Azərbaycanın BMT TŞ-də yanvar ayı üçün cədvəli müəyyənləşmişdir

 

 BMT Təhlükəsizlik Şurasının (TŞ) üzvü kimi Azərbaycanın yanvar ayında on bir qapalı məsləhətləşmədə, üç formal debatda və beş brifinqdə iştirak edəcəyi gözlənilir. Müzakirələr Yaxın Şərq, xüsusilə də, Suriya və Liviyada cərəyan edən hadisələr, ədalətin və qanunun aliliyi, eləcə də BMT ilə Afrika Birliyi arasında əməkdaşlıq məsələləri ətrafında aparılacaqdır.

Təhlükəsizlik Şurasının bu gündəliyi yanvarın 4-də keçirilən plenar iclasda müəyyənləşdirilmişdir. Azərbaycan həmin iclasda TŞ-nin qeyri-daimi üzvü kimi ilk dəfə iştirak etmişdir. Şurada on beş dövləti təmsil edən nümayəndələrin qapalı müzakirələrindən sonra, yanvar ayında TŞ-yə sədrlik edən Cənubi Afrika Respublikasının (CAR) səfiri Baso Sanqu jurnalistlər qarşısına çıxaraq bildirmişdir ki, münaqişələrin həlli kimi ümumi problemlər üzrə BMT ilə regional təşkilatlar arasında  daha sıx strateji əməkdaşlıq yaradılmalıdır. Onun fikrincə, münaqişə baş verən ölkənin qonşuluğunda yaşayan dövlətlər ədavətdən daha çox əziyyət çəkdiyinə görə, məhz regional təşkilatlar münaqişələrin həllində vacib rol oynamalıdırlar. 2012-ci ilin dünyada sülh və təhlükəsizlik ili olmasını arzulayan CAR səfiri yanvarda aparılacaq müzakirələrin BMT TŞ-nin qarşısında duran məsələləri səmərəli şəkildə həll edəcəyi ilə yanaşı, il boyu qurumdaxili birliyə təkan verəcəyinə də ümidvar olduğunu demişdir.       

 

 

Şəfəq Akifqızı,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

 

Azərbaycan.-2012.-6 yanvar.-S.1.