Üzüm böyük sərvətdir

 

 Gərək qədrini bilək

 

 Respublikamızda üzümçülüyün inkişafında 2002-ci ildən başlayan silsilə dövlət tədbirləri sayəsində 1990-cı illərlə müqayisədə çox böyük irəliləyişlər müşahidə olunur. Lakin bu sahədə sistemli surətdə daha böyük tədbirlərin görülməsi vacibdir. "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı" bu mənada xüsusi əhəmiyyətə malikdir. Proqramda üzümçülük və şərabçılığın mövcud vəziyyəti ətraflı təhlil edilmiş, onun inkişaf yolları çox aydın göstərilmişdir.

Bəri başdan deyək ki, bu, çox mühüm bir sənəddir. Respublikamız iki milyon tondan çox məhsul verəndə də bizdə üzümçülüyün dərin elmi əsasları olmamışdır. Ulu öndər dəfələrlə qeyd etmişdir ki, üzümçülükdə elm istehsalatdan geri qalır. Fikrimizcə, bu yeni dövlət proqramı ilk növbədə həmin kəsiri aradan qaldıracaqdır.

Sovet dönəmində üzümlüklərin hamısında bir ölçüdə yol götürülürdü. Mövcud dörd adda olan yolların fərqinə varılmırdı, bu qayda ilə torpaq israfçılığına yol verilirdi. Şpaler qurulmasında da müəyyən nöqsanlar var idi. Torpağın relyefimünbitlik dərəcəsi qədərincə nəzərə alınmır, hər yerdə üç məftilli şaquli şpaler qurulurdu.

İndi vəziyyət nisbətən nizama düşür. Fərəhli haldır ki, Gəncədə "Şərab-2" SC-də, Göygöldəki "Aqro-Azərinvest"də və şərab kombinatında, Qəbələnin "Aspi-Aqro" üzümçülük  təsərrüfatında, Şəmkirin "Şərq ulduzu" təsərrüfatında üzümçülüyün daha mütərəqqi üsullarından bacarıqla istifadə edirlər. Əvvəllər heç də mükəmməl təcrübəsi olmayan Saatlı rayonundaki "Bakı Şərab-2" zavodunun hazırda qabaqcıl təcrübəyə malik üzümlükləri var.

Dövlət proqramında xüsusi vurğulanır ki, yeni üzümlüklərin salınmasının əsas bazası ting istehsalıdır. Halbuki, respublikada üzüm tingi istehsalı tamamilə dayanmışdı. İrimiqyaslı üzümçülük təsərrüfatları  calaq tingi  xaricdən  - yəni Fransadan, İtaliyadan, Türkiyədən, Gürcüstandan gətirir. Söz yox ki, hər bir ölkə  tingi öz sortlarından hazırlayır. Elə buna görə də yeni  üzümlüklərimiz fransızlaşır, italyanlaşır, öz ata-baba kökündən ayrı düşürdü.

Bu cür halların qarşısının alınması məqsədilə respublikamızda üzüm sortlarından ibarət genofondu dəqiqləşdirmək üçün ampeloqrafiya komissiyasının yaradılması lazımdır. Bu halda itmiş və itməkdə olan çox qiymətli üzüm sortları aşkar edilərək bərpa oluna bilər. Bununla yanaşı, öz kökü üstündə calaq üzüm tingi istehsal edən dövlət və yaxud özəl təsərrüfatlarının, tinglik emalatxanalarının təşkili vacibdir.

Respublikanın əsas üç regionunda-Gəncə və Gəncə ətrafında, Qəbələdə və bir də Cəlilabadda irimiqyaslı təsərrüfatlar tingə olan tələbatı müəyyən qədər ödəyə bilər. Calaq ting istehsalı məqsədilə fillokseraya davamlı calaqaltılardan ibarət anaclığın təşkili çox faydalı olardı.

Ölkəmizdə üzümlüklərin becərilməsində bu gün əl əməyinə  çox böyük ağırlıq düşür. Halbuki, Avropanın bir çox ölkələrində üzüm kolunun quru budanması və çırpının sahədən kənara çıxarılması, cərgə aralarının becərilməsi, yaşıl əməliyyata daxil olan növlərinin bir qismi və məhsul yığımı tamamilə mexanikləşdirilmişdir.

Uzun illərdir ki, üzümçülükdə əl əməyini azaldan becərmə texnologiyası üzrə təcrübələr aparırıq. Nəticədə bir fəhlə ən yaxşı halda ildə 8 hektara qədər bağı becərə bilir. Halbuki, İspaniyada, Fransada və bəzi başqa ölkələrdə elə becərmə texnologiyası mövcuddur ki, bir fəhlə sərbəst surətdə ildə 25-30 hektarın öhdəsindən gələ bilir.

Bəzən biz qabaqcıl təcrübənin öyrənilməsinə, qorunmasına və tətbiqinə qədərincə qiymət vermirik. 1973-cü ildən bəri üzümlüyün ikinci ilində hər hektardan 6-8 ton, 4-5-ci ilində isə 80-100 ton məhsul alınması barədə mətbuat səhifələrində, televiziya kanallarındabaşqa informasiya vasitələrində məlumatlar verilmiş və yazılar dərc olunmuşdu. Oxucuların nəzərinə çatdıraq ki, həmin üsulla işləyəndə üzümün potensial məhsuldarlığı hektardan 1300 sentnerə çatırdı.

Belə becərmə texnologiyası intensivsuper-intensiv becərmə texnologiyası adlandırıla bilər. Bu sistem zamanı torpaq fonduna, əkin materialına, becərmə işlərinə, suvarmaya, bitkiyə qulluq işlərinə, xəstəlik və zərərvericilər üçün dərman preparatlarının hazırlanmasına və onların çilənməsinə çəkilən zəhmətə və pul məsrəfinə 8-10 dəfə qənaət olunur. Belə bir faydalı üsulu Kənd Təsərrüfatı Nazirliyinin, müvafiq universitet və institutların müzakirə obyektinə çevrilə bilərdi. Təəssüf ki, bu gərəkli üsuluna hələlik ciddi maraq duyulmur.

Tarix boyu respublikamızda süfrə üzümü sortları müvəffəqiyyətlə becərilmişdir, ancaq heç vaxt, heç yerdə bu sahədə ixtisaslaşan təsərrüfat olmamışdır. Ancaq belə təsərrüfatlara böyük ehtiyac duyulur. Burada üzüm konveyerinin təşkili mümkündürbiz bunu üzümçülükdə "şirin konveyer" adlandırırıq.

Təəssüflə qeyd etmək lazımdır ki, yanvar ayından sonra bazarlarda yerli üzüm sortları görünmür, ancaq xaricdən gətirilən üzüm satılır. "Şirin konveyer"in mexanizmi sadədir. Ultra-tez yetişəndən ən gec yetişənə qədər sortlardan üzüm bağı təşkil olunur. Ultra-tez, tezorta-tez yetişənlər ayrı-ayrılıqda yığılıb ticarət şəbəkələrinə göndərilir. Orta, orta-gec, gec və ən gec yetişənlər ayrı-ayrı saxlayıcılara qoyulur. "Şirin konveyer" prinsipi ilə salınan üzümlükdə məhsul bilavasitə koldan dərilməklə azı beş ay müddətinə yığmaq olar. Orta gec, gecya ən gec yetişənləri may ayına qədər qorumaq mümkündür.

Üzümçülükdə intensiv becərmə texnologiyası çox mühüm əhəmiyyət kəsb edir, yəni üzümlük intensiv sortlardan olsun, sort qarışığına yol verilməsin, üzümlük tez bara düşsünbol məhsul versin, əl əməyinə ehtiyac azalsın və birki, işlər mexanikləşdirilsin.

Otuz ildən çoxdur ki, biz bu sahədə elmi araşdırmalarla məşğuluq və müəyyən nəticələr əldə etmişik. Dünya miqyasında, o cümlədən bizdə üzümlüyün birinci ilində kol üzərində heç bir əməliyyat aparılmır. Bu məsələ demək olar ki, indi də belədir. İntensiv üzümlükdə bütün işlər intensivləşdirilir. Şum altına lazımi  qədər qida maddələri verilir, şum keyfiyyətlə aparılır, may ayından etibarən kol üzərində yaşıl əməliyyat həyata keçirilir və birinci ilin sonunda kolda gələcək formanın əsası qoyulur. İkinci ildə bu kollar ilk məhsulunu verir. Ənənəvi becərmə texnologiyasında ilk məhsul  üçüncü ildə alınır. Üzümlüyün 4-5-ci illərində çox yüksək məhsul götürülür. Bütün bu işlərin fövqündə sort məsələsi aparıcı mövqedə dayanır. Buna görə də əkin üçün sortun seçilməsi əsas şərtdir.

Üzümçülükdə bizim aldığımız nəticələr, yəni üzüm bitkisinin ikinci ilində 60-80 sentner, beşinci ilində 800-1000 sentner məhsul götürülməsi adi məsələ olmadığından onların reallığına da münasibət birmənalı deyildir. Ciddi axtarışlar fonunda 2010-cu ildə daha bir inanılması şübhə doğuran məsələ baş verdi. Üzüm bitkisinin birinci ilində məhsul götürürük. Bu məsələ bəzi adamlarda şübhə yaratsa da təcrübə göstərdi ki, üzüm çubuğunun (zoğunun) əkildiyi birinci ilində məhsul verməsi tam mümkündür.

Üzümçülüyün məqsədyönlü inkişafında genofondun əhəmiyyəti danılmazdır. Sovetlər dönəmində ayrı-ayrı rayonlarda üzüm sortlarından ibarət kolleksiyalar mövcud idiüzümçülüyün inkişafında onların əhəmiyyəti heçaz deyildi.

Baxımsızlıq üzündən bir sıra çox qiymətli üzüm sortları sıradan çıxıb, yaxud sıradan çıxmaq üzrədir. Bu sortları toplayıb kolleksiya yaratmaq üçün ekspedisiya yaradılmalı və ora obyektiv, bacarıqlı mütəxəssislər cəlb edilməlidir.

Daha bir məsələ. Respublikada üzümçülüyü yeni istiqamətdə inkişaf etdirmək üçün səriştəli mütəxəssislər, yeni istiqamətli üzümçü kadrlar hazırlamaq lazımdır. Yarandığı vaxtdan etibarən Azərbaycan Dövlət Aqrar Universiteti üzümçü mütəxəssislər hazırlığı ilə məşğul olmuşdur, indibu davam edir. Yaxşı  olar ki, bu universitetdə ayrıca üzümçülük kafedrası yaradılsın. Yerlərdə çalışan kadrların peşə hazırlığı üçün 2004-cü ildən etibarən universitetimizdə ödənişli üzümçülük məktəbi fəaliyyət göstərirdi. Təhsil müddəti 6 ay idi. Burada üzümçülük təsərrüfatlarından göndərilən oğlan və qızlar təhsil alırdılar. Bu işin bərpası, zənnimcə, vacibdir və ümumən universitetimizin nəzdində peşə məktəbini də formalaşdırmaq mümkündür.

Hazırda aqronomluq fakültəsində  üzümçülük ixtisası üzrə 6-7 tələbə təhsil alır. Onların da üzümçülük təsərrüfatlarına getmələri naməlumdur. Üzümçülüyü güclü inkişaf etmiş ölkələrin  institutlarına mübadilə yolu ilə tələbə göndərmək işin xeyrinə olardı. Fransa, İtaliya, İspaniya, Almaniya, Moldova və Türkiyə kimi ölkələrə uzunmüddətli ezamiyyətlərlə üzümçü mütəxəssislərin sayını və sanbalını artırmaq mümkündür.

Üzüm Azərbaycan kəndinin ən sərfəli təsərrüfat sahəsidir. Onun sistemli surətdə inkişaf etdirilməsi vacibdir. Heç şübhə yoxdur ki, "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı" bu sahədə işlərin günün tələbləri səviyyəsinə qaldırılmasına güclü təkan verəcəkdir.

 

 

Famil ŞƏRİFOV,

Azərbaycan Dövlət Aqrar

Universitetinin kafedra müdiri,

professor, əməkdar müəllim

 

Azərbaycan.-2012.-6 yanvar.-S.6.