Əli HƏSƏNOV: «Azərbaycan hakimiyyəti bu hadisədən qətiyyən sarsılmayıb»

 

 "Videogörüntü araşdırılandan sonra qanunun tələblərinə uyğun müvafiq addımlar atılacaq"

 

 Azərbaycan Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun APA-ya müsahibəsi

 

- Gülər Əhmədova və Elşad Abdullayev arasında görüşün videosu və onun cəmiyyətdə yaratdığı rezonansa münasibətinizi bilmək istərdik.

- Əlbəttə, bunun rezonans doğurmağı təbiidir. Biz belə də gözləyirdik. Nəzərə alınsa ki, tərəflərdən biri keçmişdə universitet təsisçisi, rektoru, digər tərəf isə millət vəkili, hakim partiyanın üzvü olub. Bu, gözlənildiyi kimi rezonans doğurdu, Azərbaycan cəmiyyətində müəyyən müzakirələrə yer açdı. Ancaq təəssüf doğurucu hal odur ki, hansı mahiyyət kəsb etməsindən asılı olmayaraq, Azərbaycanın bəzi müxalifət dairələri, belə halları axtaran insanlar ondan hakimiyyətə, Prezident İlham Əliyevin komandasına qarşı istifadə etməyə çalışırlar. Dəridən-qabıqdan çıxaraq bunu etmək istəyirlər, bütün imkanlarını, intellektlərini, ətraflarını, ixtiyarlarında olan KİV-ləri, beynəlxalq və daxili əlaqələrini işə salaraq bundan hakimiyyətə qarşı istifadə etməyə cəhd edirlər. Bu, antidövlət, antimillət mahiyyəti kəsb etsə də, bundan hakimiyyətə qarşı istifadə etmək istəyirlər. İki-üç gündür, biz bunu mətbuatdan müşahidə edirik. Hakimiyyət üçün bu məsələ prinsipcə adi, gündəlik hadisələrdən biridir. Çünki bütün dövrlərdə, bütün hakimiyyətlərdə Elşad Abdullayev kimi müxtəlif əyri yollarla sərvət toplamaq istəyən və bəzən buna nəsib olan insanlar olub. Belə əyri yollarla topladıqları sərvəti kimlərinsə vasitəsi ilə özünə mənsəb qazanmaq, hansısa hakimiyyət strukturunda təmsil olunmaq istəyiblər. Bunların puluna sahib çıxıb, ona şərik olmaq, o puldan müəyyən qədər ələ keçirmək istəyən insanlar da olub. Bu insanlar da zaman-zaman ifşa edilib, cəzalarını alıblar. Azərbaycan cəmiyyətində keçmişdə də belə hallar olub, bu günvar, gələcəkdə də olacaq. Kim hesab edirsə ki, Azərbaycanda 9 milyon yarım əhalinin bütün hərəkətinə İlham Əliyevin komandası cavabdehdir, bu səhvdir. Hakimiyyət bu hadisədən qətiyyən sarsılmayıb. Keçmişdə də biz Elşad Abdullayev kimi insanların mənsəb qazanmasına imkan verməmişik, bu günvermirik, gələcəkdə də verməyəcəyik. Amma belə cəhdlərin qarşısını da almaq indiyədək heç bir hakimiyyətə nəsib olmayıb. Əsas məsələ odur ki, hakimiyyət buna qarşı ciddi mübarizə aparır. Belə bir əzm bizdə var. Cəmiyyətdə bu məsələyə olan münasibəti də, cəmiyyətin ayrı-ayrı institutlarında doğurduğu rezonansı da biz yaxşı anlayırıq.

- Bu hadisədən sonra müxalifət düşərgəsindən parlamentin qeyri-legitim olduğu və buraxılmasına, yenidən seçkilərin keçirilməsinə dair bəyanatlar səsləndirilir...

- Azərbaycan cəmiyyətində parlamentin qeyri-legitimliyini sübut edən heç bir fakt yoxdur. O cümlədən nə müxalifətdə, nə də bu işi tədqiq edən daxilixarici ekspertlərdə... Elə Elşad Abdullayevin videosunun özüonu göstərir ki, onun kimi qeyri-qanuni yollarla parlamentə can atan insanlar öz məqsədlərinə nail olmayıblar. Onlar kiminlə danışıq aparıblar, bunun bugünkü parlamentə heç bir dəxli yoxdur. Onlarla Gülər Əhmədova kimi, ondan da yüksək ranqlı, hakimiyyətə daha yaxın olan insan tapa, işə qoşa bilərdilər. Amma bu faktın özünün baş tutmaması onun göstəricisidir ki, bu parlamentə Elşad Abdullayev kimi təsadüfi, əyri yollarla can atan adamlar düşməyib, düşə də bilməz.

- Elşad Abdullayev Azərbaycanın hüquq-mühafizə orqanlarını adam oğurluğu ilə bağlı etdiyi müraciətlərə baxmamaqda ittiham edir. Bu məsələyə münasibətinizi öyrənmək istərdik.

- Elşad Abdullayevin hüquq-mühafizə orqanlarını ittiham etməyə heç bir əsası yoxdur. Onun necə insan olduğunu, cəmiyyətdə hansı imic qazandığını hamı yaxşı bilir. Əlbəttə, deyə bilərlər ki, necə oldu, belə bir insan Azərbaycanda universitet açdı, tələbələr yığdı, ən həssas bir sahədə müəssisə sahibi oldu. Təəssüflər olsun ki, belələri ayrı-ayrı zamanlarda müəyyən əməllərini həyata keçirə bilirlər. Amma hakimiyyət onun xarakterini, məqsədini bilən kimi universitetini bağladı. Bu gün müxalifət gecə-gündüz bağırır ki, Elşad Abdullayev hakimiyyəti ifşa elədi. Bəs Elşad Abdullayevin özünü kim ifşa elədi? Məgər o müxalifətçilərin özlərinin uşaqları, yaxınları həmin universitetdə təhsil almırdı? Orada dərs demirdi? Elşad Abdullayevdən bəhrələnməyə çalışmırdılarmı? Hakimiyyət onun Azərbaycan təhsilinə daxil olmaqla güddüyü məqsədi bilən kimi dərhal o universiteti bağladı. Elşad Abdullayev əlində çamadanlarla, əyri yollarla əldə elədiyi pullarla qapı-qapı gəzməyə başladı ki, universitetin fəaliyyətini bərpa eləsin. Buna nail ola bilmədi. Bunu Elşad Abdullayevin özü sübut elədi. İndi o, hakimiyyəti təhdid edir ki, onda başqa video var, açıqlayacaq. Azərbaycan hakimiyyəti Elşad Abdullayevin açıqlayacağı heç bir videodan qorxmur. Hakimiyyət Elşad Abdullayevin əməllərinə heç vaxt şərik olmayıb, gələcəkdə də olmayacaq. Onun hansısa yollarla qazandığı pullara şərik olmaq istəyən, qeyri-qanuni yolla ona vasitəçilik etmək istəyən insanlarla bağlı faktı varsa, buyursun, açıqlasın. O adamlar mütləq şəkildə cəzalandırılacaqlar. Azərbaycan hakimiyyətində belə insanlar təmsil olunsalar da, onlar zamanında müəyyən edilib və cəzalarını alıblar. Keçmişdə də biz belə insanları cəzalandırmışıq, bu günPrezidentimizin iradəsi ondan ibarətdir ki, bu cür insanlar cəzalarını almalıdırlar. Gələcəkdə də belə olacaq. Biz belə hallarla barışmaq niyyətimiz yoxdur.

- Gülər Əhmədovanın bundan sonrakı siyasi taleyi necə olacaq?

- Hər halda video prokurorluq tərəfindən araşdırılır. Videonun gerçəkliyinə də cəmiyyətdə heç kimdə şübhə yoxdur. Yəni belə bir çəkiliş olub. Bu çəkilişin nə dərəcədə montaj olub-olmadığı araşdırılandan sonra Azərbaycan qanunlarının tələblərinə uyğun müvafiq addımlar atılacaq. Heç kimə güzəşt yoxdur. Biziqtidar partiyasının üzvünə, nə də hansısa şəxslə yaxınlığına, qohumluğuna, hansısa şəkildə bağlılığına görə kiməsə münasibət bildirmirik. Azərbaycan hakimiyyətinin təməlini ümummilli liderimiz qanunlara söykənərək qoyub. Azərbaycanda qanunçuluq hər bir insan üçün onun davranış normalarının əsasında dayanır. Qanunu pozan hər bir insan cəzasını almalı, qanunu pozmayana isə cəza verilməməlidir. O anlamda düşünürəm ki, bu yoxlamanın axırını gözləməliyik. O ki qaldı Gülər Əhmədovanın YAP-da gələcək təmsilçiliyinə, partiya ilə münasibətlərinə, bu haqda partiyanın müvafiq orqanları açıqlamalar verib. Mən onu da demək istəyirəm ki, müxalifət belə hallardan hakimiyyətə qarşı istifadə etmək fikrinə düşməsin. Düşsələr də, bunun heç bir əsası yoxdur. Azərbaycan hakimiyyəti bütün dövrlərdə şəffaf idarəçilik həyata keçirib. Bu gün hansısa insanın əməllərinə görə hakimiyyəti ittiham etmək, günahlandırmaq məntiqsizdir. Heç bir cəmiyyət, o cümlədən Azərbaycan cəmiyyəti hansısa yollarla pul toplamaq, pul toplamağa nail olub, onu müxtəlif yollarla hakimiyyətə istiqamətləndirib nə isə qazanmaq istəyən insanlardan sığortalanmayıb. Amma belələrinin əməllərinin qarşısının alınması o deməkdir ki, hakimiyyət belələri ilə eyni mövqeni bölüşmür, onlar cəzalarını alacaqlar.

 

 

Azərbaycan.-2012.- 2 oktyabr.- S. 4.