Ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayıb

 

 Dövlət başçısının verdiyi vəd vaxtından bir il əvvəl yerinə yetirildi

 

 "Bu gün işğal altında olan bütün şəhərlərimizi, bütün infrastrukturu gələcəkdə bərpa edəcək və məcburi köçkün soydaşlarımızın doğma torpaqlarına qayıtması üçün bütün şəraiti yaradacağıq. Bizim bayrağamız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq".

 

 İlham ƏLİYEV

 

 Düz 23 ildir ki, Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və işğalçılıq siyasəti davam edir. Münaqişənin aktiv hərbi fazasında atəşkəs olsa da, əslində, müharibə davam edir. "Nə sülh, nə müharibə" vəziyyətinin isə 17 "yaşına" az qalıb. Neçə illərdən bəri millətimizin min bir əzab-əzəiyyətlə tikib-qurduğu məhv edildi, talandı. Bu torpaqlardaki əcdadlarımızın qoyub getdiyi tarix belə acımadan dağıdıldı. Amma başına gətirilən bütün bəlalara rəğmən Azərbaycan xalqı və rəhbəri qətiyyət nümayiş etdirdi. 2003-cü ildə keçirilən andiçmə mərasimində: "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm. Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcəkdir" deyən Prezident İlham Əliyevin hər bir sahədə verdiyi vəd vaxtından əvvəl yerinə yetirildi. 2009-cu ildə ölkədə bir dənə də olsun çadır düşərgəsi qalmadı.

Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən yeni neft strategiyası öz bəhrəsini verməyə başladığı gündən iqtisadi imkanlar yarandıqca digər sahələrdə olduğu kimi, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı da geniş tədbirlərin həyata keçirilməsinə başlanıldı. Doğma yurdlarından didərgin düşmüş 1 milyonadək soydaşımızın qayğısı ulu öndərin gündəlik fəaliyyətinə çevrilmişdi. Bu diqqət və qayğını Prezident İlham Əliyev daha da gücləndirmiş, Azərbaycanda bir dənə də olsun çadır düşərgəsi qalmaması üçün nə lazımdırsa etmişdir. Bu illər ərzində qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 26 fərman və sərəncam imzalanmış, 1 dövlət proqramı və ona əlavələr təsdiq edilmiş, həmin sənədlərin icrası ilə əlaqədar Nazirlər Kabineti 87 qərar və sərəncam vermiş, Milli Məclisdə müvafiq qanun qəbul olunmuşdur. Ölkə başçısının iştirakı ilə qaçqın və məcburi köçkün probleminə həsr olunan beynəlxalq konfrans və iki geniş müşavirə keçirilmişdir. İndiyədək qaçqın və məcburi köçkünlər üçün 67 yeni qəsəbə tikilmiş, orada hər cür şərait yaradılmış, 100 mindən çox yurd-yuvasını itirmiş insan bu qəsəbələrə köçürülmüşdür. Son 7-8 ildə ölkə başçısı qaçqın və məcburi köçkünlərlə dəfələrlə görüşmüş, xanımı ilə birlikdə onların təzə mənzillərində qonaq olmuş, bir süfrə başında çay içmiş, evlərinə xeyir-dua vermiş, toy edib təzə mənzilə köçəcək gəncləri təbrik etmişdir.

Xatırladaq ki, 1992-ci ilin mayından, yəni BMT ilə əməkdaşlığının ilk günündən başlayaraq Azərbaycan BMT platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etməyə və bu nüfuzlu qurumun potensial imkanlarından istifadə etməklə sülh sazişinin əldə olunmasına çalışmışdır. Həmin illərdə Azərbaycanda humanitar vəziyyətin ciddi şəkildə pisləşməsini, qaçqın və məcburi köçkünlərin sayının 1 milyonu keçdiyini nəzərə alan BMT Baş Assambleyası 1993-cü ildə keçirdiyi 85-ci plenar iclasında Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında" qərar qəbul etmişdir. Təhlükəsizlik Şurası isə münaqişəyə dair 822, 853, 874, 884 saylı 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrin hər biri Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər ərazilərinin  toxunulmazlığını təsdiq edərək dərhal atəşkəs elan olunmasını, hərbi əməliyyatlara son qoyulmasını və işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılmasını tələb etmişdi. Təəssüf ki, həmin qətnamələrin müddəaları indiyədək yerinə yetirilməmişdir. Ölkəmizdə səfərdə olarkən BMT Baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalin məcburi köçkünlərin məskunlaşdıqları bölgələrə getmiş, Füzuli rayonunda salınmış Zobucuq qəsəbəsinə baxış keçirmiş, Beyləqan rayonu ərazisində "Xocavənd-500" qəsəbəsində sakinlərlə görüşmüş, Laçın rayonundan olan məcburi köçkünlərin "Taxtakörpü" ərazisindəki Vağazin obasında yaşayanların həyat şəraiti ilə tanış olmuşdur.   

Azərbaycan 2001-ci ildən üzv olduğu Avropa Şurası Parlament Assambleyasının da diqqətini qaçqın və məcburi köçkünlərin probleminə cəlb etməyə çalışıb. AŞ PA da Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini təsdiqləyərək 1416 və 1690 saylı qətnamələr qəbul edib. Ermənistan bu qərarların icrasını da indiyədək qulaqardına vurub. Azərbaycanın AŞ PA-daki nümayəndə heyəti dəfələrlə bu beynəlxalq qurumda Ermənistaşnın işğalı nəticəsində yurdlarından didərgin düşmüş Azərbaycan vətəndaşlarının pozulmuş hüquqlarının bərpasını tələb edib. Hazırda Azərbaycan əhalisinin hər 9 nəfərindən biri yurd-yuvasından didərgin düşmüş şəxsdir ki, bu da dünyada əhali nisbətinə görə çox yüksək göstəricidir. Nüfuzlu dövlətlər və beynəlxalq qurumlar isə hələ ki bu mənzərəyə sadəcə tamaşa edirlər.   

İlk gündən beynəlxalq aləm problemə ciddi yanaşmadığı üçün ağır yük hər mənada Azərbaycanın öz üzərinə düşdü. Dövlət və onun rəhbəri vətəndaşının acınacaqlı şəraitdə yaşamasına laqeyd qalmadı. Bildiyimiz kimi, ilk vaxtlar torpağından pərən-pərən düşmüş insanlar 12 çadır düşərgəsində, 16 fin tipli yığma evlərdə, dəmir yolu üzərindəki yük vaqonlarında, fermalarda, yataqxanalarda, təhsil müəssisələrində və sanitar normalara cavab verməyən digər ictimai binalarda məskunlaşmışdılar. Prezident İlham Əliyev xarici səfərlərində, beynəlxalq təşkilatların nümayəndələrilə görüşlərində ölkədə yaranmış qaçqınlıq və məcburi köçkünlük probleminin ciddiliyini önə çəkmiş, dünya birliyini bu cür insanların həyatına biganə qalmamağa, münaqişənin həllinə yardımçı olmağa  çağırmışdır. Qaçqın və məcburi köçkünlərin bütün sosial problemləri Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" və həmin sərəncamın icrası ilə əlaqədar Nazirlər Kabinetinin 2004-cü il 4 noyabr tarixli qərarı ilə təsdiq edilmiş tədbirlər planında öz əksini tapmışdır. Dövlət proqramında bütün məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuşdu.        

2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirən cənab İlham Əliyev "Ölkədə bir dənə də çadır düşərgəsi qalmayacaq", - deyə bəyan etmişdi. Bu vədin arxasında gərgin əmək, zəhmət, milyonlarla vəsait və öz gücünə inam dayanırdı. Nəhayət, ağır şəraitdə yaşayan məcburi köçkünlərin çadır düşərgəsi həyatına son qoyuldu. Neçə ildir təkərlər üzərindəki yük vaqonlarında, dözülməz çadır düşərgələrində, yarıuçuq binalarda antisanitar şəraitdə məskunlaşmış məcburi köçkünlər müasir standartlara uyğun, tam infrastruktura malik yeni qəsəbələrə köçürüldülər. Dövlət başçısının verdiyi vəd vaxtından 1 il də əvvəl yerinə yetirildi. Onlara verilən həyətyanı sahələrdə əkib-becərməyə başladılar, necə deyərlər, torpaqdan dördəlli yapışdılar. Ələbaxım şəraitdə yaşamaqdan bezən bu adamlar mal-qara, toyuq-cücə saxladılar, qısa vaxtda həyətlərində ağaclar boy-boya verdi. Öz əllərinin zəhməti ilə həyat şəraitlərini dəyişdirməyə başladılar. Təbii ki, dövlətin qayğısı və nəzarəti də üstlərində olmaqla. Demək olar ki, hər il məcburi köçkünlərə verilən müavinətlər artırılır. Dövlət büdcəsindən yemək xərci müavinətinin ödənilməsi məqsədilə təsdiqlənmiş vəsaitlər məcburi köçkünlərə bankomat vasitəsilə çatdırılır. Hər il 80 mindən çox məcburi köçkün ailəsinə hər ilin payız-qış mövsümündə 40 litr ağ neft paylanır. Bayramlar ərəfəsində dövlət qurumları, şirkətlər, konsern və səhmdar cəmiyyətlər tərəfindən onlara müxtəlif yardımlar göstərilir.

Son hesabatlara görə, ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 70-ə yaxın qəsəbə salınmış, 150-dən artıq təhsil, 50-yə yaxın səhiyyə, 30-dan artıq rabitə müəssisəsi, onlarla mədəniyyət ocaqları tikilib istifadəyə verilmiş, müvafiq infrastruktur yaradılmışdır. Qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin yüksək səviyyədə həllini statistik rəqəmlər daha əyani göstərir. İndiyədək onlara 336,9 milyon manatdan çox vəsait sərf olunmuşdur. Bunun 204,9 milyon manatı büdcənin, 105 milyon manatı Dövlət Neft Fondunun, 27 milyon manatı isə beynəlxalq humanitar və inkişaf təşkilatının vəsaiti hesabına baş tutmuşdur. Ölkə başçısı tez-tez yeni tikilən şəhərciklərə baş çəkir, yaradılan şəraitlə ciddi maraqlanır. Prezidentin 2010-cu il fevralın 27-də Qəbələ rayonunun ərazisində 155 məcburi köçkün ailəsi üçün tikilmiş iki beşmərtəbəli binanın açılış mərasimində iştirakı əsl bayram ovqatına çevrilmişdir. Dövlət başçısının və xanımı Mehriban Əliyevanın  2010-cu il noyabrın 10-da Yevlax şəhərində məcburi köçkünlər üçün inşa edilmiş yaşayış binaları kompleksinin açılış mərasimindəki görüşünü isə hələ də böyük sevgiylə xatırlayırlar. "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na əsasən yaradılmış həmin kompleksin ərazisi 10 hektardır. Beşmərtəbəli 10 binada 1, 2, 3 və 4 otaqlı 615 mənzil tikilib istifadəyə verildi. Bu mənzillərdə şəraiti dözülməz olan ictimai obyektlərdə, yarımçıq tikililərdə müvəqqəti məskunlaşan məcburi köçkünlər yerləşdirildi. Bir məcburi köçkünün etiraf etdiyi kimi: "Bundan sonra 50 il də çalışsam, mən belə bir ev tikə bilməzdim. Prezident bizim hərəmizə qurulu bir mülk bağışladı". Mənzillərdə normal kommunal şərait yaradılmış, ərazidə klub-icma mərkəzi, inzibati bina inşa edilmişdir. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə yaradılan məhəllədə geniş abadlıq və yaşıllaşdırma işləri də görülmüşdür. Şəhərcikdə 50 yerlik uşaq bağçası, 440 yerlik məktəb binası, qazanxana, nasosxana, transformator yarımstansiyası tikilmiş, mənzillərə telefon, su və qaz xətləri çəkilmişdir. Dünyanın heç bir yerində qaçqın və köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər Azərbaycandaki qədər genişmiqyaslı və hərtərəfli olmamışdır. 

Ağdam rayonunun işğal olunmamış bütün kəndlərində yeni yaşayış məskənləri salınıb. Bu kəndlərdə yerləşdirilmiş insanlar qaz və su xətləri, geniş torpaq sahələri ilə tam təmin olunublar. 2010-cu il noyabrın 11-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağdam rayonunda 689 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin açılış mərasimində iştirak etmişdilər. Qəsəbədəki evlərin ümumi sahəsi 37 min 187 kvadratmetrdir. Hər bir evin 12 və ya 6 sot torpağı var. Qəsəbədə 1000 kilovatlıq transformator quraşdırılmış, elektrik hava xətləri çəkilmişdir. Qəsəbəyə 20 kilometr içməli su xətti, 34 kilometrə yaxın qaz xətti çəkilmiş, 4 qaztənzimləyici məntəqə quraşdırılmışdır. Burada müasir standartlara cavab verən yol infrastrukturu, sahəsi 1,7 hektar olan park yaradılmışdır. Qəsəbənin ərazisində həmçinin 50 yerlik uşaq bağçası, ayrıca inzibati bina və müxtəlif yığıncaqların keçirilməsi üçün 152 yerlik iclas zalı olan klub-icma mərkəzi də inşa edilmişdir. Baharlı, Bənövşələr, Xındırıstan, Quzanlı, İmamqulubəyli kəndlərində və Dördyol ərazisində məskunlaşan Ağdam əhalisi atəşkəs zolağından müəyyən qədər aralı məsafədə yerləşsə də, hamısı deyir ki, buradan Ağdamın, Şuşanın havasını alır, Qarabağın əlimizdə olan bərəkətli torpağını əkib-becəririk. Lakin bu qəsəbələrdə yaşayan insanlar özlərinə gün-güzəran qursalar da, hər gün işğal altındakı torpaqlarımızı görür və öz yurd-yuvalarına qayıtmaq üçün hər şeyə hazır olduqlarını bildirirlər.

2010-cu ildə Biləsuvar rayonunun ərazisində Cəbrayıl Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi başa çatdırılmışdır. 2010-cu ildə Abşeron rayonunun Ramana qəsəbəsində beşmərtəbəli yaşayış binasının tikintisi yekunlaşmış və məcburi köçkünlərə təhvil verilmişdir. Həmçinin Naftalan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar Goranboy rayonu ərazisində 164 məcburi köçkün ailəsi üçün 60 və 45 mənzilli 3 beşmərtəbəli yaşayış binasının tikintisi başa çatmış, hazırda Dövlət Qəbul Komissiyasının Aktı rəsmiləşdirilir. Məktəb, uşaq bağçası və mühəndis kommunikasiyalarında işlər davam edir. Son vaxtların statistikası məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən bütün tədbirləri təfərrüatı ilə əhatə edir. İmişli rayonunun inzibati ərazisində 500 məcburi köçkün ailəsi üçün qəsəbə salınması məqsədilə 100 hektar torpaq sahəsi ayrılmasını, Mingəçevir şəhərində  502 ailə üçün ayrılmış 8 ha torpaq sahəsinə texniki şərtlərin alınmasını və layihə-smeta sənədlərinin hazırlanmasını, Şəki şəhərində (423 ailə üçün 84 ha) ayrılmış torpaq sahəsində mühəndis-axtarış işlərinin başa çatmasını, Ağcabədi rayonunda (rayondakı fin qəsəbəsində məskunlaşmış 994 və məktəb binalarında məskunlaşmış 114 məcburi köçkün ailələri üçün cəmi - 1108 ailə: bundan Laçın rayonundan olan 552 ailə üçün yeni qəsəbənin salınması, digər rayonlardan olan 556 ailə üçün çoxmərtəbəli evlərin tikintisi) ayrılmış torpaq sahəsinə texniki şərtlərin alınmasını, "Azərdövləttikintilayihə" İnstitutu ilə hər iki obyekt üzrə müqavilələr bağlanmasını qeyd etmək yerinə düşərdi.

Balakən rayonundaki məktəb binalarında müvəqqəti məskunlaşmış 43 məcburi köçkün ailəsi üçün beşmərtəbəli evin tikintisi məqsədilə torpaq sahəsi ayrılmış, Ağdam rayonunun "Dördyol" ərazisində yeraltı qazmalarda, qamış və çiy kərpic daxmalarda ağır şəraitdə yaşayan 932 məcburi köçkün ailəsinə həmin rayonun Bənövşələr və İmamqulubəyli kəndlərində torpaq sahələri ayrılmışdır. Qəbələ rayonunun Zarağan kəndində kimyəvi maddələr tullantısı olan ərazidə yerləşən keçmiş sovet ordusunun hospitalında müvəqqəti məskunlaşmış 40 ailənin köçürülməsi ilə əlaqədar kənd bələdiyyəsi tərəfindən ayrılmış ərazidə 155 məcburi köçkün ailəsi üçün iki beşmərtəbəli binanın tikintisi nəzərdə tutulmuşdur. Bir beşmərtəbəli 40 mənzilli bina artıq tikilib başa çatdırılmışdır. Beyləqan rayonu ərazisində Xocavənd Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi üçün torpaq sahəsi ayrılmış, layihə-smeta sənədlərinin tərtibatı başa çatdırılmış, Dövlət Baş Ekspertiza İdarəsinə təqdim edilmişdir. Bakı Dövlət Universitetinin 7 yataqxanasında məskunlaşmış 758 məcburi köçkün ailəsi tezliklə Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində tikiləcək çoxmərtəbəli yaşayış evlərinə köçürüləcəkdir.

Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaqla bərabər onların işlə təmin olunmasına da xüsusi qayğı göstərir. 2010-cu ildə 1935 nəfər, o cümlədən məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşdıqları ərazilərdə 735 nəfər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun struktur bölmələri ilə qarşılıqlı fəaliyyət nəticəsində isə 1200 nəfər daimi işlə, 4458 nəfər isə mövsümi işlə təmin olunmuşdur. Bundan əlavə, 107 nəfərə işsiz statusu verilmiş, 125 nəfərə işsizlik müavinəti təyin edilmişdir. 320 nəfər əmək bazarının müasir tələbləri əsasında peşə hazırlığı kurslarına, 360 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur. Əvvəllər büdcədən maliyyələşdirilən müəssisələrdə çalışmış və işlə təmin olunmamış 14 min nəfərdən çox məcburi köçkünə orta aylıq əməkhaqqının ödənilməsi davam etdirilmişdir.

Dövlət investisiya xərcləri hesabına Sabirabad, Saatlı və Ağcabədi rayonlarında məskunlaşmış məshəti türkləri üçün tikintisi yarımçıq qalmış 54 evdə inşaat işləri başa çatdırılmışdır. Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları 41 obyektdə cari təmir işləri aparılmışdır. Məcburi köçkünlərin istifadə etdikləri kommunal xərclər üçün 2010-cu ildə təsdiqlənmiş 80,3 milyon manat vəsaitdən cari ilin 11 ayı ərzində 69,0 milyon manatı müəyyən edilmiş normativlər üzrə birbaşa xəzinədarlıq vasitəsilə xidmət təşkilatlarına ödənilmişdir. Dünya Bankı və Azərbaycan hökumətinin maliyyə vəsaiti hesabına Azərbaycanın müxtəlif rayon və şəhərlərində 328 nəfər məcburi köçkünə ümumi məbləği 434 min manat təşkil edən mikrokredit verilmişdir. Bu mikrokredit proqramlarından 2,4 min nəfər əhali faydalanmışdır ki, onların 80 faizi - 1900 nəfəri məcburi köçkündür. Qaçqın və məcburi köçkünlərin ərizə və şikayətlərinə vaxtında baxılması, onların arzu və təkliflərinin nəzərə alınması da daim diqqət mərkəzindədir.

Prezident İlham Əliyev çıxışlarında ölkəmizin ərazi bütövlüyü ilə bağlı dəfələrlə demişdir: "Azərbaycanın işğal olunmuş torpaqları işğalçı qüvvələrdən azad olunmalıdır. Azərbaycanın məcburi köçkünləri öz doğma torpaqlarına qayıtmalıdırlar, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar. Təbii ki, torpaqlarımız sülh yolu ilə azad edilməsə, istənilən vasitə ilə azad ediləcəkdir". Bu sözlər, həmçinin dövlət başçısının beynəlxalq tədbirlərdəki qətiyyətli bəyanatları öz ata-baba yurdlarından didərgin salınmış insanlarda sabaha ümidi artırır və məcburi köçkünlər inanırlar ki, problemin siyasi həlli sahəsində ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi səyləri, həyata keçirdiyi qlobal tədbirlər müsbət nəticəsini verəcək və onlar tezliklə öz ata-baba yurdlarına qayıdacaqlar.

Ümumilikdə, 2001-2011-ci illər ərzində Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan (17 milyon manat), Dövlət Neft Fondundan (857,9 milyon manat) və digər mənbələrdən (47,053 milyon manat) ayrılan 921,953 milyon manat vəsait hesabına 21600 ailə, 107 min nəfər qaçqın və məcburi köçkün üçün 1 milyon 218 min kvadratmetr sahəsi olan 70 qəsəbə və fərdi evlər inşa edilmiş, 128 məktəb, 5 musiqi məktəbi, 42 uşaq bağçası, 46 tibb müəssisəsi, 33 rabitə evi tiklmiş, 582,5 kilometr yol, 702,5 kilometr su xətti, 1130 kilometr hava elektrik xətti, 185,6 kilometr qaz, 38,4 kilometr kanalizasiya, 6,3 kilometr istilik xətləri çəkilmiş, 11 min hektarda irriqasiya işləri aparılmış, 589 müxtəlif gücə malik elektrik transformatoru quraşdırılmışdır.

Bu yaxınlarda Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış qəsəbəsinin açılışında iştirak etmişdilər. Bu qəsəbənin salınması Azərbaycan Prezidentinin məcburi köçkünlərin sosial-iqtisadi və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi növbəti mühüm addımlardan biridir. Zəruri infrastrukturun yaradıldığı qəsəbədəki evlərin 49-u birotaqlı, 194-ü ikiotaqlı, 237-si üçotaqlı, 72-si dördotaqlıdır. Qəsəbədə 2 transformator stansiyası, 6 qaztənzimləyici məntəqə yaradılmış, biraşırımlı körpülər inşa olunmuş, geniş yaşıllıq zolaqları salınmışdır. Yeni evlərə köçən məcburi köçkün ailələri Prezidenti və xanımını gülər üzlə, gül-çiçəklə qarşılayıb, minnətdarlıq etdilər. Dövlət başçısı xanımı ilə birgə məcburi köçkünlərin bir neçəsinin evində qonaq oldu, onlarla söhbət etdi, təzə mənzillərində onlara uzun ömür, cansağlığı, rahat həyat arzuladı.

Bir neçə gün öncə ölkə başçısı məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında da sərəncam imzaladı. Sərəncama əsasən 2011-ci il dekabrın 1-dən müəyyən edilmiş aylıq müavinətlər 10 faiz artırıldı. Xalqımız ümid edir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və millətimizin gücü, dəyanəti ilə Qarabağ münaqişəsi ədalətli həllini tapacaq, yüz minlərlə insanımız öz torpağına, itirdiyi yurduna qayıdacaq.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.-2012.-6 yanvar.-S.2.