Davamlı və sabit
inkişafın göstəricisi
2012-ci ilin dövlət büdcəsi
Azərbaycanın sürətli inkişaf yolunda olduğunu bir daha təsdiqləyir
Cəmiyyətdə mütləq
çoxluğun mənafeyini ifadə edən, real təminatlara
söykənən iqtisadi siyasətin həyata keçirilməsi
müasir dövrdə dövlətlərin davamlı tərəqqisinin
vacib şərtlərindən biridir. Müasir
dövrdə hər bir xalqın milli inkişaf strategiyası
özündə həm də ictimaiyyətin müəyyən
gözləntilərini, arzu və istəklərini təcəssüm
etdirir. İqtisadi inkişaf prioritetlərinin düzgün
müəyyənləşdirilməsi ümumi məqsəd və
strategiyanın reallaşdırılmasına imkan
yaradır, habelə modernləşmənin vacib amilinə çevrilir. Bu
prizmadan əminliklə söyləmək olar ki, müstəqil
Azərbaycanın son illərdə əldə etdiyi
böyük makroiqtisadi uğurlar ilk növbədə sistemli
və ardıcıl şəkildə gerçəkləşdirilən
islahatların nəticəsidir.
Bazar
münasibətlərinə söykənən liberal iqtisadi
sistemin qurulmasının, vətəndaşların iqtisadi
azadlığına, təşəbbüskarlığına
geniş meydan verilməsinin, Azərbaycanın zəngin təbii
sərvətlərindən səmərəli istifadə edilməsinin,
respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsinin
və digər konseptual əhəmiyyətli tədbirlərin
nəticəsi olaraq son illərdə Azərbaycan
iqtisadiyyatı təkcə sürətli inkişafla deyil, eyni
zamanda yeni keyfiyyət parametrləri ilə özünü təsdiqləmişdir.
Ən müxtəlif iqtisadi mərkəzlər respublikanın
davamlı iqtisadi yüksəlişi timsalında XXI əsrin
yeni iqtisadi fenomenini görür, Azərbaycan modelinin mahiyyətini
öyrənməyə çalışırlar.
Dünya
İqtisadi Forumunun hesablamaları göstərir ki, Azərbaycan
2011-ci ildə rəqabət qabiliyyətinə görə
Müstəqil Dövlətlər Birliyi məkanında birinci
yerdədir. Dünyanın nüfuzlu reytinq agentliklərinin Azərbaycanla
bağlı göstəriciləri də kifayət qədər
qənaətbəxşdir. Məsələn,
"Moods İnvestors Servises" beynəlxalq reytinq agentliyi
respublikamızın istiqrazlarına təyin etdiyi "Ba1"
reytinqini təsdiq edərək xarici valyuta üzrə
"Baa2" və yerli valyuta üzrə "A3" reytinqlərinin
proqnozunun "sabit"dən "pozitiv"ə
qaldırılması barədə qərar qəbul etmişdir.
Eyni zamanda, "Fitch Ratings" beynəlxalq reytinq agentliyi təyin
etdiyi uzunmüddətli yerli və xarici valyuta reytinqini
"BBB" investisiya səviyyəsində saxlayaraq, reytinq
üzrə proqnozun "sabit"dən "pozitiv"ə dəyişdirilməsi
barədə qərar vermişdir.
Son
illər respublikada milli əhəmiyyətli daha bir məsələ
uğurlu həllini tapmış, Azərbaycan iqtisadi sahədə
keçid dövrünü uğurla başa vuraraq sosiomədəni
modernləşmənin keyfiyyətcə yeni mərhələsinə
qədəm qoymuşdur. Prezident İlham Əliyevin rəhbərliyi
altında həyata keçirilən dövlət siyasəti
iqtisadi sahədə ənənəvi hesab edilən neft-qaz
sektoru ilə bərabər, investisiya, sahibkarlıq, maliyyə-bank
sektoru, tədiyə balansı, kənd təsərrüfatı
kimi bölmələrdə dinamik inkişafı təmin
etmişdir. Eyni zamanda, beynəlxalq iqtisadi münasibətlərin
milli maraqların qorunması çərçivəsində
gücləndirilməsi qlobal strukturlara səmərəli
inteqrasiyanı daha da sürətləndirmişdir. Bu fonda əhalinin
sosial müdafiəsi məsələsi daim ön planda
tutulmuş, bunun üçün əməli addımlar
atılmış, müvafiq dövlət proqramları qəbul
olunmuş, qanunvericilik bazası daha da təkmilləşdirilmişdir.
Ümumiyyətlə,
Azərbaycan iqtisadi sahədə islahatları uğurla
başa çatdırmaqla MDB məkanında keçid
dövrünü başa vurmuş öncül dövlətlər
sırasındadır. Bundan sonrakı dövrü isə daha
çox bazar münasibətlərinin möhkəmləndirilməsi
və inkişaf etdirilməsi, modernləşmə
strategiyasının reallaşdırılması mərhələsi
kimi səciyyələndirmək olar. Dövlət
başçısı İlham Əliyev praqmatik siyasətçi
kimi bu mərhələdə də qarşıda duran vəzifələri
düzgün qiymətləndirir, xalqın mənafeyi
baxımından bir sıra strateji məqsədləri önə
çəkir. Dövlət
başçısının 29 noyabr 2011-ci il tarixli "Azərbaycan
2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyasının hazırlanması barədə" sərəncamı
da ölkənin uzunmüddətli inkişaf
strategiyasının müəyyənləşdirilməsi
baxımından vacib əhəmiyyətə malikdir. Sərəncamın
preambula hissəsində göstərildiyi kimi: "Son
dövrdə ölkəmizdə həyata keçirilən
islahatlar bütün sahələrdə müsbət nəticələrin
əldə olunmasına şərait yaratmışdır. Bu
illər ərzində, xüsusilə də son onillikdə Azərbaycanda
makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunmuş,
yoxsulluğun azaldılmasında və əhalinin sosial
rifahının yüksəldilməsində ciddi uğurlar
qazanılmışdır. Bütün bunlarla bərabər,
sərbəst bazar iqtisadiyyatı institutlarının
yaradılması və sahibkar təşəbbüskarlığına
söykənən iqtisadiyyat modelinin bərqərar olması,
iqtisadi və sosial infrastrukturun təkmilləşdirilməsi
ölkəmizin gələcək inkişafı
üçün geniş imkanlar açmışdır".
Sərəncamda
həmçinin vurğulanır ki, hazırda Azərbaycanın
yeni inkişaf mərhələsinin əsas hədəfi
çoxşaxəli, səmərəli və
innovasiyayönümlü iqtisadiyyatın
formalaşdırılması, sosial sahədə önləyici
inkişaf trendinin təmini, əhalinin rifahının layiqli,
qabaqcıl beynəlxalq
standartlara uyğun səviyyəyə
çatdırılması, habelə elmin, mədəniyyətin
inkişafında, ictimai həyatın bütün istiqamətlərində
yeni nailiyyətlərin əldə olunmasıdır.
2020-ci
ilə qədərki dövrü əhatə edən milli
inkişaf konsepsiyasının hazırlanması zərurəti
həm də mövcud iqtisadi uğurların
davamlılığını təmin etmək, istifadəsi zəruri
resursları fəal dövriyyəyə cəlb etmək niyyətindən
irəli gəlir. Eyni zamanda, iqtisadi sahədə
qazanılan uğurların miqyası hökumətə
inkişafın perspektivləri barədə qlobal
düşünməyə və irimiqyaslı layihələr
hazırlamağa imkan verir. 2011-ci ilin ötən
dövründə dünyada qlobal iqtisadiyyatın inkişaf
istiqamətində hərəkətə gəlməsi, enerji
daşıyıcılarının qiymətlərinin
yüksəlməsi, habelə əlverişli xarici mövqe və
daxili tələbin genişlənməsi fonunda Azərbaycan
iqtisadiyyatında artım meyilləri davam etmişdir.
İqtisadi aktivliyin hökumət tərəfindən dəstəklənməsi
iqtisadiyyatın inkişaf dinamikasına müsbət təsir
göstərmiş, xaricdən gələn müəyyən
inflyasiya meyillərinə baxmayaraq, makroiqtisadi sabitlik
qorunmuşdur. Eyni zamanda, yüksək iqtisadi inkişaf meyilləri
respublikanın maliyyə resurslarının kəskin
artımına, qeyri-neft sektoruna böyük həcmdə
investisiyaların yatırılmasına imkan vermişdir. Bu
müddətdə ölkənin valyuta ehtiyatları 26 faiz
artaraq 37,4 milyard ABŞ dollarını ötmüşdür.
İlin sonunadək respublikanın valyuta ehtiyatlarının
ÜDM-ə nisbətinin hazırkı 65 faizdən 75 faizə
yüksələcəyi gözlənilir.
2011-ci
ilin ötən dövründə əldə olunmuş əhəmiyyətli
sosial-iqtisadi göstəricilər əhalinin rifah
halının yaxşılaşdırılmasına, o
cümlədən gəlirlərin və orta aylıq əməkhaqqının
artmasına real şərait yaratmışdır. 11 ayın
göstəricilərinə əsasən, ümumi daxili məhsul
istehsalının artımı 0,2 faiz təşkil etsə də,
qeyri-neft sektorunda qeydə alınmış 9,5 faizlik
artımı mühüm makroiqtisadi göstərici kimi səciyyələndirmək
olar. Ölkə əhalisinin banklardakı əmanətləri
27,3, pul gəlirləri 19,2, orta aylıq əməkhaqqı
8,7 faiz (10 ayın nəticələrinə əsasən)
artmışdır. Ötən ilin 9 ayında əhalinin gəlirlərinin
artım sürəti inflyasiya səviyyəsini 10,8,
adambaşına düşən gəlirlərin artım
sürəti isə 9,2 faiz bəndi üstələmişdir.
Bu da, öz növbəsində, ölkədə məcmu tələbi
yüksək səviyyədə saxlamaqla, pərakəndə əmtəə
dövriyyəsinin 10,3 faiz artmasına səbəb olmuşdur.
Müasir
dövrdə dövlət büdcəsi hər bir dövlətin
inkişafının mühüm göstəricisi
sayılır. Büdcənin real göstəriciləri
və artım səviyyəsi hər hansı dövlətdə
təkcə vətəndaşların yaşayış səviyyəsini
deyil, ümumən hökumətin fəaliyyətinin səmərəliliyini,
faydalı iş əmsalını dəyərləndirməyə
imkan verir. Büdcə dövlətin hərtərəfli
inkişafı baxımından zəruri olan sosial infrastruktur
layihələrinin həyata keçirilməsi,
iqtisadiyyatın şaxələndirilməsi üçün əsas
maliyyə mənbəyi rolunu oynayır. Bu
baxımdan, Azərbaycan Respublikasının 2012-ci il dövlət
büdcəsi respublikamızın qlobal böhranın tam səngimədiyi
bir şəraitdə dinamik inkişaf edən, məqsədlərinə
doğru inamla addımlayan, qlobal layihələri daxili
imkanları hesabına gerçəkləşdirən
dövlət olduğunu bir daha təsdiqləyir. "Büdcə sistemi haqqında" qanuna, habelə
respublikanın sosial-iqtisadi inkişaf konsepsiyasına uyğun
olaraq tərtib edilən dövlət büdcəsində
qlobal proseslərin milli
iqtisadiyyatda təsirləri, habelə 2013-2016-cı illərdə
gözlənilən nəticələr də ciddiliklə nəzərə
alınmışdır.
Növbəti
il üçün büdcə siyasətinin əsas məqsədləri
maliyyə intizamının gücləndirilməsinə,
şəffaflığın daha da artırılmasına,
qeyri-neft sektorunun dayanıqlı inkişafına, makroiqtisadi vəziyyətin
sabit saxlanılmasına, dinamik inkişafın
stimullaşdırılmasına nail olmaqdan ibarətdir. Bu reallıqlara nəzərən
hazırlanmış 2012-ci ilin dövlət büdcəsi əhalinin
maddi rifahının yaxşılaşmasını, investisiya
qoyuluşlarının həyata keçirilməsini və
makroiqtisadi sabitliyin təmin olunmasını strateji məqsəd
kimi müəyyənləşdirməklə yanaşı,
davamlı inkişafın ümumi nəticələrini
özündə əks etdirir. Büdcə
qanununun məzmunu ölkə iqtisadiyyatının inkişaf
tempinin qorunub saxlanmasını, sosial-iqtisadi islahatların əvvəlki
illərdə olduğu kimi davam etdirilməsini, əhalinin
maddi rifahının təmin olunmasını, sosial şəraitinin
yaxşılaşmasını, investisiya
qoyuluşlarının həyata keçirilməsini,
iqtisadiyyatın diversifikasiyasını və digər tədbirləri
nəzərdə tutur.
2012-ci
ildə dövlət büdcəsinin gəlirləri ənənəvi
olaraq fiziki və hüquqi şəxslərin gəlir, əmlak,
torpaq vergiləri, habelə respublika ərazisinə malların
idxalına görə dəyər və aksiz vergiləri, yol
vergisi, mədən vergisi, gömrük rüsumları,
dövlət əmlakının icarəsi və digər mənbələr əsasında
formalaşacaqdır. Təsdiq edilmiş büdcəyə əsasən,
gəlirlər 16,438 milyard, xərclər hissəsi isə
17,072 milyard manat həcmində proqnozlaşdırılır.
2012-ci ilin büdcə gəlirləri 2011-ci ilin proqnozundan 5,7
faiz çoxdur.
2012-ci
ildə Vergilər Nazirliyi üzrə büdcəyə
daxilolmalar 5 311,6 milyon manat, o cümlədən neft-qaz
sazişləri çərçivəsində işləyən
podratçı şirkətlərin əlavə dəyər
vergisi üzrə ödənişlər 810 milyon manat,
ARDNŞ üzrə birləşdirilmiş vergilər və
digər ödənişlər (mənfəət vergisi istisna olmaqla) 1
321,6 milyon manat, qeyri-neft sektorundan vergi və qeyri-vergi ödənişləri
3 180 milyon manat təşkil etməlidir. Dövlət
Gömrük Komitəsi üçün proqnoz isə 1,2
milyard manat həcmində müəyyənləşdirilmişdir.
Cari
ilin dövlət büdcəsi xərclərində dövlət
xidməti üçün 1202,5 milyon manat, müdafiəyə
1 381,4 milyon manat, məhkəmə, hüquq-mühafizə
orqanları və prokurorluqlara 945,1 milyon manat, təhsilə
1582,9 milyon manat, səhiyyəyə 658,7 milyon manat, sosial
müdafiə və sosial təminata 1785,8 milyon manat, mədəniyyət
və incəsənətə 254,8 milyon manat, kommunal və mənzil
təsərrüfatına 344,4 milyon manat, kənd təsərrüfatı,
balıqçılıq, meşə təsərrüfatı,
ovçuluq təsərrüfatı və ətraf mühitin
mühafizəsinə 472,7 milyon manat, sənaye və tikinti
sektoru, eləcə də faydalı qazıntılara
5794,1 milyon manat, nəqliyyat və rabitəyə 87,91 milyon
manat, iqtisadi fəaliyyətə 185,9 milyon manat nəzərdə
tutulur. Dövlət büdcəsinin defisiti 387 milyon manat və ya ÜDM-in 0,9
faizi səviyyəsində proqnozlaşdırılır.
2012-ci il dövlət büdcəsinin kəsiri isə
ÜDM-in 1,3 faizi səviyyəsində olacaqdır.
2012-ci ildə
Dövlət Neft Fondundan büdcəyə transfertlərin məbləği
9 milyard 905 milyon manat proqnozlaşdırılır. Eyni zamanda, Dövlət Neft Fondundan əlavə
olaraq 200 milyon manat Samur-Abşeron suvarma sisteminin yenidən
qurulmasına, 252,2 milyon manat Bakı-Tbilisi-Qars dəmir yolu
layihəsinə, 15 milyon manatı "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" ilə bağlı xərclərin
maliyyələşdirilməsinə, həmcinin 110
milyonu qaçqın və məcburi köçkünlərin
sosial-məişət şəraitinin
yaxşılaşdırılmasına yönəldiləcəkdir.
Dövlət
Neft Fondundan büdcəyə daxilolmaların əvvəlki illərlə
müqayisədə nisbətən artmasına normal
yanaşmaq lazımdır. Nəzərə almaq
lazımdır ki, Azərbaycan hökuməti Dövlət Neft
Fonduna daxil olan vəsaitləri ölkənin ümumi gəlirlərindən
təcrid edilmiş halda götürmür. Daha dəqiqi, bu və
digər layihələrin maliyyələşdirilməsi
üçün Fondun vəsaitlərindən hər il
dövlət büdcəsinə müəyyən həcmdə
transfertlər edilir. Bu, davamlı inkişafa xidmət edən
strateji əhəmiyyətli infrastruktur layihələrinin
böhran şəraitində də uğurla davam etdirilməsi
baxımından son dərəcə vacibdir.
Nəzərə
almaq lazımdır ki, bu ilin büdcəsində neftin qiymətləri
nisbətən ehtiyatlı yanaşma ilə bazar qiymətlərindən
xeyli az - 80 ABŞ dolları səviyyəsində
götürüldüyü halda, Dövlət Neft Fonduna vəsaitlər
bazar qiymətləri ilə daxil olacaqdır. Ekspertlər məhz bu fərqi nəzərə
alaraq gələn il Fondun vəsaitlərinin nəzərəçarpacaq
dərəcədə artacağını
proqnozlaşdırırlar. Habelə ortamüddətli
dövrdə bu məbləğ daha az, yəni 75 ABŞ
dolları səviyyəsində nəzərdə
tutulmuşdur. Ekspertlərin fikrincə, xam neftin
bir barelinin qiymətinin 100 ABŞ dollarından yuxarı olmaqla
qərarlaşan qiymət səviyyəsi ilə müqayisədə
proqnoz məbləğlərin əhəmiyyətli dərəcədə
aşağı səviyyədə göstərilməsi
neftin qiymət konyunkturundakı ciddi risklərdən
sığortalanmanın təminatçısı və
məqbul mühafizəkar yanaşma kimi müsbət dəyərləndirilməlidir.
Yeri gəlmişkən,
Azərbaycanda hər ilin ortalarında dövlət büdcəsinə
yenidən baxılması, gəlir və xərcləri
artırması dinamik inkişaf göstəricisi kimi təqdirəlayiqdir.
Bu cür sürətli artıma və büdcə dəqiqləşdirmələrinə
dünyanın çox az ölkələrində rast gəlinir.
Azərbaycan hökuməti isə ilk növbədə
şəffaflıq, ədalətlilik, dürüstlük,
sosial ədalət prinsipini rəhbər tutaraq, habelə vətəndaşların
rifah halının davamlı şəkildə yüksəldilməsi
məramını qarşıya məqsəd qoyaraq bu təcrübədən
məqsədyönlü şəkildə bəhrələnir.
Dövlət büdcəsinə dəyişikliklərin edilməsi
hökumətin fəaliyyətinin effektivlik əmsalını
daha da artırır, qarşıya qoyulmuş məqsədlərin
realizəsinə yaxşı imkanlar açır.
2012-ci
ildə büdcə xərclərinin əsas prioritetləri xərclərin
sosial və investisiya yönümlüyünün təmin
edilməsindən, dövlətin müdafiə qabiliyyətini
gücləndirmək üçün tələb olunan maliyyə
ehtiyatlarının yaradılmasından, ünvanlı sosial
yardımın, regionların sosial-iqtisadi inkişafına dair tədbirlərin,
investisiya və sosial proqramların, xarici borc və öhdəliklərin
maliyyə təminatından və digər tədbirlərdən
ibarət olacaqdır. Gələn il dövlət büdcəsi
strukturunun və icrası prosesinin təkmilləşdirilməsi,
bu sahədə şəffaflığın və
ünvanlılığın təmin edilməsi istiqamətində
tədbirlər davam etdiriləcəkdir.
Büdcə xərclərinin
əsas istiqamətləri sırasında isə birinci yeri yenə
də dövlət əsaslı vəsait qoyuluşları
tutur - bu təsnifat üzrə büdcədə 5777,1, milyon
manat vəsait ayrılmışdır. Dövlət əsaslı
vəsait qoyuluşu xərclərinin artırılması
hazırkı mərhələdə sosial tələbat kimi
ortaya çıxmışdır. Belə ki, müasir tələblərə
cavab verən infrastruktur yaratmadan sahibkarlığın,
turizmin, qeyri-neft sektorunun inkişafından, mədəni-intellektual
inkişafdan danışmaq qeyri-mümkündür. Dövlət investisiyaları hesabına əhəmiyyətli
infrastruktur, kommunal və sosial obyektlərin inşası və
yenidən qurulması da məhz qeyd olunan məqsədlərin
gerçəkləşdirilməsi baxımından vacibdir.
İnfrastruktur layihələrinə dövlət büdcəsindən
ayırmaların ildən-ilə yüksək templə
artması ilk növbədə dövlət
başçısı İlham Əliyevin ictimai həyatın
bütün sahələrində modernləşməyə
nail olmaq istəyindən irəli gəlir.
Sovet
dövründən qalmış infrastrukturla müasir Azərbaycanın
artan ehtiyaclarını təmin etməyin, iqtisadi inkişafda
davamlı və sabit inkişafa nail olmağın
qeyri-mümkünlüyü yaxşı məlumdur. Müasir
tələblərə cavab verən infrastruktur yaratmadan
sahibkarlığın, turizmin, qeyri-neft sektorunun inkişafından,
mədəni-intellektual yüksəlişindən
danışmaq qeyri-mümkündür. Dövlət
investisiyaları hesabına əhəmiyyətli infrastruktur,
kommunal və sosial obyektlərin inşası və yenidən
qurulması da məhz qeyd olunan məqsədlərin gerçəkləşdirilməsi
baxımından vacibdir. Ümumbəşəri
sivilizasiyanın ən yüksək səviyyəyə
çatdığı bir şəraitdə Azərbaycanın
bir ölkənin vətəndaşının
normal yaşayışı üçün kommunal xidmətlərin
səviyyəsinin yüksəldilməsi, zəruri infrastruktur
layihələrinin gerçəkləşdirilməsi, ilk
növbədə, əhalinin fasiləsiz olaraq elektrik enerjisi,
təbii qaz, içməli su ilə təminatı,
yolların bərpası və yenidən çəkilişi,
zəruri abadlıq işlərinin aparılması
dövlətin bir nömrəli vəzifəsi sayılır.
Ümumiyyətlə,
neftdən qazanılan vəsaitlərin müəyyən
qisminin infrastruktur layihələrinin maliyyələşdirilməsinə
yönəldilməsi də respublikamızın milli
inkişaf modelinin obyektiv mahiyyətindən irəli gəlir.
İnfrastrukturun yeniləşdirilməsi insanların firavan və
rahat yaşayışı, sahibkarlığın dinamik
inkişafı məsələləri ilə yanaşı, həm də
ölkənin milli təhlükəsizliyi ilə
bağlıdır. Ümumbəşəri sivilizasiyanın ən
yüksək səviyyəyə çatdığı bir
şəraitdə Azərbaycan kimi bir ölkənin vətəndaşının
normal yaşayışı üçün kommunal xidmətlərin
səviyyəsinin yüksəldilməsi, zəruri infrastruktur layihələrinin gerçəkləşdirilməsi,
ilk növbədə əhalinin fasiləsiz olaraq elektrik
enerjisi, təbii qaz, içməli su ilə təminatı,
yolların bərpası və yenidən çəkilişi,
zəruri abadlıq işlərinin aparılması dövlətin
bir nömrəli vəzifəsi olmalıdır.
Bütün bunlar isə nəticə etibarilə Azərbaycan
insanının mədəni-intellektual səviyyəsinin
yüksəlişinə, mənəvi-əxlaqi dəyərlərin
cəmiyyətdə əsas meyara çevrilməsinə xidmət
edir.
Nazirlər
Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş iclasında
Prezident İlham Əliyev demişdir: "İcmal büdcə
isə 25 milyard dollar səviyyəsində olacaqdır. Bu,
çox böyük rəqəmdir, böyük məbləğdir.
Əgər biz adambaşına düşən büdcə xərclərini
hesablasaq, görərik ki, bu göstərici üzrə Azərbaycan
dünya miqyasında ön sıralardadır. Növbəti
aylarda, xüsusilə 2012-2013-cü illərdə biz
çalışmalıyıq ki, ölkə
qarşısında duran əsas infrastruktur layihələrini
icra edək. Bu layihələrin sayı kifayət qədər
çoxdur. Bugünkü müşavirədə onların
sadəcə olaraq bəziləri qeyd edildi. Hər bir istiqamət
üzrə çox böyük, nəhəng infrastruktur layihələri
icra edilir. Mən bu layihələrin icrası ilə
bağlı vaxtaşırı məlumatlar alıram, yerlərdə
tanış oluram. Çox böyük meliorasiya layihələri
icra edilir. Şəmkirçay su anbarı və orada elektrik
stansiyası tikilir. Mən Taxtakörpü su anbarının
tikintisi ilə bu yaxınlarda tanış olmuşam, kanallar
tikilir. Yəni, nadir infrastruktur layihəsidir ki, onilliklər
bundan sonra Azərbaycanın inkişafını, xüsusilə
kənd təsərrüfatının inkişafını təmin
edəcəkdir".
2012-ci ilin
dövlət büdcəsi eyni zamanda hökumətin son illərdə
həyata keçirdiyi sosial-liberalizm xəttinin dönməzliyinə
və sabitliyinə dəlalət edir. Hökumətin
əsas siyasəti vətəndaşların sosial vəziyyətinin
yaxşılaşdırılmasını təmin etməkdən
ibarət olduğundan yeni büdcə zərfində də bu
məsələ prioritet kimi nəzərə
alınmışdır. 2011-ci illə müqayisədə gələn
il sosialyönümlü xərclərin xüsusi çəkisi
27,8 faiz təşkil edəcək və ya 0,9 faiz çox
olacaqdır. Mütləq ifadədə sosialyönümlü
xərclər üzrə 4713,4 milyon manat vəsait proqnozlaşdırılmışdır.
Bu, 2011-ci ilə nisbətən 417,3 milyon manat və ya 9,7 faiz,
2010-cu illə müqayisədə isə 1010 milyon manat və
ya 27,3 faiz çoxdur.
Bütövlükdə
sosial müdafiə və sosial təminat xərcləri
üçün büdcədə 1781614,7 min manat təşkil
edəcəkdir. Məhz bu vəsait hesabına gələn il
üçün əhalinin gəlirlərinin və orta
aylıq əməkhaqqının müvafiq olaraq 6,8 faiz və
5,5 faiz səviyyəsində artması nəzərdə
tutulmuşdur. Orta aylıq əməkhaqqının məbləği
bu ilin sonuna gözlənilən məbləğlə
müqayisədə 45,7 manat çox olmaqla, 432,5 manat və ya
547,5 ABŞ dolları təşkil edəcəkdir. Növbəti ildə inflyasiyanın 6 faiz səviyyəsində
proqnozlaşdırılmasına baxmayaraq, əhalinin gəlirləri
üzrə artımın inflyasiyanı 0,8 faiz üstələməsi
fərdi istehlak tələbinin qorunub saxlanılmasına
müsbət təsir göstərəcəkdir.
Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 6 dekabr tarixdə təsdiq etdiyi "Azərbaycan
Respublikasında 2012-ci il üçün yaşayış
minimumu haqqında" qanunla 2012-ci il üçün
yaşayış minimumunun ölkə üzrə 108 manat, əmək
qabiliyyətli əhali üçün 116 manat,
pensiyaçılar üçün 84 manat, uşaqlar
üçün 87 manat məbləğində müəyyənləşdirilməsi
də sosial məsələlərin həllinin daim diqqət mərkəzində
olduğunu göstərir. Eyni zamanda, dövlət
başçısının 2011-ci il 6 dekabr tarixli "Azərbaycan
Respublikasında 2012-ci il üçün ehtiyac meyarı
haqqında" qanununa əsasən, ünvanlı dövlət
sosial yardımının təyin edilməsi məqsədi ilə
2012-ci il üçün ehtiyac meyarının həddi 84
manat məbləğində təsdiq edilmişdir. Müqayisə
üçün bildirək ki, ehtiyac meyarının həddi
2008-ci il yanvarın 1-dən 45 manat, iyulun 1-dən 55 manat,
2009-cu il yanvarın 1-dən 60 manat, 2010-cu il yanvarın 1-dən
65 manat, 2011-ci ildə 75 manat məbləğində təsdiq
edilmişdir. Şübhəsiz, bütün bunlar vətəndaşların
sosial müdafiə tədbirlərinin hökumət
üçün nə dərədəcə mühüm əhəmiyyət
kəsb etdiyini bir daha təsdiqləyir.
Azərbaycanda sosial məsələlərə
xüsusi diqqət yetirilməsi həm də respublikanın 70
il sosializm sistemində yaşaması ilə səciyyələnir.
Uzun illər bu sistemdə - mərkəzləşdirilmiş iqtisadiyyat
şəraitində maddi yaşayışını təmin
edən vətəndaşların müəyyən qisminin
keçid dövrünün gerçəkliklərinə,
habelə bazar iqtisadiyyatı prinsiplərinə
uyğunlaşması bir qədər çətin və
mürəkkəb prosesdir. Bu prizmadan keçmiş SSRİ
respublikalarında, o cümlədən Azərbaycanda vətəndaşların
sosial problemlərinin xüsusi diqqət mərkəzində
saxlanılması son dərəcə vacibdir. Sərt bazar
qanunlarının diktə etdiyi şərtlərin vətəndaşların
mənafeyinə toxunmaması, istehsalçı və
istehlakçının maraqlarının
uzlaşdırılması zərurəti bütün
dünyada eyni inkişaf kursu seçmiş dövlətləri
düşündürən mühüm məsələlərdəndir.
Azərbaycanda son illərdə bu sahədə
formalaşmış uğurlu təcrübə analoji
inkişaf yoluna yeni qədəm qoymuş digər ölkələr
üçün də model rolunu oynaya bilər. Bu modelin
unikallığı ondan ibarətdir ki, respublikada yeni
mülkiyyət formalarının yaranmasına,
sahibkarlığın daha sürətli inkişafına
yönəlmiş kompleks tədbirlər sistemi əhalinin
sosial baxımdan nisbətən zəif təbəqəsinin
maraqlarını inkar etmir. Eyni zamanda, müəyyən zərurət
qarşısında həyata keçirilən sərt
islahatlar sosialyönümlü tədbirlərlə kompensasiya
edilir.
Əhalinin sosial müdafiəsinin
gücləndirilməsi tədbirlərinin - 2011-ci ildə əməkhaqlarının
bir hissəsinin, pensiyaların artımının maliyyə təminatı
və əməkhaqlarının digər hissəsinin gözlənilən
artımının tətbiqi, həmçinin 2012-ci ildə
ünvanlı dövlət sosial yardımının təyin
olunması üçün istifadə edilən ehtiyac
meyarının həddinin artımı məqsədilə
2012-ci ilin dövlət büdcəsində təxminən 800
milyon manat vəsait nəzərdə tutulmuşdur.
Azərbaycan
müharibə şəraitində yaşayan dövlət
olduğundan gələn ilin büdcəsində müdafiə
xərcləri də əhəmiyyətli yer tutur. 2012-ci ildə
isə respublikanın müdafiə xərcləri 1.381.425.503
manat təşkil edəcəkdir və bu da dövlət
büdcəsi xərclərinin 14,8 faizini təşkil edir.
2011-ci ilə nisbətən müdafiə xərcləri 1,9
faiz çox olacaqdır. Xatırladaq ki, Azərbaycan 2011-ci
ilin dövlət büdcəsindən müdafiə sahəsinə
1 mlrd. 325 mln. 61 min manat vəsait ayırmışdır.
Bununla yanaşı, müdafiə potensialını gücləndirmək
məqsədi ilə dövlət büdcəsindəki 2012-ci
ilin əsaslı xərclərində xüsusi müdafiə
və hərbi təyinatlı layihələr və tədbirlər
üzrə 1.669.8 milyon manat nəzərdə tutulmuşdur.
Eyni zamanda, gələn il ehtiyatda olan hərbi qulluqçular
üçün kirayə haqları məqsədi ilə əlavə
olaraq 1,4 mln. manatın verilməsi məqbul hesab olunmuşdur.
2012-ci ilin dövlət büdcəsində
təhsil xərcləri üçün 1575861,3 min manat vəsait
nəzərdə tutulmuşdur və bu da 2011-ci ilin proqnoz
göstəricisindən 176058,4 min manat və ya 12,6 faiz
çoxdur. Növbəti büdcə ilinə təhsil xərclərinin
dövlət büdcəsində xüsusi çəkisi 11,8,
ÜDM-də xüsusi çəkisi isə 4,6 faiz təşkil
edəcəkdir.
Elm xərclərinin
artırılması da məqsədyönlü xarakter
daşıyır: Azərbaycanda innovasiyalı inkişafa
keçidin zəruriliyi insan kapitalının
reallaşdırılmasına, ümumi rifah səviyyəsini
təkmilləşdirmək məqsədi ilə insanların
potensial imkanlarının səmərəli tətbiqinə əsaslanan
elmi strategiyanın yaradılmasını şərtləndirir.
Qlobal rəqabət şəraitində respublikanın elmi
potensialının davamlı şəkildə yüksəldilməsi,
gənc, kreativ və intellektual səviyyəli insanların
istedadından maksimum istifadə edilməsi dövlətin
innovasiyalı inkişafını təmin etmək
baxımından son dərəcə zəruridir. Milli elm və
təhsil sistemi qloballaşan dünyanın reallıqlarını, habelə
yeni nəslin yetişdirilməsi, tərbiyə olunması sahəsində
ən müasir bilik və texnologiyalarını, dünyada cərəyan
edən pozitiv meyillərə cavab verən mütərəqqi
metodları özündə əks etdirməlidir. Vətəndaşa
sərmayə qoyulması, onun fərdi keyfiyyətlərinin və
qabiliyyətlərinin inkişafı, nanotexnologiyaları dərindən
mənimsəmiş yeni menecerlər sinfinin yaradılması,
intellektin milli inkişafda prioritet amil kimi müəyyənləşdirilməsi
ölkədə həyata keçirilən siyasətin
ümumi mahiyyətini təşkil edir. İqtisadi
resursların insan kapitalının inkişafına yönəldilməsi
yolu ilə formalaşan yeni təfəkkürlü intellektual
elita ölkənin perspektiv inkişafının əsas
lokomotivi - aparıcı qüvvəsi kimi
çıxış edəcəkdir.
2012-ci ilin dövlət büdcəsində
2012-ci ildə həyata keçirilməsi nəzərdə
tutulan elmi-tədqiqat işlərinə və onların idarə
olunmasına 122606,6 min manat vəsait ayrılmışdır
və bu da 2011-ci ilin proqnoz göstəricisindən 7978,8 min
manat və ya 7 faiz, 2010-cu il göstəricisi ilə müqayisədə
isə 18403,4 min manat, yaxud 17,7 faiz çoxdur. Layihədə
köməkçi bölmələr üzrə xərclərin
böyük hissəsinin elmi müəssisələrin
saxlanmasına, həmin müəssisələrdə
çalışan işçilərin əməkhaqlarının
ödənilməsinə yönəldilməsi nəzərdə
tutulmuşdur. 2012-ci ildə elm xərclərində elmi-tədqiqat
layihələrinin Azərbaycan Respublikası Prezidenti
yanında Elmin İnkişafı Fondu vasitəsilə həyata
keçirilməsi üçün 7 milyon manat, latın
qrafikalı kitabların çap edilməsinə 5 milyon manat,
elmi obyektlərin yenidən qurulması və əsaslı təmirinə
3 milyon manat, akademiyanın elmi-tədqiqat institutlarının
müasir tələblərə cavab verən laboratoriya
avadanlıqlarının alınması xərclərinə 2
milyon manat nəzərdə tutulmuşdur.
Ümumilikdə, Azərbaycan
Respublikasının 2012-ci il üçün dövlət
büdcəsi bir daha təsdiqləyir ki, son illərdə
respublikamızın əldə etdiyi uğurlu nəticələrin
arxasında cənab İlham Əliyevin həyata keçirdiyi
məqsədyönlü siyasət, elmi əsaslara və
ölkəmizin mövcud potensialına söykənən
inkişaf prioritetləri dayanır. Əminliklə demək
olar ki, dövlət başçısının
yürütdüyü bu iqtisadi siyasət nəticəsində
respublikanın inkişaf tempi yüksələn xətlə
davam edəcək, əhalinin sosial müdafiəsi tədbirlərinin
gücləndirilməsi sahəsində əlavə tədbirlər
həyata keçiriləcəkdir.
Müşfiq ATAKİŞİYEV,
iqtisad elmləri doktoru,
professor
Azərbaycan.-2012.-6
yanvar.-S.5.