Daşkənddə Azərbaycan şair və yazıçılarının bu il özbək dilində nəşr edilən
kitablarının təqdimatı keçirilmişdir
Daşkənddəki
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində
2012-ci ildə paytaxtda özbək dilində çap edilən
böyük Azərbaycan şairi İmadəddin Nəsiminin
"Mən bu cahana sığmazam", Anarın
"Qırmızı limuzin" kitabları, Elçinin
"Cahan ədəbiyyatı" jurnalında verilən
"Baladadaşın povestləri" əsərlərinin təqdimatı
keçirilmişdir.
Təqdim olunan kitablar arasında
hazırda Daşkənddə yaşayan şairə Səmayə
Hüseynoğlunun Bakıda nəşr edilmiş "Bir topa
buludam yağmamış" şeirlər toplusu da
olmuşdur.
Mədəniyyət Mərkəzinin
foyesində təqdimatı keçirilən əsərlərin
sərgisi də açılmışdır.
"Cahan ədəbiyyatı"
jurnalı baş redaktorunun müavini, yazıçı
Mirpolat Mirzə Azərbaycan ədəbiyyatının
dünya ədəbiyyatına verdiyi töhfələrdən
danışmış, şair və
yazıçılarımızın əsərlərinin özbək dilinə tərcüməsi
haqqında məlumat vermişdir. Bildirilmişdir ki, Özbəkistanda
Azərbaycan yazıçı və şairlərinin əsərlərinə
həmişə böyük maraq olmuşdur.
Azərbaycan klassik poeziyasının
gözəl bilicisi, alim və tərcüməçi
İmadəddin Nəsiminin təqdimatı keçirilən
"Mən bu cahana sığmazam" kitabını özbək
dilinə çevirən Erqaş Oçilov bildirmişdir ki,
özbəklər İmadəddin Nəsimini, Nizami Gəncəvini
və Məhəmməd Füzulini heç də azərbaycanlılardan
az sevmirlər. Sonra o, Nəsiminin şeirlərinin dünyəvi
əhəmiyyəti haqqında danışmış, klassik
Azərbaycan şairlərinin əsərlərinin Özbəkistanda
öyrənilməsi və təbliği barədə məlumat
vermişdir.
Jurnalist və tərcüməçi
Rüstəm Cabbarov xalq yazıçısı Anarın
"Qırmızı limuzin" kitabına daxil edilmiş
hekayələri haqqında söhbət açmış,
görkəmli ədibin Azərbaycan ədəbiyyatında
yeri və rolunu şərh etmişdir.
Səmayə Hüseynoğlu "Bir
topa buludam yağmamış" kitabına daxil edilmiş
şeirlər, onların yazılma tarixi haqqında məlumat
vermiş, topluya daxil olan şeirlərdən parçalar
söyləmişdir.
Sonra tərcüməçilər -
Usman Kuçkar, Rüstəm Cabbarov, Erqaş Oçilov və
Erkin Usmanova, həmçinin təqdimatı keçirilən
kitabları çap edən nəşriyyatın nümayəndələrinə
səfirlik adından təşəkkür məktubları və
hədiyyələr verilmişdir.
Tədbirin bədii hissəsində
Daşkənd Mədəniyyət Kollecinin tələbələri
Məhəmməd Füzulinin qəzəllərinə bəstələnmiş
mahnılar, "Azərbaycan qızları" rəqs
ansamblının üzvləri milli rəqslərimizi ifa
etmişlər.
Qulu KƏNGƏRLİ,
AzərTAc-ın
xüsusi müxbiri
Azərbaycan.-2012.-
30 sentyabr.- S.7.