Bakıda Azərbaycan-alman tibbi təlim kursu açılmışdır

 

 Sentyabrın 29-da Azərbaycan Tibb Universitetində (ATU) birinci Azərbaycan-alman tibbi təlim kursu açılmışdır.

Azərbaycan Gənclər Fondunun (AGF) dəstəyi və Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti, ATU və "İrəli" İctimai Birliyinin (İB) birgə təşkilatçılığı ilə keçirilən kursların açılış mərasimində ölkənin tibb elmi sahəsində tanınmış alimləri, Milli Məclisin deputatları, ictimai təşkilatların nümayəndələri və Almaniyadan gəlmiş mütəxəssislər iştirak etmişlər.

Mərasimdə çıxış edən ATU-nun prorektoru, Milli Məclisin deputatı, professor Rafiq Məmmədhəsənov Azərbaycan Tibb Universitetində mütəmadi olaraq beynəlxalq səviyyəli tədbirlərin keçirilməsinin artıq ənənəyə çevrildiyini bildirmişdir. Qeyd etmişdir ki, təhsilə, tibbin ayrı-ayrı sahələrinə aid seminarların, konfrans və konqreslərin təşkili yeni dərs ilinin ilk günlərindən  daha da intensivləşmişdir. Belə tədbirlərin davamı olaraq təşkil edilən Azərbaycan-alman tibbi təlim kurslarının gənc təbiblərin inkişafında və onların müasir tibbin yenilikləri ilə bağlı  məlumatlar əldə etmələrində böyük əhəmiyyəti vardır.

R.Məmmədhəsənov yeni layihənin Azərbaycan-Almaniya münasibətlərinin möhkəmlənməsinə və gənclərimizin inkişafına töhfə verəcəyinə əminliyini bildirmiş, təlim iştirakçılarına uğurlar arzulamışdır.

Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri, professor Qurban Müslümov layihə haqqında geniş məlumat vermişdir.

Bildirilmişdir ki, təlim kursları  təbabətin ən aktual sahələrini -  ümumilaparoskopik cərrahiyyə, ginekologiya, anesteziologiya-reanimatologiya, radiologiya, endoskopiya və digər sahələri  əhatə etməklə, ən müasir təlim modelləri üzərində xüsusi proqram əsasında həyata keçiriləcəkdir.

Təlimlər iki il əvvəl Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin nəzdində təsis olunmuş Azərbaycan-Alman Tibbi Treninq Mərkəzi tərəfindən təmin ediləcəkdir. Kurslardan əksəriyyəti rezidentlər və tələbələr olmaqla 500-dək mütəxəssis yararlanacaqdır.  Layihə çərçivəsində əməliyyat tibb bacıları üçünxüsusi təlimlər keçiriləcəkdir.

Davamlı olaraq  təşkili nəzərdə tutulan Azərbaycan-alman tibbi təlim kurslarında açıq və laparoskopik cərrahiyyə, ginekologiya, uronefrologiya, reanimatologiya, radiologiyaendoskopiya üzrə adi tibbi vərdişlərlə yanaşı, mürəkkəb cərrahi, invaziv, diaqnostik və digər müalicəvi texnikalar təcrübəli mütəxəssislər tərəfindən xüsusi simulyatorlar və heyvanların orqan və toxumaları üzərində iştirakçılara öyrədiləcəkdir.

Təlimləri Almaniyanın HaydelberqSiegen universitet klinikalarından dəvət olunmuş mütəxəssislər aparacaqlar.

Tədbirdə ATU-nun  tədris-terapevtik klinikasının direktoru, professor Surxay Musayev, Milli Məclisin deputatları Məlahət İbrahimqızı,  Jalə Əliyeva, Ceyhun Osmanlı, AGF-nin sektor müdiri Vaqif Seyidbəyli, "İrəli"  İB-nin baş katibi Nərmin Məmmədova və başqaları təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan hər addımın xüsusi önəm daşıdığını vurğulamış, təlim kursunun işinə uğurlar arzulamışlar.

Tədbir çərçivəsində Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin Almaniyanın  bəzi universitetləri ilə birgə planlaşdırdığı "Elmi-kliniki tədqiqatların müasir əsasları və istiqamətləri" layihəsinin  təqdimatı keçirilmiş və növbəti kliniki tədqiqatlar layihəsinə start verilmişdir. Eyni zamanda, Azərbaycanda bu ildən başlayaraq ingilis dilində nəşr ediləcək Almaniya-Azərbaycan birgə tibb jurnalının  təsis edilməsi barədə razılıq əldə olunmuşdur.

Azərbaycan-alman tibbi təlim kursları oktyabrın 2-dək davam edəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 30 sentyabr.- S.7.