Bakıda Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyasının Direktorlar Şurasının növbəti iclası işə başlamışdır

 

 Sentyabrın 29-da Bakıda Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyasının (IPMA) Direktorlar Şurasının növbəti iclası işə başlamışdır.

AzərTAc xəbər verir ki, əvvəlcə iclas iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər çiçəklər düzülmüşdür.

Sonra Şəhidlər xiyabanına gələn tədbir iştirakçıları ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsini ehtiramla anmış, məzarlarını ziyarət etmişlər.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilmişdir.

İclasın açılışında IPMA-nın prezidenti Roberto Mori çıxış edərək bildirmişdir ki, hazırda Azərbaycanda yerinə yetirilən irimiqyaslı layihələrin sayı artmaqda davam edir. Layihələrin idarə edilməsi sahəsində peşəkar olmaq üçün beynəlxalq standartlara uyğun müəyyən biliklərə, təcrübəyə malik olmaq lazımdır. Azərbaycanda bütün sferalarda genişmiqyaslı layihələrin həyata keçirilməsi bu sahədə beynəlxalq standartların tətbiqini zəruri etmişdir. Bu standartların yaradılmasına və dünyada yayılmasına cavabdeh olan təşkilat IPMA-dır.

Təşkilatı ölkəmizdə Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası - AzPMA təmsil edir.

Diqqətə çatdırılmışdır ki, ölkəmizdə həyata keçirilən layihələrin miqyası və hərtərəfli inkişafı nəzərə alınaraq IPMA-nın builki tədbiri Azərbaycanda keçirilir. Roberto Mori demişdir ki, bugünkü iclasın gündəliyində keçmiş dövrün hesabatlarının nəzərdən keçirilməsi, ikiillik fəaliyyət planının təsdiqlənməsi, IPMA-nın prezident və vitse-prezidentlərinin seçkisi, yeni ölkələrin üzvlüyə qəbul edilməsi, müəyyən səbəblərə görə bəzi ölkələrin üzvlüyünə xitam verilməsidir.

İclasda iştirak edən 57 ölkədən 100-dən çox nümayəndə Azərbaycanın artan dinamik inkişafı və eyni zamanda həyata keçirilən layihələrlə tanış olacaqlar. IPMA-nın Direktorlar Şurasının iclası ilk dəfə olaraq MDB ölkələri arasında Azərbaycanda keçirilir.

Assosiasiya 1964-cü ildə İsveçrədə yaranmışdır. Təşkilatın məqsədi dünyadakı layihələrin vahid standartlar çərçivəsində həyata keçirilməsini təmin etmək, yeni standartlar yaratmaqbu sahə üzrə olan bütün mütəxəssislərin bilik və təcrübələrini eyniləşdirməkdir. Hazırda IPMA-nın dünyanın 57 ölkəsində nümayəndəlikləri mövcuddur.

 

 

Azərbaycan.-2012.- 30 sentyabr.- S.3.