Bakı yenidən qurulur

 

 Bakı gündən-günə, aydan-aya böyüyür, müasirləşir, gözəlləşir, dünyanın sevilib-seçilən şəhərinə çevrilir, sakinlərin sosial şəraiti yaxşılaşır, yaşam tərzi dəyişir. Azərbaycanın müstəqilliyinin bərpasından sonra, xüsusilə də, son  yeddi-səkkiz ildə ölkəmizdə misli-bərabəri olmayan tikinti-quruculuq və abadlıq işləri görülüb.

Paytaxtda aparılan yenidənqurma işləri şəhəri daha gözəgəlimli edib. Ölkəmizə gələn xarici ölkə vətəndaşları Bakının füsunkar gözəlliyinə, xüsusilə də, xalqımızın xeyirxahlığına və qonaqpərvərliyinə  heyran qalırlar. Bu ilin əvvəllərində Azərbaycanda səfərdə olmuş "Euronyus" telekanalının baş icraçı direktoru Filip Kaylan şəhərlə tanışlıq zamanı bildirmişdir ki, Bakıda tarix qorunmaqla yanaşı, müasirlik də duyulur. Həmin telekanalın müşahidə şurasının sədri Pyer Luici Malezani də Bakını gəzdikdən sonra demişdir: "Yeni tikilən binalardan zövq aldıq. Burada tarixlə müasirliyin qovuşmasını çox bəyəndik". SSRİ xalq artisti Alla Ruqaçova 2009-cu ilin sentyabr ayında Heydər Əliyev Sarayındakı möhtəşəm konserti zamanı Bakıya növbəti səfərinə görə hədsiz xoşbəxt olduğunu bildirdi, paytaxtımıza gəzintiyə çıxdığını, Bakının yenidən qurulduğunu, şəhərin daha da gözəlləşdiyini söylədi. Saysız-hesabsız şəhərlər görən dünya şöhrətli müğənni konsert zamanı üzünü sarayda əyləşən tamaşaçılara tutaraq Azərbaycan xalqına xitabən böyuk həsəd hissilə: "Siz xoşbəxtsiniz ki, Bakınız belə inkişaf edir, gözəlləşir. Bakıda müsbət mənada baş verən dəyişikliklər məni ürəkdən sevindirir" - demişdi.

Bu da təsadüfi deyil. Təkcə son səkkiz ildə ölkə iqtisadiyyatı 3 dəfə, büdcə xərcləri 12  dəfə artıb, güclü  iqtisadiyyata söykənən dövlət proqramları uğurla icra olunur, Bakı və onun ətrafındakı kənd və qəsəbələrin sosial-iqtisadi inkişafına dair dövlət proqramının həyata keçirilməsi də ölkə paytaxtıni dünyanın ən gözəl şəhərlərindən birinə çevirib.

Sovet dönəmində Bakı şəhərində infrastruktur layihələrinin həyata keçirilməsi daha az əhaliyə hesablanmışdı. Ancaq bu gün paytaxtda həyata keçirilən tikinti-quruculuq  işləri, dünya standartları səviyyəsində çəkilən  yollar, tikilən körpülər, yeraltı və yerüstü piyada keçidləri, milli arxitektura üslubunda qurulan yerli memarlıq abidələri, Bakının keçmişini özündə yaşadan binalara verilən yeni görkəm göz oxşayır. Kommunal və nəqliyyat sahələrindəki yenidənqurma layihələri plana uyğun aparılır. Onlardan ən başlıcası yol-nəqliyyat kompleksinin yenidən qurulmasıdır ki, bu  iş də fasiləsiz davam etdirilir. Bakı şəhərində Nəqliyyatın intellektual idarə edilməsi sistemi başa çatdırılıb. Hazırda mərkəzdə proqram təminatının yüklənməsi üzrə işlər aparılır. Sistemin yeni il ərəfəsində istifadəyə verilməsi nəzərdə tutulub. İcra edilən infrastruktur layihələrinə böyük önəm verən Prezident İlham Əliyev  bu məsələlərlə bağlı deyib: "İntellektual idarəetmə mərkəzi yaradılır. Mən tikinti zamanı o mərkəzlə tanış olmuşam, bəlkə də dünya miqyasında birincidir. Çünki mən başqa ölkələrdə olmuşam. Ən qabaqcıl texnologiyalar orada tətbiq  olunur. Bəlkə şəhər əhalisi hələ tam bilmir ki, bu mərkəzin  xidməti və fəaliyyəti nədən ibarət olacaqdır?! Ancaq mərkəz işə düşəndən sonra əminəm ki, hər bir vətəndaş, hər bir Bakı sakini görəcək ki, bu mərkəzin fəaliyyəti nə qədər hamımıza rahatlıq və komfort gətirəcəkdir".

Son illər şəhərin əsas giriş qapısı olan Heydər Əliyev  Beynəlxalq Hava Limanından şəhərə doğru uzanan magistral yol genişləndirilərək dünya standartlarına uyğunlaşdırılıb. Mərdəkan-Bilgəh-Novxanı magistralına çıxış yolu səkkiz cərgəli hərəkət üçün layihələndirilib. Heydər Əliyev Beynəlxalq Aeroportu-Bilgəh avtomobil yolu üzərində  aeroport və Binə yol qovşaqlarının bu yolun 1,6 kilometrində yeraltı və dördüncü kilometrində yerüstü piyada keçidlərinin, üç səviyyəli Mərdəkan qovşağının, yolun 11 və 12-ci kilometrində isə piyada  keçidlərinin tikintisi başa çatdırılaraq istismara verilib. Buzovna-Mərdəkan-Qala, Bakı-Ələt yolunun Bayıl qəsəbəsindən Bayraq Meydanına gedən  sahəsi, Zığ qəsəbəsi-aeroport avtomobil yolundan Qala stansiyasına və dəniz sahilinə gedən avtomobil yollarının tikintisi, habelə Bilgəh, Nardaran, Kürdəxani və Pirşağı kəndlərindən keçən yol başdan-başa yenilənir. Yolda tunel tipli yol keçidi də inşa edilib. Bu yol istifadəyə veriləndən sonra nəqliyyat vasitələri Bakı-Şamaxı və Bakı-Rusiya magistrallarına rahat çıxa biləcəklər. Bakının küçə və prospektlərində  yol ötürücüləri  Avropa standartlarına uyğun layihələndirilir. Avropa ölkələrində də tıxacların aradan qaldırılması, avtomobillərin müxtəlif istiqamətlərə eyni yerdən getməsi məqsədilə yol ötürücülərindən istifadə olunur. Yol ötürücüsü vasitəsilə avtomobil sürücüləri eyni istiqamətdə hərəkət edərək tam sıxlığın yarana biləcəyi nöqtədə ötürücünün vasitəsilə başqa yola keçə bilirlər.

Dediyimiz odur ki, analoji şərait Bakıda da yaradılır. İndi paytaxtda 15 belə yol ötürücüsü var. Tbilisi prospekti ilə 20 Yanvar küçəsinin, Tbilisi prospekti ilə H. Zərdabi küçəsinin kəsişməsində, Z.Bünyadov prospekti ilə Atatürk prospektinin kəsişməsində yerləşən yol ötürücülərini buna misal göstərmək olar. Hazırda Bakı şəhərində daha 7 yol ötürücüsünün tikintisi davam etdirilir. Onların 2012-ci ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub. Bu yol ötürücülərindən dördü Z.Bünyadov prospektinin Heydər Əliyev prospekti və Əhməd Rəcəbli, Müzəffər Nərimanov, Böyük Şor küçələrinin kəsişmələrində yerləşir.

Son bir neçə ildə piyadaların təhlükəsiz hərəkətini və rahatlığını təmin etmək məqsədilə Bakı şəhərində 38 piyada keçidi istifadəyə verilib. Paytaxt yollarında 400-dək əlavə dayanacaq da quraşdırılıb. Keçidlərin bəzilərində quraşdırılan eskalatorlar sakinlərin rahatlığına və təhlükəsiz hərəkətinə hesablanıb. Hazırda daha 10 ərazidə yeraltı və yerüstü keçid tikilir. Tədbirlər planına əsasən yaxin gələcəkdə Bakıda daha 17 yol qovşağının, 75 piyada keçidinin tikintisi nəzərdə tututlub, yeni avtomobil yollarının, avtomobillər üçün müasir tələblərə cavab verən parkların tikintisi və yararsız yol qovşaqlarının təmiri davam etdirilir, sovet dönəmindən qalma keçidlər əsaslı şəkildə yenidən qurulur.

Həyata keçirilən infrastruktur layihələrindən biri də Dənizkənarı Milli Parkda aparılan yenidənqurma işləridir. 100-dən artıq yaşı olan bu qədim istirahət məkanı son illər taninmaz dərəcədə dəyişib. "Dövlətimiz çox möhkəm milli-mənəvi dəyərlər üzərində qurulubdur. İstiqamət ancaq gələcəyə - müasirliyə, inkişafa, tərəqqiyə yönəlibdir" - söyləyən ölkə rəhbərinin tələbi budur ki, Bakı bütün sahələr üzrə gözəl şəhər statusuna layiq olsun. Aparılan yenidənqurma işləri nəticəsində hazirda sahəsi  47, uzunluğu 4 kilometr, eni 250 metrə çatdırılan Bakı bulvarı Bibi-Heybətdən Soltan burnuna (Zığa) qədər 15 kilometrədək genişləndiriləcəkdir. Yeniləşən bulvarda istirahətin müxtəlif növləri üçün şərait yaradılıb. Burada Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Muğam Teatrı istifadəyə verilib. Sahil boyu işıqlandırma sistemi və yeni fəvvarələr bulvarın hüsnünə yeni rəng qatıb. Yeraltı nəqliyyat dayanacaqları və piyada keçidləri bulvara gələnlərin rahatlığını təmin edir. "Azneft" meydanı və Hökumət evinin qarşısında açılmış "7 gözəl" musiqili, odla suyun vəhdətini yaradan fəvvarə kompleksi şəhər sakinlərinin və qonaqların sevimli gəzinti yerlərinə çevrilib.

Bakının simvolu - Dənizkənarı bulvarda yenidənqurma işləri davam etdirilir. Bakı buxtasında yerləşən bir sıra müəssisə və obyektlər, o cümlədən Xəzər Dəniz Gəmiçiliyinin gəmi təmiri zavodu və digər obyektlər Ələt istiqamətinə köçürülür. Odur ki, Azərbaycan Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamına əsasən bulvarın genişləndirilməsi ilə bağlı işlərin görülməsini təmin etmək üçün Dənizkənarı Bulvar İdarəsinə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 4 milyon manat vəsait ayrılmışdır. Tarixilik baxımından yaranışı ötən ilə təsadüf edən, adı dünyanın Ginnesin "Rekordlar" kitabına düşən Bakı bulvarı ərazisindəki Dövlət Bayrağı Meydanı artıq müstəqill Azərbaycanın qürur və iftixar ünvanıdır.

Dövlət Bayrağı Meydanı yaxınlığında, Bayıl qəsəbəsində də yenidənqurma və abadlıq işləri davam edir. Plansız tikililər, nəqliyyat sisteminə, eləcə də mürəkkəb ərazi və relyefə malik 20-ci sahə müasir şəhərsalmanın  tələbləri baxımından yenidən qurulur. Bayıl istiqamətindən şəhərə girişi asanlaşdırmaq və yollarda avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Bakının girişindəki təpənin altından tunel salınır, Bakı-Salyan şosesi ilə 20-ci sahəni birləşdirən təxminən 8 kilometr uzunlugunda yol çəkilir. Uzunluğu 1200 metr olacaq ikinci tunel isə 20-ci sahənin şimalından təpələrin altı ilə Nəbatat bağınadək uzanacaqdır. 

20-ci sahə, Qaraşəhər, "Xutor", "Beşmərtəbə" adlanan ərazilərdə də yenidənqurma işləri sürətlə gedir. Qaraşəhərin ərazisində həm yaşayış, həm də inzibati mərkəz formalaşdırılır. Hazırda 220 hektar ərazidə "Ağ şəhər" layihəsi reallaşdırılır. Burada - Heydər Əliyev prospektinin şimal hissəsində öz möhtəşəmliyi ilə diqqət çəkən bir ünvan da var. Bu milli dövlətçiliyimizin ideya mərkəzi olan Heydər Əliyev Muzeyidir. Memarlıq abidəsi kimi ucaldılan bu mərkəzin tikintisinə 2007-ci ilin əvvəllərində başlanıb. Ümumi ərazisi 15 hektardan artıq olan mərkəz müasir texnologiyalarla təchiz edilmiş salonları birləşdirən çoxfunksiyalı və çoxşaxəli struktura malikdir. Mərkəzdə tikinti-quraşdırma işləri başa çatmaq üzrədir, paralel olaraq tamamlama işləri də aparılır. Paytaxtın yeni simvoluna çevriləcək mərkəzin ətrafında geniş abadlıq və yaşıllaşdırma işləri görülür. Ətraf ərazidə yerləşən binaların fasadları milli memarlıq üslubunda üzlük daşlarla işlənir və müasir işıqlandırma sistemi quraşdırılır. Yaxın vaxtlarda bakılılar burada ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayacaq beynəlxalq səviyyəli tədbirlərin, konfransların, sərgilərin və görüşlərin keçiriləcəyinin iştirakçısı və şahidi olacaqlar.

Azərbaycan Prezidentinin sərəncamı ilə bu ilin yay ayında Bakının şərəfli tarixini özündə yaşadacaq İstiqlal Muzeyinin tikintisinə başlanılıb. Bakıda yaxın vaxtlarda ictimaiyyət nümayəndələrinin üz tutacaqları təzə ünvanlardan biri də - Abşeron rayonunun ərazisində yaradılacaq Zooloji park olacaq. Belə parkın yaradılması zooloji müxtəlifliyə malik Bakıda təbii aləmin tarixiliyinin bərpası və ətraf mühitin mühafizəsində müstəsna əhəmiyyətə malikdir.

Heydər Əlyev Beynəlxalq Aeroportundakı yeni aerovağzal kompleksi də nəinki Bakı sakinlərinin, ümumiyyətlə, Azərbaycan vətəndaşlarının qürur duyduqları ünvanlardandır. Yeni aerovağzal kompleksi layihəsinin həyata keçirilməsi sərnişin və yük daşımaları ilə bağlı xidmətin səviyyəsini daha da yüksəldəcək, təyyarə uçuşlarının təhlükəsizliyini dünya standartları səviyyəsinə qaldıracaqdır.

Ümumiyyətlə, son illər Bakıda çox sayda parklar, yaşıllıq zolaqları, bağlar, istirahət guşələri günün tələbləri baxımından yenidən qurularaq müasirləşdirilib, bir-birindən yaraşıqlı fəvvarələr tikilib, küçə və prospektlərdə, park, bağ və meydanlarda, digər ictimai yerlərdə işıqlandırma sistemi beynəlxalq standartlara uyğunlaşdırılıb.

"İçərişəhər" və "Sahil" metro stansiyalarının yenidən qurulması bu ərazilərlə Bakı bulvarı arasında harmoniya yaradıb. Bakı metrosundan söz düşmüşkən,  "Gənclik" meydanında yeraltı yol ötürücülərinin və yeraltı avtomobil dayanacağının inşa edilməsi, "Gənclik" metro stansiyasının ətrafında yerləşən binaların fasadlarının milli memarlıq üslubunda yenidən qurulması, "Nəsimi", "Azadlıq prospekti", "Dərnəgül" metro stansiyalarının istifadəyə verilməsi, həmin ərazilərdə aparılan yenidənqurma işləri göz oxşayır. Şəhərdəki bütün teatrlar, tamaşa salonları, muzeylər əsaslı təmir olunub. Tikintisinə başlanılmış  Xalça muzeyi, Azərbaycan MEA-nın Mərkəzi Elmi Kitabxanası çox çəkməz ki, paytaxtın Şərq və Qərbin arxitektura elementlərini özündə ehtiva edən ən baxımlı binalarından birinə çevrilər. Gələn il Azərbaycanda keçiriləcək "Eurovision" beynəlxalq mahnı festivalı üçün inşasına başlanılmış nəhəng konsert salonu da şəhərimizi gözəlləşdirəcək.

Baş plana uyğun olaraq Bakı şimaldan Sumqayıt tərəfə, cənubdan isə Ələt qəsəbəsi istiqamətində genişləndirilir. Ötən ilin sonlarında Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verildi. İndi paytaxt əhalisinin təxminən 75 faizi bu kəmərin suyundan istifadə edir. Dünya Səhiyyə Təşkilatının rəyinə görə bu su   hətta Yer üzünün bir çox iri şəhərlərində  əhaliyə verilən sudan daha keyfiyyətlidir. "2010-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində  ötən il paytaxtda salınmış yeni yaşayış massivlərinə, Zabrat, Maştağa, Bilgəh, Ramana, Pirşağı, Kürdəxanı, Hövsan, Saray, Mehdiabad və Digah qəsəbələrinə, Novxanı, Fatmayı, Goradil, Məhəmmədli, Hövsan, Zığ kəndlərinə su xətləri çəkilib, köhnə,  istismara yararsız borular yenisi ilə əvəzlənib.

Bakıya yeniliklər və gözəlliklər bəxş edən yeni infrastruktur layihələri sırasına bu günlərdə "Bakı Ağ şəhər" layihəsi də qatılmışdır. Dekabrın 24-də ölkə başçısının iştirakı ilə paytaxtda Xətai rayonunun ərazisində yeni layihənin təməlqoyma mərasimi keçirilmişdir. Azərbaycan Prezidentinin xüsusi sərəncamı ilə reallaşacaq "Ağ şəhər" layihəsi Bakı buxtasının mərkəzində 221 hektar sahəni əhatə edəcəkdir. Şəhərin burada yaradılması rəmzi məna daşıyır. Əsrlərdən bəri "Qara şəhər" kimi tanıdığımız ərazidə "Ağ şəhər" üçün çoxdandır ki, hazırlıq işləri gedirdi. Şəhər içində şəhər hesab olunacaq "Ağ şəhər" memarlıq baxımından çox gözəl və fərqlidir. Bu layihə mötəbər beynəlxalq tədbirlərdə, konfranslarda nümayiş etdirilib və ən yüksək mükafatlara layiq görülüb. Dünya miqyasında ən gözəl memarlıq layihələrindən biri kimi dəyərləndirilib. Layihənin hazırlanmasında yerli memarlar və mütəxəssislərlə yanaşı, dünyanın ən öndə olan memarlıq, dizayn və inşaat şirkətləri də yaxından iştirak ediblər. Yeni inkişaf layihəsinə uyğun olaraq Bakı buxtasında ən müasir və böyük yaşayış mərkəzi yaradılacaqdır. Burada həmçinin inzibati binalar, müxtəlif ticarət mərkəzi tikiləcək, istirahət parkları və yeni yaşayış massivini dənizlə birləşdirəcək bulvar salınacaqdır. "Bakı Ağ şəhər"də sosial infrastruktur ən müasir tələblər səviyyəsində qurulacaqdır...

İndi başdan-başa əlvan işıqlarla bəzədilmiş Bakını Dağüstü parkdan seyr edəndə Qala divarları ilə əhatə olunmuş İçərişəhərin qədim tikililərinə tamaşa etdikcə gözlərimiz önündə son illərin uğurlu inkişafının fərqli mənzərəsi canlanır, ürəyin iftixar hissi ilə döyünür, bu şəhərin sakini olduğundan qürur duyursan. Qürur duyursan ki, Bakıya gələn əcnəbi qonaqların və turistlərin, bu şəhərə valeh olan insanların sayı ildən-ilə çoxalır.   

Azərbaycan Prezidenti İlham Əliyevin 16 dekabr 2011-ci il tarixli sərəncamı ilə Bakı şəhərində aparılan yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi üçün Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat vəsait ayrılmışdır. Bu isə o deməkdir ki, Bakının dünəni bu günündən gözəl olduğu kimi, sabahı bu gündən də yaraşıqlı olacaq.

 

 

Rəhman SALMANLI

 

Azərbaycan.-2012.-6 yanvar.-S.1-4.