Nitqin gücü onun səmimiyyətindədir
Azərbaycan nitq mədəniyyətinin təşəkkülündə əvəzsiz xidmətləri olan ulu öndər Heydər Əliyevin nitq və çıxışlarının elmi araşdırılmasına bu gün də ciddi ehtiyac duyulur. Nitqin auditoriyada təsir gücünü müəyyənləşdirən mühüm amillərdən biri səmimiyyətə söykənməkdir ki, ulu öndərin nitqlərinə səmimiyyət həmişə hakim olub. Bu səmimiyyət müxtəlif auditoriyalarda, müxtəlif nitq üslublarında Heydər Əliyevin "nitq üslubuna" uyğun şəkildə özünü qabarıq büruzə verir.
Azərbaycanın hamımızın vətəninə çevrilməsi həm də ana dilimizlə bağlıdır. Canından əziz sevdiyi Azərbaycan dili haqqında Heydər Əliyevin fikirləri, mülahizələri, dilimizin qorunması yolunda həyata keçirdiyi tədbirlər bu gün də zamanın nəbzi ilə eyni vurur.
Siyasi natiqliyimizin banisi kimi Heydər Əliyevin nitq mədəniyyətinin formalaşmasındakı rolunu bir məqalə ilə işıqlandırmaq fikrindən uzağıq. Məqsədimiz səmimiyyət adlı ünsiyyət vasitəsinin böyük natiqin nitqində yerini müəyyənləşdirməyə cəhd etməkdir. Ulu öndər özü demiş, "bu zəngin dil","bu böyük söz ehtiyatına malik Azərbaycan dili" ilə ölkəiçi və xarici auditoriyaların fəthi səmimiyyətsiz keçinmir. Bu səmimilik müxtəlif auditoriyalarda, fərqli nitq üslublarında, ölkə həyatının gərgin və nisbətən gərgin şəraitlərində onun çıxışlarını tərk etməmişdir.
Heydər Əliyev səmimiyyəti xalq dilindən güc alan, analitik təfəkkürə əsaslanan, dilimizin nitq vasitələri ilə cazibədar şəkildə harmoniya təşkil edən, poetik duyğulara söykənən, auditoriyaları inandırmaq gücündə olan bir səmimiyyətdir. Bu səmimiyyət hər şeydən öncə böyük natiqin doğma dilimizə olan münasibətində özünü göstərir. 21 dekabr 1993-cü il tarixdə Fransaya rəsmi səfəri zamanı Parisdə mətbuat konfransında jurnalistin Heydər Əliyevə "Siz rusca danışırsınız?" sualına verdiyi cavab səmimyyətin güclü məntiqlə əlaqəsinə misaldır: "Mən axırıncı sualınıza dərhal cavab verəcəyəm, nə üçün rusca danışıram. Bizim doğrudan da, gözəl dilimiz var və mən Azərbaycan dilini sevirəm. Bu, Azərbaycanın dövlət dilidir, ölkədə yalnız Azərbaycan dilində çıxış edir və danışıram. Lakin burada, Fransada əvvəla, görüşdüyüm adamlar arasında, hiss etdiyim kimi, rus dilini bilən çoxlu adam var. Deməli, onlar məndən informasiyanı artıq bilavasitə alırlar, ikincisi, cənab Mitteranın tərcüməçisi ancaq fransız dilindən rus dilinə və rus dilindən fransız dilinə tərcümə edir. Buna görə də mən burada mövcud olan qaydanı pozmaq istəmədim".
Heydər Əliyev nitqindəki səmimiyyət müxtəlif nitq üslublarında özünü qabarıq göstərir. Bu səmimiyyət ciddi, rəsmi üslublarda ilıq bahar günəşi təki parlayır, xalqı səfərbər etməyə, müstəqilliyin möhkəmlənməsi yolunda ciddi addımlar atmağa səsləyir. Bakıda ümumrespublika müşavirəsindəki çıxışı (24 avqust 1993-cü il) bunun bariz nümunəsidir: "Düzdür, şəhidlər də verdik, ancaq Azərbaycanın müstəqilliyi yolunda bir çox şəhidlər vermişik. Ola bilər bundan sonra da verək, Azərbaycan Respublikasının bütövlüyü hər bir adamın həyatından qat-qat yüksəkdir, mənim də həyatımdan yüksəkdir. Mən də müstəqil Azərbaycanın dövlətçiliyini, suverenliyini, bütövlüyünü qorumaq üçün həyatımı qurban verməyə hazıram. Sizə söz verirəm və güman edirəm ki, hamımız birlikdə bu vəziyyətdən çıxa biləcəyik".
Böyük natiqin çıxışlarındakı fikirlərin sonda reallaşması onu auditoriyaların gözündə ucaldır, insanların öz liderinə səmimi qəlbdən bağlanmasına gətirib çıxarır. Bu səmimiyyət ulu öndərin, onu böyüdüb başa çatdıran xalqına qədirbilənliyidir. Bu qədirbilənlik Elmlər Akademiyasında ziyalılarla görüşdə necə də gözəl səslənir: "Azərbaycan xalqı məni böyüdüb, geniş ictimai-siyasi fəaliyyətlə məşğul olmağım üçün yol açmış, uzun illər mənə böyük etimad göstərmişdir. Həyatımın ağır dövründə daim Azərbaycan xalqının mənə olan müsbət münasibətini, hörmətini, uzaqda olsam da, duymuşam, hiss etmişəm. Bu tellər heç vaxt qırılmayıb, məni ağır imtahanlardan, əzab-əziyyətlərdən və hətta təqiblərə məruz qaldığım ağır dövrdən də çıxarmışdır".
Bütün çıxışlarında "xalq hər şeyi bilməlidir, xalqdan heç nəyi gizlətmək olmaz " prinsipinə söykənən ulu öndər problemləri xalqla birgə çözməyə üstünlük verir. Elə məhz buna görə də həmin çıxışlar təsirsiz qalmır, qəlblərdə öz izini qoyur: "Yaşayış üçün ən zəruri olan çörəyin və çörək məmulatının qiymətlərini artırmağın məqsədəuyğunluğu həmişə çox böyük şübhə yaratmış, tərəddüdlərə səbəb olmuşdur. Ancaq bizim maliyyə vəziyyətimiz getdikcə ağırlaşdığına və maliyyə-kredit prosesləri çətinləşdiyinə görə, bu məsələləri noyabrın 19-da geniş müzakirə etdik. Qiymətlərin artırılması ilə əlaqədar müəyyən kompensasiyaların verilməsi, minimum əməkhaqqının artırılması barədə qərar qəbul olunmuşdur. Bütün bunlar əhalinin güzəranının müəyyən dərəcədə yaxşılaşmasına kömək edəcəkdir".
Heydər Əliyev səmimiyyətində ciddi
dövlətçilik, milli mənafelərin qorunmasına
yönələn sərt çalarlı bəyanatlar birgə
təsadüf edir: "Son illərdə Azərbaycanda
baş verən proseslərdə, mətbuat səhifələrində,
ayrı-ayrı ictimai-siyasi xadimlərin
çıxışlarında belə fikirlər söylənilib
ki, əsrlər boyu Azərbaycanın sərvətləri
yabançı dövlətlər tərəfindən vəhşicəsinə,
insafsızcasına dağıdılıb, Azərbaycan
xalqına bu sərvətlərdən heç nə
çatmayıb. Yəqin ki, belə hallar olub və bundan sonra biz buna yol
verə bilmərik. Məhz buna görə də biz iyun
ayının 24-də xarici şirkətlərlə demək
olar ki, bağlanmaq ərəfəsində olan müqavilələrin
müvəqqəti olaraq dayandırılması qərarını
qəbul etdik. Bu heç də o demək
deyil ki, biz bu şirkətlərlə müqavilə
bağlamaqdan imtina edirik, yaxud bu şirkətlərin Azərbaycanda
fəaliyyət göstərməsinin qarşısını
alırıq.Yox. Sadəcə olaraq biz bu məsələləri
daha dərindən araşdırmaq istəyirik".
Şirkət başçıları müqavilənin
gecikmə səbəblərini səmimiyyətlə qəbul
edirlər. Bu səmimi çıxışda "Azərbaycan
sərvətlərinin sahibi Azərbaycan xalqıdır" həqiqətini
dərk edirlər. Milli mənafe, müstəqilliyimiz
baxımından ulu öndər ona arxa çevirənləri
çox asanlıqla bağışlaya bilir. 10 avqust
1993-cü il tarixdə "Sobesednik"ə
verdiyi müsahibə bu qəbildəndir: "Axı, məni
istefaya göndərməklə insafsızlıq etmişdilər.
Sevdiyim, inandığım adamların 95 faizi mənə
arxa çevirmişdi.
-Belə
şeyi bağışlamaq olarmı?
-Mən onların
hamısının günahından keçmişəm.
-Bəs
uşaqlıqda kim olmağı
arzulayırdınız?
-Şeir yazırdım. Şəkil çəkirdim.
Rəssam olmaq arzusundaydım, lakin sonra fikrimdən
daşındım və memarlıq fakültəsinə daxil
oldum. Müharibə başladı, dərslər
kəsildi. Halbuki mən tikmək istəyirdim.
Özü də gözəl binalar tikmək istəyirdim".
Biləsuvar,
Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı və
Lerik rayonlarından seçilmiş xalq deputatları və həmin
rayonlardan olan rəhbər işçilər və
ziyalılarla görüşdəki
çıxışına nəzər salaq: "Ancaq mən
öz dediyim
sözlərin ağasıyam, istəyirəm mənim
çıxışlarım verilsin. Əgər
etiraz etmirsinizsə sizinki də verilsin. Çıxış
eləyənlərin etirazı yoxdur ki?! Verilsin.
Mən deyirəm, verilsin, qoy camaat bilsin".
Öz sözünün ağası olan, dediyi sözlərə,
fikirlərə görə açıq efirdən, mətbuatdan
çəkinməyən Heydər Əliyev cəsarəti
bütün görüşlərdə özünü
büruzə verirdi.
15 iyun
1993-cü il tarixində Azərbaycan
Respublikasının Milli Məclisindəki
çıxışında xalqı birləşdirməyə
yönəlmiş nitq səmimiyyətin bariz nümunəsidir:
"Mən rica edirəm, kiçik hissiyyatı kənara
qoymaq lazımdır, xırda dedi-qoduları kənara qoymaq
lazımdır, bunların vaxtı gələr. Kimin kiminlə nə haqq-hesabı var, sonra edər.
İndi bunun vaxtı deyil".
Erməni işğalından xilas naminə, müstəqillik
naminə ulu öndər "Rica edirəm" deyə
xahiş etməyi də özünə
sığışdırır. Xalqın azadlığı, müstəqilliyimiz
naminə, rica etməyi belə bizlərə öyrədir:
"Əgər kimsə, nə vaxtsa mənə qarşı
düzgün münasibət bəsləməyibsə, nəsə
edibsə, inanın ki, mən onların hamısını
çoxdan bağışlamışam. Mən
özümü o kəslərin səviyyəsinə heç
vaxt salmamışam və salmayacağam. Ona
görə yox ki, siz mənə indi etimad göstərdiniz, mən
belə bir vəzifəyə gəldim. Yox.
Mən, sadəcə, bir vətəndaş kimi
də heç vaxt heç kəslə ədavət aparmaq,
qisas almaq, yaxud da ki, kiməsə pislik etmək istəməmişəm
və istəməyəcəyəm. Ancaq
vəzifə çərçivəsində, şübhəsiz
ki, biz hamımız qanuna riayət etməliyik, qanunun aliliyini
təmin etməliyik və bu yolda, şübhəsiz ki, mən
öz əqidəmdən dönməyəcəyəm".
Burada səmimiyyət içərisində dövlətçilik
tərənnüm olunur. Azərbaycan Respublikasının Milli Məclisinin 5
noyabr 1993-cü il tarixli iclasındakı
çıxışında öyrənməyin, təcrübə
keçməyin heç vaxt gec olmadığını ulu
öndər addımbaşı bizlərə səmimi bir öyüd
kimi səsləndirir: "Qeyd etmək istəyirəm ki, bu
dövrdə mənim əvvəlki həyatım boyu
keçdiyim iş təcrübəsinin üzərinə
böyük bir təcrübə də gəldi. Milli Məclisə
bir neçə ay müddətində rəhbərlik etmək,
onun iclaslarını aparmaq, mürəkkəb məsələlərin
həllində Məclis üzvlərinin rəylərini
toplayıb daha düzgün qərarlar qəbul
olunmasını təmin etmək - bunların hamısı mənim
üçün bir təcrübə məktəbi oldu və
mən bu təcrübəyə görə və bu salonda bərabər
çalışdığımıza görə, Milli
Məclisə minnətdarlığımı bildirmək istəyirəm".
Ulu
öndər Heydər Əliyevin 8 fevral 1994-cü il tarixində
Ankarada "Çankaya" köşkündə Azərbaycan
Prezidentinin şərəfinə təşkil olunmuş ziyafətdə
söylədiyi nitq dövlət
başçısının sadə nitqlərindən biri
kimi dəyərləndirilə bilər. Poetik
çalarlarla zəngin olan bu nitq auditoriyanı səmimiyyətlə
inandırır. Bugünkü Azərbaycan-Türkiyə
münasibətləri nitqin öncəgörmələrlə
zənginliyini bir daha sübut edir:
"1992-ci ildə hörmətli Süleyman bəylə
biz Türkiyə ilə Azərbaycan arasında tikilmiş
körpünün açılışında iştirak
etdik. Ürəkdən-ürəyə olan
körpülər daha da möhkəmləndi və ölkələrimiz
arasında körpü salındı. Bu körpü həqiqətən, ümid
körpüsü, həsrət körpüsü kimi tarixə
daxil oldu... Ürəklərdən ürəklərə olan
hisslər dövlətlər arasında əlaqələrə
çevrildi və ötən illərdə bu sahədə
çox iş görüldü. Böyük
iftixar hissi ilə, qəlbimdəki böyük
çırpıntılarla demək istəyirəm ki, mən
də, mənimlə gəlmiş azərbaycanlılar da burada
özümüzü öz məmləkətimizdə, öz
evimizdə hiss edirik. Biz belə hesab etmirik
ki, yabançı ölkəyə, xarici ölkəyə gəlmişik".
Heydər Əliyevin səmimiyyətlə yoğrulan
nitqləri, çıxışları poetik duyğularla
doludur. Zəngin dilimiz bu duyğularda özünə yer
tapır. Xalq şairi Məmməd Araza ünvanlanan təbrik
bir neçə cümlə olsa da, bu səmimi cümlələr
zənginlik etibarilə böyük bir
çıxışı xatırladır: "Sizi anadan
olmağınızın 60 illiyi münasibətilə səmimi-qəlbdən
təbrik edirəm. Qırx ildən çoxdur
ki, dərin fəlsəfi lirikanız çağdaş Azərbaycan
poeziyasını zənginləşdirməkdədir. Məmməd Araz istedadının, təfəkkürünün
məhsulu olan yüzlərlə şeiriniz milyonların qəlbinə
yol taparaq özünə və sizə əbədi yaşamaq
hüququ qazandırıb. Əmin olduğumu bildirmək
istəyirəm ki, xalqımızın mənəvi təkamülündə,
gənclərimizin estetik tərbiyəsi yolunda bundan belə də
yorulmadan çalışacaq, qədim və zəngin ənənələri
olan milli poeziyamıza yeni töhvələr bəxş edəcəksiniz".
"Dərin
fəlsəfi lirika", "çağdaş Azərbaycan
poeziyası", "istedad və təfəkkürün məhsulu
olan yüzlərlə şeir", "milyonların qəlbinə
yol tapmaq", "əbədi yaşamaq hüququ", "mənəvi
təkamül", "estetik tərbiyə"... kimi ifadələr
böyük natiqin dilində səmimi duyğulara
çevrilir, Azərbaycan ədəbi dilinin, nitq mədəniyyətinin
inkişafına, tərəqqisinə xidmət edir.
Ümummilli lider üçün Allahın əşrəfi
sayılan insandan qiymətli heç nə yoxdur. Bakı Kondisionerlər
Zavodunda paytaxtın sənaye müəssisələri, əmək
kollektivləri nümayəndələrinin mitinqindəki
çıxışında ulu öndər nəinki insanlarla
görüşə, hətta insan əli ilə yaradılan,
insanlığa xidmət edən hər bir şeyə sevinə,
insanları da o sevincə qoşa bilir: "Çox sevinirəm
ki, uzun fasilədən sonra bir daha buraya gəlmək mənə
nəsib oldu və burada o vaxtdan çalışan, ondan sonrakı dövrdə gəlib
bu zavodda işləyən, həyatını bu müəssisə
ilə bağlayan adamlarla
görüşə bildim. Bu, həyatımın
ən xoşbəxt anlarından biridir, mənim
üçün əlamətdar hadisədir. Bir də deyirəm, ona görə ki, burada hər
bir yer mənim üçün doğmadır. Hətta yaxınlıqdakı Moskva
prospektindən zavoda dönərkən müəssisənin ərazisindəki
yaşıllıqları, artıq böyümüş ağacları da görəndə
sevindim".
Xaricdə
yaşayan soydaşlarımızın bir qrupu ilə
görüşdəki çıxışında
böyük natiqin şükranlıqla söylədiyi səmimi
nitqin şahidi oluruq: "...İndi şükürlər
olsun ki, Azərbaycan müstəqil bir dövlətdir. Nə
Rusiyanın, nə sovetlər birliyinin, nə də başqa
bir dövlətin tərkibində deyil. Hər bir azərbaycanlı
da buraya ata ocağı kimi baxmalıdır... Mən
demirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar
köçüb buraya gəlsinlər. Buna
ehtiyac da yoxdur. Kimin üçün hara
rahatdır, hara onun üçün münasibdir, qoy orada da
yaşasın. Amma hər kəs bilməlidir
ki, onun vətəni Azərbaycandır".
Müstəqilliyə
şükürləri sonsuz olan ulu öndərin bu nitqindəki
səmimi və poetik duyğular nə qədər də
ülvidir: "Azərbaycan ata ocağıdır. Amma hər kəs bilməlidir ki, onun vətəni Azərbaycandır".
Bunları
söyləməklə, ümummilli lider bir daha hər bir vətəndaşın,
soydaşın məsuliyyətini yada salır. Heydər
Əliyevin nitqlərindəki səmimiyyət
qayğıkeşliklə vəhdət təşkil edir. Səmimiyyətin
qayğı ilə dolu olan nümunəsini
aşağıdakı fikirlərində də
görürük: " İndi bizim doğma
bacı və qardaşlarımızı , müstəqil Azərbaycanın
vətəndaşlarını imkanı olan adamlar - belələri
isə çoxdur - öz evlərində saxlasalar,
çörəklərini onlarla bölüşdürsələr, bu problemlərin həlli çox
asanlaşar. Şübhəsiz, bu mənim
arzumdur. Bir də ki, axı, biz
hamımız azərbaycanlıyıq, hamımız qohumuq.
Qohumluq yalnız qan qohumluğu demək deyidir,
Azərbaycan xalqının soykökü birdir. Ona görə də hər bir qaçqını qəbul
edib sığınacaq vermək, şərait yaratmaq bizim
tarixi, milli, mənəvi ənənələrimizə tam
uyğun olardı".
Bu səmimiyyət ulu öndərin ağsaqqal
öyüdünə, mərhəmətinə söykənir. Ulu öndərin hərbi hissələri
özbaşına tərk etmiş və ya
çağırışdan yayınmış gənclərin
bir qrupu, onların valideynləri və yaxın qohumları ilə
görüşündəki çıxışında (2
yanvar 1994-cü il) bunun bariz nümunəsini
görürük: "Buradan əsgərlərin
hamısına bir daha deyirəm: günahınızı
bağışlayıram, sizi cəzadan azad edirəm. Əziz balalarım, övladlarım, sizə
uğurlu hərbi xidmət arzulayır, sizdən qəhrəmanlıq
nümunələri gözləyirəm".
Məhz
belə bir çıxışdan sonra gənclərdə
"öz vətəndaşlıq borclarını
anlamaq", "milli hisslərin oyanışı"
başladı: "Hərə bir söz deyirdi: "fərariləri
asıb-kəsək, fərari ora getdi, bura qaçdı"-
"İndi müdafiə naziri, baş qərargah rəisi mənə
zəng vurub deyirlər ki, qəbul məntəqələrinə,
hazırlıq keçilən məntəqələrə o qədər
fərarilər gəlirlər ki, onları yerləşdirməyə
imkan yoxdur. Bunlar həmin adamlardır, həmin gənclərdir.
Deməli, bunlar öz vətəndaşlıq borcunu anlayıblar, onların
milli hissləri oyanıbdır. Halbuki bu milli hisslər boğulmuş, əzilmiş,
tapdalanmışdır".
Səmimiyyət
ən ağır dövrlərdə belə ümummilli
liderin nitqini tərk etmir: "Mən, şübhəsiz,
illüziyaya qapılmıram və sizi də aldatmaq niyyətində
deyiləm ki, bu ağır problemlər qısa müddətdə
dərhal həll oluna bilər. Ancaq bir var ki, bu problemlərdən
özünü kənara çəkəsən, onları
görmək istəməyəsən, o problemləri
yaxına buraxmayasan, bir də var ki, bunları görəsən,
biləsən, onların vacibliyini dərk edəsən və
bu problemlərin həlli üçün çarə tapasan,
çıxış yolları axtarasan, tədbirlər
görəsən. Mən bildirmək istəyirəm
ki, biz bu yolla gedəcəyik və bu problemlərin həll
olunması üçün bütün imkanlardan istifadə
edəcəyik".
Bu nitq gəncliyi gələcək çətinliklərə,
müstəqillik yolunun hamar olmaması qənaətinə gəlməyə
hazırlayır. Çətinlikləri səmimiyyətlə dilinə gətirən
böyük natiq " biz bu yolla gedəcəyik", "bütün imkanlardan istifadə
edəcəyik" kimi qətiyyət bildirən fikir və
ifadələrlə pessimist ovqatın gəncliyə sirayət
etmək təhlükəsini öz nitqiylə
uzaqlaşdırır.
Azərbaycan
Respublikası Milli Məclisinin 29 sentyabr 1993-cü il tarixli
iclasında qanunların hamıya aid olduğunu dilə gətirən
ulu öndər çıxışlarında səmimidir. Səmimilik
qanunlara riayət olunmasından gedir: "Ona görə yox ki,
İbrahim İbrahimov deyir: "Məni heç kəs Məclis
üzvlüyündən çıxara bilməz! Hamını çıxara bilərlər. Buradan məni də
çıxara bilərlər, sizi də çıxara bilərlər.
Məclis istəsə, deməli,
çıxarılmalıdır. Bu, məclisin
səlahiyyətinə daxildir. Ancaq mən
belə hesab edirəm ki, bu məsələləri müzakirəyə
qoymağa ehtiyac yoxdur. Çünki bunlar
bizim məclisin ab-havasına, ictimai ab-havaya xeyir gətirməz.
Biz bir-birimizlə fikir mübadiləsi
aparmalıyıq. Əgər istəyirsinizsə,
lap fikir mübadiləsi aparaq. Amma zorla, qol
gücünə yox".
Heydər Əliyev nitqindəki "Buradan məni də,
sizi də çıxara bilərlər" səmimi ifadələri
qanunların hamıya aid, dövlətçiliyə söykənməyin
hər bir vətəndaşın borcu olduğunu bizlərə
öyrədir.
Heydər Əliyev səmimiyyəti onu opponentlərinin,
müxaliflərin də gözündə ucaldır.
Milli Məclisin iclaslarının birində
çoxpartiyalılığı normal hal kimi qəbul edərək
deyir: "Lakin burada deyilən bir fikirdə müəyyən
qədər məntiq var. O da bundan ibarətdir ki, biz
çoxpartiyalılıq tərəfdarıyıq. Partiyalar
çoxdur, 40 partiya var. Qoy lap 45 olsun".
Azərbaycan
Respublikası Prezidentinin 10 oktyabr 1993-cü il tarixdə
andiçmə mərasimindəki nitqi iqtidar-müxalifət
münasibətlərinə bir aydınlıq gətirir,
ölkəmizin çiçəklənməsi yolunda
hamımızı səfərbər edir:
"Çoxpartiyalı cəmiyyətdə müxalifətin
də böyük rolu var. Biz müxalifətə bundan sonra da
böyük hörmətlə münasibət göstərəcəyik
və əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycan
cəmiyyətində müxalifət mövqeyində olan
partiyalar, siyasi qüvvələr konstruktiv əməkdaşlıq
mövqeyindən çıxış edəcəklər və
bu da Azərbaycanda həqiqi demokratiyanın inkişafı
üçün daha geniş imkanlar yaradacaq".
Böyük natiq öz səmimiyyəti ilə
auditoriyanı çaşqınlıqdan çıxara bilir. Məntiqə
söykənən nitqi ilə auditoriyanı inandıra bilir.
Zaman isə ulu öndərin
çıxışlarındakı öncəgörmələri
təsdiq edir: "Ancaq bir həqiqəti
bilməlisiniz. Keçən ilin sentyabrında
Azərbaycan Respublikası Müstəqil Dövlətlər
Birliyinə (MDB) daxil olmuşdur. Bəzi
xarici ölkələrin, o cümlədən Türkiyənin
də mətbuatında belə yazılar gedir ki, guya Azərbaycan
Respublikasının MDB-yə daxil olması onun istiqlaliyyətini
əlindən alır. Bu, yanlış
fikirdir. Keçmiş Sovetlər
İttifaqına daxil olan 15 respublikadan 12-si, o cümlədən
Azərbaycan indi MDB-nin üzvüdür. Biz
bu birliyə daxil olmaqla nə uduzduq? Heç nə
uduzmadıq, amma qazandığımız o oldu ki, biz MDB-yə
daxil olanda vaxtilə möhkəm, sıx əlaqələrimiz
olan həmin respublikalarla əlaqələri saxlayaraq, həm
iqtisadiyyatımızın inkişafı üçün
müəyyən şərait yaradırıq, həm də
Azərbaycanın müstəqilliyini təmin etmək, Ermənistanın
respublikamıza qarşı təcavüzkarlığını
həmin dövlətlərə sübut etmək
üçün imkanımız olur".
Heydər Əliyevin səmimiyyət dolu
çıxışları auditoriyada izahlarsız
keçmir. Məhz bu izahedici nitq auditoriyanı böyük
natiqin səmimiyyətinə inandırır. Hər şey olduğu kimi öz izahını
tapır, situasiya bütün ciddiliyi,
ağırlığı, çılpaqlığı ilə
dinləyicilərə çatdırılır. Sonda isə
ağır vəziyyətdən qurtuluşun
mümkünlüyü böyük natiqin optimist, nikbin nitqi
ilə yekunlaşır: "O ki qaldı bizə, Azərbaycanda
yaşayan azərbaycanlılara, bilməlisiniz ki, daxili vəziyyətimiz
nə qədər çətin olsa da - Azərbaycan
sosial-iqtisadi böhran içərisindədir. Son
illərdə iqtisadiyyat dağılmışdır. Azərbaycanda yaranmış böyük sənaye, kənd
təsərrüfatı potensialı bərbad vəziyyətə
düşmüşdür, elm, təhsil ocaqlarının çoxu
pis gündədir. Sosial sahə çox
ağır vəziyyətdədir - lakin Azərbaycan xalqı
yaşayır, gələcəyə böyük ümidlə
və nikbinliklə baxır. Güman edirəm
ki, xalqımız bu vəziyyətdən çıxacaq və
Azərbaycan öz torpaqlarının, öz taleyinin sahibi,
öz dövlətinin sahibi kimi gələcəkdə də
müstəqil dövlət olaraq yaşayacaqdır"
(Londonun Hilton hotelində Böyük Britaniyada yaşayan azərbaycanlılarla
görüşündəki çıxışdan, 23 fevral
1994 cü il).
İqdisadiyyatla bağlı
çıxışlarında böyük natiq situasiyanı
olduğu kimi qiymətləndirir. Səmimiyyət burada da hakim olur:
"Bu yol çətin, ağır yoldur. On illər
boyu yaranmış iqtisadi-sosial sistemdən sərbəst
iqdisadiyyat sisteminə keçmək böyük çətinliklərlə
bağlıdır. Bu sahədə son illərdə
buraxılan səhvlər vəziyyəti daha da gərginləşdirmişdir".
"Bu
sahədə demokratik islahatlar keçirmək,
ağıllı hərəkət etmək bizim borcumuzdur və
əmin ola bilərsiniz ki, biz bu yolla gedəcəyik".
Böyük
natiqin çıxışlarında nitqin səmimiyyətinə
xidmət edən nitq vasitələri işə
düşür, ritorik suallar şəfəq kimi parlayır,
auditoriyanı silkələyir, ayıldır: "İndi nə
edək? Yenə də bənd-bərəni
bağlayaq və deyək ki, həmin iqtisadiyyatı saxlamaq
lazımdır?! Nə vaxtadək saxlayaq?
Sizinlə fikir mübadiləsi edirəm. Bəli,
bəzi mafioz qruplar qeyri-qanuni yollarla sərvət toplamışlar...".
Böyük
natiq cəmiyyətin narahatçılıq keçirdiyi
rüşvətxorluqla mübarizədə öz fikirlərini
açıqca çatdırır: "Gəlin açıq
danışaq. Mən bütün həyatım boyu
rüşvətxorluğa qarşı mübarizə
aparmışam və bundan sonra da aparacağam... Mən tamamilə
razıyam ki, indi yox , dünən də,
on il, iyirmi il bundan qabaq da bizim mənəviyyatımızı
pozan rüşvətxorluq olub və ilbəil inkişaf
edibdir. Bununla hamı, həm də hərə
öz sahəsində mübarizə aparmalıdır".
Heydər Əliyev səmimiyyəti qarşı tərəfin
mənafelərinin həllinə yönələn
inandırıcı, təkidli elementlərlə də zəngindir. 10 fevral 1994-cü il tarixində Türkiyənin iş
adamlarının böyük bir qrupu ilə görüşdə
Azərbaycanın ictimai-siyasi vəziyyətini səmimiyyətlə
araşdırır, iş adamlarını təkidlə Azərbaycana
dəvət edir: "Azərbaycanda ictimai-siyasi sabitliyə gəlincə
əmin ola bilərsiniz ki, bunlar xırda məsələlərdir.
Ümumiyyətlə, bütövlükdə Azərbaycanda
daxili ictimai-siyasi vəziyyət sabitdir və bundan sonra daha da
sabitləşəcəkdir. Sizi tamamilə
əmin edə bilərəm ki, bu sabitlik getdikcə, gündən-günə
daha da möhkəmlənəcəkdir. Sözün
qısası, Türkiyənin iş adamları gecikməməli,
fürsəti əldən verməməli, Azərbaycan kimi zəngin
bir ölkədə öz işlərinin bünövrəsini
qoymalıdırlar".
Heydər Əliyev nitqindəki səmimiyyət dini
mövzunun tələb etdiyi formalarda da özünü
göstərir. Belə ki, İstanbulda "Sülh və səbir"
beynalxalq konfrans nümayəndələri qarşısında
çıxışı dini mövzuda səmimiyyətin təzahürü
kimi səslənir: "Yer üzündə yaşayan insanlara
Allahın ən böyük tövsiyəsi ondan ibarətdir
ki, onlar bir-biri ilə xoş məramda, sülh şəraitində,
bir-birilə qarşılıqlı hörmət,
qarşılıqlı ehtiram şəraitində
yaşasınlar. Ona görə də din xadimlərinin
vicdana çağırış, səbir sülhün təmin
olunması ilə bağlı təşəbbüsləri
Allahın göstərdiyi yolla getmək deməkdir, həm də
yer üzərində insanların sülh şəraitində
yaşamalarına böyük köməkdir. Sizin bu konfransınız müxtəlif dinləri təmsil
edən xadimlərin toplaşaraq bir məsələni,
bütün dünya xalqlarını narahat edən məsələni
- vicdana çağırış, sülh, səbir məsələlərini
müzakirə etməsi buna canlı sübutdur. Mən sizin bu təşəbbüsünüzü
və belə fədakar fəaliyyətinizi
alqışlayır, ürəkdən bəyənirəm".
Böyük
natiqin dilində səslənən yüzlərlə səmimi
"gəlin açıq danışaq", "xalqdan
heç kəs inciyə bilməz", "mən rica edirəm",
"mən öz dediyim sözlərin ağasıyam",
"mən açıq danışmağı sevirəm",
"heç nə vəd etmirəm", "səmimi qəlbdən
təbrik edirəm", "şükürlər olsun ki, Azərbaycan
müstəqil dövlətdir", "axı, biz
hamımız azərbaycanlıyıq", "biz müxalifətə
bundan sonrada böyük hörmətlə münasibət
göstərəcəyik", " sizi tamamilə əmin edə
bilərəm ki"... ifadələr milyonların ürəyinə
yol tapır, qəlbləri işıqlandırır,
insanları mənəvi cəhətdən kamilləşməyə
çağırır. Həm də Azərbaycan nitq mədəniyyətinin
inkişafına təkan verir.
Nağdəli ZAMANOV,
Azərbaycan Tibb Universitetinin dosenti,
tibb elmləri üzrə fəlsəfə
doktoru
Azərbaycan.-2012.-1
yanvar.-S.4.