Kiyevdə keçirilən beynəlxalq forumda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qətnamə qəbul edilmişdir

 

 Kiyevdə keçirilən "BMT-nin gənclər modeli" IV Beynəlxalq Forumunda xarici gənclər təşkilatlarının nümayəndələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair qətnamə qəbul etmişlər.

AzərTAc xəbər verir ki, Ukrayna parlamentinin binasında keçirilən forumda 40 ölkədən gənclərin 200-ə yaxın nümayəndəsi, habelə bir sıra ölkələrin diplomatik nümayəndəliklərinin təmsilçiləri və siyasi ekspertlər iştirak etmişlər.

Bir sıra ölkələrin gənclərinin Dağlıq Qarabağ probleminin yaranma səbəblərinə obyektiv yanaşması forumun yekun sənədinin qəbul edilməsi ilə nəticələnmişdir. Uzun sürən müzakirələrdən sonra 26 ölkənin gəncləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qətnaməni dəstəkləyərək yekun sənədi qəbul etmişlər. Qətnamədə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həlli və bir milyona yaxın qaçqın və məcburi köçkünün doğma yurd-yuvasına qayıtması qətiyyətlə tələb olunur.

 

 

Azərbaycan.-2012.- 30 sentyabr.- S.4.