Onun «Segah»ı başqa
aləm idi
Məşədi İsi, Hacı
Hüsü kimi məşhur xanəndələrdən
dərs almışdı
İslam Abdullayev.
Məlahətli səsi ilə
dinləyənləri məftun
edən Keştazlı
Həşimi dinləmişdi,
Dəli İsmayıla
qulaq asmışdı,
Mirzə Muxtardan öyrənmişdi. Amma maraqlıdır ki,
ustadlarından fərqli
bir ifaya, boğaza malik idi İslam Abdullayev. Öz xatirələrində muğamları bu sənətkarlardan əxz
etdiyini bildirsə də, onun sinəsindən
qopan "Segah"ın
tayı-bərabəri yox
idi. Elə ki Sadıqcan
tarı döşünə
sıxırdı, İslam
Abdullayevin bütün
duyğuları məhz
"Segah" üzərində
qovrulurdu. O, bu məşhur muğama yeni-yeni guşələr,
xallar əlavə etmişdi. Bütün ifaları təkrarsız idi İslam Abdullayevin...
Sadıqcan onu ilk dəfə
məclisə çıxardı. Öz oğlu Əsədullanın
toyuna gətirdi.
Həmin
məclisdə Mir Möhsün
Nəvvab da iştirak edirdi. İslam Abdullayev "Segah"ı
ilə məclis əhlini heyrətdə qoydu. Elə bu toyla da onun şöhrəti
başlandı, səsi-sorağı
Qarabağaın bütün
məclislərindən, Gəncə,
Şəki, Şirvan
ellərindən gəldi.
Hətta
İranın Rəşt
şəhərində düzənlənən
məclislərdə Tehranın
məşhur xanəndələri
ilə bir araya gələn İslam Abdullayev yenə də "Segah"ı elə ifa etdi ki,
bütün məclis
əhli onun yanıqlı səsinə,
avazına, qeyri-adi zəngulələrinə məftun
kəsildi.
Musiqişünas Firidun Şuşinski yazırdı: "XX əsr
Azərbaycan musiqi mədəniyyəti tarixində
"Segah" muğamını
İslam Abdullayev kimi mükəmməl və incə zövqlə oxuyan ikinci bir xanəndə
olmamışdır. Seyid Şuşinski
söyləyərdi ki,
İslam olan məclisdə nə Cabbar, nə Ələsgər, nə Keçəçi Məhəmməd,
nə də mən "Segah" oxuyardıq".
Həqiqətən də İslamın
"Segah"ı Cənubi
Qafqazda, hətta Yaxın Şərqdə belə məşhur idi. Bu səbəbdən
də ona el arasında "Segah İslam" deyərdilər.
İslam Əbdül oğlu
Abdullayev 1876-cı ilin
qışında Şuşada
doğulub. İlk
təhsilini doğma şəhərdə alan İslamın musiqyiə böyük həvəsi vardı. Atası Əbdül kişi də
bunu hiss etmişdi. Çünki İslam heç bir kəsdən musiqi təhsili almaya-almaya, muğamın sirlərini öynrənməyə-öyrənməyə
"Qarabağ şikəstəsi"ni elə vəcdlə oxuyardı ki, Şuşanın az qala yarısı
onların məhəlləsinə
toplaşardı. Əlini qulağının
dibinə verərək
özünü bu möhtəşəm muğamın
ahənginə tapşıran
İslamın isə onu sevənlərdən, səsinə vurğun kəsilənlərdən xəbəri
olmazdı. Onun məlahətli
səsindən xəbər
tutan Mir Möhsün Nəvvab tezliklə bu gənci özünün
"Xanəndələr məclisi"nə
cəlb edib. Beləliklə, o, dövrünün məşhur ustadlarından
dərs alıb, öyrənib, muğamın
sirlərinə, pərdələrinə,
guşələrinə daha
dərindən bələd
olub. Unudulmaz Bülbülə məxsus fikirdir ki, İslam öz həmkarlarından daha çox fərqlənirdi. Heç vaxt
Azərbaycan şairlərinin
qəzəllərini qoyub
başqa dildə (o dövrdə farsca oxumaq dəbdə idi) oxumazdı. Ən çox sevdiyi də Füzuli, Zakir və Qumrinin
qəzəlləri olardı.
Xatirələrdən bəlli
olur ki, İslamın "Segah"ına sakit ürəklə qulaq asmaq mümkün deyildi. Onun səsində nə
sirr vardısa, ürəyi titrədirdi.
Sənətkar adətən bütöv
yaradıcılığı və böyük ədəbi irsi ilə məktəb yaradır. İslam Abdullayevin
təkcə "Segah"ı
gənc xanənədələr
üçün bir məktəb idi. Bülbülün özü, Xan
Şuşinski, sonralar
Zülfü Adıgözəlov,
Həşim Kələntərli,
Sürəyya Qacar və başqaları
"Segah"ı oxuyarkən
məhz İslam Abdullayev kimi olmağa çalışıblar.
Əslində, Azərbaycan xalqı
"Segah" muğamını
daha çox sevir. Çünki bir sıra xalq mahnıları, el havaları, hətta bayatılar, oxşamalar
"Segah" muğamı
üstündə qurulmuşdu.
Bir də taleyimizin havası "Segah"a çox uyğun gəlir.
Firidun Şuşinskiyə
görə, bizim muğam musiqimizdə
"Segah"ın üç
növü məşhurdur:
"Zabul Segah" (buna "Orta Segah" da deyirlər), "Mirzə Hüseyn Segah"ı, bir də "Yetim Segah"ı (bəzi hallarda "Xarici Segah"). İslam Abdullayev bu "Segah"ların üçünü
də özünəməxsus
tərzdə ifa edib. İş o yerə çatıb
ki, İslamı dinləyənlər sonra bu "Segah"ı kimin ifasında eşitsələr, bəyənməz
və qəbul etməzdilər. Hətta bəzən
əsəbiləşərək "sən "Segah" oxumursan" - deyərdilər.
"Segah" ifa etmək çox çətindir.
Bu, ifaçıdan həm yanıqlı, şirin, kədərli səs, həm də qəşəng xallar, nisgilli nəfəslər, incə
xırdalıqlar, melodik
bəzəklər vurmaq
məharəti tələb
edir. Təbii ki, bunları
da süni surətdə, aktyorsayağı
yerinə yetirmək mümkün deyil. Çünki səsin bu rəngləri elə bir vergidir ki,
onu sənə Allah bağışlamalıdır. İslam Abdullayev də sanki "Segah" ifası üçün doğulmuşdu. Onun səs
tembrində, ifaçılıq
manerasında qeyri-adi bir qəm duyulurdu.
Buna görə də İslamı dinləyənlər ondan doymurdular.
Seyid Şuşinski
xatirələrində belə
bir əhvalat qələmə alıb:
"Ağdamda toy məclisində
olarkən məndən
"Segah" oxumağı
xahiş etdilər. "Mirzə Hüseyn Segahı"nı
oxudum. Başa çatdıran kimi dinləyicilərdən biri
mənə müraciət
etdi:
- Ağa, biz "Segah" istəyirik.
Mən "Zabul Segah"ı
oxudum, yenə də narazı qaldılar. "Yetim Segah"ı oxudum, qəbul etmədilər. Məclisdə
əyləşən bir
ağsaqqal dilləndi:
- Ağa, sən oxuduğun "Segah"larda "Keçər
qürbətdə ömrüm
ah ilə, bir həmzəbanım yox"
sözlərini eşitmədik.
Dərhal anladım ki, məclis əhli İslamın "Segah"ını
istəyir. İslam həmişə
"Yetim Segah"ı
oxuyanda şair Qumrinin məşhur qəzəlindən istifadə
edərdi. Gör İslam
xalqın qəlbinə
necə yol tapmışdı ki, onun oxuduğu qəzəlləri belə
əzbər bilirdilər.
İslamın səsinə adi
dinləyicilər deyil,
məşhur xanəndələr
də ehtiramla qulaq asardılar. Yaşlılar da, cavanlar da onu eyni
məftunluqla qarşılayırdılar.
Onlar İslamdan öyrənmək
istədiklərini gizlətmirdilər.
Hətta
belə bir əhvalat danışırlar
ki, Cabbar Qaryağdıoğlu da İslamı toyda, mərəkədə görəndə
çox sevinərdi.
Həmişə də xahiş
edərdi ki, "Segah" oxusun. Bir dəfə də belə məclislərin birində Qurban Pirimov çalıb, İslam Abdullayev də oxuyub. Ustad xanəndə Cabbar Qaryağdıoğluna elə
gəlib ki, tarın qeyri-adi səslənməsidi İslamı
belə yanıqlı
oxudan. Ona görə də
bir müddət özü də Qurbanla məclislərə
gedib, amma sonralar etiraf edib ki, İslamın
nəinki Qarabağda,
cümlə ətraf bölgələrdə də
tayı yoxdur.
İslam Abdullayev 1910-1915-ci illərdə
səsini qrammafon valına yazdırıb. Onun böyük məharətlə ifa etdiyi "Yetim Segah", "Bayatı-Kürd",
"Bayatı-Qacar", "Kürdü-Şahnaz", "Mahur-Hindi", "Şüştər",
"Şikəsteyi-fars", "Səttarxan", "Çalpapaq",
"Süsən sünbül",
"Axşam oldu",
"Yeri, dam üstə,
yeri", "Hər nə oldu, mənə
oldu" və s. muğam, təsnif, xalq mahnıları musiqi mədəniyyətimizin
inciləri sayılır.
Pedaqoji fəaliyyətlə
də məşğul
olan muğam ustadı İslam Abdullayev Şuşa,
Ağdam musiqi məktəblərində dərs
deyərək gənc
xanəndələrin yetişməsində
böyük zəhmət
çəkib. Onun tələbələri
arasında Xan Şuşinski, Qənbər
Zülalov, Sahib Şükürov,
İldırım Həsənov,
Yaqub Məmmədov kimi azman sənətkarlar
olub.
Uzun illər muğam
ifaçılığı sahəsində fədakarlıq
göstərən bu şuşalı sənətkar
xalq arasında əsl qiymətini alaraq "Segah İslam" adını qazandı. Onun əməyi
dövlət tərəfindən
də yüksək dəyərləndirilib. O, Azərbaycanın əməkdar
artisti kimi şərəfli ada layiq görülmüş,
bir neçə medalla da təltif
edilmişdi. Azərbaycan
vokal sənətinin görkəmli nümayəndələrindən
biri kimi hörmət və ehtiramla xatırlanan İslam Abdullayev haqqında xalq şairi Səməd Vurğun vaxtilə deyib: "İslamın yaxşı cəhəti odur ki, onun
"Segah"larında Azərbaycan
ruhu daha çoxdur".
Təbii ki, bu məziyyət də ancaq həqiqi sənətkarlara məxsus
olur. 88 yaşında
dünyasını dəyişən
bu muğam ustadı yada düşəndə dərhal
"Segah İslam"
kəlməsi məhəbbətlə
ətrafa yayılır...
Flora XƏLİLZADƏ
Azərbaycan.-2012.-
30 sentyabr.- S.7.