Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və
Yeni il münasibətilə Azərbaycan
xalqına təbriki
- Hörmətli xanımlar və cənablar!
Əziz həmvətənlər!
Mən sizin hamınızı Yeni il bayramı münasibətilə ürəkdən təbrik etmək istəyirəm.
2011-ci il arxada qalır. 2011-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. 2011-ci ildə ölkə qarşısında duran əsas vəzifələr öz həllini tapmışdır. Azərbaycanın uğurlu iqtisadi inkişafı təmin edilmişdir. Çox sevindirici hal ondan ibarətdir ki, 2011-ci ildə ölkə iqtisadiyyatının qeyri-neft sektoru böyük templərlə artmışdır. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artmışdır və bu da əvvəlki illərdə aparılan islahatların bariz nümunəsidir.
İqtisadiyyatın bütün sahələri
inkişaf edir. Ölkəmizdə böyük quruculuq-abadlıq
işləri aparılır. Azərbaycan bölgədə
öz mövqelərini möhkəmləndirir. İqtisadi
inkişafı göstərən bütün statistik göstəricilər
çox müsbətdir. Ölkəmizin valyuta ehtiyatları
artır. Artıq bizim 40 milyard dollardan çox valyuta
ehtiyatlarımız vardır. Ölkə iqtisadiyyatına milyardlarla dollar investisiya
qoyulur və bu proses davam edir. İldən-ilə investisiya
qoyuluşu daha da artır.
Bölgələrin inkişafı uğurla aparılır. Bu il ölkədə 100 minə qədər yeni iş yeri açılmışdır. Bütövlükdə son səkkiz il ərzində bir milyondan artıq yeni iş yeri açılmışdır ki, onların mütləq əksəriyyəti daimi iş yeridir. Əhalinin pul gəlirləri təxminən 20 faiz artmışdır. İnflyasiyanın səviyyəsi təxminən 8 faiz civarındadır. Yoxsulluğun səviyyəsi aşağı düşür. 2011-ci ilin yekunlarına görə, yoxsulluq 8 faizdən aşağı olacaqdır. İşsizlik aşağı düşür. Azərbaycanda işsizlik 5,5 faizdir. Bütün bu göstəricilər onu deməyə əsas verir ki, ölkəmiz çox dinamik və uğurla inkişaf edir. Dünyada və Avropada iqtisadi sahədəki mənfi proseslərə baxmayaraq, Azərbaycan inamla qabağa gedir.
Ölkədə bütün sosial məsələlər öz həllini tapmaqdadır. Bu il 900 minə yaxın pensiyaçının orta pensiyası təxminən 40 faiz artmışdır. Dekabrın 1-dən minimum əməkhaqqı artmışdır. Digər sosial proqramlar uğurla icra edilir. Məktəblər, xəstəxanalar, idman kompleksləri tikilir. Yəni Azərbaycan hərtərəfli və dinamik şəkildə inkişaf edir. Siyasi islahatlar uğurla aparılır. Azərbaycanda demokratiya uğurla inkişaf edir. Ölkənin modernləşdirilməsi üçün konkret addımlar atılır. Korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılır. Biz bu mübarizənin gözəl nəticələrini görürük. Gələcək illərdə bu mübarizə daha da məqsədyönlü və ciddi olmalıdır. Bütün lazımi göstərişlər verilmişdir. Bir sözlə, biz müasir dövlət qururuq. Dərin milli mənəvi dəyərlər, köklər üzərində müasir, dünyəvi, gələcəyə inamla baxan dövlət qururuq. Bu proses uğurla davam edir.
Bizi ən çox narahat edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Azərbaycan bütün dövrlərdə, xüsusilə son dövrdə öz səylərini daha da gücləndirir. Ancaq bildiyiniz kimi, bu məsələnin həlli təkcə bizdən asılı deyildir.
Əfsuslar olsun ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi, danışıqlar prosesində göstərdiyi riyakarlıq, danışıqlardan faktiki olaraq imtina etməsi bu prosesə böyük zərbə vurmuşdur. Əfsuslar olsun ki, hələ də dünya birliyi və bu məsələ ilə birbaşa məşğul olan tərəflər birmənalı şəkildə danışıqların pozulmasında günahkarın kim olduğunu açıq demirlər.
Müsbət bəyanatlar vardır. Biz bu bəyanatları eşidirik, onları dəstəkləyirik. Xüsusilə bu il yenilik ondan ibarətdir ki, həmsədr ölkələr status-kvonun qəbuledilməz olduğu haqqında dəfələrlə bəyanatlar vermişlər. Biz bu bəyanatları dəstəkləyirik. Ancaq bəyanatlardan sonra konkret addımlar atılmalıdır. Əfsuslar ki, bu addımlar atılmır.
Biz diplomatik və siyasi səylərimizi davam
etdirəcəyik. Danışıqlarda bizim prinsipial mövqeyimiz
vardır. Biz bu mövqedən bir addım geri çəkilməyəcəyik.
Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan
torpağıdır. Beynəlxalq birlik,
Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın
ərazi bütövlüyünü tanıyır, dəstəkləyir.
Dağlıq Qarabağ beynəlxalq birlik tərəfindən
Azərbaycanın ərazisi kimi tanınır. Münaqişə məhz bu prinsiplər üzərində
öz həllini tapmalıdır. Ölkəmizin
ərazi bütövlüyü bərpa edilməlidir. İşğalçı qüvvələr
işğal edilmiş bütün torpaqlardan
çıxarılmalıdır. Azərbaycan vətəndaşları
işğal edilmiş bütün torpaqlara, o
cümlədən Dağlıq Qarabağa, Şuşaya
qayıtmalıdırlar. Ancaq ondan sonra
uzunmüddətli sülh təmin edilə bilər. Biz heç vaxt imkan verə bilmərik ki, ikinci dəfə
əzəli Azərbaycan torpağında ikinci qondarma erməni
dövləti yaradılsın. Bu, bizim
prinsipial mövqeyimizdir. Bir daha demək istəyirəm
ki, bu mövqe həm tarixə, həm hüquq normalarına, həm
də ədalətə əsaslanır.
Bununla bərabər, biz iqtisadi sahədə olduğu
kimi, hərbi sahədə də köklü islahatlar
aparırıq. Bizim hərbi gücümüz, hərbi
potensialımız artır. 2011-ci ildə
hərbi xərclərimiz 3 milyard dolları keçmişdir.
Bu, Ermənistanın bütün xərclərindən
çoxdur. Gələn il hərbi xərclər
yenə də artacaqdır. Ən müasir
silahlar, texnikalar, döyüş təyyarələri,
döyüş helikopterləri, sursatlar gətirilir və gətiriləcəkdir.
Bununla bərabər, bir neçə il
bundan əvvəl yaradılmış Müdafiə Sənayesi
Nazirliyinin xətti ilə Azərbaycanda artıq 600 növ hərbi
yönümlü məhsullar istehsal edilir. Biz gələcəkdə
də hərbi potensialımızı gücləndirmək
üçün səylərimizi əsirgəməyəcəyik.
Bu gün Azərbaycanın hərbi potensialı
bizə imkan verir ki, doğma torpaqlarımızı
işğalçılardan istənilən yolla azad edək.
Sadəcə olaraq, danışıqlara hələ
ki, ümidlərimiz tükənməyib və bu
danışıqlar hələ ki, davam etdirilməlidir.
2011-ci ildə ölkəmiz üçün çox
vacib olan enerji sahəsində böyük uğurlar əldə
edilmişdir.
Azərbaycan öz mövqelərini möhkəmləndirə
bilmişdir. İlin əvvəlində
Avropa İttifaqı ilə Azərbaycan arasında strateji
enerji əməkdaşlığına dair çox vacib Bəyannamə
imzalanmışdır. Azərbaycan
artıq Avropanı enerji, xüsusilə təbii qazla təmin
edə biləcək ölkə kimi tanınır. Bizim imkanlarımız artır.
Bu il aşkar etdiyimiz yeni qaz yataqları və
keçən il aşkarlanan qaz yataqlarımız qaz
potensialımızı böyük dərəcədə
artıra bilmişdir. Biz uzun illər bundan sonra
böyük qaz dövləti kimi dünyada öz
sözümüzü deyəcəyik.
2011-ci ildə bütün lazımi tranzit müqavilələri
imzalanmışdır. Artıq Azərbaycan qazını
dünyaya müxtəlif yollarla nəql etmək
üçün bütün imkanlar vardır. Hesab edirəm ki, 2012-ci ildə bizim zəngin qaz
yataqlarımıza yeni böyük investisiyalar
qoyulmalıdır. Bir neçə ildən
sonra bizim qaz potensialımız ölkəmiz üçün
çox böyük dəyər kimi özünü göstərəcəkdir.
İqtisadiyyatın digər sahələrində
inkişaf vardır. Kənd təsərrüfatı, sənaye
və qeyri-neft sənayesi artır. Bununla bərabər,
2011-ci ildə Azərbaycanda humanitar məsələlər də
çox uğurla öz həllini tapmışdır. Artıq Azərbaycan tolerant, dözümlü
ölkə kimi dünyada öz sözünü deyir. Bu
il Birinci Beynəlxalq Humanitar Forumu
keçirilmişdir. Forumda iştirak etmiş
bütün qonaqlar ölkəmizdən çox gözəl təəssüratlarla
ayrılmışlar. Azərbaycanın
nadir təcrübəsi - dinlərarası, millətlərarası,
sivilizasiyalararası dialoqun aparılması üçün
bizim nadir təcrübəmiz dünyanın diqqətini cəlb
edir. Əlbəttə ki, bizim müsbət
təcrübəmiz, Azərbaycanda, cəmiyyətdə
yaşanan gözəl ab-hava, bütün millətlərin,
bütün konfessiya nümayəndələrinin bir ailə
kimi yaşaması indiki dünyada nadir hadisədir. Əfsuslar olsun ki, dünyanın müxtəlif
bölgələrində, müxtəlif qitələrdə
ayrı-seçkilik, qarşılıqlı inamsızlıq,
apatiya meyilləri güclənir. Bu,
çox təhlükəli meyillərdir. Azərbaycanın
müsbət təcrübəsi öyrənilməlidir və
geniş mənada bu təcrübədən başqa ölkələr
də istifadə etməlidirlər.
2011-ci ildə ölkəmiz üçün çox
vacib hadisə baş vermişdir. İlk dəfə
olaraq Azərbaycan Birləşmiş Millətlər Təşkilatı
Təhlükəsizlik Şurasına üzv
seçilmişdir. Bu, böyük tarixi qələbədir.
Hesab edirəm ki, 20 illik müstəqillik
dövründə ən böyük qələbəmizdir.
Çətin mübarizədə biz
bütün dünya birliyinin inamını qazana bilmişik.
İlk turdan başlayaraq sonuncu tura qədər
Azərbaycan bu səsvermədə liderlik edirdi. Nəticə
etibarilə dünyanın 155 ölkəsi Azərbaycana öz
səsini verdi, Azərbaycana inandı, bizim
siyasətimizi dəstəklədi. Azərbaycana çox böyük inam,
etimad vardır. Bizim siyasətimiz dəstəklənir.
Çünki bizim siyasətimiz ədalətə
söykənir. Bizim siyasətimiz müstəqil
siyasətdir. Mən son səkkiz il ərzində
dəfələrlə bu barədə demişəm ki, Azərbaycan
müstəqil siyasət aparır. Azərbaycanın
öz yolu vardır. Bu, inkişaf, tərəqqi,
demokratiya yoludur. Bu yol Azərbaycan
xalqının iradəsi ilə seçilibdir. Bizim bütün addımlarımız Azərbaycan
xalqının iradəsinə əsaslanır.
Gördüyümüz bütün işlərin təməlində
Azərbaycan vətəndaşıdır, Azərbaycan
maraqlarıdır. Biz dövlət quruculuğu prosesində
böyük uğurlar əldə etmişik. İndi bütün dünya Azərbaycanı dəstəkləyir.
Dünya ictimaiyyəti deyəndə, ilk növbədə
Birləşmiş Millətlər Təşkilatı yada
düşür. Çünki budur
dünya ictimaiyyəti. Dünya ictimaiyyətinin
rəyi hər hansı bir kiçik təşkilatın,
regional təşkilatın, yaxud da ki, hər hansı bir
qeyri-hökumət təşkilatının rəyi deyildir.
Dünya ictimaiyyətinin rəyi BMT-nin rəyidir,
155 ölkənin rəyidir. Bu dəstək,
bu inam bizi daha da ruhlandırır. Biz
növbəti iki ildə Təhlükəsizlik
Şurasında ədalət prinsiplərini müdafiə edəcəyik.
Bu il müstəqilliyimizin bərpasının 20
illik ilidir. İyirmi il ərzində
ağır günlərimiz də, gözəl günlərimiz
də olub. Gözəl günlərimiz daha da
çox olub. Mən tam əminəm ki, gələcəkdə
bizi ancaq gözəl günlər gözləyir. Azərbaycan daha da inkişaf edəcək, öz
gücünü daha da artıracaqdır. İyirmi il müstəqillik onu göstərdi ki, Azərbaycan
xalqı müstəqil xalq kimi yaşaya bilər və
yaxşı yaşaya bilər. Azərbaycan
dövləti bu gün bölgədə sabitləşdirici
amil kimi özünü təqdim edir. Azərbaycanın
iştirakı olmadan bölgədə heç bir layihə
icra edilə bilməz. Son illərin təcrübəsi
onu bir daha göstərir. İqtisadi,
enerji, siyasi, diplomatik, regional əməkdaşlıq məsələlərində
bölgədə Azərbaycan söz sahibidir. Biz bunu yaratmışıq, biz bunu qorumalıyıq.
Ölkəmizi qorumalıyıq və
qoruyacağıq.
Əziz
dostlar!
Bu gün, eyni zamanda, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Mən bu gün dünyada yaşayan bütün azərbaycanlıları salamlayıram, onlara hörmət və məhəbbətimi ifadə edirəm. Azərbaycan xalqı böyük xalqdır. Bizim böyük tariximiz və gözəl gələcəyimiz vardır. Dünyada yaşayan bütün azərbaycanlılar bilirlər ki, dünyada müstəqil və güclü Azərbaycan dövləti vardır. O dövlət ki, öz soydaşları haqqında daim düşünür, onların problemləri ilə yaşayır və onların rahat yaşaması üçün öz səylərini göstərir. Mən bütün dünya azərbaycanlılarını bu gözəl bayram münasibətilə təbrik edirəm.
Əziz həmvətənlər!
2012-ci il başlayır. Mən tam əminəm ki, 2012-ci ildə də ölkəmizi yalnız və yalnız uğurlar gözləyir. Bizim gördüyümüz bütün işlərin məqsədində, bir daha demək istəyirəm ki, Azərbaycan vətəndaşı, Azərbaycan ailəsi dayanır.
Mən bütün vətəndaşlara, bütün Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik, ailə səadəti arzulayıram.
Bayramınız mübarək olsun!
Azərbaycan.-2012.-1 yanvar.-S.1.