Azərbaycana gələn xarici turistlər yaxın gələcəkdə
internet vasitəsilə elektron vizaları əldə
etmək imkanına malik olacaqlar
"Hazırda
biz Azərbaycanda turizm xidmətlərinin səviyyəsinin
artırılmasına çox böyük əhəmiyyət
veririk". AzərTAc xəbər
verir ki, bu sözləri jurnalistlərə müsahibəsində
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
söyləmişdir. Bildirmişdir ki, bu xidmətlərin
dünya standartlarına cavab verməsi üçün
mühüm işlər görməliyik. Regionlarda yerləşən
hotel və mehmanxanalar növbəti yay mövsümündə
yerli və əcnəbi qonaqları, turistləri bu məkanlara
cəlb etmək məqsədilə xidmətin çeşidlərini
artırmalı, keyfiyyətini təmin etməli, müəyyən
təkliflər irəli sürməlidirlər.
Ə.Qarayev vurğulamışdır
ki, Azərbaycan turizm sahəsində inkişaf edən yeni ölkələrdəndir. İlkin
mərhələdə ölkənin bu sahədə
tanınması üçün xarici şirkətlərlə,
şəbəkələrlə əlaqələr
qurulmalıdır. Bu gün ölkəmizə gələn
turistlərə məlum olanda ki, Azərbaycanda
"Hilton-Baku", "Four Seasons", "Marriot
Abşeron" kimi hotellər fəaliyyət göstərir,
artıq onlar özlərini daha rahat hiss edirlər.
Çünki onlar bütün dünyada məşhur olan bu
hotel şəbəkələrinin təcrübəsindən
xəbərdardırlar.
Turistlərin ölkəyə rahat gəlmələrini
təmin etmək məqsədilə Azərbaycanda elektron viza
sisteminin tətbiqindən söz açan nazir bildirmişdir
ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına
əsasən, ölkəyə daxil olan turistlər yaxın gələcəkdə
internet vasitəsilə elektron vizaları əldə etmək
imkanına malik olacaqlar. Bu istiqamətdə bir sıra işlər
görülmüşdür. Artıq bir neçə səfirlikdə
bu proses tətbiq olunur və digərlərində isə
müvafiq avadanlıq, proqramlar alınması və elektron
xidmətlərin tətbiqi istiqamətində müvafiq
işlər, hazırlıqlar həyata keçirilir. Bu proses
ilkin mərhələdə yalnız turist şirkətlərinin
müqaviləsi əsasında ölkəyə gələn
turistlərə şamil ediləcəkdir. Biz tam əminik ki,
gələn yay mövsümünün əvvəlinədək
elektron viza sistemi məsələsi tamamilə öz həllini
tapacaqdır.
Əbülfəs Qarayev qeyd etmişdir
ki, gələcəkdə Azərbaycanda daha ucuz hotellərin
tikintisi də nəzərdə tutulmuşdur. Biz gələcəkdə
Bakıda və Azərbaycanın bütün bölgələrində
3 ulduzlu və 2 ulduzlu hotel və motellərin inşasına
xüsusi önəm verəcəyik.
AzərTAc
Azərbaycan.-2012.-
30 sentyabr.- S.4.