Heydər ƏLİYEV: Mən Ona özüm qədər inanıram

 

  9 il öncə ulu öndərin xalqa etdiyi müraciət - siyasi vəsiyyət  Azərbaycanın inkişafında yeni mərhələnin əsasını qoydu

 

 Seçib-seçilmək istəyi insanlığın can atdığı ali dəyər olaraq ta qədimdən sivilizasiyanın müasir mərhələsinədək uzun yol qət etmiş, bəşəriyyətin demokratik-hüquqi ideallar uğrunda mücadiləsinin ideya istiqamətinə, ümdə qayəsinə çevrilmişdir. Qərinələr boyu insanların gələcək tale yolunu da məhz yaxşı olanı doğru dəyərləndirmək, ağı qaradan, yaxşını pisdən seçmək qabiliyyəti müəyyənləşdirmişdir. Bütün həyatı boyu onu təqib edən çətin sınaqları, seçim anlarını dürüst adlaya bilən bəşər övladı son nəticədə ali məqsədinə, saf istəyinə qovuşmuşdur.

 

Siyasətdə varislik: zərurətin diktəsi

 

 Tarix boyu insan haqları uğrunda mücadilənin əsas hədəflərindən biri də məhz seçki hüququ olmuş, cəmiyyət gələcək müqəddəratları baxımından bu prosesə son dərəcə məsuliyyətlə yanaşmışdır. Yaşamaq hüququ kimi, seçki hüququ uğrunda mübarizədə də çoxlu qanlar tökülmüş, insanlar legitim hakimiyyət strukturları formalaşdırmaqla azad, firavan, layiqli həyat tərzinə nail olmaq istəmişlər. Yaranmış əlverişli tarixi şəraitdə gələcək baxımından daha xeyirli olanı seçən xalqlar bununla həm də dünya miqyasında özünütəsdiq şansı qazanmış, etnos kimi nəyə qadir olduqlarını nümayiş etdirmişlər. Azərbaycanlı milli düşüncəsində də seçim anlayışı son dərəcə məsuliyyətli, həyati əhəmiyyət kəsb edən məsələ kimi qərarlaşmışdır. Uzağa getməyək, elə şifahi xalq ədəbiyyatı nümunələrimizdə əksini tapmış xeyirin şər üzərində qələbəsi, ədalətin zülm üzərində zəfəri kimi fəlsəfi motivlər xalqımızın daim haqqa tapındığını, müdrikliyini bir daha nümayiş etdirir.

Siyasi varisliyin hüquqi əsasda təminatı məsələsi öz sabahına biganə olmayan hər bir dövlət, cəmiyyət üçün aktuallıq kəsb edir. Bu anlayış öz məzmununda əsla hakimiyyətin irsən ötürülməsi və ya ölkədə seçkidən kənar hansısa sistemin yaradılması düşüncəsini ehtiva etmir. Məsələnin mahiyyəti ölkənin və dövlətin sabit, dinamik inkişafının, siyasi, hüquqi və mənəvi varisliyin, dünya inkişafının müsbət tendensiyalarına uyğun proseslərin təkamül yolu ilə davam etdirilməsi xəttinin qorunmasından ibarətdir. Siyasi varisliyin uğurlu formulu, əslində, reallığa adekvat mütərəqqi ideya və proqramların xalqın iradəsinə söykənən hakimiyyət vasitəsilə həyata keçirilməsi prinsipinə əsaslanır.

Müstəqil Azərbaycanın çağdaş tarixinə əlamətdar hadisə kimi daxil olaraq bütün həyati əhəmiyyətli sahələrdə dinamik inkişafa yol açan 2003-cü ilin 15 oktyabr prezident seçkiləri də nəticə etibarilə cəmiyyətin bütün təbəqələrinin mənafelərini özündə ehtiva etmiş, həmçinin Heydər Əliyev siyasi kursunun davamlılığını və alternativsizliyini şərtləndirən amillərin sosial sifarişə əsaslandığını tam sübuta yetirmişdir. Məhz həmin seçkilərdə xalqın böyük etimadını qazanaraq dövlət başçısı seçilmiş cənab İlham Əliyevin son 9 illik fəaliyyəti bu baxımdan mövcud siyasi strategiyanın varisliyinin təmin olunmasında yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər.

 

Qüdrətli dövlət - güvənli vətəndaş

 

 Hakimiyyəti xalqın iradəsinə söykənən, onun dəstəyini daim hiss edən ləyaqətli, peşəkar siyasətçi idarə edəndə dövlət daha qüdrətli, vətəndaş daha güvənli olur. Azərbaycanın çağdaş siyasi tarixində yeni mərhələnin əsasını qoymuş 2003-cü ilin 15 oktyabr seçkiləri xalqın öz taleyini hər zaman qəlbən inandığı, sınaqdan layiqincə çıxardığı siyasi qüvvəyə etibar etdiyini bir daha təsdiqlədi. Ümummilli liderin müstəqil Azərbaycana rəhbərliyi dövründə yeni meyarlar üzərində köklənmiş mütərəqqi idarəçilik ənənələrinin məhz bu sistem hüdudlarında püxtələşən, Heydər Əliyev siyasi xəttini dönmədən davam etdirməyə qadir peşəkar, intellektli və praqmatik lider tərəfindən idarə olunması Azərbaycanın iqtisadi və geosiyasi durumundan irəli gələn tələbat idi.

Məhz belə bir mərhələdə İlham Əliyev fenomeni bir tərəfdən ölkədə gedən ictimai-siyasi proseslərin məntiqi, digər tərəfdən Heydər Əliyev siyasi kursunun varisliyi axtarışında olan cəmiyyətin sosial sifarişi kimi Azərbaycan və dünya siyasətində önə çıxdı. Ölkədəki islahatların davamlılığı, ardıcıllığı, uğurla başa çatdırılması zərurəti hakimiyyət estafetinin bu xətti dəstəkləyən və uğurla başa çatdırmağa qadir yeni praqmatik liderə - cənab İlham Əliyevə ötürülməsini diktə edirdi. Heydər Əliyev kimi böyük dühanın ailəsində yetkinləşən, zəngin dövlətçilik məktəbi əxz edən, müasir bilik və təcrübəyə yiyələnən bu kamil şəxsiyyət ulu öndərin layiqli siyasi varisi olmaq üçün ilk növbədə xalqın dəstəyinə güvənirdi.

Azərbaycan cəmiyyəti son nəticədə illüziyaları deyil, real göstəriciləri qiymətləndirir: ictimai rəyin siyasi vədlərə deyil, konkret faktlara qiymət verməsi anlamında xalqımız kifayət qədər müdrikdir. Əliyevçilik ənənələrini davam etdirmək üçün İlham Əliyevin ən real şanslara malik olduğunu təsdiqləyən proseslər isə ictimai rəyin dəqiq seçiminin yəqinləşməsində kifayət qədər həlledici rol oynayırdı. Cənab İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyini qoruyan, milli dövlətçilik əsaslarını möhkəmləndirən, ölkədə demokratik ənənələrin təsbit olunmasına şərait yaradan ulu öndər Heydər Əliyevin ən yaxın silahdaşı - mənəvi-siyasi davamçısı kimi çiynində daşıdığı ağır yükün məsuliyyətini yaxşı dərk edir, gənc müstəqil dövlətin rifahı üçün butun imkanlarını səfərbərliyə alırdı. Ümummilli liderin siyasət məktəbində yetişmiş peşəkar diplomat kimi şəffaf keçmişə, müasir lider imicinə malik olması onun ictimai rəydə önə çıxmasını şərtləndirən başlıca məqamlar sırasında idi.

ARDNŞ-nin birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı, Milli Olimpiya Komitəsinin prezidenti statusunda göstərdiyi əzmkar fəaliyyət cənab İlham Əliyevi cəmiyyətin nəzərində daha da ucaltmışdı. İlham Əliyev fenomeni qısa müddət ərzində siyasi müstəvidə təsir elementi statusunu legitimləşdirmiş, onun Azərbaycan siyasətinə güclü təsir imkanları barədə etirafları gücləndirmişdi. Yarım əsrə bərabər bir müddətdə Azərbaycanda siyasət və dövlət xadimlərinin yetişməsində müstəsna rol oynayan Heydər Əliyev fenomeni ilə birgəliyi, Moskva Beynəlxalq Münasibətlər İnstitutunda mükəmməl təhsil alması, bir neçə xarici dildə sərbəst danışmaq vərdişinə yiyələnməsi, beynəlxalq elitar siyasi dairələrlə sıx təmasları, bu və ya digər problem ətrafında müzakirələrin fəal iştirakçısı kimi yetişməsi, çağdaş Qərb liderlərinə xas imici İlham Əliyev fenomeninin cəmiyyət üçün cəlbediciliyini artıran ən əsas amillərdən idi. Digər siyasətçilərdən fərqli olaraq, onun siyasi portretində peşəkar siyasətçi, bacarıqlı iqtisadçı, təcrübəli diplomat, yüksək idarəçilik vərdişlərini özündə birləşdirmiş lider cizgiləri üst-üstə düşürdü.

Gənc liderin xarici siyasətin bütün sahələrində, o cümlədən cəmiyyət həyatı üçün mühüm əhəmiyyətə malik digər sferalarda üzərinə götürdüyü missiyanı uğurla həyata keçirməsi, siyasi proseslərə realist yanaşma tərzi, analitik təfəkkürə əsaslanan çıxışları ölkə hüdudlarından kənarda da böyük maraq doğururdu. Bütün bunların fonunda cənab İlham Əliyevin dövlətə rəhbərlik missiyasını üzərinə götürməsi obyektiv reallığın diktə etdiyi zərurət idi.

2003-cü ilin 4 avqustunda cənab İlham Əliyevin Azərbaycan Respublikası Milli Məclisinin yekdil razılığı ilə Baş nazir vəzifəsinə təyin edilməsi xalqın ona göstərdiyi böyük etimadın əyani təcəssümünə çevrildi. Baş nazir kimi hökumət üzvləri ilə keçirdiyi ilk iclasda cənab İlham Əliyev ilk növbədə insan amilini önə çəkərək bildirirdi ki, vətəndaşa həssas münasibət ölkədə həyata keçirilən siyasətin ən vacib istiqaməti olmalıdır. Cənab İlham Əliyev hökumət başçısı kimi 3 aylıq fəaliyyəti müddətində bu prinsipə sadiq qalaraq yüksək idarəçilik keyfiyyətlərinə malik olduğunu bir daha təsdiqlədi.

 

 Son borc, son xidmət: oktyabr, 2003-cü il, ABŞ - Klivlend

 

Dahilərin böyüklüyü ondadır ki, onlar hər şeyin əvvəlini bildikləri kimi, sonunu da görür və dərk edirlər. Heydər Əliyev də məhz belə siyasətçilərdən idi.

Heydər Əliyevin son qərarı əslində Azərbaycana son borcu, son xidməti idi. Bu qərardan Azərbaycan dövlətinin taleyi asılı idi. Heydər Əliyev bu son borcunu da şərəflə yerinə yetirdi. Onun doğma xalqına ünvanladığı son müraciət vətənə ləyaqətlə xidmətin son nümunəsi idi. Dəbdəbədən, ritorikadan uzaq, xalqın qavradığı dildə, Heydər Əliyevin üslubunda olan son dərəcə səmimi müraciət:

 

 "Əziz həmvətənlər, hörmətli Azərbaycan vətəndaşları!"

 

İctimai maraqlardan çıxış edən ulu öndər Heydər Əliyev xalqa 2003-cü il 1 oktyabr tarixli müraciətində Azərbaycan xalqının dünyanın ən qabaqcıl xalqları sırasında layiqli yerini tutduğu, millətimizin zəngin mənəvi aləminin, dünya mədəniyyət xəzinəsinə bəxş etdiyi özünəməxsus töhfələrin, sivil dünya dəyərlərinə yiyələnmək qabiliyyətinin hamıya məlum olduğu, azərbaycanlıların öz əməyi, istedadı ilə bütün sahələrdə dünya xalqları ailəsinə getdikcə daha sürətlə inteqrasiya etməsi reallığının indi heç kimi təəccübləndirmədiyi məmnunluqla bildirilirdi. Böyük öndər müraciətində əlavə edirdi ki, müstəqil dövlətimiz bu gün dünya ölkələrinin ən qabaqcıl təcrübəsindən və dəyərlərindən bəhrələnərək inkişaf edir. Demokratik cəmiyyət, hüquqi dövlət, insan və vətəndaş haqlarının aliliyi, siyasi plüralizm prinsiplərini rəhbər tutaraq, Azərbaycan Avropanın və dünyanın ən qabaqcıl, qüdrətli dövlətləri ilə çiyin-çiyinə fəaliyyət göstərir.

Ulu öndər tarixi müraciətinin sonunda xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı da göstərirdi: "Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, eneryili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

 

 Vədlə əməlin vəhdəti

 

 Müdrik və qədirbilən xalqımızın Heydər Əliyev dühasına sonsuz sevgisi, cənab İlham Əliyevin şəxsiyyətinə və siyasi liderlik keyfiyyətlərinə dərin inamı 2003-cü ilin prezident seçkilərində qəti sözünü dedi. Xalqın xeyir-duası ilə prezident seçilən cənab İlham Əliyevin oktyabrın 31-də keçirilmiş andiçmə mərasimində "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm" deməsi onun ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinə necə sadiq olduğunu bir daha nümayiş etdirirdi. Bu mərasimdə dövlət başçısı Azərbaycanın mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini dəqiq xarakterizə etməklə yanaşı, növbəti beş il üçün özünün əsas fəaliyyət prioritetlərini açıqlamışdı: güclü dövlət, sabitliyə təminat, hər kəs üçün sosial rifah!

Statusundan, ictimai mövqeyindən asılı olmayaraq, hər bir insanın hansı ideyanın daşıyıcısı, nə əməl sahibi olduğunu müəyyənləşdirmək üçün ən etibarlı istinad yeri onun gördüyü işlərdir. Bu mənada, cənab İlham Əliyevin ötən 9 illik prezidentlik fəaliyyəti ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah və tərəqqi prosesinin geniş vüsət alması ilə səciyyəvidir. "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" deyən dövlət başçısı ötən dövrdəki çoxşaxəli fəaliyyəti ilə bu nəcib niyyətini bütünlüklə doğrultmuş, sistemli və düzgün koordinasiya olunmuş fəaliyyəti ilə xalq qarşısında verdiyi bütün vədlərə sadiqliyini sübut etmişdir. Yüksək intellekti, işgüzarlığı, təvazökarlığı, savadı, səmimiliyi, mütərəqqi idarəçilik prinsipləri ilə cəmiyyətdə böyük nüfuz sahibinə çevrilmiş cənab İham Əliyev dövlət başçısı kimi məsuliyyətli və şərəfli vəzifənin öhdəsindən inamla gəlmişdir.

Ötən dövrün reallıqları deməyə əsas verir ki, cənab İlham Əliyev hər bir mərhələdə hökumətin qarşısında hansı əsas problemlərin, prioritet vəzifələrin durduğunu aydın təsəvvür edir və onların həlli üçün konkret planlara, proqramlara, mobil, peşəkar, yüksək iş qabiliyyətli komandaya malikdir. "Əsl siyasət konkret, real iş görməkdən ibarətdir" tezisini irəli sürmüş Azərbaycan Prezidenti bu siyasəti hər bir ölkə vətəndaşının həyatında gerçəkliyə çevirmək üçün ciddi siyasi iradə, qətiyyət və əzmkarlıq nümayiş etdirmişdir. Praqmatizm, səmimilik və qətiyyətlilik, məqsədyönlülük, mütərəqqi islahatlara meyillilik, öz siyasətini reallaşdırarkən hər bir fərdin, qrupun, ümumilikdə toplumun maraqlarını nəzərə almaq qabiliyyəti kimi mühüm keyfiyyətlər Prezident İlham Əliyevin fenomen siyasi lider obrazını şərtləndirən əsas elementlər sırasında xüsusi vurğulana bilər. Azərbaycan Prezidentinin ötən dövr ərzində vahid sistem halına saldığı milli inkişaf modeli həm də onun yüksək idarəçilik qabiliyyətinin və mükəmməl iş təcrübəsinin əyani təzahürü kimi diqqəti çəkir.

2003-cü ilin 15 oktyabr seçkilərindən sonrakı beşilliyin nailiyyətlərini gündəlik həyatında hiss edən, respublikanın əldə etdiyi inanılmaz nəticələrlə qürur duyan orta statistik azərbaycanlının "Niyə məhz İlham Əliyevə səs vermişik" sualına cavabı da qəti və birmənalı olmuşdur: 2008-ci ilin 15 oktyabr seçkilərində cənab İlham Əliyevin növbəti dəfə Azərbaycan Prezidenti seçilməsi də ölkədəki möhkəm ictimai-siyasi sabitliklə, dinamik iqtisadi inkişafla, demokratikləşmə xəttinin dönməzliyi ilə şərtlənmişdir.

 

 Lider əzmi ilə gerçəkləşən ideyalar

 

 Əsl siyasətçi mümkün olmayanı reallaşdırmaq qabiliyyəti ilə seçilir. Vəd vermək mümkündür, lakin onu reallaşdırmamaqla ən cəlbedici ideyaları da insanların gözündən salmaq olar. Bu mənada, cənab İlham Əliyev hər cür pafosdan, populizmdən tamamilə uzaq olan, praqmatik, realist təfəkkürlü lider olduğunu təsdiqləmişdir. Ölkə başçısının elə bir vədi yoxdur ki, ötən 9 ildə bəyanat səviyyəsində, reallaşmamış qalsın. Əksinə, cəmi 9 ildə həyata keçirilən islahatların - real miqyasına, əhəmiyyətinə görə ən azından bir neçə onillik ərzində reallaşdırılması mümkündür. Fəqət öz liderinin yüksək iradəsi, əzmi, qətiyyəti, idarəçilik keyfiyyətləri  sayəsində Azərbaycan bu dövrdə fantastik görünə biləcək sürətli inkişaf yolu keçmiş, bir sıra taleyüklü məsələlərin həllinə nail olmuşdur.

Ötən 9 ilin bəzi mühüm yenilikləri fonunda bunu aydın görmək mümkündür. Ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilmiş, "Ümid", "Abşeron" kimi perspektivli qaz yataqları kəşf olunmuş, Şərqlə Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə başlanılmış, ölkə əhəmiyyətli yol-nəqliyyat sistemi, infrastruktur müasirləşdirilmişdir. Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə boru kəmərlərinin şaxələndirilməsi respublikamızın bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməsini təmin etmişdir. Bu gün Azərbaycan bütövlükdə MDB və Avropa məkanında heç bir ölkədən enerji asılılığı olmayan, müstəqil siyasət yeridən azsaylı dövlətlərdən biridir. Bu fakt özlüyündə Azərbaycanın dünya birliyi üçün önəmini daha da artırmış, respublikamızın Avratlantik strukturlara inteqrasiya rrosesini sürətləndirmişdir.

Monolit, işlək, çevik komandaya malik dövlət başçısı yeni mərhələdə qarşıda duran əsas vəzifələri düzgün müəyyənləşdirərək, ilk növbədə milli iqtisadiyyatda kəmiyyət dəyişikliklərinin keyfiyyət müstəvisinə keçirilməsini təmin etmiş, respublikamız 2009-cu ildə MDB məkanında ilk dövlət olaraq iqtisadi sahədə keçid dövrünü başa vurmuşdur. Respublikanın investisiya və sosial yönümlü mahiyyət daşıyan milli inkişaf modeli tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva etmişdir. Yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, "qara qızıl"dan əldə olunan gəlirlərin respublikada güclü insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsi iqtisadi siyasətin əsas prioritetləri kimi diqqəti çəkir. Bunun nəticəsidir ki, ötən 9 ildə müstəqil Azərbaycan iqtisadi cəhətdən möhkəmlənmiş, büdcə gəlirləri 10 dəfədən çox artmış, sosial-iqtisadi yüksəliş ilk növbədə insanların gündəlik həyatında özünü daha qabarıq büruzə vermişdir.

Cənab İlham Əliyevin qazandığı uğurların bir mühüm səbəbi də var: dövlət başçısı insan və şəxsiyyət amilini ucaltmaqla, hər bir vətəndaşın maraqlarının dövlət üçün üstün olduğunu nümayiş etdirmişdir. Son illərdə bu məqsədlə cənubdan şimala, şərqdən qərbə çoxsaylı yaşayış məntəqələrində yeni sosial-mədəni obyektlər - ən müasir tələblərə cavab verən yeni məktəblər, səhiyyə ocaqları, körpülər, yollar tikilmişdir. Hətta sovet dövründə də mavi yanacaq üzü görməyən Yardımlıya, Lerikə qaz, Qubanın ucqar dağ kəndi Xınalığa yol çəkilmiş, daha bir fantastik layihənin - Quba-Şamaxı yolunun inşasına başlanılmışdır. Bütün bunlar regionlarda mənəvi ab-havanın yaxşılaşmasına səbəb olmaqla, Azərbaycan insanının dövlətə, onun rəhbərinə etimadı, sevgisini və rəğbətini daha da artırır.

 

 İdarəçilikdə novatorluq xətti

 

 Ötən 9 ildə vəzifəli şəxslərə etimadı onların xalqa xidmətinə nəzərən müəyyənləşdirən Prezident İlham Əliyev eyni zamanda dövlət başçısı-vətəndaş arasındakı psixoloji vəhdəti daha da gücləndirmişdir. Yerlərdə sıravi vətəndaşlarla görüşmüş, onlarla səmimi söhbət edərək problemlərinin həlli istiqamətində çevik qərarlar qəbul etmişdir. Cənab İlham Əliyevin xarakter etibarilə sadə və səmimi, praktik siyasətçi olması onun sıravi vətəndaşlarla təmaslarında daha qabarıq şəkildə üzə çıxmışdır.

Cənab İlham Əliyevin böyük uğurlarının əsas səbəblərindən biri də onun qətiyyətli və prinsipial rəhbər olmasıdır. Prezident qısa müddətdə Azərbaycan dövlətçiliyini hər cür cinayətkar qəsddən qorumağa qadir siyasətçi olduğunu, milli maraqlar naminə cəsarətli qərarlar qəbul etmək bacarığını nümayiş etdirmişdir. Respublikada ictimai-siyasi sabitlik əleyhinə yönəlmiş bütün cəhdlərin qarşısı xalqın dəstəyi ilə qətiyyətlə alınmış, cəmiyyətdə barış, həmrəylik ovqatı gücləndirilmişdir. 2003-cü ilin prezident, 2005-ci ilin parlament seçkilərindən əvvəl və sonra respublikada ictimai-siyasi sabitlik əleyhinə yönəlmiş xarici və daxili təzahürləri qətiyyətlə aradan qaldıran dövlət başçısı dövlətçiliyin müdafiəsi üçün zəruri keyfiyyətlərə malik lider olduğunu sübuta yetirmişdir. Cənab İlham Əliyev ən mürəkkəb siyasi şəraitdə birləşdirici keyfiyyətləri sayəsində xalqı öz ətrafına, Heydər Əliyev ideyalarının cazibəsinə toplaya bilmişdir.

Müasir politoloji nəzəriyyələr siyasi liderin uğur qazanmasında birləşdirici - inteqrativ funksiyanı da xüsusilə önə çəkir. Milli mənafelərə əsaslanan siyasət xalqın böyük qismini ətrafında birləşdirir, cəmiyyəti ümumi problemlərin həlli naminə səfərbər edir, bir sözlə, fərdin və dövlətin maraqlarını mümkün qədər uca tutur. Siyasətdə inteqrativ funksiya cəmiyyətin bütövlüyünün və sabitliyinin qorunmasına, vətəndaş sülhü və həmrəyliyinin möhkəmləndirilməsinə istiqamətlənir. Mövcud siyasi kursun inteqrativ-birləşdirici mahiyyəti də ilk növbədə onun hər bir vətəndaşın maraqlarına hesablanmasından irəli gəlir. Heydər Əliyev siyasi kursu son 20 ildə milli birlik və həmrəyliyə ciddi zəmin yaratmış, azərbaycançılıq ideologiyası dərin məzmun yükü ilə cəmiyyətin mənəvi bütövlüyündə və monolitliyində aparıcı amilə çevrilmişdir. Son 9 ildə bu siyasət uğurla davam etdirilmiş, ilk gündən cəmiyyətin bütün siyasi qüvvələrinin, sosial qruplarının, dini-etnik konfessiyalarının birliyinin təmin edilməsi istiqamətində ardıcıl siyasət yürüdülmüşdür.

 

 Demokratikləşmə və uğurlu diplomatiya

 

 Bu gün Azərbaycan demokratiyanı əsas məqsəd kimi deyil, tarixi təcrübənin və ənənələrin dönüş dövrlərində hər bir xalqın keçdiyi tarixi tərəqqi prosesi kimi başa düşərək, milli inkişaf modelini nümayiş etdirir. Azərbaycan cəmiyyətinin demokratikləşməsi sonsuz prosesdir və milli xüsusiyyətlər gözlənilməklə, müstəqil dövlət quruculuğu və milli identikliyin qorunub saxlanması şərti ilə həyata keçirilir. Prezident İlham Əliyev ötən 9 ildə sübuta yetirmişdir ki, demokratiya milli inkişaf və şüurun ayrılmaz atributudur. Lakin o, cəmiyyətin siyasi və iqtisadi inkişaf səviyyəsi ilə ahəngdar olmalıdır. Buna görə də ölkədə islahatlar paralel, kəsişmədən, bir-birini qabaqlamadan həyata keçirilir. Siyasi sabitliyin iqtisadi əsası olmalıdır və yalnız bu halda cəmiyyətdə demokratik inkişaf və şəffaflıq barədə danışmaq olar.

Bir da danılmaz aksiomdur ki, demokratiya milli maraqların və dövlət müstəqilliyinin ziyanına olaraq kənardan zorla qəbul etdirilə bilməz. Dövlət başçısı dəfələrlə vurğulamışdır ki, bu gün başqa geosiyasi və etnik-milli məkanlarda yüzilliklər boyu formalaşmış təcrübəni "kor-koranə köçürmək", "gətirmək" olmaz. Hər bir cəmiyyət onun yeni idarəçilər, top-menecerlər, intellektuallar nəsli formalaşdıqca, sosial-iqtisadi bazis dəyişdikcə demokratikləşir və daha şəffaf olur.

Prezident İlham Əliyevin milli dövlət quruculuğu, Azərbaycanın demokratik inkişafı məsələləri barədə mövqeyi tarixi məntiqə, dünya təcrübəsinə, səmərəli siyasətə, ən başlıcası isə Azərbaycanın milli maraqlarına söykənən milli ideyanın gerçəkləşməsinin nəzərə alınmasına əsaslanır. Cəmiyyətin bu dərk edilmiş obyektiv tələbatı onun milli dəyərlərindən irəli gəlir və dövlətin qorunub saxlanmasına, onun mövcudluğu və mütərəqqi inkişafı üçün əlverişli şərait yaradılmasına yönəlmişdir.

Demokratikləşmə xəttinin uğurla həyata keçirilməsi Azərbaycana həm də beynəlxalq miqyasda uğurlu xarici siyasət aparmaq imkanı yaradır. Cənab İlham Əliyevin xarici siyasət kursu müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müstəvisi üzərində qurulmuşdur. Avrora ailəsinə inteqrasiya edən Azərbaycanda cəmiyyət bütün liberal dəyərləri mənimsəmiş, insan hüquq və azadlıqları başda olmaqla, demokratik dəyərlər tam bərqərar edilmişdir. Avrora Şurası qarşısında götürülən öhdəliklər son 11 ildə uğurla yerinə yetirilmiş, ölkəmiz Avrora Birliyinin "Üeni Qonşuluq Siyasəti" rroqramına qoşulmuş, eləcə də BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir.

Bütün bunlar dünya ictimaiyyətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ rrobleminə münasibətinə də müsbət mənada dəyişikliklər etmişdir. Son illərdə dünya birliyi Azərbaycanın problemlərinə daha ədalətlə yanaşmağa başlamışdır. Çünki dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən yaxşı dərk olunur ki, Avropanın enerji təhlükəsizliyinin təminatı üçün Azərbaycanın böyük potensialından istifadə ilk növbədə Azərbaycanın özünün təhlükəsizliyinin təminatından keçir.

Azərbaycan Prezidenti İlham Əliyev dövlətə rəhbərlik fəaliyyəti dövründə münaqişənin danışıqlar yolu ilə həlli üçün yüksək fəallıq nümayiş etdirmiş, birmənalı və prinsipial mövqe tutmuşdur. Dövlət rəhbəri dəfələrlə bəyan etmişdir ki, Azərbaycan dövləti ərazisində ikinci erməni dövlətinin yaranmasına heç zaman yol verməyəcəkdir.

Hər bir azərbaycanlının Prezidenti olduğunu bəyan etmiş ölkə başçısının Azərbaycan zabiti Ramil Səfərovun ölkəyə qaytarılması və əfvi ilə bağlı məsələdə böyük qətiyyət nümayiş etdirdiyini xüsusi vurğulamaq lazımdır. Bu məsələdə kifayət qədər prinsipial, cəsarətli, milli maraqlara əsaslanaraq addım atan ölkə başçısı ölkənin hər bir vətəndaşının taleyinin onun üçün nə dərəcədə mühüm məsələ olduğunu nümayiş etdirmişdir.

 Bu gün ölkə iqtidarının xalqın dəstəyinə arxalanması, hər bir məsələdə milli maraqları önə çəkməsi sayəsində Azərbaycanın daxili və xarici siyasəti dövlətin maraq və təhlükəsizliyinə qarşı yönələn istənilən təhdidə çevik müqaviməti təmin edir. Dünyada gedən mürəkkəb, ziddiyyətli proseslərə baxmayaraq, ölkə vətəndaşları əmindirlər ki, cənab İlham Əliyevin yeritdiyi siyasət respublikanın siyasi müstəqilliyini və milli təhlükəsizliyini daha da möhkəmləndirəcək, onun inkişaf etmiş ölkələr sırasına yüksəlməsini təmin edəcəkdir.

2003-cü ilin oktyabrında ulu öndər Heydər Əliyevin "Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deməklə cəmiyyətə özünün layiqli davamçısı kimi təqdim etdiyi cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin ümumi təhlilinə nəzər saldıqda həmin fikrin qəti qənaət olduğunun bir daha fərqinə varırıq.

Ümummilli liderin müəyyənləşdirdiyi strategiyanı ötən müddətdə uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun xalqına, dövlətinə necə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır. Dövlət başçısının idarəçilik keyfiyyətlərindən ən mühümü, şübhəsiz, uzun illər boyu zərrə-zərrə formalaşaraq sabitləşmiş milli dövlətçilik ənənələrinə sadiqlikdir. Özündə dərin mənəvi-psixoloji çalarları ehtiva edən bu məqam Azərbaycanda alternativi olmayan Heydər Əliyev siyasi kursunun varisliyinin yüksək səviyyədə təmin olunduğuna dəlalət edir.

 

 

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı,

yazıçı-publisist

 

Azərbaycan.-2012.- 30 sentyabr.- S.1.