Ağdamda «Pazırıq» türk xalısının 2500 illik yubileyi qeyd edilmişdir

 

 Ağdam rayonunun  Quzanlı qəsəbəsində "Pazırıq" türk xalçasının 2500 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə çıxış edənlər "Pazırıq" türk xalçalarının tarixi keçmişi, xüsusiyyətləri ilə bağlı ətraflı məlumat vermişlər. Bildirilmişdir ki, Altayda Pazırıq kurqanlarından tapılmış 4,5x6,5 metr ölçülü qırmızı rəngli keçə üzərində incə yun ipindən toxunan bu xalı hazırda Sankt-Peterburq şəhərindəki dünya şöhrətli Ermitaj muzeyində  saxlanır.

Dünyanın ən qədim xalısı olan bu xalça Altayda dəfn olunmuş türk xaqanının yas mərasimi üçün Qarabağda, bu yerlərin qədim sakinləri olan saqlar tərəfindən toxunmuşdur. Xalının kurqanın altında salamat qalmasının səbəbi vaxtilə yuxarıda açılmış bir oyuqdan məzarın dibinə sızan suyun buz bağlaması və xalının buzun içində qalması olmuşdur.

"Pazırıq" xalısı iç-içə bir neçə çərçivəyə bölünmüş, birincidə qrifonlar, ikincidə atlılar, üçüncüdə sığırlar (maral), dördüncüdə hun çiçəyi şəklində simvollar verilmişdir. Xalının orta çərçivəsindəki 24 xana 24 oğuz boyunun anlamını verir.

 2500 illik  tarixi olan bu xalçanı keçmiş sovetlər dövründə "erməni xalçası" kimi təqdim etmək istəyənlərə Azərbaycan alimləri ilə yanaşı, bəzi rus alimləri də etiraz etmiş və xalının türkdilli xalqlara məxsusluğu etiraf olunmuşdur. Bütün bunlara baxmayaraq, ötən əsrin 90-cı illərindən başlayaraq dünya erməni diasporu həmin xalçanın Qarabağda yaşayan ermənilər tərəfindən toxunması haqqında fikir formalaşdırmağa çalışır, simpoziumlar keçirir, kitablar nəşr etdirirlər. Lakin vətənsevər Azərbaycan ziyalıları həmin xalçanın fotosurətini əldə edərək "Azər-İlmə" xalçaçılıq şirkətində onu eyni formada toxutdurmağa nail olmuş, bu tarixi incidəki ornamentlərin birbaşa qədim türk adət-ənənələri ilə bağlı olduğunu qeyd-şərtsiz sübut edən faktlar ortaya qoymuşlar.

Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Pazırıq" xalçasına həsr edilmiş kitab-dərgi nəşr edilmiş, "Səs tv" onlayn televiziyasında veriliş hazırlanmış, Beynəlxalq Mətbuat Mərkəzində "dəyirmi masa" keçirilmişdir. Gələn il növbəti yubiley tədbirinin xalçanın toxunduğu Bərdə şəhərində keçirilməsi nəzərdə tutulmuşdur.

Rayonun "Şur" ansamblının ifasında səslənən mahnılar tədbir iştirakçılarında xoş ovqat yaratmışdır.

 

 

Azərbaycan.-2012.- 30 sentyabr.- S.4.