Cenevrədə BMT-nin
Qaçqınlar üzrə Ali
Komissarlığının İcraiyyə Komitəsinin 63-cü sessiyası
işə başlamışdır
Oktyabrın
1-də Cenevrədə BMT-nin
Qaçqınlar üzrə Ali Komissarlığının
(QAK) İcraiyyə Komitəsinin 63-cü sessiyası öz
işinə başlamışdır.
Oktyabrın 5-dək davam edəcək
sessiyada üzv dövlətlərin, müşahidəçi
qismində İcraiyyə Komitəsinin üzvü olmayan
ölkələrin nümayəndələri, BMT agentliklərinin
və nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən
qeyri-hökumət təşkilatların təmsilçiləri
iştirak edirlər.
BMT-nin qaçqınlar üzrə ali
komissarı Antonio Quterreş sessiyanı açaraq gündəlikdəki
məsələlərdən danışmış, ötən
sessiyadan sonra görülmüş işlər və
qarşıda duran vəzifələr haqqında
çıxış etmişdir.
Tədbirdə
Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov
çıxış edərək sessiya
iştirakçılarını salamlamış, bu il Azərbaycanın BMT
QAK-ın İcraiyyə Komitəsinə üzv
seçilməsində ölkəmizə dəstək
göstərmiş bütün dövlətlərə
və ali komissar
A.Quterreşə dərin və məzmunlu çıxışına görə
təşəkkür edərək demişdir:
Azərbaycan hökuməti BMT QAK-la əməkdaşlığa
həmişə yüksək qiymət vermiş
və təşkilatın istər ölkəmizdə, istərsə
də beynəlxalq səviyyədə fəaliyyətini daim dəstəkləmişdir. Təəssüf
ki, son iki
il BMT QAK-ın fəaliyyəti üçün gözlənilməz humanitar böhranlarla zəngin
olmuşdur. Bir sıra Afrika və ərəb
ölkələrində baş vermiş kütləvi köçmə
halları BMT QAK-ın üzərinə uzun
müddət ərzində məcburi köçkün
düşmüş insanlarla
yanaşı, yeni qaçqın və məcburi
köçkünlərin problemləri ilə məşğul
olmaq vəzifəsi də qoymuşdur.
Biz BMT
QAK-ın yeni böhran
vəziyyətlərinə vaxtında cavab
vermək qabiliyyətini alqışlayırıq və
ölkəmizdə irimiqyaslı məcburi köçkün
probleminin olmasına baxmayaraq,
dünyanın müxtəlif yerlərində baş
verən humanitar böhranların aradan qaldırılmasına dəstək verməyə
davam edirik.
Uzun müddət davam edən məcburi
köçkündüşmə problemindən əziyyət
çəkən ölkələrdən birinin
də Azərbaycan olduğunu vurğulayan Ə.Həsənov bildirmişdir ki,
respublikamız müstəqilliyinin ilk illərindən
qonşu Ermənistanın yürütdüyü
xarici işğal və
etnik təmizləmə siyasəti nəticəsində
ərazilərimizin 20 faizinin
işğalı və 1 milyon
qaçqın və məcburi köçkün
problemi ilə üzləşmişdir. İyirmi ildən çox
keçməsinə baxmayaraq, azərbaycanlıların
öz doğma
torpaqlarına və evlərinə qayıdışı məsələsi
hələ də həll olunmamışdır.
Azərbaycan
Respublikasının Dağlıq Qarabağ
ərazisinin ətraf rayonları tamamilə
dağıdılmışdır. ATƏT-in iki missiyası - faktaraşdırıcı və
qiymətləndirmə missiyaları həmin ərazilərə
səfər zamanı hər şeyin
dağıdıldığını və həmin ərazilərə
başqa ölkələrdən etnik ermənilərin köçürüldüyünü
təsdiq etmişlər. İşğal
altında olan ərazilər kimsənin
yaşaya bilməyəcəkləri
xarabalıqlara çevrilmişdir. Bütün infrastruktur
darmadağın edilmiş, qəbiristanlıqlar,
məscidlər yerlə-yeksan olunmuş, toponimlər dəyişdirilmişdir.
Həmin ərazilərdə bərpa və məcburi məskunlaşdırma
prosesi davam edir. Bu, münaqişənin
real mənzərəsi olmaqla,
Ermənistan tərəfindən törədilir.
Azərbaycan
hökumətinin ölkədə qaçqın və məcburi
köçkün problemi
yarandığı gündən öz
üzərinə düşən vəzifələri yerinə
yetirdiyini diqqətə çatdıran Baş nazirin müavini demişdir: Hökumətimiz tərəfindən
BMT QAK da daxil olmaqla, bir sıra beynəlxalq
donorların köməyi ilə qaçqın və məcburi
köçkünlərin probleminin həlli
üçün xeyli
tədbirlər görülmüşdür.
Ölkədə mövcud olan
12 çadır düşərgəsindən sonuncusu
2007-ci ildə ləğv edilmiş,
Dövlət Neft Fondunun
vəsaiti hesabına bütün sosial-texniki infrastruktura malik 71 müasir qəsəbə
salınmış, 23 min ailənin - 120 min
nəfərin mənzil-məişət şəraiti
yaxşılaşdırılmışdır. Ermənistandan
qovulmuş 250 min və
Orta Asiyadan olan 50 min qaçqına
Azərbaycan vətəndaşlığı verilmişdir.
Son 20 ildə qaçqın və məcburi
köçkünlərin sosial problemlərinin
həllinə 5,4 milyard ABŞ dolları məbləğində
vəsait sərf olunmuşdur ki, bunun da
900 milyonu beynəlxalq humanitar
təşkilatların payına düşür.
Görülən tədbirlər nəticəsində
qaçqın və məcburi köçkünlər
arasında yoxsulluğun həddi 74 faizdən
18 faizə enmişdir. Cənab Quterreş Azərbaycana səfər edərək
görülmüş işlərin və
əldə olunmuş nailiyyətlərin
şəxsən şahidi olmuşdur.
Bu irəliləyişlərin əldə edilməsinin Azərbaycan
hökumətinə heç də asan başa gəlmədiyini
və problemin tam həll
olunmadığını deyən Ə.Həsənov
vurğulamışdır ki, 400 min məcburi köçkün hələ də
yaşayış üçün əlverişsiz
olan tikililərdə,
çətin şəraitdə yaşayır. Bu
baxımdan, Azərbaycanın hələ də beynəlxalq təşkilatların
və donorların dəstəyinə ehtiyacı vardır. Azərbaycan
məcburi köçkünlərin əhalinin
adambaşına düşən sayına görə dünyada ilk yerlərdən
birini tutur. Bir milyon qaçqın və
məcburi köçkünə qayğı göstərmək
həddindən artıq böyük bir yükdür. Bu problemin yeganə həlli
Ermənistan tərəfindən işğal
olunmuş Azərbaycan torpaqlarının azad edilməsi və məcburi
köçkünlərin öz
torpaqlarına geri qayıtmasıdır. Lakin Azərbaycandakı 700 min
məcburi köçkün atəşkəsin
əldə olunmasından 18 il keçməsinə
baxmayaraq, Ermənistanın tutduğu qeyri-konstruktiv
mövqeyə görə hələ də öz
evlərinə qayıda bilmir.
Qeyd etmək lazımdır ki, azərbaycanlı
qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmalarının zəruriliyi
BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində
və bir sıra beynəlxalq təşkilatların
sənədlərində vurğulanmışdır və
beynəlxalq birliyin bu tələbinin
yerinə yetirilməsi onların hüquqlarının hərtərəfli
təminatı üçün olduqca vacibdir.
Düşünmək
olmaz ki, uzun müddət ərzində məcburi köçkün düşmüş
insanları yaşayış yeri ilə təmin
etməklə, onların sosial problemlərini həll etməklə
bu problem vaxt keçdikcə öz-özünə keçib gedəcəkdir. Xatırlatmaq istərdim
ki, uzunmüddətli məcburi
köçkündüşmə hallarına beynəlxalq
ictimaiyyətin biganəliyi beynəlxalq sülh
və təhlükəsizlik üçün
əsl təhdiddir. Bunu nəzərə alaraq, biz beynəlxalq birliyi məsələyə
hərtərəfli ədalətli mövqe
nümayiş etdirməyə, yalnız humanitar xarakterli fəaliyyətlə
kifayətlənməyərək, problemi doğuran səbəblərin aradan
qaldırılması üçün zəruri
siyasi addımlar atmağa
səsləyirik. Bu, BMT QAK daxil olmaqla, məsələ
ilə məşğul olan beynəlxalq təşkilatların
humanitar yükünü
də azaltmış olar.
Azərbaycan
hökuməti BMT QAK və digər
beynəlxalq təşkilatlarla birgə məcburi
köçkünlərin öz torpaqlarına
qayıtması üçün "Böyük qayıdış" proqramı
hazırlayır və məcburi köçkünlərin öz evlərinə könüllü
şəkildə, təhlükəsiz şəraitdə və
ləyaqətlə qayıtması
üçün əlindən gələni
etməyə hazırdır.
Baş nazirin müavini demişdir: Azərbaycan
BMT QAK-ın mandatına və fəaliyyətinə möhkəm
inanır və biz mövcud
qanunvericiliyimizin ən yüksək beynəlxalq
standartlara cavab verəcək
şəkildə ahəngdarlığı üçün
qətiyyətlə çalışırıq. Bu baxımdan,
hazırda yeni miqrasiya
məcəlləsi üzərində iş yekunlaşmaqdadır. Keçən
ilin dekabrında Nazirlər Konfransı
zamanı edilmiş vədlərə tam sadiqik və bu məsələlərdə beynəlxalq tələblərə
riayət olunması üçün BMT QAK-la yaxından əməkdaşlığımız
davam etməkdədir.
Sonda təəssüflə bildirməliyəm ki, BMT QAK-ın araşdırmalarına əsasən
son illərdə dünyada
baş verən münaqişələr və
təbii fəlakətlər nəticəsində
qaçqın və xüsusilə də, məcburi köçkün problemi daha da böyümüşdür. Dünyada məcburi köçkün probleminin geniş
miqyasını nəzərə alaraq, mən
bir daha beynəlxalq
birliyə, o cümlədən BMT QAK-a müraciət edərək, məcburi
köçkünlərin hüquqlarının müdafiəsi
sahəsində beynəlxalq hüquqda mövcud olan boşluğun tezliklə aradan
qaldırılmasına, müvafiq beynəlxalq
konvensiya layihəsinin
hazırlanmasına
çağırıram. Bu, həm
də məcburi köçkünlərin problemlərinin həllində bütün tərəflərin
öz öhdəliklərini yerinə
yetirməsi baxımından çox mühüm bir addım
olardı.
Sessiya öz işini davam etdirir.
Elgün NİFTƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Cenevrə
Azərbaycan.-2012.-
2 oktyabr.- S. 3.