Azərbaycanın pravoslav
xristian icmasına
Hörmətli həmvətənlər!
İsa peyğəmbərin mübarək
mövludu - müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın
bütün xristian
icmasını ürəkdən təbrik edir,
bu əziz gündə hər birinizə ən
səmimi arzu və diləklərimi yetirirəm.
Bu gün dünyada
nümunəvi tolerantlıq örnəyi, sivilizasiyalararası
və mədəniyyətlərarası dialoq
məkanı kimi tanınan Azərbaycanda
tarixən dinlər və etiqadlar əmin-amanlıq,
qarşılıqlı hörmət və etimad
şəraitində fəaliyyət göstərmiş, fərqli
mədəniyyətlərin təmsilçiləri olan
ayrı-ayrı xalqlar və etnik icmalar ümumi
Vətən sevgisi, azərbaycançılıq
məfkurəsi ətrafında sarsılmaz birlik
və həmrəylik nümayiş
etdirmişlər.
Cəmiyyətimizdə
etnik-mədəni müxtəlifliyin qorunub
saxlanması, multikulturalizmin dəstəklənməsi
və təşviq edilməsi müasir mərhələdə
həyata keçirdiyimiz dövlət
siyasətinin başlıca məqsədlərindən biridir. Məmnuniyyət hissi ilə qeyd etmək
istəyirəm ki, Azərbaycanın zəngin
etno-mədəni palitrasında özünəməxsus yeri və rolu olan xristian icması, o cümlədən pravoslav
etiqadlı həmvətənlərimiz ölkəmizdə gedən
böyük quruculuq
işlərində əsl vətəndaşlıq əzmi
ilə yaxından iştirak edirlər.
Əziz dostlar!
Milad bayramı özündə yeniliyi, əmin-amanlığı, mərhəmət
və şəfqət duyğularının təntənəsini
təcəssüm etdirir. Qoy
bu nurlu bayram ailələrinizə xoşbəxtlik,
süfrələrinizə bərəkət, həyatınıza
firavanlıq gətirsin.
Bayramınız
mübarək olsun!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
5 yanvar 2012-ci il
Azərbaycan.-2012.-6
yanvar.-S.1.