Azərbaycan regionda iqtisadi
və siyasi baxımdan əsas
söz sahibinə çevrilib
Təcrübə
göstərir ki, beynəlxalq hüquq prinsiplərini əsas
tutaraq praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa
əsaslanan, açıq xarici siyasət yürüdən,
qlobal geosiyasi məkanda cərəyan edən proseslərə
çevik və adekvat reaksiyası ilə seçilən,
çoxqütblü əməkdaşlığa
üstünlük verən ölkələr tez bir zamanda
qarşıya qoyduqları məqsədlərə yetişə
bilirlər. Bu sahədə müsbət nəticələri təmin
edən vacib amillərdən biri də milli və bəşəri
mənafelərin mümkün dərəcədə
uzlaşdırılması, habelə dəqiq hədəflərə
hesablanmış xarici siyasət prioritetlərinin müəyyənləşdirilməsidir.
Xarici siyasətdə varislik ənənələrinin
qorunması, diplomatiyanın əsas istinad mənbəyi olan təməl
prinsiplərinin dəyişməz qalması Azərbaycanın
hazırkı çoxşaxəli uğurlarını təmin
edən amillər sırasında xüsusi vurğulana bilər.
Ümummilli lider Heydər Əliyev müstəqil
respublikamızın milli mənafelərə maksimum dərəcədə
cavab verən xarici siyasət doktrinasının müəllifi
olmaqla yanaşı, bu siyasəti keyfiyyətcə yeni mərhələdə
inamla, qətiyyətlə davam etdirəcək rasional və
praqmatik düşüncəli lideri də
yetişdirmişdir. 2003-cü ilin oktyabrından respublikaya
inamla rəhbərlik edən cənab İlham Əliyev ulu
öndərin böyük uzaqgörənliklə irəli
sürdüyü xarici siyasət kursunu yeni dövrün tələblərinə
uyğun davam etdirmiş, Azərbaycanın beynəlxalq arenada
nüfuzunun daha da yüksəlməsinə, müstəqil
siyasət yeritməklə milli maraqlarının maksimum səviyyədə
qorunmasına nail olmuşdur.
Dövlət başçısı son
illər xarici siyasətdə qarşıda duran vəzifələrin
düzgün müəyyənləşdirilməsi, bədnam
erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkili,
respublikamız haqqında həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması və digər
zəruri məsələlərin müzakirəsi məqsədilə
Azərbaycanın xaricdə fəaliyyət göstərən
diplomatları ilə görüşləri də müsbət
ənənə kimi formalaşdırmışdır. 2006,
2008, 2010-cu və 2012-ci illərdə keçirilən bu
görüşlərdə ölkənin xarici siyasətinin
qarşısında duran strateji vəzifələr geniş
müzakirə olunmuş, ölkə başçısı
bununla bağlı dəyərli tövsiyə və
tapşırıqlarını vermişdir.
Bir müddət əvvəl növbəti
dəfə ölkə diplomatları ilə görüşən
cənab İlham Əliyev diplomatiya və xarici siyasətlə
bağlı bir sıra fundamental əhəmiyyətli məsələlər
ətrafında fikirlərini açıqlamış, səfirlərimizi
milli maraqların müdafiəsi istiqamətində daha səylə
işləməyə çağırmışdır:
"Səfirlər peşəkar diplomatdırlar. Onların
arasında gənclər də kifayət qədər
çoxdur, təcrübəli diplomatlar da vardır. Onlar
öz vəzifə borclarını yaxşı bilirlər və
hesab edirəm ki, bütövlükdə öz vəzifə
borclarını yaxşı yerinə yetirirlər. Səfirlərin
qarşısında duran vəzifələr bəllidir,
aydındır. Ancaq yenə də deyirəm, həyat sürətlə
inkişaf edir, beynəlxalq münasibətlər dəyişir
və beynəlxalq aləmdə yeni məsələlər,
yeni çağırışlar ortaya çıxır. Əlbəttə
ki, biz xarici siyasətimizə mütəmadi qaydada müəyyən
düzəlişlər etməliyik. Nəzərə
almalıyıq ki, strateji xəttimiz dəyişməz olaraq
qalır. Azərbaycanın xarici siyasətinin istiqamətlərini
ulu öndər Heydər Əliyev müəyyən
etmişdir. Bu gün bu sahədə və bütün
başqa sahələrdə strateji xətt icra edilir".
Ölkə
başçısının həmin tədbirdə
vurğuladığı kimi, beynəlxalq hüquq
normalarına, qarşılıqlı inam və etimada,
faydalı əməkdaşlığa əsaslanan xarici siyasət
yeridən Azərbaycan qonşu dövlətlərlə
münasibətlərini son illərdə daha da inkişaf
etdirməyə nail olmuş, regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq
təşəbbüslərini fəal şəkildə dəstəkləmişdir.
Ötən illər respublikanın xarici siyasətində fəallığın,
intensivliyin və səmərəliliyin artması ilə səciyyəvidir.
Ölkə diplomatiyası regional əməkdaşlıq,
enerji təhlükəsizliyi, habelə beynəlxalq təşkilatlarda
təmsilçilik kimi məsələlərdə milli
maraqların prioritetliyini maksimum səviyyədə təmin
edir, bölgədə müşahidə olunan neqativ geosiyasi dəyişiklik
meyillərinə rasional və təmkinli münasibət
göstərir.
Son illərdə bir sıra mühüm
beynəlxalq tədbirlərin keçirilməsində Bakı
şəhərinin seçilməsi respublikamızın beynəlxalq
nüfuzunu daha da yüksəldir. Aşkar görünür
ki, Azərbaycan sülh və əməkdaşlıq
paytaxtı kimi tanınmağa başlayır və belə bir
müsbət imicin formalaşmasında son illər respublikada
keçirilən beynəlxalq toplantıların əhəmiyyətini
xüsusi vurğulamaq lazımdır. Respublikada müşahidə
olunan dinamik iqtisadi tərəqqi ilə paralel şəkildə
demokratik-hüquqi islahatların da dönmədən davam
etdirilməsi, bu iki təmayülün ümumi strateji
inkişaf kursunun prioritet xətti kimi nəzərdən
keçirilməsi Azərbaycanı qlobal əhəmiyyətli
tədbirlərin mərkəzinə çevirmişdir.
2003-2012-ci illərdə respublikada təşkil
olunmuş bir sıra mötəbər beynəlxalq tədbirlər
ayrı-ayrı sahələri əhatə etməklə rəsmi
Bakının beynəlxalq əlaqələrinə ciddi təkan
vermişdir. Bunun nəticəsidir ki, beynəlxalq tədbirlərin
keçirilməsi məkanı kimi Gürcüstana, Ermənistana
və yaxud digər başqa MDB respublikasına deyil, məhz Azərbaycana
üstünlük verilir. Respublikamızın NATO-nun "Fərdi
əməkdaşlıq üzrə əməliyyat
planı"na, habelə Avropa Birliyinin "Şərq tərəfdaşlığı"
layihəsinə cəlb olunması də məhz bu
marağın təzahürüdür. Sonuncu layihə Azərbaycanla
Avropa Birliyi arasında siyasi dialoqu gücləndirir, siyasi,
iqtisadi və institusional əməkdaşlığı
inkişaf etdirir, eləcə də əməkdaşlığın
keyfiyyətcə yeni səviyyəyə qaldırılması
üçün ciddi əsaslar yaradır.
Ölkə başçısı
diplomatik korpusun nümayəndələrinin
dördüncü müşavirəsində ölkəmizin
qlobal layihələri öz gücünə
reallaşdırdığını da xüsusi
vurğulamışdır: "Bakı-Tbilisi-Qars dəmir
yolunu reallaşdırmaq istəyəndə biz nə qədər
böyük təzyiqlərlə üzləşmişdik.
Bölgə ölkələrindən nə qədər təzyiqlər
göstərilmişdi ki, amandır, bunu etmək olmaz. Bunu etsəniz,
Ermənistan batacaqdır, yəni Ermənistanın
blokadası, təcridi məsələsi tamamilə təmin
ediləcəkdir. Amma buna baxmayaraq, biz bunu etmişik. Amma indi
bu yoldan nəinki biz, vaxtilə onun əleyhinə gedənlər
də istifadə etmək istəyirlər".
Müasir dünyada iqtisadi inkişaf
potensialının hər bir dövlətin gücünü
şərtləndirən başlıca amil qismində
çıxış etdiyini ilk gündən düzgün
müəyyənləşdirmiş dövlət
başçısı rəhbərlik etdiyi komandanın
bütün səylərini də məhz bu istiqamətdə
səfərbər etmişdir. Ölkə rəhbəri
davamlı siyasi sabitliyə, təhlükəsizliyə, vətəndaş
sülhünə, habelə güvənli xarici siyasətə
nail olmaq üçün ilk növbədə iqtisadiyyatın
sürətli inkişafına çalışmış və
bu sahədə həlledici uğurlara imza atmışdır.
Bu gün ikinci elə bir dövlət tapmaq çətindir
ki, son 9 ildə ümumi daxili məhsulun artım tempinə
görə dünyada lider mövqelərini qoruyub saxlasın,
qısa müddətdə dövlət büdcəsinin vəsaitlərini
12 dəfədən çox artıra bilsin. Azərbaycan
bunlarla yanaşı, həm də regionların sosial-iqtisadi
inkişafına xidmət edən mühüm dövlət
proqramlarını, fərman və sərəncamları
uğurla icra etmiş, həyata keçirilən sosial
infrastruktur layihələri nəticəsində bölgələrin
siması dəyişmiş, sahibkarlığın
inkişafı, yeni istehsal müəssisələrinin fəaliyyətə
başlaması, yeni iş yerlərinin açılması
naminə sistemli addımlar atılmışdır.
Azərbaycanın son illərdəki
büdcəsinə nəzər saldıqda, həyata
keçirilən iqtisadi strategiyanın milli maraq və mənafe
baxımından səmərəliliyi bir daha təsdiqini
tapır. MDB dövlətlərinin büdcə vəsaitləri
2003-2012-ci illərdə ən yaxşı halda 3-4 dəfə
artdığı halda respublikamızda bu göstərici
üzrə fərq 10 dəfədən çoxdur. Azərbaycanın
büdcə gəlirlərinin illik artım tempi ötən
dövrdə orta hesabla 30-40 faiz artımla müşayiət
olunmuşdur. Məsələn, əgər 2003-cü ildə
büdcə gəlirləri 1 milyard 200 milyon manat təşkil
edirdisə, 2012-ci ildə bu rəqəm 17 milyard manatı
ötmüşdür.
Son 3 ilin dünya iqtisadiyyatı
üçün ağır, sarsıdıcı böhranla
müşayiət olunduğunu nəzərə aldıqda Azərbaycanın
bu üzücü prosesdən maksimum az itki ilə -
üzüağ çıxdığını, üstəlik,
ümumi daxili məhsulun artımı sahəsində
mühüm irəliləyişlərə nail olduğunu əminliklə
demək olar. Modernləşmə istiqamətində inamlı
tədbirlər reallaşdıran Azərbaycanda hazırda milli
ideya səviyyəsində nəzərdən keçirilən
məqsədlərdən biri də məhz respublikanın orta
inkişaf etmiş ölkələr səviyyəsindən
yüksək inkişaf etmiş ölkələr səviyyəsinə
çatdırılmasıdır. Bu məqsədin gerçəkləşdirilməsi
üçün 2020-ci ilədək ümumi daxili məhsulun
azı iki dəfəyədək artırılması
mühüm vəzifə kimi qarşıda müəyyənləşdirilmişdir.
Respublikanın ilbəil genişlənən maliyyə
imkanları isə bu məqsədin reallaşmasına xidmət
edən islahatları keyfiyyətcə yeni mərhələdə
də yüksək dinamizmlə davam etdirməyə imkan verir.
Azərbaycan Respublikası Prezidentinin 27
dekabr 2011-ci il tarixli "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasının
hazırlanması barədə" 29 noyabr 2011-ci il tarixli Sərəncamı
da bunun bariz təcəssümüdür. Sərəncam əsasında
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında
"Azərbaycan 2020: gələcəyə baxış"
İnkişaf Konsepsiyasının layihəsi hazırlanaraq
ictimai müzakirəyə
çıxarılmışdır. Konsepsiyanın məqsədi
mövcud imkanları və resursları nəzərə
almaqla Azərbaycanda davamlı iqtisadi artımı, yüksək
sosial rifahı, səmərəli dövlət idarəetməsini,
qanunun aliliyini təmin etməkdir. Konsepsiya layihəsində
qeyd olunur ki, 2020-ci ildə Azərbaycan iqtisadi və siyasi cəhətdən
inkişaf etmiş, bütün sahələrdə rəqabət
qabiliyyətli ölkə olacaqdır: "Azərbaycanın ən
ucqar kəndlərində belə vətəndaşların
rahat gündəlik həyatı üçün lazımi
bütün kommunikasiyalar (rabitə, internet, bank xidmətləri,
kommunal xidmətlər, yollar və sair), səhiyyə və təhsil
xidmətləri təmin ediləcəkdir. Azərbaycan əhalinin
gəlirlərinin yüksək olduğu, işsizlik səviyyəsinin
minimum həddə olduğu, yüksək dərəcədə
inkişaf etmiş insan kapitalına, mühafizə edilmiş,
sağlam ətraf mühitə və hər bir vətəndaşı
üçün geniş imkanlara malik məkan
olacaqdır".
Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin
icrası nəticəsində 2020-ci ilədək ölkədə adambaşına
düşən ÜDM-in həcminin iki dəfədən
çox artaraq 13000 ABŞ dollarına
çatdırılacağı gözlənilir. Həmin
dövrədək Azərbaycanın Dünya Bankının
adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına
görə, "yuxarı orta gəlirli ölkələr"
arasında və BMT İnkişaf Proqramının İnsan
İnkişafı ilə bağlı təsnifatına əsasən
"yüksək insan inkişafı" ölkələri
qrupunda üst sıralara yüksəlməsi hədəflənir.
Dünya təcrübəsi göstərir
ki, təbii sərvətlərin zənginliyi bəzi hallarda
dövlətlərə və xalqlara rifah, səadət və
inkişaf deyil, əksinə, böyük faciələr,
ağlasığmaz problemlər gətirir. Ölkə
başçısının diplomatlarla görüşdə
vurğuladığı kimi, neftdən səmərəsiz
istifadə nəticəsində bir çox ölkələri
acınacaqlı vəziyyətə salmış "Holland
sindromu" kimi arzuolunmaz presedent də var. Azərbaycan isə
təbii sərvətlərindən maksimum səmərəli
və məqsədyönlü istifadə etməklə ilk
növbədə çoxşaxəli iqtisadi inkişafa nail
olmuş, eləcə də əhalinin sosial rifah
halının yüksəldilməsi istiqamətində
uğurlu nəticələr qazanmışdır.
Diplomatlarla görüşdə
"Yadımdadır, hələ mən Dövlət Neft
Şirkətində çalışdığım dövrdə,
təzə-təzə xarici şirkətlərlə
kontraktlarımız bağlananda bəzi təhlilçilər
deyirdilər ki, Azərbaycanı "Holland sindromu"
gözləyir, iqtisadiyyat birtərəfli olacaqdır,
batacaqdır, neft qurtarandan sonra çökəcəkdir. Nə
oldu? İndi yoxsulluq 49 faizdən səkkiz ildə 7 faizə
düşübdür. Əgər bu, doğrudan belə idisə,
heç vaxt belə olmazdı, iqtisadiyyat üç dəfə
artmazdı. Mən bunları sadalamaqla sadəcə demək
istəyirəm ki, biz müstəqil siyasət aparmağa
qadirik, bunu edirik" deyən dövlət
başçısı İlham Əliyevin yeritdiyi məqsədyönlü
strategiya nəticəsində 2012-ci ilin birinci müvafiq
dövründə qeyri-neft sektoru yüksək dinamizmlə
inkişaf edərək 11 faiz artmışdır. Maliyyə
böhranı şəraitində qeyri-neft sektorunda
artımın neft sektorunda artımı üstələməsi
hökumətin fəaliyyətinin yüksək səmərəlilik
əmsalı kimi xüsusi vurğulanmalıdır.
Son illər Beynəlxalq Valyuta Fondu,
Dünya Bankı, "Qoldman Saks" Təşkilatı, Beynəlxalq
Maliyyə Korporasiyası, Müstəqil Dövlətlər
Birliyinin Statistika Komitəsi və digər qurumların
hesabatlarında da Azərbaycanda investisiyalar üçün əlverişli
biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin
qeydiyyat prosesinin təkmilləşdirilməsi, əcnəbi sərmayəçilər
üçün hökumət tərəfindən əlverişli
sərmayə imkanlarının təmin edilməsi, eləcə
də digər tədbirlərin intensiv xarakter alması əksini
tapmışdır. Dövlət
başçısının diplomatlarla görüşdə
vurğuladığı kimi, Ümumdünya İqtisadi
Forumunın bir neçə gün əvvəl
açıqladığı ənənəvi qlobal rəqabətlilik
əmsalında respublikamız 2011-ci illə müqayisədə
9 pillə irəliləyərək 46-cı yerdə qərarlaşmış,
əksər MDB və Avropa ölkələrini geridə
qoymuşdur.
2012-ci ilin ötən dövrünün
ən yaddaqalan sosial layihələrindən biri də ölkə
başçısının 2012-ci il 14 mart tarixdə vətəndaşların
keçmiş SSRİ Əmanət Bankında qalan əmanətlərinin
fərdi birdəfəlik qaytarılmasını nəzərdə
tutan xüsusi fərman imzalaması və iyun ayının 1-dən
bu prosesin reallaşmasıdır. Vətəndaşları
uzun illərdən bəri qayğılandıran bu məsələnin
uğurlu həllini tapması sosial məsələlərin həllinin
ölkə başçısının daim diqqət mərkəzində
olduğunu göstərir.
İnsan amilini əsas tutan
sosialyönümlü iqtisadi siyasət nəticəsində
son illər Azərbaycanda işsizliyin səviyyəsində də
nəzərəçarpacaq dərəcədə azalma
müşahidə olunur. 2012-ci ilin birinci yarısında
respublikada 37 mini daimi olmaqla 46 minə yaxın iş yerinin
açılması da kifayət qədər uğurlu göstəricilərdən
biridir. Qeyri-neft sektorunun və sahibkarlığın
inkişafı, yeni müəssisələrin işə
salınması istiqamətində həyata keçirilən sistemli
tədbirlər əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının
yüksəlməsinə, eləcə də ölkənin məşğulluq
strategiyasının səmərəliliyinə imkan verir.
Müqayisə üçün bildirək
ki, hazırda avrozonada işsizliyin səviyyəsi 10,8 faiz
olduğu halda, Azərbaycanda bu göstərici 5,4 faiz təşkil
edir. 2003-cü ildən ölkədə 1 milyondan artıq
iş yeri açılmış, işsizliyin səviyyəsi
28 faizdən 5,4 faizə düşmüşdür. Bununla belə,
əmək bazarındakı mövcud vəziyyət, daha dəqiqi,
əksər hallarda işəgötürənlərlə
işçilər arasında münasibətlərin
hüquqi müstəvidə tənzimlənməməsi
hökuməti ciddi narahat edir. Dövlət
başçısı İlham Əliyev Nazirlər Kabinetinin
son iclasında mövcud vəziyyətin aradan
qaldırılması ilə bağlı aidiyyəti
strukturlara göstərişlərini verərək
demişdir: "Baxmayaraq ki, Azərbaycanda işsizlik
aşağı səviyyədədir, - keçən ilin
yekunlarına görə 5,4 faizdir, - ancaq hələ də
işsizlik var və bəzi hallarda bu işsizlik
reallığı əks etdirmir. Çünki heç kəs
üçün sirr deyil ki, qeydiyyata düşməyən,
amma müəyyən işlərdə, tikintidə işləyənlər,
maaş alanlar vardır. Ancaq heç yerdə bunun
qeydiyyatı aparılmır. Yəni belə hallar var və
müvafiq göstərişlər verilibdir ki, bu sahədə
də şəffaflıq tam şəkildə təmin edilsin
və beləliklə, ölkə büdcəsinə daha da
böyük vəsait daxil ediləcəkdir, o cümlədən
pensiya fonduna. Beləliklə, bu sahədə də qayda-qanun
yaradılmalıdır, birdəfəlik və tam şəkildə".
Xüsusi vurğulamaq istərdim ki, Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) da
ölkə başçısının müvafiq göstərişinə
uyğun olaraq əmək münasibətlərinin rəsmiləşdirilməsi
istiqamətində təbliğat-təşviqat işlərini
gücləndirmişdir. AHİK-in əsas fəaliyyət
istiqamətlərindən biri işçilərin əmək
hüquqlarının müdafiəsinin həyata keçirilməsidir.
Ötən illər ərzində Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasına ümumilikdə daxil olan ərizə-şikayətlərin,
demək olar ki, 95 faizindən çoxu işçilərin mənafelərinə
uyğun olaraq öz müsbət həllini
tapmışdır. Həmkarlar ittifaqlarının bu cür
prinsipiallıq və obyektivlik göstərmələri, qərəzsiz
olmaları onlara inamı artırır. Hazırda AHİK-in 1
milyon 600 minə yaxın üzvü var və qurum ölkədə
əhalinin əmək hüquqlarının sosial müdafiəsinin
qorunmasında böyük işlər görür.
Ümumilikdə, möhtərəm
Prezidentin diplomatlarla görüşü bir daha təsdiqləyir
ki, cənab İlham Əliyevin rəhbərliyi altında həyata
keçirilən sosialyönümlü iqtisadi siyasət insan
amilini nəzərdə tutan liberal bazar iqtisadiyyatı xəttini
əsas götürür. Bazar iqtisadiyyatı prinsiplərinin
cəmiyyətdə özünə dayaqlar tapması, özəl
sektorun inkişafına yaradılmış şərait, iqtisadiyyatın
liberallaşdırılması sosial himayəyə ehtiyacı
olan vətəndaşların maraqları ilə qətiyyən
ziddiyyətə girmir. Əksinə, ölkənin iqtisadi
inkişafından, neft strategiyasının səmərəli
nəticələrindən əldə edilən dividendlər
insanların sosial problemlərinin həllinə, vətəndaşların
həyat səviyyəsinin
yaxşılaşdırılmasına yönəldilir.
Bütün bunlar isə Prezident İlham Əliyevin hələ
2003-cü ilin prezident seçkiləri ərəfəsində
verdiyi "Mən hər bir azərbaycanlının Prezidenti
olacağam" vədinin əməli işdə gerçəkləşdiyini
birmənalı təsdiqləyir.
Səttar
MEHBALIYEV,
Azərbaycan Həmkarlar
İttifaqları
Konfederasiyasının
sədri,
Milli Məclisin deputatı
Azərbaycan.-2012.-
30 sentyabr.- S.3.