Türkiyənin Baş naziri: «Ermənistan və onun havadarları bilsinlər ki, azərbaycanlı qardaşlarımızın hüquqları bərpa olunmayanadək bizim mövqeyimiz dəyişməyəcəkdir»

 

 Ankarada Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının ("AkParti") qurultayı keçirilmişdir.

Qurultayda Avropa, Asiya, Afrika qitələrindən 200 siyasətçi, o cümlədən Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədovun və Milli Məclisin deputatı Eldar İbrahimovun daxil olduqları Azərbaycan nümayəndə heyəti iştirak etmişdir.

Azərbaycan nümayəndə heyəti, həmçinin "AkParti"nin sədri Rəcəb Tayyib Ərdoğanın dost və qardaş ölkələrdən gəlmiş nümayəndə heyətlərinin şərəfinə verdiyi ziyafətdə iştirak etmişdir.

Qurultayda çıxış edən Türkiyənin Baş naziri və "AkParti"nin sədri Rəcəb Tayyib Ərdoğan qonaqları salamlayaraq rəhbərlik etdiyi siyasi partiyadan, hökumətin daxili və xarici siyasətindən ətraflı bəhs etmişdir. Onun iki saatdan çox davam edən nitqində Azərbaycana, bölgənin digər dost və qardaş ölkələrinə salamları çatdırılmış, regionda vəziyyətlə bağlı rəsmi Ankaranın mövqeyi təqdim edilmişdir.

Rəcəb Tayyib Ərdoğan vurğulamışdır ki, Dağlıq Qarabağ və Kipr məsələsində Türkiyənin mövqeyi dəyişilməz olaraq qalır. Ermənistan, ermənilər, onların havadarları bilsinlər ki, azərbaycanlı qardaşlarımızın hüquqları bərpa olunmayanadək bizim mövqeyimiz dəyişməyəcəkdir.

Qurultayda "AkParti"nin sədri və yeni idarə heyəti seçilmişdir. Türkiyənin 81 vilayətini təmsil edən 1895 nümayəndənin iştirakı ilə keçirilmiş səsvermə nəticəsində Rəcəb Tayyib Ərdoğan yenidən partiyanın sədri seçilmişdir.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.-2012.- 2 oktyabr.- S. 3.