Şeirlərində yaşayanlar

 

 Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda unudulmaz şair Şahmar Əkbərzadənin 70 illik yubileyilə bağlı tədbir keçirildi. Tədbiri Yazıçılar Birliyinin katibi Rəşad Məcid açaraq Şahmar Əkbərzadənin vəfatından on ildən artıq bir vaxt keçsə də, şairin parlaq simasının, təbii, səmimi obrazının yaddaşlarda yaşadığını bildirdi. Ş.Əkbərzadənin türk dünyasının böyük yazarları ilə dostluq etdiyini, hələ onların Azərbaycana gəlişinin çətin olduğu vaxtlarda ədəbi əlaqələr yaratdığını vurğuladı. Şahmar Əkbərzadənin öz şeirləri ilə əbədi ömür qazandığını deyən R.Məcid həmin əsərlərin əbədiyaşarlığını və müəllifini də yaşatdığını qeyd etdi.

Milli Məclisin deputatı Musa Urud Şahmar Əkbərzadə ilə bağlı xatirələrini bölüşərək onun dəyərli  şair, əsl ziyalı, mehriban bir insan olduğunu bildirdi: "Şahmar Əkbərzadəni xatırlayan zaman mənim yadıma vətənpərvərlik, xeyirxahlıq anlayışları düşür. O, mənim yaddaşımda hər zaman öz şeirləri ilə ziyalılığı ilə diridir".

Yazıçı Mustafa Çəmənli, şair Paşa Qəlbinur, tənqidçi Vaqif Yusifli və digər ziyalılar vətənpərvərliyin Ş.Əkbərzadə yaradıcılığının əsas motivi olduğunu, şeirlərinin bədii özünəməxsusluğunu vurğuladılar.

Əməkdar artistlər, bədii qiraət ustaları Azad ŞükürovAğalar Bayramov şairin "Utanım yerinə...", "48 ölçülü qadın paltarı" və Hüseyn Cavidə həsr etdiyi şeirlərini səsləndirdilər.

Sonda şairin oğlu Əkbər Əkbərzadə atasının xatirəsinə göstərilən ehtirama və tədbirin təşkilinə görə minnətdarlığını bildirib, iştirakçılara təşəkkür etdi.

 

 

Zəkurə QULİYEVA

 

Azərbaycan.-2012.-6 yanvar.-S.7.