Milli ideya, qüdrətli dövlət və güclü lider haqqında

 

Fəlsəfə elmi dərketmənin iki səviyyəsini tanıyır: empirik və nəzəri. Belə bir fərqləndirmə əvvəla, dərketmə fəallığının metodlarının, digər tərəfdən isə əldə edilən elmi nəticələrin xarakterinin dəyişkənliyi ilə səbəbləndirilir. Empirik dərketmə hardasa faktların statisti funksiyasını yerinə yetirməklə müşahidə, eksperiment, müəyyən tədqiqat proqramının hazırlanması, təsnifatı və ümumiləşdirilməsi fəaliyyəti ilə məşğul olur. Elmi dərketmədə isə əsas instrumentariy kimi anlayışlar, qanunlar, kateqoriyalar, hipotezlər, mühakimələr çıxış edir. Bəs önəmli olan nədir? Bu iki metodun qarşılıqlı fəaliyyət prosesində birinin digərini zənginləşdirməsi, stimullaşdırması.

 

Vətəndaş qeyrəti, alim şücaəti, məmur fədakarlığı

 

Elmin, fəlsəfənin inadla irəli sürdüyü məsələlər alimləri həmişə düşündürmüşdür. Ancaq tək ictimai-siyasi deyil, həm də konseptual baxımdan yeni paradiqmanın "öz taxtına çıxdığı" bir məqamda elmi postulatların praktik nəticələrlə bəlirlənməsi zərurəti aktuallaşır. Bu baxımdan dövlətçilik təcrübəsi ilə dövlətçi elmi təfəkkürün xəlitəsi kimi ortaya çıxan əsərlərin əhəmiyyəti əvəzsizdir. Və elə buradaca təəssüflə qeyd edilməlidir ki, bu cür fundamental elmi məhsulları ərsəyə gətirəcək universal mütəfəkkirlər də azlıqdadırlar.

Son illər Azərbaycan ictimai-siyasi, nəzəri-fəlsəfi və politoloji fikrini titrədib təlatümləndirən məqalələri ilə nəinki elmi-siyasi elitanın, eləcə də indifferent olmağı bacarmayan ictimaiyyətin, böyük əksəriyyətin yerinə qor salan, onları, təbiri caizsə, daha çox vətəndaş olmağa, mövqe sərgiləməyə, fəallığa dəvət edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Bakinskiy raboçiy" qəzetinə müsahibəsi bir daha cəmiyyət, zaman, inkişaf və bu triumviratda şəxsiyyətin rolu barədə düşüncələrimizə yeni bir simmetriya, sahman, ahəng və ovqat gətirdi. Bir oxucu və dövlətinin taleyindən yana sorumluluğu olan sıradan vətəndaş kimi bir daha dərk etdik ki, həyatda adi yaşamın gündəlik tələb, qayğı və mücadilələrindən daha yüksəkdə duran müstəsna və üstün kateqoriyalar mövcuddur: milli dövlət, milli ideya və ideologiya, suveren dövlətçilik fəlsəfəsi, mədəni-mənəvi identiklik, tarixi keçmiş üçün fəxarət və s. Müəllif tədqiqatçı səbri, alim zəhmətkeşliyi, filosof müdrikliyi və bütün bu keyfiyyətlərin fövqündə bir praktik praqmatizmi, rasionallığı ilə Azərbaycanın bazis nailiyyətlərinin nəzəri-konseptual modellərini cızır, ölkə Prezidentinin səy və əməyi ilə hasil olan möhtəşəm uğurların söykəndiyi dəyərlər sistemini faş edir, bir millət olaraq qürurumuzu səbəbləndirən milli-etnik kimliyimizin tarixin dərinliklərində gizlənmiş həqiqət laylarına "artezian vurur", bir ölkənin timsalında bəşəriyyəti qayğılandıran iti, aktual problemlərin həllinin lokal, lakin qayət inandırıcı və optimal nüsxələrini ortaya qoyur.

Qədim dövrlərin tarixi, ayrıca da fəlsəfənin tarixi ilə maraqlananlar bilirlər ki, dövlət idarəetməsində filosofların, müdriklərin iştirakı hakimiyyətin xarakterinə mötədil liberallıqla yanaşı, hər bir iqtidar üçün son dərəsə vacib sayılan sabitqədəmlik və uzunömürlük də bəxş etmişdir. Söhbət Platonun məlum nəzəriyyəsinə istinaddan getmir, bu, çoxdan olub. Sadəcə, ağıllı nəzəriyyəçi ilə cəsarətli praktikin fəaliyyətinin simbiozu, bir qayda olaraq, pozitiv nəticələrə məhkumdur. Apriori, Azərbaycanın bugünkü mənzərəsi belə bir postulatın nə qədər düzgün və həyat qabiliyyətli olduğunu isbatlayır.

Akademik Ramiz Mehdiyevin təkcə elə son onilliyi əhatə edən elmi yaradıcılığının, professor Rəbiyyət Aslanovanın dediyi kimi, konseptual peyzajını səciyyələndirən istiqamətlər sırasında əliyevşünaslığın təməlinin qoyulması, bu zəngin irsin ideya-siyasi və elmi-fəlsəfi aspektlərinin tədqiq, təhlil və təbliği ilə yanaşı, müasir dünyanın qlobal inkişaf meyillərinin araşdırılması, demokratiya və tranzitologiya məsələləri, həmçinin milli dövlətçilik, inkişafın milli model və konsepsiyalarının hazırlanması kimi strateji problemlərin təqdim edilməsini fərqləndirmək mümkündür: "Milli müstəqillik, özünüdərk və özünütəsdiqin nəzəri əsaslarının konseptual təqdimatı sahəsində Ramiz Mehdiyevin əsərləri ictimai elm sahəsində mühüm hadisəyə çevrilmişdir". 

"XXI əsrdə milli dövlətçilik", "Azərbaycan - qloballaşma dövrünün tələbləri", "Demokratiya yolunda: irs barədə düşüncələr", "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti", "Qloballaşma dövründə dövlət və cəmiyyət", "Azərbaycançılıq - milli ideologiyanın kamil nümunəsi", "Gorus - 2010: absurd teatrı mövsümü", "Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi", eləcə də nəzəri sanbalına və praktiki siqlətinə görə geri qalmayan digər əsərləri onun görkəmli filosof-alim kimi bir tərəfdən konkret məsələlərə nəzəri-politoloji yanaşma diapazonundan xəbər verirsə, digər tərəfdən ali dövlət məmuru qismində bu mənsəbdə qazandığı təcrübənin, empirik kapitalın elmi nəticələr və ümumiləşdirmələrdə hansı müvəffəqiyyətlə tətbiq edildiyini görüntüləyir.

Akademik Ramiz Mehdiyevin son vaxtlar tam yeni keyfiyyət imicində oxucularının görüşünə gələn "Bakinskiy raboçiy" qəzetinə "Müasir milli ideyanı zənginləşdirən odur ki, vətəndaş özünü dövlətin bir hissəsi hesab edir, özündə dəyişikliklər üçün qüvvə görür, güclü dövlətin və güclü, iradəli liderin varlığına ehtiyac duyur" adlı müsahibəsi bütövlükdə cəmiyyətin ən diametral düşüncə sahibi olan vətəndaşlarının, fərdi "mən"inin nəfəsliyindən gündə heç olmasa bircə dəfə fərqli talelərin, ciddi problemlərin çalxalandığı real həyata tamaşa etməyə vaxt tapan adamlarının, hansı cinahda qərar tutmasından asılı olmayaraq aydın fikirli ziyalılarının, siyasətçilərinin, texnokratlarının, məmurunun, aliminin, tələbəsinin diqqətini Azərbaycanın ön sıralarında qərar tutduğu ümumi inkişaf proseslərinə mismarlayır, bu yolun fəlsəfəsi, tapındığı meyarlar, təbliğ etdiyi dəyərlər, hədəflədiyi ünvanlar barədə müfəssəl bilgi verir.

Hesab edirik ki, cəmiyyətin qızmar "kürəsi"ndən çıxmış bu cür isti, qaynar mövzulara müraciət həm də bir ziyalılıq borcundan, məsuliyyətindən qaynaqlanır, irəli gəlir. Tutduğu ali məmur vəzifəsinin hədsiz problemlərlə qayğılandırdığı bir məqamda akademik Ramiz Mehdiyevin alimliyin, filosofluğun fövqündə həm də bir ziyalı kimi  cəmiyyət həyatının, dövlətçiliyimizin, varlığımızın bəsit göründüyü qədər də müstəsna mətləbləri ilə məşğul olduğunu görmək böyük vətəndaş təşəkkürünü haqq etməklə yanaşı, həm də əsl ziyalılığın vəzifələri barədə agah edir.

 

Milli ideya - milli özünüdərk

 

- Biz kimik? Haradan gəlib, hara gedirik? Tarixin dan yerinin söküldüyü nöqtədən ta ki qürubunadək uzanan bu yolda nəsibimiz nə olub, itirdiyimiz nə?

Bu suallar fəlsəfənin, tarixin, ədəbiyyatın, Yer elmlərinin cavabı qarşısında minillərdir baş sındırdığı suallardır. Zamanın iti ahənginin ağuşundan çıxa bilməyən müasir cəmiyyətlərdə, qlobalizm, atlantizm kimi fövqəlideyaların bəşəriyyətin yeni arxitekturasını cızmağa inadla səy göstərdiyi bir dönəmdə bəlkə də kimsə həmin sualların bəsitliyi, hətta ən mötəbər cavablarınsa aktuallığını qeyb etdiyini düşünə bilər. Heyhat! İrəli sıçramaq üçün ayağımızı basdığımız nöqtə möhkəm, etibarlı, güvənli deyilsə, biz onun haqqında hər şeyi bilmiriksə, risk etməyə dəyərmi?

Kökləri torpağın məhvərinə işləyib şirəli laylara dayanan ağac gövdəli, şaqqalı, dözümlü olur.

Özülü dərin, təməli möhkəm bina uzunömürlü, etibarlı sayılır.

El arasında adamı işi-əməli bir yana, əsli-kökü, kökəni ilə tanıyırlar.

Millətin adını millətlər xəritəsinə yazan onun tarixi keçmişi, bu keçmişin qədimliyi, zənginliyi və məqsədidir, mətləbidir, qayəsidir, milli ideyasıdır.

"Keçmiş - inam, konkretlik, müəyyənləşdirilmiş reallıq deməkdir. O, vaz keçə bilməyəcəyimiz bir məktəbdir. Zira, bizlər Keçmişimizi bilmədən İndimizi anlaya və Gələcəyə təsir edə bilmərik". İtaliyalı yazıçı-jurnalist Oriana Fallaçiyə məxsus olan bu fikirlər zaman-zaman mütəfəkkirlər tərəfindən müxtəlif biçimlərdə söylənsə belə, bu gün də aktuallığını, məna kəsərini itirməyib.

Akademik Ramiz Mehdiyev hesab edir ki: "Millət öz inkişafının strateji proqramına, dövlət və millətin mövcudluğunun mənası sayılan milli ideyaya, inkişafın məqsəd və prioritetlərinə malik olmalıdır".

Milli ideya! Heç şübhəsiz, bu, ilk növbədə hər bir millətin, etnosiyasi faktorun mövcudluğunu, inkişaf və intişarını səbəbləndirən aparıcı şərtlərdəndir... məqsəddir, hədəfdir. Eyni zamanda, milli ideya təbiəti etibarilə konstruktiv, birləşdirici elementdir. Siyasi sistemin ən müxtəlif institutlarının ahəngdar fəaliyyətini əlaqələndirən, tənzimləyən, stimullaşdıran vektor kimi milli ideya fəlsəfi-politoloji kateqoriya olmaqla yanaşı, həm də bütöv bir dəyərlər sistemidir. Müəllif Azərbaycan xalqının milli ideya məsələsinin son üç illik tədqiqatlarının birbaşa obyekti və ərsəyə gələcək kitabının əsas trendi olacağını bildirməklə elmi ictimaiyyətə mövzu ilə bağlı fundamental bir əsərin ortaya çıxacağı mesajını verir.

Akademik Ramiz Mehdiyev "...tarixə əsaslanaraq Azərbaycan xalqının milli-ideoloji konseptinin təşəkkülü və transformasiyası prosesini" yeddi dövrə bölür.  Məlumdur ki, fəlsəfi nöqteyi-nəzərdən milli şüurun sistemləşdirilmiş ümumiləşdirməsindən ibarət olan milli ideya bu və ya digər etnosun, xalqın, millətin mövcudluğunun ali mənasını müəyyən etməklə həmin xalqın obrazlı düşüncə tərzinin bədii inikası olan əsərlərdə, fəlsəfi mətnlərdə ifadə oluna bilir. Buna görə də təsadüfi deyildir ki, müəllif 1828-1875-ci illəri əhatə edən birinci, həmçinin 1905-ci ilədək davam edən ikinci mərhələni xarakterizə edərkən cücərtiləri sonrakı onilliklərdə ərsəyə gələcək milli oyanış toxumlarını məhz həmin dövrdə formalaşmağa başlayan milli realist ədəbi məktəbin səpdiyini göstərir: "Şimali Azərbaycan əhalisinin etnik baxımdan oyanışı bu görkəmli mütəfəkkirlərin fəlsəfi, tarixi və ədəbi əsərlərindən qaynaqlanmışdır". Doğrudan da, əgər XIX əsrin II yarısında Cənubi Azərbaycanda bir sıra dini, ideoloji cərəyanlar (babilər və s.) baş qaldırmışdısa, Şimalda Abbasqulu ağa Bakıxanov, Mirzə Kazımbəy, Mirzə Fətəli Axundov, Həsənbəy Zərdabi, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov kimi filosof, yazıçı və mütəfəkkirlərin səyi ilə maarifçilik yeni ideoloji cərəyan kimi yaranıb təşəkkül tapmışdı.

Müəllif milli ideya ilə bağlı fəlsəfi görüşlərində bu kateqoriyanın inancdan, istəkdən, arzudan "azərbaycançılıq ideologiyasının formalaşmasına keçidi" nəzərdə tutan milli identiklikdən keçərək həmin insanların mücadiləsinin kvintessensiyası kimi təzahür edən ilk milli dövlətin yaranmasına gətirib çıxardığını qeyd edərək, hər bir mərhələnin müfəssəl siyasi-tarixi mənzərəsini, həmin dövrün immanent politoloji məziyyətlərini, aparıcı məfkurə tendensiyalarını faktların dili ilə açıb söyləmiş, Azərbaycan xalqının milli identiklik, milli ideya axtarışlarının çətin və kəşməkeşli yollarını göstərmişdir. Onun fikrincə, milli ideya xalqı xarakterizə edən bütöv bir suallar palitrasına cavab verməlidir; millətin tarixi və necə yaranması, tarixi missiyası və mövcudluğunun mənası... Və oxucu həmin suallara cavab tapır: kifayət qədər ətraflı, isbatlı, inandırıcı. Bu müstəvidə akademik Ramiz Mehdiyevin tədqiqatını titanik adlandırmaq mümkündür.

Müsahibədə millətin təşəkkülündə etnogenez və etnokulturoloji məqamların iştirakına da yer ayrılıb. Bu isə onu göstərir ki, müjdəsi verilən gələcək kitabda həmin məsələlər kifayət qədər geniş işıqlandırılacaqdır. Yəqin ki, indiki qloballaşma çağırışlarının intensivləşdiyi dar macalda Azərbaycan millətinin tarixi köklərinin minilliklərin hansı mədəni qatlarınadək işlədiyini öyrənmək heç də faydasız olmazdı. Müəllif tarixi təftiş və falsifikasiya etməyi şakərə çevirənlərə səslənir: "Azərbaycan milləti Azərbaycan ərazisində yaşayan bütün etnosların tarixi yolunun vəhdətini əks etdirən qaynar qazan kimi formalaşmışdır. Burada güclü türk təməli ilə yanaşı, İran, ərəb başlanğıcları, alban layı, digər qədim etnoslar mövcud olmuş, onların hamısı əsrlər boyu təbii şəkildə vahid xalq kimi assimilyasiya olmuş, azərbaycanlıların milli identikliyinə xas cizgilər, komponentlər kəsb etmişlər".

Hələ "Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi" əsərində akademik Ramiz Mehdiyev milli ideyanın formalaşmasının erkən tarixini araşdıraraq belə bir nəticəyə gəlmişdi ki, Azərbaycan milli ideyası prioritetlərin müəyyən edilməsi prosesində uzun bir yol keçmişdir: "Bu müddətdə əvvəlcə dini tərkib hissə yaranmış, sonradan o, tədricən milli mənlik şüurunun mədəni-tarixi paradiqmasına - türkçülüyə transformasiya etmişdir". Milli ideyaların təşəkkülünün tarixi təcrübəsi göstərir ki, doğrudan da, milli ideyalar çox vaxt dini aspekt daşıyır. Belə ki, tarixən məhz dini dəyər xalqların birləşməsində akkumulyativ faktor rolunu oynayıb. Məsələn, rus filosofu Vladimir Solovyova görə, xalq zaman kontekstində özünün özü haqqında düşündüyü deyil, əbədiyyət hüdudlarında Allahın onun haqqında düşündüyüdür. Pravoslav rus vətənpərvərləri üçün rus millətinin çiçəklənməsi, möhkəm, inkişaf etmiş dövlət nə qədər arxivacib məsələ olsa da, milli özünüdərkin bərpasını, dövlətin qüdrətlənməsini, maddi rifahın çiçəklənməsini pravoslavlığın mənəvi dirçəlişindən əlahiddə təsəvvür etmirlər.

Eyni kontekstdə millətin etnik-siyasi məzmunundan bəhs edən Azərbaycan filosofu Ramiz Mehdiyev düşünür ki, XIX əsrdə ölkəmizdə "millət" anlayışı müstəsna dini kontekstə malik idi: "Millət və ümmə tamamilə eyniləşdirilirdi və millət anlayışı insanların dini prinsip üzrə daha geniş məkanda birləşməsi demək idi. Milli təfəkkürün təkamülündən sonra "millət" anlayışı dini tərkib hissə ilə yanaşı, həm də tədricən prioritet xarakter almış sosiomədəni tərkib hissəsini əhatə etmişdir". Yalnız ulu öndər "Heydər Əliyevin siyasəti nəticəsində "millət" anlayışının strukturuna özünüidentifikasiyanın etnik, dini, sosiomədəni, siyasi və bütün başqa kollektiv formaları daxil edilmişdir".

Milli ideya axtarışlarında təsnifatın son üç dövrü müstəsna əhəmiyyətə malikdir. Belə ki, müəyyən fasilələrlə müşayiət olunsa da, məhz ötən əsrin 69-cu ilindən başlayan həmin mərhələ ölkədə milli azadlıq düşüncələrinin boy atmasına, milli ideya və ideologiya axtarışlarının intensivləşməsinə, azərbaycançılıq dünyagörüşünün aparıcı və birləşdirici fəlsəfə kimi təşəkkül tapmasına və nəticə etibarilə ictimai-siyasi və iqtisadi transformasiyalar dönəmində Azərbaycanın təbəddülat, kollaps və reqress deyil, təkamül, dialektik inkişaf, inteqrasiya yolu tutan "sakit liman"a (! - İlham Əliyev) çevrilməsini təmin etmişdir.

 

Milli ideya - dövlətçilik və azərbaycançılıq

 

Azərbaycan tarixinin xalqımızın vahid etnogenez sisteminin formalaşdırılması və təhlili üçün zəngin materiallar verdiyini vurğulayan akademik Ramiz Mehdiyev bu diyarın qədim tarixini təşkil edən xalqların bizim etnik əcdadlarımız, şüurumuzun bir hissəsi olduqları qənaətinə gəlir

Bu ərazidə yaranmış dövlətlər müxtəlif cür adlandırılsa da, onların tarixi xələfi sayılan Azərbaycan həmişə Qərbdən Şərqə və Şərqdən Qərbə hərəkət edən qoşunların zərbinə sinə gərməli olub. Allah bu xalqı şücaət, qəhrəmanlıq, cəsarət, torpaq sevgisi, ailə qeyrəti, namus kimi məziyyətlərlə artıqlaması ilə qane etdiyindəndir ki, ötən yüzillərin müharibə selləri bizləri atdöşü eləyib uzaq Sibirin qarlı çöllərinə atmayıb. Əksinə, belə bir zəngin mənəvi-əxlaqi dəyərlər üzərində boy atıb ötən əsrin əvvəlində və son onilliyində müstəqilliyini əldə etmiş ölkəmiz bu gün dünyanın haqqını tanıdığı, səsini eşitdiyi, sözünü dinlədiyi dövlətlər sırasındadır. Yəni etnik polifoniya üzərində qəraq tutan Azərbaycan bu gün də etnik və dini tolerantlığı müstəqil dövlətin yeritdiyi siyasətin prioriteti, nailiyyəti səviyyəsinə qaldıra bilmişdir.

Bu bir həqiqətdir ki, millət uzun müddət milli ideyasız yaşaya bilməz. Belə bir ciddi oriyentirdən məhrum olan hakimiyyət və intellektual elitanın nəticə etibarilə xalqı birmənalı şəkildə dalana dirəyəcəyi "perspektivi" şəksizdir. Buna görə də ağıllı hakimiyyət Konstitusiyada, Müstəqillik Deklarasiyasında və Dövlət himnində təsbit olunmuş, əhalinin böyük əksəriyyəti tərəfindən başa düşülən və qəbul olunan, millət üçün aydın, dəqiq və taleyüklü bir milli ideyanın mövcudluğunda maraqlıdır.

Müxtəlif illərdə müxtəlif ölkələrdə milli ideya ultramillətçi çalarlar daşımışdır. Velikorus şovinizminin, Almaniya nasional-sosializminin, İtaliya faşizminin, Yaponiyanın imperiya ambisiyalarının bəşər mədəniyyətini hansı məhrumiyyətlərə, humanitar fəlakətlərə düçar etdiyi hələ yaddaşlardan  silinməyib. Buna görə də müasir dövrdə dövlətlərin milli ideya axtarışları az qala, belə demək mümkünsə, siyasi olimpiadanın populyar predmetinə çevrilmişdir.

Məsələn, şimal qonşumuz 20 ildir ki, milli ideya axtarışlarındadır. Hətta 1996-cı ildə "Rossiyskaya qazeta" ümummilli birləşdirici ideya uğrunda müsabiqə də elan etmişdi. Lakin bugünədək nəyinsə tapıldığı barədə anonsa rast gəlməmişik.

ABŞ-da isə məsələ bir başqa cürdür. Bu ölkənin 1787-ci ildə qəbul edilmiş Konstitusiyasının preambulasında millətin prioritet verdiyi məqsədlər - amerikalıların milli ideyası ifadəsini tapmışdır.

Azərbaycan nümunəsində də milli ideyanın maddiləşdirilməsi bu ideyanın rəsmi ifadəsi olan ölkə Konstitusiyasının reallaşdırılması yolu ilə həyata keçirilir. Akademik Ramiz Mehdiyev milli ideya ilə bağlı görüşlərində milli ideyanın və xalqın dəyər oriyentasiyalarının mahiyyətini dövlətçilikdə görür: "Milli ideya Azərbaycan cəmiyyətinin və dövlətinin həyatının əsas məqsədi və mənasıdır. XXI əsrdə Azərbaycan milli ideyasının əsas tərkib hissələri bunlardır: dövlətin, ərazi bütövlüyünün və müstəqilliyin qorunub saxlanması, iqtisadiyyatın hərtərəfli inkişafı, vətəndaşların firavanlığı, müasir təhsil standartları, mənəvi inkişaf, demokratiya, təhlükəsizlik və ondan irəli gələn tam bir sıra məsələlər" (Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi, "Azərbaycan" qəz., 26.05.2011).

Hakimiyyətinin hər iki dövründə - 1969-1982 və 1993-2003-cü illərdə Heydər Əliyevin fəaliyyətinin ali məqsədi müstəqil və qüdrətli dövlət yaratmaq olmuşdu və nə xoş Azərbaycan xalqının halına ki, belə bir dövlətin yaranıb yaşamasının bəxtiyar şahidinə çevrildi. Ulu öndər bir strategiya kimi milli ideyanın reallaşmasında taktiki resurs rolunu oynayan milli ideologiyanın formalaşması və gələcəkdə mümkün interpretasiyasını milli suveren dövlətin gəlişməsi və möhkəmlənməsi ilə bağlayırdı.

Bəs milli ideyanın dövlət ideyasından fərqi nədədir? Akademikin əsərlərindən öyrənirik ki, milli ideya konkret xalqın etnik anlamdakı ideyasıdır. Ancaq xalq varsa, onun milli ideyasının da olduğunu iddia etmək düzgün olmazdı. Belə ki, istisna deyil ki,  məsələn, rusun, qırğızın, amerikalının dövlət ideyası olsun, milli ideyası yox. Müəllifin fikrincə, "Milli ideya mənəvi və rəmzi mənada müəyyən dəyərlər toplusu kimi çıxış edir. Bu halda formalaşması xalqın mənəvi seçimi ilə sıx bağlı olan milli ideyanın ən mühüm tərkib hissəsi və özəyi ərazinin və millətin yaradıcısı və qorunub saxlanmasının təminatının rəmzi kimi məhz millət və milli dövlət ideyası çıxış edir". Beləliklə, əgər milli ideya bu və ya digər xalqın mövcudluğunun məqsədidirsə, məhz düzgün, optimal dövlət ideyası həmin məqsədə çatmağın vasitəsidir.

Akademik Ramiz Mehdiyev müsahibəsində müasir mərhələdə milli ideyanın inkişafının müqəyyəd şərtlərini də açıqlayır. Azərbaycan üçün məqbul olan yol bütövlükdə bəşər mədəniyyəti üçün də yeganə konstruktiv yoldur: "XXI əsrdə iqtisadi tərəqqiyə, azad və layiqli həyata, millətin müstəqilliyinin və təhlükəsizliyinin güclənməsinə aparan yol demokratik prinsip və normaların sosial və siyasi praktikaya tətbiqindən keçir. Cəmiyyətin demokratikləşməsi millətin intellektual potensialının həyata keçməsinə real imkanlar yaradır, qarşıdan gələn yeni sivilizasiyaya yaxınlaşmaq üçün meydan açır". Və elə buradaca müəllif fikrinin davamı kimi milli ideyaya bağlı olmayan demokratiyanın uğursuzluğa məhkum olduğunu vurğulamaqla "sosiumun sosial quruluşunun vacib elementi, demokratiyanın tərkib elementi sayılan" vətəndaş cəmiyyəti institutuna xüsusi diqqət yetirir. Bizdə bu məsələyə yanaşma da fərqlidir. Bəli, inkişafının gələcək perspektivlərini etnik-milli birlik zəminində bəşər mədəniyyətinə inteqrasiya yolunda görən Azərbaycan kimi dövlətlərlə paralel, neçə nəsil immiqrantların hesabına demoqrafiya "planını doldurmuş" ABŞ və onun Qərbdəki bəzi "tale müttəfiqləri" kimi milli ideyanı dövlət ideyasına "fəda etmiş", "vətəndaşlar birliyi", "siyasi millət" ideyalarını bölüşən dövlətlər də var. Niyə? Çünki vahid birləşdirici milli ideologiya yoxdur. Azərbaycanda belə bir güclü ideologiya mövcuddur - azərbaycançılıq!

Ulu öndər Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya azərbaycanlılarının birinci qurultayında dövlətin siyasətini səciyyələndirərkən onun daha bir prioritetini bəyan etmişdi: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq".

Prezident Administrasiyasının rəhbəri milli ideyanın formalaşması tarixinin 1993-2003-cü illəri əhatə edən yeddinci mərhələsindən bəhs edərkən deyir: "Bu illər ərzində milli fikir milli müstəqilliyin - suveren dövlətin formalaşdırılmasının yekun inkişaf mərhələsinə qədəm qoydu. Heydər Əliyevin apardığı siyasətin bəhrəsi kimi "millət" anlayışının tərkibinə özünütəyinin bütün kollektiv formaları - etnik, dini, sosial-mədəni, siyasi və s. daxil edildi. Azərbaycan ideyası Azərbaycanda yaşayan və bu ölkəni öz ümumi Vətəni hesab edən bütün etnik qrupların vahid fikri qismində irəli sürüldü. Azərbaycanın çoxsaylı etnik müxtəlifliyi bizim böyük sərvətimizə çevrildi. Bu nemət müasir Azərbaycanı xarakterizə edən dəyərdir və biz onu daim qorumalıyıq. Bu dövrdən etibarən milli özünütəyinin yeni forması daha geniş və yeni şəkildə "azərbaycançılıq" ideologiyası ilə eyniləşdirilməkdədir. Məhz bu dövrdə Azərbaycan xalqının dövlət müstəqilliyinin yaradılması və möhkəmləndirilməsi kontekstində milli fikrin formalaşması prosesi tam olaraq başa çatdı".

Bir qədər irəli gedərək deyək ki, hələ "Azərbaycançılıq - milli ideologiyanın kamil nümunəsi" əsərində də akademik Ramiz Mehdiyev göstərmişdir ki, azərbaycançılıq dövlət siyasətinin strategiyası kimi xalqın bugünü və gələcəyinin qavranılması və qiymətləndirilməsini müəyyən edir: "Dərk etmək lazımdır ki, biz keçid iqtisadi sistemi olan, vətəndaş cəmiyyəti təsisatlarının formalaşdığı tranzitar cəmiyyətdə yaşayırıq və Ermənistanla müharibə vəziyyətindəyik. Belə bir şəraitdə azərbaycançılıq inteqrativ ideoloji sistem kimi, "milli ideya" forması kimi təsəvvür edilir. Bu ideyanın əsasında sivilizasiyalı Avrasiya birliyinin bir hissəsi - özünəməxsus milli özgünlüyə, ənənəyə, milli eyniyyətə və mentalitetə malik Azərbaycan haqqında təsəvvür dayanır".

Bəzən azərbaycançılıq fəlsəfəsi, ideologiyası kökündə milliləşməni ortaq türk kökənindən məsafələnmək, böyük bir etnokulturoloji xəzinədən imtina etmək cəhdləri kimi təqdim etmək, yaxud bunu bu cür dərk edənlər tapılır. Zərərli və yanlış yanaşmadır.

Hər bir etnos imtina etdikləri ilə deyil, qəbul etdiyi, özününküləşdirdikləri ilə zəngindir, varlıdır. Azərbaycan öz milli-tarixi kimliyi ilə fəxr edir. Ancaq tarix də özü ilə təxəyyül və xatirələrlə deyil, kateqoriyalarla davranmağı qəbul edir.

 

Milli ideya - şəxsiyyət və lider tandemi

 

Tarixi gerçəkliyin də imperativliyi qarşısında təzim etdiyi təkzibedilməz faktdır; ilk baxışda bütün zahiri-atributiv əlamətlərinə malik olan hər bir dövlət de-fakto müstəqil sayıla bilmir. Belə bir statusu sabitqədəm edən şərtlər məcmusu mövcuddur ki, onların sırasında pozisionerlik lider, şəxsiyyət institutuna məxsusdur. Məhz lider mahir, cəsarətli kapitan kimi öndərliyini etdiyi xalqı, dövləti dünya siyasət okeanının sualtı maneələrindən məharətlə keçirib sabit, sakit limana çatdırmağa qadirdir.

Azərbaycan xalqının milli ideyasının qərarlaşmasında, milli ideologiyanın formalaşmasında, dövlət siyasətinin müəyyənləşdirilməsində Heydər Əlieyevin tarixi rolu təkzibedilməzdir. O böyük insanın silahdaşı, əqidə yoldaşı olmaq xoşbəxtliyini yaşamış, o böyük dövlət adamının hakimiyyət dərslərini mənimsəmiş filosof və dövlət xadimi Ramiz Mehdiyevin şəxsiyyət və onun konkret millətin tarixində rolu barədə düşüncələri çox maraqlıdır: "Tarix sübut etmişdir ki, dövlətin, cəmiyyətin və qlobal proseslərin inkişafını müəyyən edən başlıca amillərdən biri şəxsiyyət fenomenidir. Tarixi proseslərə obyektiv surətdə təsir göstərən bütün başqa amillər konkret ictimai-siyasi, geosiyasi, sosial-iqtisadi şəraitdən asılıdır. Şəxsiyyətin rolu isə prioritet kimi çıxış edir, çünki məhz konkret şəxsiyyət özünün fəaliyyəti və qəbul etdiyi qərarlarla xalqların, dövlətlərin tarixinə və dünya nizamına təsir göstərə bilər... Azərbaycan xalqının ən yeni tarixində belə bir şəxsiyyət ümummilli lider Heydər Əliyev - sözün həqiqi mənasında millətin və dövlətçiliyin xilaskarı olan insan öz bəsirəti, təcrübəsi və işləri ilə indiyəqədərki bütün dəyərlər və siyasi oriyentirlər sisteminin fövqünə ucalmış şəxsiyyət olmuşdur. Heydər Əliyevin onu tarixi şəxsiyyətlər sırasına çıxaran vətəndaş və siyasi hünəri müxtəlif təhdidlərə və təqiblərə rəğmən siyasətə qayıtmaq və Azərbaycanın taleyini öz əlinə almaq qətiyyətindən ibarət idi".

Sağlam təfəkkürə, milli inkişafın konkret müsbət nəticələrinə söykənən irs-varis ənənələrini pozitiv dəyərləndirən akademik hesab edir ki, Prezident İlham Əliyev şəxsiyyəti ölkənin inkişafının 2003-cü ildə başlanmış növbəti mərhələsinin rəmzinə çevrilmişdir. O, Azərbaycan xalqına məxsus milli ideyanın nəzərdə tutduğu hədəflərə daha tez çatmasının rahat yollarını reallaşdırdı, milli və dövlət müstəqilliyi, sosiomədəni inkişaf, iqtisadi rifah, dünya birliyinə inteqrasiya kimi kateqoriyaları hər cür politoloji nəzəriyyələrin məxrəcinə gətirərək siyasətin konkret iş müstəvisində dəyərləndirilən modelini ortaya qoydu: "Böyük dövlət xadimi kimi İlham Əliyevin malik olduğu şəxsi keyfiyyətlər onu tarixi miqyaslı siyasətçi, millətin kollektiv tarixi təcrübəsini dövlət quruculuğu istiqamətinə yönəldən ali idarəçilik funksiyalarını yerinə yetirməyə sövq edir. Azərbaycan cəmiyyəti və dünya birliyi bu fenomeni 2003-cü ildən bugünə qədər müşahidə edə bilir".

Bu gün Azərbaycanın bəyan etdiyi hədəflər kifayət qədər ambisiyalıdır. Azərbaycanın siyasi sisteminin cənab İlham Əliyev tərəfindən iqtisadi qüdrət və sosial güvən siyasətinə, demokratiya və insan kapitalının dəyərləndirilməsinə, intellektual innovasiyalar və ahəngdar modernləşməyə hesablanmış  dizaynı həmin iddiaların əlçatan olduğunu söyləyir.

 

 

Xalid NİYAZOV

 

Azərbaycan.-2012.-6 yanvar.-S.3.