Azad vətəndaş cəmiyyətinin
formalaşması demokratik
dəyərlərə
verilən önəmin təzahürüdür
Demokratik dəyərlərin təşəkkül tapmasının ən vacib meyarlarından biri də vətəndaş cəmiyyəti ideyasının gerçəkləşməsidir. Hüquqi-demokratik dövlət fərdi azadlığın və hüququ təmin etməklə yanaşı, vətəndaş cəmiyyətinin normal mövcudluğu və fəaliyyəti, onun başlıca təsisatları, prinsipləri və dəyərləri üçün də təminat yaradır.
Vətəndaş cəmiyyəti məsələsinə nəzəri baxış
Dövlətin hər hansı formada iştirak etmədiyi vətəndaş cəmiyyəti ictimai həyatı təşkil edən və tənzimləyən sferaya çevrilməklə, demokratik dövlətin ən mühüm şərtərindən biri rolunda çıxış edir. Vətəndaş cəmiyyəti institutlarının inkişaf dərəcəsi hər bir dövlətdə demokratiyanın inkişaf səviyyəsini əks etdirir. Bu cəmiyyətin formalaşmasını şərtləndirən birliklər vətəndaşlar qrupunun təzahürü ilə yaranır. Bu mənada ölkədə vətəndaşların könüllü birliyini və müəssisələrini özündə birləşdirən ictimai "şəbəkə" rolunu oynayan vətəndaş cəmiyyəti eyni zamanda, inkişaf etmiş demokratik cəmiyyətin əlamətidir. Vətəndaş cəmiyyətini təşkil edən birliklər vətəndaşların iqtisadi, hüquqi, mədəni və digər mənafelərinin geniş dairəsini əks etdirir, bu mənafeləri təmin etmək məqsədilə yaradılır.
Vətəndaş cəmiyyəti dövlətdən fərqli elə bir sahədir ki, burada vətəndaşlar öz maraqlarından çıxış edərək birgə fəaliyyət göstərə bilərlər. Bu cəmiyyətin təməlini şəxsi mülkiyyət, maraqların birliyi təşkil edir. Ümumilikdə, vətəndaş cəmiyyəti özündə müxtəlif sosial və siyasi subyektlərin maraqlarını cəmləşdirir.
Vətəndaş cəmiyyəti öz-özünə inkişaf edən bir sistemdir. Bununla yanaşı, yüksək inkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, vətəndaş cəmiyyəti yalnız onun üçün müəyyən əlverişli şərait yaradıldığı təqdirdə daha uğurlu və səmərəli şəkildə fəaliyyət göstərir, inkişaf edir. Belə bir şəraiti, dövlət vasitəsilə cəmiyyətin özü yaradır. Dövlət vasitəsilə dedikdə, lazımi qanunların yaradılması, demokratik strukturların formalaşdırılması, dövlətin hamılıqla qəbul olunmuş norma və prosedurlara ciddi riayət etməsi nəzərdə tutulur.
Vətəndaş cəmiyyətinin fəaliyyətinin şərtlərindən biri vətəndaşın sosial, intellektual və psixoloji inkişafının, daxili azadlığının, habelə bu və ya digər vətəndaş cəmiyyəti institutuna qoşularkən özfəaliyyət qabiliyyətinin yüksək səviyyədə olmasıdır. Yaxşı inkişaf etmiş cəmiyyət strukturunu qısa müddət ərzində yaratmaq olmaz, bu, obyektiv prosesdir.
Vətəndaş cəmiyyəti konsepsiyası istənilən halda dövlət strukturlarından kənarda duran bütün təşkilatları və birlikləri ehtiva edir. Politologiyada bunlar maraqlar üzrə yaradılan birliklər adlandırılır. Sosial-siyasi yönümlü qeyri-hökumət təşkilatları ilə birlikdə buraya həmkarlar ittifaqları, ticarət palataları, peşə kollegiyaları və sindikatları, assosiasiyaları daxildir. Sosial-siyasi proqramları və məqsədləri olmayan birliklərin geniş spektri də vətəndaş cəmiyyətindən kənar deyildir - tələbə, idman və mədəniyyət cəmiyyətləri də bu cəmiyyətin seqmentləri sayılırlar. Müasir demokratikləşmə şəraitində vətəndaş cəmiyyəti tədricən dövlətlə şəxsiyyət arasında bir növ vasitəçi, əlaqələndirici kimi çıxış etməyə başlamışdır.
Vətəndaş cəmiyyəti quruculuğu yolunda atılan addımlar
Dövlət müstəqilliyinə qovuşandan sonra Azərbaycan Respublikası hüquqi və demokratik dövlət quruculuğu yolu tutduğu üçün qarşıya qoyduğu prioritet məsələlərdən biri vətəndaş cəmiyyətinin formalaşdırılması idi. Müstəqillik tariximiz göstərir ki, məhz ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra bütün sahələrin yüksəlişi ilə yanaşı güclü vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində mühüm uğurlara imza atmaq mümkün olmuşdur. "Biz Azərbaycanda demokratik respublika, vətəndaş cəmiyyəti quraraq, sivilizasiyalararası cəmiyyət uğrunda mübarizə apararaq, ümumi dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən sonra, ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, milli ənənələrini nümayiş etdirə bilsin. Güman edirəm ki, Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından istifadə olunarsa, Azərbaycan həm müstəqil dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik, hüquqi, ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyət olacaqdır" - deyən ümummilli lider Azərbaycanın perspektiv inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək sivil Qərb dəyərlərinin cəmiyyətdə tam mənimsənilməsi, demokratik dəyərlərin daha da möhkəmlənməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatı naminə daim əzmkar fəaliyyət göstərmişdir. Heydər Əliyev hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl, məqsədyönlü və konkret strategiyaya əsaslanan islahatların həyata keçirilməsini böyük müdrikliklə təmin etmişdir. Böyük strateq Heydər Əliyev cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görərək bunun üçün bütün zəruri tədbirləri əzmlə həyata keçirmişdir.
Tarixi təcrübə sübut edir ki, demokratikləşmə prosesinin sürətlənməsi təkcə iqtisadi inkişafla deyil, həm də cəmiyyətdə sabitliyin, hüquq qaydalarının, qanunçuluğun gücləndirilməsi, bir sözlə, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna yönəlmiş islahatların dərinləşdirilməsi ilə şərtlənir. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" əsərində bu məqama toxunaraq xüsusi vurğulayır ki, respublikamız demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna xidmət edən islahatları uğurla gerçəkləşdirmişdir.
Müstəqil Azərbaycanda ictimai həyatın demokratikləşdirilməsinin əsas istiqamətlərindən biri məhz vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsidir. Bu istiqamətdə mühüm addımlardan biri də "üçüncü sektor"un - qeyri-hökumət təşkilatlarının formalaşması və inkişafı üçün münbit şəraitin təmin olunmasıdır. Çünki qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin əsas institutlarından biridir. 1995-ci ildə ölkədə demokratik inkişafın təməlini qoyan Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu qeyri-hökumət təşkilatlarının fəaliyyətində irəliyə doğru dönüş nöqtəsi oldu. 2000-ci ildə isə Milli Məclis tərəfindən "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunun qəbul edilməsi ilə vətəndaş cəmiyyəti instiutlarının inkişafında mühüm rol oynadı. Bu qanuna əsasən, ictimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-hökumət təşkilatıdır. Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qadağan olunmamış məqsədlər üçün yaradıla və fəaliyyət göstərə bilər.
Qanunvericilik bazasının formalaşması ilə üçüncü sektorda baş verən keyfiyyət və kəmiyyət dəyişikliyi ölkəmizdə demokratikləşmə sahəsində atılan inamlı addımların əyani göstəricisi idi. Bütün bunların nəticəsi olaraq ilk vaxtlar fəaliyyət dairəsi yalnız Bakı şəhərini əhatə edən vətəndaş cəmiyyətləri institutları Azərbaycanın hər yerində layihə və proqramlar həyata keçirməyə, ölkəmizin daha da demokratikləşməsi prosesində fəal rol oynamağa başladılar.
Vətəndaş cəmiyyəti institutlarının inkişafında yeni mərhələ
İqtisadi inkişaf vətəndaş cəmiyyəti quruculuğu prosesinə də təsirsiz ötüşmür. Ölkəmiz inkişaf etdikcə, dövlətimizin iqtisadi qüdrəti artdıqca təbii ki, digər sahələrin, o cümlədən demokratik dəyərlərin möhkəmlənməsi və vətəndaş cəmiyyəti institutlarının inkişafı üçün geniş meydan açılır. Prezident İlham Əliyev bu barədə deyib: "Əsl açıq demokratik cəmiyyəti ancaq maddi rifah əsasında qurmaq mümkündür. İqtisadi cəhətdən geridə qalmış dövlətlərdə demokratik proseslər də geridə qalır. O ölkələr ki, onlar iqtisadi cəhətdən güclüdürlər, o ölkələrdə demokratiyanın inkişafı da çox yüksək zirvədədir. Ona görə iqtisadi islahatların davam etdirilməsi, xalqın maddi rifahının yaxşılaşdırılması demokratik cəmiyyətin qurulması və formalaşması üçün başlıca şərtdir. Ancaq bununla bərabər, əgər sadəcə olaraq iqtisadi məsələlərə diqqətimizi yönəltsək və siyasi islahatlarda hansısa bir yubanma olarsa, bu da Azərbaycan qarşısında duran vəzifələrin həlli üçün bizə imkan yaratmayacaqdır. Siyasi islahatlar mütləq aparılmalı və Azərbaycan müasir ölkəyə çevrilməlidir".
Belə bir yüksəliş şəraitində dövlət orqanları ilə QHT sektorunun sıx əməkdaşlığı vətəndaş cəmiyyətinin inkişafı, demokratiyanın dərinləşməsi, qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması və milli maraqların qorunması baxımından müstəsna əhəmiyyət daşıyır. Dövlət orqanları ilə QHT-lər arasında tərəfdaşlıq münasibətlərinin sabit və effektiv sisteminin yaradılması, qeyri-hökumət təşkilatlarının dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən problemlərin həllinə cəlb olunması, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci il iyulun 27-də Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi konsepsiyasını təsdiq etmişdir. Belə bir konsepsiyanın təsdiqi dövlətlə qeyri-hökumət sektoru arasındakı əməkdaşlığın inkişafı, vətəndaş cəmiyyəti quruculuğu işlərinin daha da sürətləndirilməsi, üçüncü sektorun fəaliyyətini dəstəkləmək sahəsində dövlət siyasətinin təkmilləşdirilməsi istiqamətində atılan mühüm addımdır. Konsepsiyanın təsdiq edilməsi haqqında dövlət başçısının imzaladığı sərəncamda da göstərilir ki, Azərbaycanda son illər müşahidə olunan sürətli sosial-iqtisadi inkişaf dövlətlə vətəndaş cəmiyyəti institutları arasında münasibətlər modelinin müasirləşdirilməsini, demokratiyanın dərinləşdirilməsini, milli maraqların qorunması sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təşviqini zəruri edir. Konsepsiyada QHT-lərə dövlət dəstəyinin təmin olunmasının əsas vasitələri, dövlətimizin və cəmiyyətimizin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən problemlərin həlli məqsədi ilə həyata keçiriləcək layihələrin və proqramların maliyyələşdirilməsinin şərtləri və bir sıra digər zəruri müddəalar öz əksini tapıb.
Konsepsiyada qeyri-hökumət təşkilatlarının meydana gəlməsi və inkişafı təhlil edilir, üç mərhələyə ayrılır. Qeyd olunur ki, ilkin mərhələ qeyri-hökumət təşkilatlarının yaranmasında sistemliliyin olmaması və pərakəndəliklə xarakterizə olunur. 1995-ci ildə Azərbaycan Konstitusiyası qəbul edildikdən sonra isə qeyri-hökumət təşkilatlarının keyfiyyət və kəmiyyət artımı, eyni zamanda, fəaliyyət növləri üzrə differensasiyası baş verir, müvafiq qanunvericilik bazası yaradılır. 2000-ci ildə "Qeyri-hökumət təşkilatları haqqında" yeni qanun qəbul edilir. Müasir dövrü əhatə edən üçüncü mərhələdə isə qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyəti quruculuğu və ölkənin demokratikləşdirilməsi prosesinin vacib institutlarından birinə çevrilir.
QHT-lərlə dövlətin əməkdaşlıq mexanizmi hələ cənab İlham Əliyevin 2003-cü ildə prezident seçildiyi dövrdə qurulmuşdu. Əfvlə bağlı işçi qrupuna QHT-lərın nümayəndələri də daxil edilmiş və bununla da, dövlət strukturu ilə QHT-lərın birgə qərar qəbuletmə mexanizmi Azərbaycanın demokratik inkişaf tarixində ilk dəfə tətbiq olunmuşdur. QHT-lərlə tərəfdaşlığın ikinci mühüm məqamı seçkilərdə QHT-lərin fəaliyyətinə şərait yaradılması və 2005-ci ilin parlament seçkilərində Prezidentin imzaladığı sərəncamda "exit-poll"un keçirilməsi ilə bağlı ayrıca bəndin olmasıdır.
QHT-lərə dövlət dəstəyi konsepsiyasını təsdiq etməklə Prezident İlham Əliyev demokratik prinsiplərə və bəşəri ideallara sadiq olduğunu, ölkənin inkişafını yalnız bu yolda gördüyünü bir daha təsdiq etdi. Tam zamanında təsdiq olunmuş bu konsepsiya Azərbaycan cəmiyyətinin və beynəlxalq ictimaiyyətin razılıqla qarşıladığı bir addım idi. Bu addım həm də dövlətimizin başçısının siyasi islahatlara dair baxışlarının real həyatda öz təcəssümünü tapmasından xəbər verir. Dövlətimizin demokratik institutuların himayəçisinə çevrilməsi həm də onun özünün demokratikləşmə istiqamətində səylərini daha da intensivləşdirməsinin əyani göstəricisidir. Onu da qeyd etmək yerinə düşər ki, belə bir konsepsiyanı təsdiq etməklə Azərbaycan Prezidenti dövlət orqanları ilə QHT-lər arasında münasibətlərin tamamilə yeni bir mərhələsinin təməlini qoydu.
Bu konsepsiyanın təsdiq edilməsi ilə belə bir nəticə də hasil oldu ki, Azərbaycan dövləti vətəndaş cəmiyyəti institutlarının inkişafı ilə bağlı qarşıda dayanan vəzifələri görür və onların həyata keçirilməsi üçün müvafiq addımlar atır. Konsepsiyanın icrası ilə dövlət və vətəndaş cəmiyyəti münasibətlərində yeni mərhələyə start verildi. QHT-lərə dövlət dəstəyini rəsmiləşdirən və onların Azərbaycanın siyasi sistemində yerini daha da möhkəmləndirən bu addım demokratik quruluşların ən mühüm atributlarından olan vətəndaş cəmiyyətinin əsaslarının gücləndirilməsinə təkan verib.
QHT-lərin tərəfdaş kimi tanınmasını rəsmiləşdirən və onların Azərbaycan cəmiyyətində yerini daha da möhkəmləndirən bu addımlar demokratik quruluşların ən mühüm atributlarından olan vətəndaş cəmiyyətinin əsaslarının gücləndirilməsinə yönəlmişdir. Dövlət başçısının demokratik siyasi sistemin gücləndirilməsi istiqamətində atdığı bu addım onun iqtisadi inkişafa paralel olaraq siyasi islahatların dərinləşdirilməsi konsepsiyasına uyğundur.
Uğurlu əməkdaşlıq daha çox QHT-lərdən asılıdır
İndi Azərbaycan iqtisadi inkişafının elə bir səviyyəsinə çatıb ki, bu, dövlətə QHT-lərin fəaliyyətini stimullaşdırmağa imkan verir. Ona görə də QHT-lərə dövlət dəstəyi konsepsiyası ilə Azərbaycan dövləti özü vətəndaş cəmiyyətinin, deməli, həm də demokratiyanın qarantına və himayəçisinə çevrilmək istiqamətində mühüm addım atmışdır. İndiyə qədər dövlət - QHT münasibətləri tədricən inkişaf etsə də, bu konsepsiyanın həyata vəsiqə alması 3-cü sektorla dövlətin münasibətlərində yeni keyfiyyət mərhələsinin başlanması deməkdir. Bu həm də onun göstəricisidir ki, dövlət QHT-lərlə əməkdaşlığı sabitləşdirmək və daimiləşdirmək niyyətini təsdiq edir.
Bu sənəd yerli qeyri-hökmət təşkilatları tərəfindən böyük rəğbətlə qarşılandı. Çünki bu onların institusional inkişafına təkan verməklə bərabər, həm də fəaliyyətlərini stimllaşdırır. Konsepsiyada da yazıldığı kimi, qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin məqsədləri cəmiyyətimizdə yeni münasibətlər modelinin formalaşdırılması, vətəndaş cəmiyyəti institutlarının müasirləşdirilməsi, vətəndaş təşəbbüsünün artırılması, milli maraqların qorunması sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təşviq edilməsi, onların sosial əhəmiyyətli problemlərin həllinə cəlb olunması, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən proqram və layihələrin maliyyələşdirilməsidir.
Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi konsepsiyası milli maraqların qorunması, Konstitusiya və qanunlara hörmətin formalaşdırılması, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin respublikamızın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq normalara uyğun həlli ilə bağlı Azərbaycanın mövqeyinin dünyada fəal şəkildə təbliğ edilməsi sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin gücləndirilməsini, onlara dövlət dəstəyi verilməsini nəzərdə tutur. Sənəddə dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən problemlərin həllinə qeyri-hökumət təşkilatlarının cəlb olunması və belə layihələr üzrə onlara məlumat, metodiki, təşkilati-texniki, maliyyə yardımlarının göstərilməsi prioritet kimi müəyyən edilir. Beləliklə, konsepsiya qeyri-hökumət təşkilatlarının problemlərinin həllinə, onların fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsinə xidmət etməklə bərabər, həm də ölkədə vətəndaş cəmiyyətinin inkişafına, demokratik təsisatların bərqərar olunmasına uğurla xidmət edir.
Prezidentin təsdiq etdiyi QHT-lərə dövlət dəstəyi konsepsiyasında dövlətin QHT-lər vasitəsilə üstünlük verdiyi fəaliyyət istiqamətlərində Azərbaycanın dünya birliyinə inteqrasiyasının və beynəlxalq təşkilatlarla və xarici ölkələrdə fəaliyyət göstərən qeyri-hökumət qurumları ilə əməkdaşlığın dərinləşdirilməsi də yer almışdır. Bu da QHT-lər vasitəsilə cəmiyyətin demokratikləşməsinə yardımın bir forması sayıla bilər.
2008-ci ildən başlayaraq yerli QHT-lərə dövlət büdcəsi hesabına qrantların ayrılması da dövlət səviyyəsində vətəndaş cəmiyyəti quruculuğu prosesinə göstərilən dəstəyin bariz təcəssümüdür. Dövlət üçüncü sektorun inkişafı üçün qarşısında duran vəzifələri görməklə yanaşı, onların həyata keçirilməsi istiqamətində müvafiq addımlar atır. Uğurlu əməkdaşlıq isə daha çox QHT-lərdən asılıdır.
Bu
gün Azərbaycanda vətəndaş cəmiyyətinin
mövcudluğunu şərtləndirən bütün
seqmentlər normal və ahəngdar şəkildə fəaliyyət
göstərir. Ölkədə
qeyri-hökumət təşkilatları ilə yanaşı,
kütləvi informasiya vasitələrinin,
habelə siyasi partiyaların fəaliyyəti
üçün hərtərəfli
imkanlar yaradılmışdır. Cəmiyyətin hər bir üzvünün hər hansı birlik, ittifaq, dərnək
yaratmaq, ictimai həyatda
fəal iştirak etmək hüququ
ölkə Konstitusiyası və qanunları ilə tanınır.
18 mart 2009-cu il tarixdə
Azərbaycan Respublikası Konstitusiyasına ümumxalq
referendumu əsasında edilmiş
əlavə və dəyişikliklər isə deməyə
əsas verir ki,
respublikamız demokratikləşmə və vətəndaş
cəmiyyəti quruculuğu prosesinin həlledici mərhələsinə daxil olaraq qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir.
Azərbaycan.-2012.-1 yanvar.-S.3.