Avropa Parlamentinin
2012-ci il 13 sentyabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası
Milli Məclisinin Bəyanatı
Macarıstanın Budapeşt Məhkəməsi
tərəfindən məhkum edilmiş Azərbaycan ordusunun
zabiti Ramil Səfərovun verilməsinə və daha sonra Azərbaycan
Respublikasının Prezidenti tərəfindən əfv edilməsinə
görə Azərbaycana qarşı kampaniya aparılması,
xüsusən Avropa Parlamentinin 2012-ci il sentyabrın 13-də "Ramil Səfərovun
işi" adlı qətnamə qəbul etməsi ilə əlaqədar
Azərbaycan Respublikasının Milli Məclisi
aşağıdakıları bildirməyi zəruri hesab edir.
Azərbaycan ordusunun zabiti Ramil Səfərovla
bağlı olan sırf hüquqi məsələyə siyasi
rəng verilməsi cəhdlərinin davam etməsi dərin təəssüf
və narahatlıq hissi doğurur. Bu cəhdlər Avropada bəzi
siyasi dairələrin ermənilərin və ermənipərəst
qüvvələrin təbliğatının təsiri
altında hərəkət etdiklərini, bir çox hallarda
Azərbaycanla bağlı məsələlərdə ikili
standartlardan əl çəkə bilmədiklərini göstərir.
Yaxşı məlumdur ki, Azərbaycan
Respublikası Avropa Şurasının üzvü kimi bu
mötəbər təşkilat çərçivəsində
iş birliyinin ən fəal iştirakçılarından
biridir. Bu baxımdan ölkəmiz Avropa qitəsində uzun illər
boyu formalaşmış cinayət işləri üzrə
hüquqi yardım məsələlərində bir çox
dövlətlərlə hərtərəfli əməkdaşlıq
edir. Məhz bu cür əməkdaşlığın nəticəsidir ki, Ramil Səfərov
8 ildən çox müddətdə cəzasını
çəkdikdən sonra Avropa Şurasının "Məhkum
olunmuş şəxslərin verilməsi haqqında"
1983-cü il 21 mart tarixli Konvensiyası əsasında ölkəsinə
qaytarılmış və daha sonra milli qanunvericiliyə
uyğun olaraq əfv edilmişdir.
Bu proseslər işğalçı Ermənistanın
rəsmi dairələri, erməni diasporu və onların
havadarları tərəfindən misli görünməmiş
çılğınlıqla qarşılanmışdır.
Azərbaycan torpaqlarını işğal edən, bu
torpaqlarda etnik təmizləmə siyasəti yürüdərək
on minlərcə azərbaycanlını qətlə yetirən,
bir milyondan artıq azərbaycanlını doğma
yurdlarından didərgin salan, onların bütün
mülkiyyətini talan edən bir dövlətdən başqa
münasibət gözləmədiyimiz halda, Avropa Parlamentinin
mövqeyini başa düşmək çətindir. Xüsusən
də ona görə ki, Ramil Səfərovun Azərbaycana
verilməsinin və əfv edilməsinin "Məhkum
olunmuş şəxslərin verilməsi haqqında" Avropa
Konvensiyasının müddəalarına uyğun gəldiyi qətnamənin
müvafiq bəndlərində etiraf edilmişdir.
Digər tərəfdən, biz bilirik ki,
törətdikləri cinayət əməllərinə,
xüsusən terror aktlarına və qətllərə
görə ayrı-ayrı ölkələrdə ittiham edilərək
məhkum olunmuş erməni milliyyətli cinayətkarların
ekstradisiyası, əfv edilməsi və milli qəhrəmana
çevrilməsi ilə bağlı çoxsaylı faktlar
vardır. 1983-cü il iyulun 15-də Fransanın Orli hava
limanında törədilmiş terror aktına görə həmin
ölkənin məhkəməsi tərəfindən
ömürlük həbs cəzasına məhkum edilmiş
Varujan Karapetyanın 2001-ci ildə Ermənistan Prezidenti Robert
Koçaryanın müraciətindən və ASALA erməni
terror təşkilatının hədələrindən sonra
vətəndaşı olmadığı Ermənistan
Respublikasına verilməsi və əfv edilməsi, onun, eləcə
də müxtəlif dövrlərdə Avropa ölkələrində
Türkiyə səfirliklərinə, eləcə də Azərbaycan
ərazisində dinc sakinlərə qarşı
çoxsaylı terror aktlarında iştirak etmiş Suren
Nayriyanın, Monte Melkonyanın, Akop Culfayanın, Gevorq Gözəlyanın,
Vazgen Sislyanın, Samvel Babayanın və digər qatı cinayətkarların
Ermənistan cəmiyyətinə qəhrəman kimi təqdim
edilməsi hamıya məlumdur. Əlbəttə, biz Azərbaycan
ordusunun zabitini terrorçularla müqayisə etmək fikrində
deyilik, amma həqiqəti də söyləməyə bilmərik.
Bütün bunları nəzərə
aldıqda Avropa Parlamentinin adıçəkilən qətnaməsinin
yalnız ermənilərin və ermənipərəst qüvvələrin
təbliğatının təsiri altında siyasi mülahizələrə
əsasən qəbul edildiyi aydın olur. Fakt budur ki, mötəbər
beynəlxalq təşkilatın məsələyə birtərəfli
və qeyri-obyektiv yanaşmasını ortaya qoyan qətnamə
Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ocağında vəziyyətin daha da kəskinləşməsinə
gətirib çıxaran amillərdən birinə
çevrilmişdir. Bununla əlaqədar təəssüflə
qeyd etmək lazımdır ki, sənəddə Azərbaycan zabitinin əfv edilməsinin
bölgədə sülh və barışıq prosesləri
üçün təhlükə törətməsi, dinc təmasların
gələcəkdə mümkün ola biləcək
inkişafının qarşısını ala bilməsi iddia
edilir.
Azərbaycan Respublikasının Milli Məclisi
bir daha bəyan edir ki,
bütövlükdə Cənubi Qafqaz bölgəsi
üçün ən böyük təhlükə mənbəyi
Ermənistan silahlı qüvvələri tərəfindən
Azərbaycan ərazilərinin hələ də işğal
altında saxlanılması, təcavüzkar dövlətin
beynəlxalq hüquqa meydan oxuması və dünya birliyinin qəti
ifadə edilmiş iradəsini saya salmamasından ibarətdir.
Ramil Səfərovun verilməsinə və əfv edilməsinə bu cür sərsəmcəsinə
münasibət bildirilməsi erməni tərəfinin həmin məsələdən
öz maraqlarına uyğun olaraq Azərbaycanın
Dağlıq Qarabağ bölgəsində və işğal
edilmiş digər ərazilərində mövcud vəziyyəti qoruyub saxlamaq, danışıqlar
prosesini pozmaq üçün istifadə etməyə
çalışdığını bir daha sübuta
yetirir.
Azərbaycan Respublikasının Milli Məclisi
Avropa Parlamenti üzvlərinin nəzərinə
çatdırmaq istərdi ki, Avropa məkanının
ayrılmaz hissəsi olaraq Azərbaycan insan
hüquqlarının və əsas azadlıqlarının
qorunması, qanunun aliliyinin təmin edilməsi və hüquqi
dövlət prinsiplərinin ardıcıl həyata
keçirilməsi mövqeyinə həmişə sadiqdir və
qarşıya çıxan bütün problemlərin beynəlxalq
hüquq normaları əsasında həll edilməsinə
üstünlük verir. Azərbaycan tərəfi bir daha Avropa
Parlamentini ölkəmizlə bağlı bütün məsələlərdə
tarazlaşdırılmış, obyektiv mövqe tutmağa,
erməni təbliğatına uymamağa, siyasi mülahizələrə
əsaslanan birtərəfli yanaşmadan çıxış
etməməyə çağırır. Bu, həm Azərbaycanla
Avropa İttifaqı arasında əməkdaşlığın
yüksək səviyyəsinə, həm də Cənubi
Qafqaz bölgəsində sülh və təhlükəsizliyin
bərqərar edilməsi mənafelərinə daha çox
uyğun gələrdi.
(Bəyanat Azərbaycan Respublikası
Milli Məclisinin 2012-ci il 1 oktyabr tarixli iclasında qəbul
edilmişdir.)
Azərbaycan.-2012.-
2 oktyabr.- S.3.