Azərbaycan torpağında ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt imkan verilməyəcək

 

 Bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bildirmişdir

 

 Böyük öndərin dövlətçilik konsepsiyası Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf modeli oldu. İcimai-siyasi sabitlik amili indi də bu modelin əsas dayaqlarından, istinad nöqtələrindən biri kimi çıxış edir. Şübhəsiz, sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçid formulunu reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya, insan hüquqları kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyildir. Məhz bu sabitliyin, iqtisadi tərəqqinin nəticəsidir ki, hazırda demokratik normalar qanunların və milli dəyərlərin tənzimlədiyi sərhədlərdən kənara çıxmır və dialektik inkişafa uyğun olaraq getdikcə ictimai şüur tərəfindən tam şəkildə mənimsənilir.

Ümumiyyətlə, Heydər Əliyevin böyük müdrikliklə irəli sürdüyü inkişaf modeli spesifikliyi ilə fərqlənməklə demokratik dəyərləri özündə maksimum ehtiva edən milli inkişaf prioritetlərini müəyyənləşdirdi. Məhz bunun nəticəsidir ki, Azərbaycan çox qısa müddətdə bir sıra Qərb dövlətlərinin onilliklər ərzində əldə etdiyi iqtisadi tərəqqiyə nail oldu, demokratikləşmə, vətəndaş cəmiyyəti quruculuğu, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi uğurlar əldə etdi.

Prezident İlham Əliyevin ötən 8 il müddətində həyata keçirdiyi siyasət Azərbaycanda möhkəm təməllərə söykənən və dinamik sosial-iqtisadi tərəqqini təmin edən siyasi sabitliyin, vətəndaş sülhünün, həmrəyliyin qorunub saxlanılmasına yönəlib. Dövlət müstəqilliyinin ilk illərində yaşadığımız böyük problemlər indi yaddaşımızın acı xatirəsinə çevrilib. İqtisadi sahədə keçid dövrünün ağır sosial-iqtisadi, mənəvi-psixoloji çətinliklərini mətinliklə geridə qoyan respublikamız bütün sahələrdə sürətlə inkişaf edir, abadlaşır, müasirləşir. Ölkədə həyata keçirilən sosial infrastruktur layihələri də Azərbaycan insanının firəvan həyat tərzinin təmini məqsədinə xidmət edir. Ölkənin iqtisadi uğurlarını hər bir vətəndaş öz gündəlik həyatında, məişətində hiss edir. Bu gün ikinci elə bir dövlət tapmaq çətindir ki, son 8 ildə dövlət büdcəsi 12 dəfə, hərbi xərcləri 20 dəfə, valyuta ehtiyatları 25 dəfə artsın.

Azərbaycan təkcə sosial-iqtisadi sahədə deyil, siyasi müstəvidə də çox problemləri geridə qoyur. Bir vaxtlar dünya xəritəsində tanınmayan, bədnam erməni lobbisinin təsiri ilə müxtəlif təzyiqlərə, təhdidlərə, ədalətsizliklərə məruz qalan, informasiya blokadası şəraitində haqlı mövqeyini dünyaya çatdıra bilməyən Azərbaycan bu gün tamam fərqli statusda çıxış edir. Azərbaycan bu gün bütün regional məsələlərdə əsas söz sahibi kimi çıxış edir. Dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlər Azərbaycanla hesablaşır, onun mövqeyini nəzərə alırlar.

Azərbaycanın yaxın-uzaq ölkələrlə münasibətləri qarşılıqlı maraqlar, sivil birgəyaşayış prinsipləri əsasında inkişaf edir. Bəzən Azərbaycanın bölgədə artan rolunu düzgün olmayaraq respublikanın karbohidrogen ehtiyatları ilə əlaqələndirilməsi cəhdlərinə də rast gəlinir. Bu reallıq sanki unudulur ki, Qərb dövlətləri iqtisadi dirçəliş və demokratiya yolunda olmayan heç bir ölkə ilə davamlı, uzunmüddətli, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmayıb. Neftlə, qazla zəngin bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan daha çox demokratikləşmə yolunda qazandığı uğurlarla Avratlantik məkana inteqrasiya edir. Demokratik ideallara, liberal dəyərlərə, insan və vətəndaş hüquq və azadlıqlarına sadiqliyi ilə tanınmaq əzmini sübuta yetirir. Bərabərhüquqlu tərəfdaşlıq və tarazlı xarici siyasət prinsiplərinə sadiq olan rəsmi Bakı hansısa dövlətin Azərbaycanın daxili işlərinə qarışmasına da qətiyyətlə yol vermir.

Azərbaycan həm də regionların sosial-iqtisadi inkişafına xidmət edən mühüm dövlət proqramlarını uğurla icra edir. Həyata keçirilən sosial infrastruktur layihələri nəticəsində respublikanın bölgələrinin siması dəyişib. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bildirmişdir: "Bölgələrin inkişafı uğurla aparılır. Bu il ölkədə 100 minə qədər yeni iş yeri açılmışdır. Bütövlükdə son səkkiz il ərzində bir milyondan artıq yeni iş yeri açılmışdır ki, onların mütləq əksəriyyəti daimi iş yeridir. Əhalinin pul gəlirləri təxminən 20 faiz artmışdır. İnflyasiyanın səviyyəsi təxminən 8 faiz civarındadır. Yoxsulluğun səviyyəsi aşağı düşür. 2011-ci ilin yekunlarına görə, yoxsulluq 8 faizdən aşağı olacaqdır. İşsizlik aşağı düşür. Azərbaycanda işsizlik 5,5 faizdir. Bütün bu göstəricilər onu deməyə əsas verir ki, ölkəmiz çox dinamik və uğurla inkişaf edir. Dünyada və Avropada iqtisadi sahədəki mənfi proseslərə baxmayaraq, Azərbaycan inamla qabağa gedir".

Bu gün Azərbaycan regionda hansısa ölkədən enerji asılılığı olmayan yeganə respublikadır. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri dünya miqyaslı layihələr olmaqla Azərbaycanın enerji təhlükəsizliyinə geniş imkanlar açır. Bu layihələr, eyni zamanda, respublikamızın qüdrətini artırır, regionda müstəqil siyasət aparmasını təmin edir.

Demokratik dəyərlərə, sosial-iqtisadi liberalizm xəttinə sadiq qalan rəsmi Bakı əlverişli coğrafi-siyasi yerləşməsindən, tranzit-kommunikasiya imkanlarından, fövqəlgüc dövlətlərin strateji maraq dairəsində olmasından maksimum səmərəli bəhrələnməklə hər bir konkret zaman, məkan və şərait çərçivəsində xarici siyasət hədəflərini müəyyənləşdirir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli həlli, coğrafi baxımdan yaxın-uzaq dövlətlərlə, aparıcı beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi, respublikamızda həyata keçirilən mütərəqqi ruhlu islahatlar barədə dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması, sivil, ədalətli oyun qaydaları əsasında enerji resurslarının ixracı və diversifikasiyası prosesinin gerçəkləşdirilməsi dövlət başçısı İlham Əliyevin xarici siyasətində diqqəti xüsusi çəkən prioritetlər olmuşdur. Məhz bu diplomatik reallıqlar fonunda respublikamızın Avropa üçün geosiyasi və iqtisadi əhəmiyyəti daha da yüksəlmiş, avrostrukturlara inteqrasiya prosesi sürətlənmişdir.

Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli xüsusilə mühüm yer tutur. Aparılan uğurlu diplomatiya nəticəsində artıq beynəlxalq təşkilatlar haqqın və ədalətin Azərbaycanın tərəfində olduğunu etiraf edir, Ermənistanı təcavüzkar dövlət kimi tanıyırlar. Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı ölkəmizin prinsipial mövqeyini bir daha ifadə etmişdir: "Biz diplomatik və siyasi səylərimizi davam etdirəcəyik. Danışıqlarda bizim prinsipial mövqeyimiz vardır. Biz bu mövqedən bir addım geri çəkilməyəcəyik. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Beynəlxalq birlik, Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın ərazi bütövlüyünü tanıyır, dəstəkləyir. Dağlıq Qarabağ beynəlxalq birlik tərəfindən Azərbaycanın ərazisi kimi tanınır. Münaqişə məhz bu prinsiplər üzərində öz həllini tapmalıdır. Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. İşğalçı qüvvələr işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Dağlıq Qarabağa, Şuşaya qayıtmalıdırlar. Ancaq ondan sonra uzunmuddətli sülh təmin edilə bilər. Biz heç vaxt imkan verə bilmərik ki, ikinci dəfə əzəli Azərbaycan torpağında ikinci qondarma erməni dövləti yaradılsın. Bu, bizim prinsipial mövqeyimizdir. Bir daha demək istəyirəm ki, bu mövqe həm tarixə, həm hüquq normalarına, həm də ədalətə əsaslanır".

Azərbaycanın iqtisadi, siyasi qüdrətinin artması nüfuzlu dövlətlər və beynəlxalq təkilatlar tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanla artıq hesablaşır və əməkdaşlığı daha da dərinləşdirmək niyyətlərini açıq ortaya qoyurlar. Azərbaycanın əməkdaşlığa ciddi maraq göstərdiyi nüfuzlu təşkilatlardan biri olan Birləşmiş Millətlər Təşkilatı ilə son illərdə qarşılıqlı maraqlar əsasında əlaqələr inkişaf edir. Bu uğurlu əməkdaşlığın nəticəsidir ki, ötən il Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daim üzv qəbul olundu. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması ölkəmizin adıçəkilən mötəbər təşkilatla əlaqələrinin yüksək səviyyədə olduğunu bir daha təsdiq etmişdir. Bu tarixi hadisə ilə Azərbaycan dünya siyasətini müəyyən edən 15 ölkədən birinə çevrilmiş oldu. Erməni lobbisinin, Ermənistanın Azərbaycana qarşı məkrli və düşmən siyasəti şəraitində 193 BMT üzvündən 155-i Azərbaycanı dəstəkləmişdir. Bu fakt bir daha ölkəmizin beynəlxalq nüfuzunun yüksəldiyini, aparılan xarici siyasətin uzaqgörənliyini təsdiqlədi.

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bildirmişdir: "2011-ci ildə ölkəmiz üçün çox vacib hadisə baş vermişdir. İlk dəfə olaraq Azərbaycan Birlşəmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Bu, böyük tarixi qələbədir. Hesab edirəm ki, 20 illik müstəqillik dövründə ən böyük qələbəmizdir. Çətin mübarizədə biz bütün dünya birliyinin inamını qazana bilmişik. İlk turdan başlayaraq sonuncu tura qədər Azərbaycan bu səsvermədə liderlik edirdi. Nəticə etibarilə dünyanın 155 ölkəsi Azərbaycana öz səsini verdi, Azərbaycana inandı, bizim siyasətimizi dəstəklədi. Azərbaycana çox böyük inam, etimad vardır. Bizim siyasətimiz dəstəklənir. Çünki bizim siyasətimiz ədalətə söykənir. Bizim siyasətimiz müstəqil siyasətdir. Mən son səkkiz il ərzində dəfələrlə bu barədə demişəm ki, Azərbaycanın öz yolu vardır. Bu, inkişaf, tərəqqi, demokratiya yoludur. Bu yol Azərbaycan xalqının iradəsi ilə seçilibdir. Bizim bütün addımlarımız Azərbaycan xalqının iradəsinə əsaslanır".

Bu gün Azərbaycan regionun ən güclü və qüdrətli dövlətinə çevrilmişdir. Bütün bunların nəticəsi olaraq Azərbaycan hazırda daha geniş geosiyasi arealda sülh, tərəqqi və sabitlik, iqtisadi əməkdaşlıq mərkəzi kimi tanınır. Azərbaycanın xarici siyasət kursu milli maraqların prioritetliyi şərti ilə respublikamızın beynəlxalq miqyasda özünü təsdiqləməsinə və təhlükəsizliyini hərtərəfli təmin etməsinə şərait yaradır. Bütün sahələrdə əldə edilən müsbət nəticələr deməyə əsas verir ki, qarşıya çıxan problemlər də ən qısa zamanda həll ediləcəkdir.

 

 

Elnur HACIALIYEV

 

Azərbaycan.-2012.-6 yanvar.-S.1-4.