdir. Şamaxının orta əsr memarlıq strukturunun
bir hissəsi aşkara
çıxarılmış və bu
memarlıq qalıqlarının Şirvanşahların iqamətgahlarından
biri olması ehtimalı irəli sürülmüşdü. Şəhərgahda
aparılan qazıntılar isə Şirvan
bölgəsində orta əsrlərdə daha
bir iri şəhər
məskəninin olduğunu sübuta yetirmişdir. Uzun illərdən sonra Şabran şəhər yerində
qazıntılar bərpa edilmiş, abidənin
elmi əhəmiyyəti ilə
yanaşı, onun turizm
məqsədi üçün istifadəsi
nəzərdə tutulmuşdur.
Aparılan
araşdırmalar nəticəsində əldə edilmiş, yuxarıda göstərilən bütün bu elmi nailiyyətlər Azərbaycanın
qədim dövr tarixinin
bir sıra qaranlıq səhifələrinə
işıq salmış və bu elmi nailiyyətlər Vətənimizin tarixinin yazılması üçün
mühüm əhəmiyyət kəsb edən maddi
faktların aşkara
çıxarılması ilə nəticələnmişdir.
Lakin abidələrin tədqiqi və
istifadəsi üçün, ilk növbədə, onların
mühafizəsi yüksək səviyyədə təmin edilməlidir.
Abidələrdən əldə edilən elmi informasiyanın
dolğun və əhatəli olması həmin abidələrin
saxlanma, mühafizə səviyyəsindən birbaşa
asılıdır. Bu gün arxeoloji tədqiqatlar
qarşısında duran əsas problem məhz abidələrin
mühafizəsi ilə bağlıdır. Bu gün Azərbaycan
sürətlə inkişaf edən bir ölkədir. Eyni
zamanda, bu inkişaf özünü elmin müxtəlif sahələrində
əyani şəkildə göstərir. Məhz dövlət
qayğısı sayəsində Azərbaycan arxeologiya elmi
region ölkələri ilə müqayisədə bu sahədə
ön sıraya çıxmışdır. Təəssüflər
olsun ki, respublikamızda abidələrin mühafizəsi
işi bu sahəyə dövlət qayğısı, ölkənin
hazırkı inkişaf dinamikası, beynəlxalq mövqeyi,
abidələrin tədqiqatlarının miqyası ilə tərs
mütənasib olub müasir tələblərə cavab
vermir. Hüquqi baxımdan abidələrin mühafizəsi ilə
bağlı məsuliyyət Mədəniyyət və Turizm
Nazirliyinin üzərinə düşür. Belə ki, 1998-ci
il 10 aprel tarixli "Tarix və mədəniyyət abidələrinin
qorunması haqqında" qanunun icrası ilə əlaqədar
ölkə Prezidentinin 1998-ci il 13 iyun tarixli sərəncamı
ilə abidələrin mühafizəsi işi Mədəniyyət
və Turizm Nazirliyinə tapşırılıb. Lakin
nazirliyin yalnız bir şöbəsinin - "Mədəni
İrs" şöbəsinin bu böyük problemin öhdəsindən
gələcəyini və minlərlə abidənin mühafizəsini
təşkil edəcəyini düşünmək
düzgün olmazdı. Abidələrin
mühafizəsi həm də ümumxalq işidir. Təsadüfi
deyil ki, Azərbaycan Respublikası Konstitusiyasının 77-ci
maddəsində göstərilmişdir ki, "Tarix və mədəniyyət
abidələrini qorumaq hər bir şəxsin borcudur".
Abidələri qorumaq üçün,
ilk növbədə, onların dağıntıya məruzqalma
səbəbləri araşdırılmalı, təhlil edilməli
və abidələrin xilası üçün müvafiq
addımlar atılmalıdır. Təbii və antropogen təsirlərdən
abidələrin dağıntılara məruz qalması səbəblərini
aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Təbii təsirlər.
a) Mütəmadi təbii təsirlər
(atmosfer çöküntüləri, külək və s.)
b) Təbii fəlakətlər (zəlzələ,
daşqınlar və s.).
Bu istiqamətdə qabaqlayıcı tədbirlər
mümkün olmadıqda təcili xilasetmə - tədqiqat
işləri aparılmalıdır.
2. Antropogen təsirlər.
a) Torpaq
islahatı nəticəsində yüzlərlə arxeoloji abidə şəxsi təsərrüfat
sahələrinə daxil edilmiş
və dağıdılmışdır. Məsələn,
Azərbaycan və bütövlükdə Qafqaz
arxeologiyasında Neolit dövrünə aid "Şomutəpə" (Ağstafa) və Eneolit
dövrünə aid "Leylatəpə"
(Ağdam) arxeoloji mədəniyyətlərinin
eponim abidələri demək olar ki, tam
dağılmışdır. Şomutəpə adlı sahədə
fərdi evlər tikilmişdir.
b) İrimiqyaslı tikinti
- təsərrüfat işləri zamanı çoxsaylı arxeoloji abidələr məhv edilmişdir.
Tikinti aparan bəzi təşkilatlar qanunvericiliyin
müvafiq tələblərinə əməl
etmədiklərindən, yəni tikinti
işlərindən əvvəl AMEA və Mədəniyyət
və Turizm Nazirliyinə ərazidə arxeoloji abidələrin mövcudluğunun
müəyyənləşdirilməsi məqsədilə
müraciət etmədiklərindən həmin tikinti sahələrində çoxsaylı
abidələr dağıntılara məruz qalır.
c) Xəzinəaxtaranlar tərəfindən
abidələrin dağıdılaraq qarət edilməsi. Belə
əməllər nəticəsində bu
cinayətkarlar əldə etdikləri arxeoloji
materialları satmaqla varlanmağa
çalışırlar. Azərbaycanın müxtəlif
bölgələrində onlarca kurqan və digər qəbir abidələri bu vandallar tərəfindən
məhv edilmişdir.
Bu məsələdə, şübhəsiz,
əks-təbliğat əməlləri də öz
mənfi nəticələrini verməkdədir. Böhtan yaymaqla məşğul
olan müxalif mətbu
orqanları bu istiqamətdə xüsusilə
"fərqlənirlər". Guya abidələrin
qayğısını çəkən bəzi müxalifət
qəzetləri bu məsələ ilə
əlaqədar ağlasığmaz cəfəngiyyatlar dərc
edirlər. Belə böhtan dolu yazılardan biri də
yuxarıda haqqında bəhs edilən Qəbələ aeroportunun tikintisi sahəsində
aşkara çıxmış Qala yeri adlı arxeoloji abidə ilə bağlıdır. Belə
ki, bu yazıda guya həmin sahədə hansısa
hökmdarın məzarı, qızıldan
hazırlanmış çoxlu əşyalar
və 300 kq çəkisi olan
qızıldan at heykəli
tapılmışdır və bu məzar
hun imperatoru Atillaya məxsusdur. Halbuki Atilla
heç bir zaman Azərbaycanda olmamışdır və onun burada dəfn edilməsi
kimi ucuz reklam xarakterli uydurmalar heç bir məntiqə sığmır. Üstəlik,
həmin yazıda bu tapıntılar barədə
Arxeologiya və Etnoqrafiya
İnstitutu susmaqda
günahlandırılır.
İlk növbədə qeyd
etmək lazımdır ki, Arxeologiya
və Etnoqrafiya İnstitutu
əslində mövcud olmayan
hər hansı tapıntı barədə heç
bir məlumat vermir.
Digər
tərəfdən, Qəbələ aeroportu
ərazisindəki arxeoloji qazıntılar
zamanı qızıldan hazırlanmış heç
bir əşya aşkar
edilməmişdir. 300 kq
ağırlığında at heykəli
isə nəinki Azərbaycan, o cümlədən
bütövlükdə ümumdünya
tarixindən məlum deyil. Belə yazıları dərc edən
insanlar öz məsuliyyətsiz
hərəkətləri ilə əslində "xəzinəaxtaranları"
abidələrin dağıdılmasına təhrik edirlər.
Heç də təsadüfi deyil ki, həmin yazıda
Qəbələ - Oğuz bölgəsində
belə abidələrin çox olması
da vurğulanmış və bununla da qarətçilərə
istiqamət göstərilmişdir.
Bu zaman istər-istəməz
hələ sovet hakimiyyəti
dövründə abidələrimizə qarşı bir erməni təbliğatı yada düşür. Həmin dövrdə ermənilər müxtəlif üsullarla Azərbaycan Respublikası ərazisindəki
qəbirüstü daş heyvan
heykəllərini saxtalaşdırmaq, məhv etmək məqsədilə
Ermənistan respublikasına daşıyır və onları
erməni tarixi yadigarları kimi qələmə verməyə
çalışırdılar. Əslində, Qafqazda
yalnız Azərbaycan xalqına məxsus milli abidələr olan və
indiki Ermənistan ərazisində də geniş yayılmış bu
heykəllərin digər hər hansı xalqın, xüsusilə
də ermənilərin tarixi ilə heç bir əlaqəsi yoxdur. Özlərinin fitnəkar əməllərinin
baş tutmadığını görən
erməni avantüristləri düşmən təbliğatına
əl atdılar. Onlar həmin daş bütlərin içərisində çoxlu qızılların
saxlandığı barədə əcaib təbliğata
başladılar. Təəssüflər olsun ki, Azərbaycanda
düşmən təbliğatına uyan
bəzi nadanlar tapıldı və nəticədə
tariximizin müəyyən səhifələrini
özündə yaşadan daş heyvan (at, qoç) bütlərinin
müəyyən qismi ciddi
dağıntılara məruz qaldı. Şübhəsiz,
içərisində heç bir boşluq
olmayan bu bütlərdə
qızılı tapmayan qarətçilər
yalnız onları sındırdıqdan sonra
əmin olmuşlar.
Bu erməni təbliğatının ziyanlı motivləri
ilə Qəbələ aeroportu ərazisindəki
abidəylə bağlı müxalifət mətbuatının
uydurmaları arasında eynilik göz qabağındadır: hər iki halda tarixi
abidələrdə zəngin qızılın olduğu barədə yalanlar
yayılır və
bundan şirniklənən qarətçilər
həmin abidələri dağıtmaqla varlanmağa
çalışırlar. Nəticədə heç
bir qızıl əşyalar tapılmasa da, bir sıra abidələrimiz
həmişəlik məhv edilir.
ç) "Qara arxeologiya"
ilə məşğul olanlar bölgələrdə
özbaşına, qeyri-qanuni
"qazıntı" işləri aparır, əldə
etdikləri arxeoloji materialları şəxsi
malları hesab edir, kolleksiya və hətta şəxsi "muzeylər"
(Gədəbəy, Lerik və s.) yaradırlar. Tarixi-elmi informasiyanın əldə
edilməsi üçün arxeoloji abidənin strukturuna
yalnız bir dəfə müdaxilə
edilməsi imkanını nəzərə alsaq,
o zaman "qara arxeologiya"nın nə qədər böyük ziyan vurduğunu təsəvvür etmək çətin
deyil. Digər tərəfdən, bütün arxeoloji materiallar dövlətə məxsusdur və heç bir şəxsi
istifadədə ola bilməz.
d) İşğal
olunmuş ərazidəki abidələrin
düşmənlər tərəfindən məhv edilməsi.
Hazırda bu sahədə vəziyyət olduqca acınacaqlıdır. Burada
praktiki işlərin Azərbaycan tərəfindən
icrası mümkün olmasa
da, beynəlxalq təşkilatların cəlb
edilməsi və digər vasitələrlə fəaliyyət
göstərilməsi vacibdir.
Azərbaycanın Ermənistan tərəfindən
işğal olunmuş ərazilərindəki yüzlərlə
abidəmiz erməni vandalları tərəfindən kütləvi
surətdə məhv edilir və ya özününküləşdirilir.
Dünyanın nadir abidələrindən olan Azıx
mağara düşərgəsi erməni işğalçıları
tərəfindən əvvəllər hərbi sursat
anbarına çevrilmiş, sonra isə orada qeyri-qanuni
"arxeoloji qazıntılara" başlanmışdır.
Siyasi mübarizə arenasında tam məğlubiyyətini dərk
edən Ermənistan işğal faktına tarixi-hüquqi don
geyindirmək məqsədilə həmin ərazilərdəki
qədim abidələrin guya ermənilərə məxsus
olması barədə cəfəngiyyat dolu təbliğat
aparır. Ermənistan "Silahlı münaqişələr
zamanı mədəni mülkiyyətin qorunması
haqqında" 1954-cü il Haaqa Konvensiyası və ona dair
1954-cü və 1999-cu illər protokollarının
üzvüdür. Bu Konvensiyada işğal olunmuş ərazilərdə
hər hansı arxeoloji qazıntıların aparılması,
mədəni mülkiyyətə dəyişikliklər edilməsi,
tarixi və elmi dəlillərin gizlədilməsi və ya məhv
edilməsi məqsədilə onların istifadəsi
qadağan edilmişdir. Buna baxmayaraq, Ermənistan tərəfi
işğal olunmuş Azərbaycan ərazilərində
qeyri-qanuni arxeoloji qazıntı işləri aparır.
Ağdamın işğal olunmuş ərazisindəki elmə
çoxdan məlum olan qədim Govurqala abidəsini ermənilər
"Tiqranakert" elan edərək orada "arxeoloji
qazıntılar" aparırlar. Halbuki "Tiqranakert"
adlı qədim şəhər bütövlükdə Cənubi
Qafqaz ərazisində mövcud olmamışdır.
Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq
məfkurəsinin ideoloji bazasının əsas
sütunlarından birini məhz tarixi abidələrimiz təşkil
edir. Eyni zamanda, müasir dövrümüzdə Azərbaycanın
hərtərəfli və davamlı inkişafı fonunda
tarixi abidələrin qorunması kimi mühüm bir sahənin
ağır vəziyyətdən çıxarılması
vacibdir. Bütün bunları nəzərə alaraq tarixi abidələrin
qorunması, idarə və istifadə edilməsi, konservasiya və
bərpa edilməsi, təbliği işini həyata
keçirmək üçün hüquqi-təşkilati
bazanın təkmilləşdirilməsi zəruridir. Bununla
yanaşı, ictimaiyyət arasında, xüsusilə də təhsil
müəssisələrində abidələrlə
bağlı geniş təbliğat işi aparılmalı, tədbirlər
keçirilməli, tədris planlarında bu məsələlərə
geniş yer verilməlidir.
Nəcəf
MÜSEYİBLİ,
AMEA-nın
Arxeologiya və
Etnoqrafiya İnstitutunun
elmi işlər
üzrə
direktor müavini
Azərbaycan.-2012.-
29 sentyabr.- S. 7.