Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

 ¹ 217 Bakı şəhəri, 28 sentyabr 2012-ci il

 

 Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə

 

 "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"yə əlavə  edilməsi  barədə"  Azərbaycan Respublikasının  2010-cu il 11 may tarixli 1005-IIIQD nömrəli qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 iyun tarixli 281 nömrəli fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti  qərara alır:

1. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün onun müraciət etdiyi vaxtda mövcud olan vəzifə maaşının, rütbəyə görə  maaşın və xidmət illərinə görə əlavənin məbləği ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölünür və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur.

2. Müəyyən edilsin ki, istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun saxlanılması üçün dövlət büdcəsində  nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir.

 

 

Artur Rasi-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2012.- 30 sentyabr.- S.1.