Dahi Azərbaycan şairi Nizami Gəncəvinin
Gəncədə başlayan 870 illik yubileytədbirləri əsl
sülh, bərabərlik və poeziya bayramına
çevrilmişdir
Sentyabrın
29-da dahi Azərbaycan şairi və mütəfəkkiri,
dünya poeziyasının günəşi Nizami Gəncəvinin
vətəni Gəncədə böyük izdiham
yaşanmışdır.
AzərTAc xəbər verir ki, burada
bütün işıqlı ömrünü Gəncədə
keçirməklə dünya poeziya xəzinəsinə əvəzsiz
incilər bəxş edən dahi şairin 870 illik yubileyi
böyük təntənə ilə qeyd edilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin "Dahi
Azərbaycan şairi və mütəfəkkiri
Nizami Gəncəvinin 870 illik
yubileyinin keçirilməsi
haqqında" 2011-ci il 23 dekabr tarixli Sərəncamından
dərhal sonra Gəncədə geniş hazırlıq işləri
aparılmışdır. Şairin məqbərəsi və onun ətrafı
yenidən qurulmuş, sahəsi genişləndirilərək
yeni xiyabanlar
salınmışdır. Burada Nizami Gəncəvi muzeyinin
inşasına başlanılmış, Nizami
Gəncəvi Beynəlxalq Mərkəzinin tikintisi
üçün hazırlıq işləri
aparılmışdır.
Dövlət başçısının müvafiq sərəncamından irəli gələn
vəzifələrə uyğun olaraq alimlərdən və ziyalılardan ibarət
yubiley komissiyası yaradılmış,
görülən işlər, demək olar
ki, hər gün
müzakirə edilmişdir. Bir sözlə,
bütün Gəncə və gəncəlilər
Azərbaycanın fəxri olan dahi şairin yubileyinə geniş hazırlıq işləri ilə gəlmişlər.
Gəncədə
yubiley tədbirləri ümummilli
lider Heydər Əliyevin abidəsini ziyarətlə
başlamışdır. Qonaqlar və
şəhər ictimaiyyətinin nümayəndələri ulu öndərin abidəsi önünə gül dəstələri qoyaraq
müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan bu
dahi şəxsiyyətə
ehtiramlarını bildirmişlər.
Yubiley tədbiri dahi şairin məqbərəsi önündə davam etdirilmişdir. Burada tədbir
iştirakçılarını şərbətlə
qarşılayan milli geyimli
məktəblilər müxtəlif dillərdə dahi şairin əsərlərindən
parçalar söyləmiş, qonaqları
qədim Azərbaycan rəqsləri ilə salamlamışlar.
Sonra Nizami Gəncəvinin
sözlərinə bəstələnmiş romansların
müşayiəti ilə yubiley tədbirləri
davam etdirilmişdir.
Minlərlə
şəhər sakininin
qatıldığı mərasimdə Azərbaycan
Respublikası Baş nazirinin
müavini Elçin Əfəndiyev,
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev,
Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti Mahmud Kərimov, təhsil naziri
Misir Mərdanov, Azərbaycan
Yazıçılar Birliyinin sədri Anar, Milli Məclisin
deputatları, xarici ölkələrin
Azərbaycandakı diplomatik
korpuslarının nümayəndələri,
14 ölkədən dəvət olunmuş
150-dən artıq alim iştirak
etmişdir.
Tədbiri
giriş sözü
ilə Gəncə Şəhər İcra
Hakimiyyətinin başçısı Elmar
Vəliyev açaraq qonaqları
salamlamış, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
dahi şair və
mütəfəkkir Nizami Gəncəvinin
870 illik yubileyi ilə
bağlı müvafiq sərəncamının
əhəmiyyətindən danışmış və
xalqımızın mədəni irsinə göstərdiyi
diqqət və qayğıya görə dövlət
başçısına gəncəlilər adından minnətdarlığını
bildirmişdir.
Baş nazirin müavini Elçin Əfəndiyev
bu böyük bayram münasibətilə bütün
gəncəliləri, eləcə də dahi
Nizami yaradıcılığının
işığına yığışan qonaqları təbrik
etmişdir. Elçin
Əfəndiyev demişdir ki,
Nizaminin bu gün başlayan yubiley tədbirləri yalnız poeziya, mədəniyyət bayramı deyildir. Nizaminin yubileyi, sözün əsl
mənasında, ümumxalq
bayramıdır. Çünki 870 ildir ki, Nizaminin
sənəti, onun özü
Azərbaycan xalqı ilə birlikdədir. Nizami
Gəncədə doğulmuş, Gəncədə
yaşamış və Gəncədə də vəfat etmişdir. Ancaq onun sənətinin, istedadının
miqyası o qədər böyükdür
ki, o, bütün
bəşəriyyətin övladı oldu.
Nizami nə qədər milli
şairdirsə, o qədər də bəşəri
şairdir. Nizami doğulduğu Gəncəni sənətkarlar
diyarı adlandırır, özünü
isə mahir sənətkar hesab
edirdi. O, Gəncəni qədim Babillə
müqayisə edirdi. Bu
sözlər başqa bir
dahi sənətkarın dilindən
eşidilsəydi, bəlkə də bir qədər
qeyri-təvazökar səslənərdi. Lakin
Nizaminin dediyi bu sözlər son dərəcə
təbii səslənir. Ona görə ki, Nizami istedadının böyük imkanları ilə Nizami
sənətkarlığının iddiası tam
şəkildə üst-üstə düşür.
Mənim yaxşı yadımdadır. Ümummilli
lider Heydər Əliyev Nizaminin
840 illiyi ilə əlaqədar xüsusi sərəncam imzalamışdı. Son dərəcə qiymətli olan
bu sərəncam Azərbaycan xalqı üçün mühüm
əhəmiyyət kəsb edirdi.
Hamı
yaxşı bilir ki,
yubileylər yuvarlaq rəqəmlərlə
olur. O vaxt ulu öndərin təşəbbüsü ilə
böyük Nizaminin
840 illik yubileyinin
keçirilməsinə sovetlər birliyində
qısqanclıqla yanaşırdılar. Lakin
bu, böyük bir hadisə idi və
şübhəsiz ki, bu
hadisə ulu öndərin şəxsiyyətinin
gücü sayəsində mümkün olmuşdu. Nə
yaxşı ki, bu ənənə
indi də davam edir. Nə yaxşı ki,
bu estafet Azərbaycanın
müstəqilliyinə qədər gəlib
çıxmışdır. Sevinirik ki, bu gün
Azərbaycan Prezidenti bu
ənənələrə sadiq qalaraq Nizami şəxsiyyətinə
ümumxalq məhəbbətinin ifadəsi olaraq
dahi şairin 870 illik yubileyinin keçirilməsi
barədə xüsusi sərəncam
imzalamışdır.
Mərasim başa çatdıqdan sonra
qonaqlar və yubiley
iştirakçıları dahi söz ustadının qəbrini ziyarət edərək
məzarı üzərinə qızılgüllər qoymuş, ruhuna dualar oxumuşlar.
Sonra məqbərə ətrafında Gəncə Dövlət
Dram və Kukla
teatrları aktyorlarının şairin
"Sirlər xəzinəsi", "Xosrov
və Şirin", "Leyli
və Məcnun", "İsgəndərnamə" və
"7 gözəl" əsərlərinin motivləri əsasında
hazırladıqları ədəbi-bədii kompozisiyalar nümayiş etdirilmiş,
Gəncə Dövlət
Filarmoniyası və Dövlət Kamera Orkestrinin birləşmiş xorunun,
eləcə də müğənnilərin ifasında Nizaminin sözlərinə bəstələnmiş
romanslar səsləndirilmişdir. Məqbərə
ətrafında gəzintidən sonra burada xatirə şəkli çəkdirilmişdir.
Sentyabrın
29-da yubiley tədbirləri çərçivəsində
Gəncənin mərkəzində Nizami Gəncəvi
adına piyada keçidinin
açılışı olmuş, Azərbaycan
Dövlət Aqrar Universitetində Nizami Gəncəvi irsinin
təbliğində xidmətlərinə görə yubiley tədbirlərinin
iştirakçısı olan xarici ölkələrin bir qrup elm xadiminə Azərbaycan
Dövlət Aqrar və Gəncə
Dövlət universitetlərinin fəxri doktoru
adının verilməsi mərasimi keçirilmişdir.
Mərasimdə Azərbaycan
Dövlət Aqrar Universitetin
rektoru professor Mirdamət
Sadıqov və Gəncə Dövlət Universitetinin
rektoru professor Elman Məmmədov rəhbərlik etdikləri
universitetlərin elmi şuralarının
qərarlarını oxumuş və
dünyanın ən qədim və zəngin İsgəndəriyyə
Kitabxanasının direktoru, Misir Elmlər
Akademiyasının prezidenti, BMT baş katibinin Sivilizasiyalar Alyansı üzrə səfiri, doktor İsmayıl Seragəldiyə və BMT-nin Hökumət Komissiyasının sədri,
İsveçrə Konfederasiyası Prezidentinin
müşaviri, İsveçrənin sabiq dövlət naziri, UNESCO-nun kommunikasiya üzrə
hökumətlərarası panelinin sədri,
səfir Valter Fusta Azərbaycan
Dövlət Aqrar Universitetinin, Latviyanın 6-cı Prezidenti, BMT baş katibinin xüsusi təmsilçisi,
Avropa İttifaqının uzunmüddətli
inkişaf proqramının vitse-prezidenti Vaira Vike-Freibergaya və Qırğız
Respublikasının sabiq xarici
işlər naziri və müvəqqəti
hökumətin rəhbəri Roza Otunbayevaya Gəncə Dövlət Universitetinin fəxri doktoru
adı verilməsi barədə həmin universitetlərin
diplomları təqdim edilmişdir.
Fəxri doktor
adına layiq görülmüş
qonaqlar diqqət və qayğıya
görə minnətdarlıq etmişlər.
Təhsil naziri Misir Mərdanov fəxri
doktor adına layiq görülmüş qonaqları təbrik etmiş, bunu əlamətdar
hadisə adlandırmışdır.
Universitetdə
keçirilən təntənəli mərasimdən sonra Xan bağında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
təməlqoyma mərasimi keçirilmişdir.
Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı
Elmar Vəliyev, Baş
nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət
və turizm naziri Əbülfəs
Qarayev və Azərbaycan
Yazıçılar Birliyinin sədri Anar çıxış edərək təməli
yenicə qoyulan Nizami
Gəncəvi Beynəlxalq Mərkəzinin işinə uğurlar arzulamışlar.
Təməqoyma
mərasimindən sonra Heydər Əliyev
Mərkəzində Nizami Gəncəvinin
poemalarının yeni tərcümə və
tərtibatda nəşr olunmuş nüsxələrinin
təqdimatı keçirilmişdir.
Mərasimdə
çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı
Elmar Vəliyev dahi şairin yubileyi münasibətilə
Heydər Əliyev Fondunun prezidenti,
UNESCO-nun və İSESCO-nun
xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə ilk dəfə
olaraq "Xəmsə"yə daxil olan 5 əsərin külliyyat
şəklində çap edilməsindən
danışmış və buna görə
Azərbaycanın birinci xanımına
minnətdarlığını bildirmişdir.
Sonra nizamişünas alimlər Samir Pişnamazzadənin "Nizami
Gəncəvi məqbərəsinin tarixi
və taleyi" və "Nizami Gəncəvi
yaradıcılığına əxilik ideologiyasının təsiri",
Xəlil Yusiflinin "Nizami
Gəncəvi: sələflər və xələflər",
Mübariz Yusifovun
"Nizamidə azərbaycançılıq", Sevda
Qurbanəliyevanın "Nizami Gəncəvinin
musiqi dünyası" və "Nizami Gəncəvi obrazları miniatürlərdə"
mövzularında məruzələri dinlənilmişdir.
Mərasimdə
çıxış edən şəhər ziyalıları
da görülən işləri yüksək
dəyərləndirmiş və bildirmişlər ki, bugünədək qeyd
olunan yubileylər sırasında ilk dəfə olaraq Gəncə
Şəhər İcra Hakimiyyəti tərəfindən
"Xəmsə" külliyyat halında nəşr edilmişdir.
Bütün bunlar Nizami yurdu Gəncənin elm və mədəniyyət mərkəzinə
çevrilməsi deməkdir.
Sentyabrın 30-da Gəncədə dahi
Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi
müxtəlif tədbirlərlə davam etdiriləcəkdir.
Azərbaycan.-2012.-
30 sentyabr.- S.4.