Korrupsiyaya
qarşı kəsərli mübarizə tədbirləri davam etdirilir
Korrupsiya hallarına qarşı
mübarizə tədbirləri çərçivəsində
bu kateqoriyalı cinayətlərin təhlükəli təzahürlərindən
olan rüşvətxorluq, vəzifə səlahiyyətlərindən
sui-istifadə və qulluq mövqeyindən istifadə etməklə
mənimsəmə hallarına qarşı ardıcıl və
sistemli tədbirlər davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən
AzərTAc-a bildirmişlər ki, Tovuz rayon sakini Cəfər
Yusifovun Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin 28 saylı tibbi-sosial ekspert komissiyasının (TSEK)
sədri Rəhim Məmmədovun 2-ci qrup əlillik dərəcəsinin
verilməsi üçün ondan 1000 manat məbləğində
rüşvət tələb etməsi barədə Baş
Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin
"161 - Qaynar xətt" əlaqə mərkəzinə
etdiyi müraciəti əsasında toplanmış material
üzrə cinayət işi başlanmışdır.
İstintaqla müəyyən
edilmişdir ki, Rəhim Məmmədov həmin komissiyanın
həkim-ekspert cərrahı Əli Həsənovla qabaqcadan əlbir
olub cinayət əlaqəsinə girərək xidməti vəzifələrinin
icrası ilə əlaqədar Cəfər Yusifova 2-ci qrup əlillik
dərəcəsinin təyin edilməsinin müqabilində
1000 manat məbləğində rüşvət
almışdır.
Törətdikləri cinayət əməllərinə
görə Rəhim Məmmədov və Əli Həsənova
qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən
rüşvət almağa görə cinayət məsuliyyəti
nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
311.3.1-ci maddəsi ilə ittiham
elan olunaraq barələrində məhkəmənin qərarı
ilə həbs qətimkan tədbiri seçilmiş və
cinayət işinin istintaqı tamamlanaraq baxılması
üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə
göndərilmişdir.
Bundan başqa, qeyd edilən nazirliyin 11
saylı tibbi-sosial ekspert komissiyasının sədri Vahid
Gülmalıyevin qanunsuz hərəkətləri barədə
toplanmış material üzrə də cinayət işi
başlanmışdır.
İstintaqla müəyyən
edilmişdir ki, Vahid Gülmalıyev 2-ci qrup əlil Fərəcov
Talıb Fərəc oğlunun xeyrinə qərar qəbul etmək,
yəni, onun təkrar müayinədən keçirilib 2-ci
qrup əlillik dərəcəsinin təyin olunması
üçün 2011-ci il
oktyabrın 4-də 500 manat məbləğində pul tələb
etmiş, ertəsi gün 11 saylı TSEK-nın binasında,
komissiya üzvlərinin xidməti otağında maddi nemət
olan 400 manat məbləğdə pulu rüşvət kimi
almışdır.
Törətdiyi cinayət əməlinə
görə Vahid Gülmalıyevə rüşvət
almağa görə cinayət məsuliyyəti nəzərdə
tutan Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə
ittiham elan olunaraq barəsində məhkəmənin qərarı
ilə həbs qətimkan tədbiri seçilmiş və
cinayət işinin istintaqı tamamlanaraq baxılması
üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə
göndərilmişdir.
Digər bir cinayət işi külli
miqdarda ziyan vurmaqla dələduzluq və vəzifə
saxtakarlığı faktlarına görə
başlanmışdır.
Belə ki, Baş Prokuror yanında
Korrupsiyaya Qarşı Mübarizə İdarəsində
aparılmış araşdırmalarla müəyyən
edilmişdir ki, Cəlilabad rayon hüquq məsləhətxanasının
müdiri Xandadaş Əliyev 2005-2010-cu illər ərzində
Yaqub Əhmədov və qeyrilərini cinayət və
mülki işlər üzrə istintaq və məhkəmə
orqanlarında təqsirləndirilən şəxslərin məsuliyyətdən
azad edilməsi, onların vəziyyətinin yüngülləşdirilməsi
və ya tərəflərin xeyrinə hər hansı qərarların
çıxarılması barədə yalan vədlər verməklə
aldatma yolu ilə onlardan müxtəlif məbləğlərdə
pul vəsaitini alaraq ələ keçirmişdir.
Fakta görə Cinayət Məcəlləsinin
178.3.2-ci (dələduzluq) və 313-cü (vəzifə
saxtakarlığı) maddələri ilə cinayət işi
başlanmış, törətdiyi cinayət əməllərinə
görə Xandadaş Əliyev həmin maddələrlə təqsirləndirilən
şəxs qismində cəlb edilmişdir. Cinayət
işinin istintaqı tamamlanaraq baxılması
üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə
göndərilmişdir.
Bundan başqa, "SNT-İnşaat"
firması tərəfindən 2007-ci ildə paytaxtın Səbail
rayonunun Badamdar qəsəbəsi ərazisində yerləşən
239 nömrəli məktəbdə əlavə korpusun
tikintisi zamanı tikinti normalarına əməl olunmaması və
iş həcmlərinin artırılaraq dövlət vəsaitinin
mənimsənilməsi barədə toplanmış material
üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı
Mübarizə İdarəsi tərəfindən cinayət
işi başlanmışdır.
İstintaqla müəyyən
edilmişdir ki, "SNT-İnşaat" şirkətinin
iş icraçısı Salman Cabbarov öz qulluq mövqeyindən
istifadə edərək ona etibar edilmiş külli miqdarda
özgə əmlakını mənimsəmə yolu ilə
talama məqsədi ilə 2006-2007-ci illər ərzində
tikintisi ona həvalə edilmiş 239 nömrəli orta məktəbin
840 şagird üçün əlavə korpusunun tikinti
işlərini apararkən, həmin korpusun inşası
zamanı müxtəlif vaxtlarda 23 min 157 manat dəyərində
artırılmış işlər barədə 2006 və
2007-ci illərin işin qəbulu aktlarına və 2 nömrəli
arayışların məzmununa bilə-bilə yalan məlumatları
daxil edib həmin sənədləri imzası ilə təsdiq
edərək saxtalaşdırmış və iş həcmlərinin
artırılması hesabına əldə etdiyi, qeyd olunan pul
vəsaitini mənimsəmə yolu ilə
talamışdır.
Törətdiyi cinayət əməllərinə
görə Salman Cabbarova külli miqdarda mənimsəməyə
görə cinayət məsuliyyəti nəzərdə tutan
Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə
ittiham elan olunmuş və cinayət işinin istintaqı
tamamlanaraq baxılması üçün Bakı Ağır
Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Hazırda Baş Prokuror yanında
Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən
müxtəlif sahələr üzrə törədilmiş
korrupsiya hüquqpozmaları ilə əlaqədar cinayət
işlərinin istintaqı davam etdirilir.
Azərbaycan.-2012.-6
yanvar.-S.7.