Həmsədrlər öz fəaliyyətlərinə dinamiklik donu geydirməyə çalışırlar

 

Aydın MİRZƏZADƏ: "Yaxın zamanlarda Ermənistan və dünya Azərbaycanın yeni addımlarının şahidi olacaq"

 

 ATƏT-in Minsk qrupunun həmsədrləri yeni bəyanatla çıxış ediblər. Bəyanatda bildirilir ki, həmsədrlər Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə regionda hadisələrin son inkişafını müzakirə edib və tərəfləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə qayıtmağa çağırıblar. Həmsədrlər öz ölkələrinin prezidentlərinin verdikləri bəyanatları bir daha təsdiq edərək hazırkı status-kvonun qəbuledilməz olduğunu vurğulayıblar.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüş keçirib. Nazir Elmar Məmmədyarov Ermənistan tərəfinin status-kvonu saxlaması üçün bütün hiylə və bəhanələrə əl atdığını bildirib.

Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunan ərazilərində qaldığı müddətdə regionda sülhün, təhlükəsizliyin və sabitliyin təhdid altında olacağını həmsədrlərin bir daha diqqətinə çatdırıb.

Xarici işlər nazirinin müavini Araz Əzimov isə iki gün öncə açıqlama verərək Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağla bağlı danışıqların dayandığını bildirib. Onun sözlərinə görə, müəyyən vaxtlarda həmsədrlər tərəfindən müxtəlif səviyyələrdə görüşlər keçirilir. Amma konkret bir zamanda və gündəlik əsaslarda, eyni bir komanda çərçivəsində konkret məsələləri həll etmək üçün müzakirə prosesi hazırda mövcud deyil.

A.Əzimov deyib ki, ümumiyyətlə, həmsədrlərin vaxtaşırı regiona gəlmələri danışıqlar prosesi kimi göstərilə bilməz.

Bu məsələyə münasibət bildirən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın MİRZƏZADƏ qəzetimizə açıqlamasında bildirib ki, həqiqətən hazırda münaqişənin nizama salınması ilə bağlı hər hansı bir proses getmir. Həmsədrlər müəyyən vaxtlarda hər iki ölkənin xarici işlər nazirləri ilə görüşürlər və bununla da öz fəaliyyətlərinə dinamiklik donu geydirməyə çalışırlar: "Ortada konkret olaraq Ermənistanın işğal etdiyi torpaqlardan çəkilmək istəməməsi məsələsi  durur. Bunun isə Ermənistanın dövlətçiliyinə böyük ziyanı var. Bunun nəticəsində ölkə əhalisi digər dövlətlərə sığınır. Ölkədə xaotik vəziyyət yaranıb. Ancaq buna baxmayaraq, bu ölkə Azərbaycan torpaqlarını işğalda saxlayır. Bu isə uzun müddət davam edə bilməz. Nə vaxtsa məsələnin bu cür həllinə maraqlı olan Ermənistan siyasi dairələri özləri uduzduqlarını etiraf edəcəklər".

A.Mirzəzadə bildirib ki, Ermənistanın təcrübəsiz, hazırlıqsız rəhbərləri dövləti inkişaf etdirmək barədə yox, şəxsi maraqları naminə hərəkət edirlər. Prezident olmamışdan əvvəl adi mühəndis işləyən Robert Koçaryan indi dünya ermənilərinin ən varlı adamlarından biridir, Serj Sarkisyan isə Ermənistanı, demək olar ki, özəlləşdirib.

Deputatın sözlərinə görə, mövcud durum işğalçı ölkədə hakimiyyətdə olan qrupa sərf edir. Radikallıq və ifrat millətçilik ilk növbədə onların həm siyasi, həm də maddi kapitalını artırır: "Ancaq kimlərsə bundan özünün siyasi və ya digər kapitalını yaradırsa,  bu, Azərbaycanın hesabına heç vaxt baş verə bilməz. Azərbaycan konkret şəkildə məqsədini ortaya qoyub. Həmsədrlərdən öz missiyalarına ciddi şəkildə yanaşılması tələb edilir. Eyni zamanda Azərbaycan münaqişənin digər variantlarla həlli yollarının üzərində ciddi iş aparır. Hər halda yaxın zamanlarda Ermənistan və dünya  Azərbaycanın yeni addımlarının şahidi olacaq. Hansı variant münaqişənin ən tez zamanda həllinə yardımçı olacaqsa, Azərbaycan o variantdan istifadə edəcək".

Qeyd edək ki, xarici işlər nazirinin müavini Araz Əzimov da açıqlamasında maraqlı məqama toxunub. Onun sözlərinə görə, hazırda müzakirələr mövcud olmadığından, buna bir təkan vermək üçün konkret yanaşmanı dəyişdirmək lazımdır. Prinsiplərin üzərində işi davam etdirmək heç kimə heç bir nəticə verməyəcək. Çünki vaxtı udmaq istəyən, işğal faktorundan istifadə edən Ermənistan məhz bu prinsiplərin sonsuz müzakirə olunmasında maraqlıdır.

 

 

 Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.-2012.- 30 sentyabr.- S.3.