Hər cəhətdən gözəl insan
idi
Azərbaycan Tibb Universitetinin təşəkkül tapıb inkişaf etdirilməsində, beynəlxalq aləmdə tanıdılmasında, milli tibb kadrlarının, səhiyyə işçilərinin hazırlanmasında görkəmli alim və dövlət xadimi, bacarıqlı səhiyyə təşkilatçısı, əməkdar həkim, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyevin çoxşaxəli fəaliyyəti və müstəsna xidmətləri xüsusi vurğulanmalıdır. Onun şərəfli ömrünün böyük bir hissəsi Azərbaycan Dövlət Tibb İnstitutu (indiki Azərbaycan Tibb Universiteti) ilə bağlı olmuşdur.
Əziz
Əliyev 1897-ci il yanvar ayının 1-də qədim Azərbaycan
torpağı olan İrəvan quberniyasının (İrəvan
xanlığının) Hamamlı kəndində anadan
olmuşdur. İbtidai və orta təhsilinin bir hissəsini
(1908-ci ilə qədər) həmin kənddə, bir hissəsini
Çitadakı (Rusiyada) gimnaziyada, daha sonra isə İrəvandakı
kişi gimnaziyasında almışdır. Həmin vaxtlar
Əziz Əliyevin bibilərindən Göyçək
xanım ailəsi ilə birlikdə Çita şəhərində
yaşayırdı və o, bir müddət bibisigildə
qalıb təhsilini orada davam etdirmişdir. Əziz Əliyev
1914-cü ildə yay tətili günlərində İrəvana
gəlir. Lakin I Dünya müharibəsinin başlanması ilə
əlaqədar yollar bağlandığına görə
Çitaya qayıda bilmir. Odur ki, İrəvan gimnaziyasında
oxuyaraq 1917-ci ildə oranı əla qiymətlərlə
başa vurdu.
Əziz
Əliyev uşaqlıq illərindən həkim olmaq həvəsinə
düşmüş və arzusuna çatmaq üçün
maliyyə köməyi baxımından xeyriyyəçi
Hacı Zeynalabdin Tağıyevə müraciət etmişdir.
H.Z.Tağıyevdən maliyyə dəstəyi aldıqdan
sonra 1917-ci ildə Sankt - Peterburqa gedib orada dünyanın ən
məşhur tibb ocaqlarından olan Hərbi Tibb Akademiyasına
daxil olmuşdur. Orada dərsdənkənar vaxtlarda səpgili
yatalaq əleyhinə təşkil edilmiş sanitariya -
dezinfeksiya briqadasında işə düzələrək həm
praktik tibbi vərdişlərə yiyələnmiş, həm
də aldığı maaşla özünün və ailəsinin
minimal xərclərini ödəyə bilmişdir.
Birinci
kursu müvəffəqiyyətlə başa vurduqdan sonra gənc
Əziz 1918-ci ilin yay tətili günlərində doğma
yurdu İrəvana qayıtmış və erməni
daşnaklarının yerli əhalinin başına gətirdikləri
işgəncələrin canlı şahidlərindən
olmuşdur. Həmin illərin ağrı-acılarını
yaşayanlardan biri də Əziz Əliyev və onun ailəsi
olmuşdur. Bir müddət Naxçıvanın Şərur
rayonunda və Şahtaxtı kəndində məskunlaşan
didərginləri burada da sakit buraxmayıblar və erməni-bolşevik
dəstələri Naxçıvana silahlı basqınlar edərək
qırğınlar, dağıntılar törədiblər.
Ailə məcbur olub Cənubi Azərbaycanın Ərəblər
kəndinə keçib. Odur ki, həmin illərdə Əziz
Əliyev Sankt-Peterburqda tibb təhsilini davam etdirə bilməyib.
1921-ci
ildə didərgin düşmüş əhali nəhayət
ki, Naxçıvana qayıdıb. Bu illərdə Əziz
Əliyev arası kəsilmədən didərgin düşən
soydaşlarına və yerli əhaliyə orta tibb
işçisi kimi yardım göstərib, həkim və əczaçı
köməkçisi funksiyalarını yerinə yetirib.
Əziz
Əliyev 1923-cü ildə yarımçıq qalmış
ali tibb təhsilini davam etdirmək
ümidilə ailəsini də götürüb
Bakıya köçür. O, Bakıya gələn kimi Xalq
Komissarları Şurasında işə düzəlir və
tapşırılan bütün işləri müvəffəqiyyətlə
yerinə yetirir. Orada o, iş icraçısı, ümumi
şöbə müdirinin müavini, katib köməkçisi
və katib vəzifələrində çalışaraq,
özünü bacarıqlı təşkilatçı kimi
göstərir. 1923-cü ildə yenidən imtahan verərək
Bakı Dövlət Universitetinin tibb fakültəsinə
daxil olur. 1927-ci ildə arzusunda olduğu ali tibb təhsilini
başa çatdırır. Elə həmin ildə Xalq
Komissarları Şurasının göndərişi ilə
klinikada elmi-pedaqoji işə başlayır. Əziz
Əliyevin fenomen bir şəxsiyyət kimi
formalaşdığını təsdiqləyən Bakı
Dövlət Universitetinin rəhbərliyi onun tibb fakültəsini
bitirdikdən sonra daxili xəstəliklər kafedrasında
saxlanılması haqqında qərar verir. O, bu dövrdə də
özünü bacarıqlı təşkilatçı kimi
göstərərir. Buna görə də ona ictimai və
dövlət əhəmiyyətli işlər də
tapşırılır. O, 1928-ci ildə Xalq Səhiyyə
Komissarlığında müalicə şöbəsinin
müdiri vəzifəsinə işə
götürülür.
1929-cu
ildə isə Azərbaycan Klinik İnstitutunun direktoru vəzifəsinə
təyin edilir və 1932-ci ilə qədər bu instituta rəhbərlik
edir. Bakı Dövlət Universitetinin tibb fakültəsi
öz fəaliyyətini dayandırdıqdan sonra, 1930-cu il may
ayının 9-da bu fakültənin nəzdində Azərbaycan
Dövlət Tibb İnstitutu yaradılır. Həmin ilin iyun
ayının 19-da isə ADTİ-də ilk tələbə qəbulu
aparılır. O zaman ADTİ-nin təşkili çox mürəkkəb
bir proses olduğundan artıq mahir təşkilatçı
kimi tanınan Əziz Əliyev də bu mühüm prosesin
icrasına cəlb edilir. 1932-ci ildə isə Azərbaycan Tibb
İnstitutunun direktoru vəzifəsi Əziz Əliyevə
tapşırılır və o, 6 ilə yaxın bir müddətdə
bu funksiyanı şərəflə yerinə yetirir.
1919-1930-cu
illərdə fəaliyyət göstərmiş Bakı
Dövlət Universitetinin tibb fakültəsində dərslər
ancaq rus dilində aparılırdı və ona görə də
Azərbaycanın ucqar rayonlarından gələn gənclərin
tibb fakültəsinə qəbul olunması müşkül
məsələyə çevrilmişdi. Azərbaycan Dövlət
Tibb İnstitutu yaradıldıqdan sonra burada müalicə-profilaktika
və sanitariya-gigiyena fakültələri fəaliyyət
göstərməyə başladı. Həmin fakültələrdə
dərslər rus dili ilə yanaşı, Azərbaycan dilində
də aparılırdı. Bunun nəticəsində də
respublikada mükəmməl milli tibb kadrları ordusunun
hazırlanması üçün müəyyən
addımlar atılmışdı.
Azərbaycan
Tibb Universitetinin inkişafı və təşəkkülü
bir neçə mərhələyə bölünür. Bu
inkişafın ilk mərhələsi 1932-1938-ci illəri əhatə
edən Əziz Əliyev mərhələsidir.
Qeyd
etdiyimiz kimi, Əziz Əliyev
bu məsuliyyətli işə başlamazdan əvvəl
bütöv bir həyat məktəbi keçmiş və
kifayət qədər təcrübəyə malik idi. Ona
görə də 1932-ci ilin iyun ayının 1-də Azərbaycan
Dövlət Tibb İnstitutunun direktoru təyin edilərkən
o, ilk günlərdən təşkilatçılıq
imkanlarından istifadə edib, bir-birinin ardınca
özünün hazırladığı layihələri həyata
keçirməyə başladı. Onu narahat edən məsələlərdən
biri də bu idi ki, milli həkim, milli elmi işçilərin
yetişdirilməsi üçün ilk növbədə tədris
prosesi ilə məşğul olan milli müəllim
kadrları və ana dilində dərsliklər olmalıdır.
Bunsuz tibbi fənləri tədris etmək qeyri-mümkündür. Ona görə
də Əziz Əliyev tibbin müxtəlif ixtisasları
üzrə səriştəsi olan azərbaycanlı alimləri
toplayaraq qısa müddətdə onları ana dilində dərsliklər
yazmağa sövq etdi. Az vaxtda
onun rəhbərliyi ilə milli dildə 55 adda dərslik
çap edilərək tələbələrin ixtiyarına
verildi. Əziz Əliyevin təşəbbüsü ilə
işıq üzü görən əsərlərdən
özünün yazdığı "Klinik analizlər"
kitabı, K.Balakişiyevin "İnsanın normal
anatomiyası", M.Qəniyevin "Mikrobiologiya kursu", C.Hüseynovun
"Patoloji anatomiya", Y.Qazıyevin "Ağciyər vərəmi",
Ü.Musabəylinin "Göz xəstəlikləri",
Ə.Talışinskinin "Travmatologiya", Q.Səfərov
və Ə.Həsənovun "Bioloji kimya" və digər
dərsliklər, eləcə də M.Mirqasımovun,
M.Topçubaşovun, M.Mirsəlimovun, M.Əfəndiyevin, Z.Məmmədovun
və başqalarının çap olunan dərs kitabları
Azərbaycanın tibb tarixində abidəyə
çevrilmiş nəşrlərdəndir. Bu kitablar indi də
dəyərini saxlayır və
onların hər birinin işıq üzü görməsində
Əziz Əliyevin müstəsna rolu olub. Professor qısa
müddətdə rus dilində olan tibbi kitablardan ən vaciblərinin
Azərbaycan dilinə tərcüməsinə də nail olub.
Onun təşəbbüsü ilə "Boğaz, burun, qulaq
xəstəlikləri", "Uşaq xəstəlikləri",
"Farmakologiya kursu", "Histologiya" adlı kitablar və
digər dərsliklər tərcümə edilərək
çap olunub. O vaxtlar kitab çap etdirmək
üçün texniki təchizat yox dərəcəsində
idi. Ümumiyyətlə, ADTİ-nin maddi-texniki bazası
çox zəif idi. Odur ki, Əziz Əliyev ali məktəblərə
rəhbərlik etdiyi ilk illərdə hər işi
sıfırdan başlamalı olurdu ki, bu da çox vaxt tələb
edirdi.
Heç
bir çətinlikdən çəkinməyən Əziz
Əliyev Azərbaycan Dövlət Tibb İnstitutunun nəzdində
tibbi kitabxana yaratmaq ideyasını reallaşdırmağa
başladı. Onun səyi nəticəsində professor
P.Rostovtsevin sədrliyi ilə ADTİ-də kitabxana
komissiyası yaradılmışdır. Əziz Əliyevin
yaratdığı bu komissiya 1936-cı ildə oxuculara belə
bir təlimat göndərir: "Kitabxana plan üzrə
SSRİ-də nəşr olunan bütün təzə
kitabları, o cümlədən dövri tibbi - bioloji ədəbiyyatı
alır. Bunlardan əlavə, kitabxana SSRİ-nin 231 elmi müəssisəsi
və 87 xarici ölkə ilə kitab mübadiləsi
aparır". Bundan sonra tibbi kitabxananın inkişafında və
formalaşmasında ciddi dönüş
yaranmışdır.
Hazırda
ATU 1 milyona yaxın kitab fonduna malikdir. Bu zəngin fondun
bünövrəsini qoyan, respublikamızda ilk tibbi
kitabxananın banisi Əziz Əliyevdir.
Görkəmli
alim ümumiyyətlə, bütün şüurlu fəaliyyəti
dövründə tibb nəşriyyatı yaratmağın,
onu təkmilləşdirmək
və inkişaf etdirməyin yolları haqqında
düşünüb. O, bu sahədəki ideyalarını tədricən
həyata keçirməyə başlayıb və institut
kollektivinin köməyi ilə 1934-cü ildə "Tibb nəşriyyatı"
yaradıb. Professorun təşəbbüsü və
redaktorluğu ilə ilk dəfə olaraq "Praktiki və nəzəri
tibb jurnalı"nın nəşrinə
başlanılıb. O, 1929-cu ildən etibarən "Azərbaycan
Tibb Jurnalı"nın məsul katibi vəzifəsində
çalışıb, 1935-ci ildə isə həmin
jurnalın baş redaktoru təyin edilib. O dövrdə jurnal
ADTİ-də yenicə təşkil edilmiş "Tibb nəşriyyatı"nda
çap olunub. 1933-cü ildə yenə də Əziz
Əliyevin təşəbbüsü ilə Azərbaycan
Dövlət Tibb İnstitutunda "Tibb kadrları
uğrunda" adlı çoxtirajlı qəzetin nəşrinə
başlanıb. Hazırda bu qəzet "Təbib" adı
ilə ATU-nun nəşriyatında çap olunub fəaliyyətini
davam etdirir. 2003-cü ildə ATU-da "Təbib" qəzetinin
yaradılmasının 70, 2008-ci ildə isə 75 illik yubileyləri
təntənə ilə qeyd edildi və həmin mərasimlərdə
qəzetin yaradıcısı Əziz Əliyevin adı
ehtiramla xatırlandı.
Əziz
Əliyev harada çalışırsa çalışsın elmi
axtarışlarını bir an belə dayandırmayıb. O,
institutu bitirəndən 2 il sonra - 1929-cu ildə namizədlik
dissertasiyası, 5 il sonra isə doktorluq dissertasiyası
müdafiə edib. 1933-cü ilin avqust ayında Almaniyada elmi
ezamiyyətdə olub. Oradan qayıtdıqdan sonra doktorluq
dissertasiyasını müdafiə edib. Azərbaycandan ilk dəfə
bu dissertasiya işi SSRİ Elmlər Akademsiyasının və
ÜİLKGİ Mərkəzi Komitəsinin mükafatına
layiq görülən dəyərli elmi əsər kimi qiymətləndirilib.
Əziz Əliyev 1941-ci ildə Azərbaycan SSR xalq səhiyyə
komissarı işləyərkən SSRİ Elmlər Akademiyasının Azərbaycan
filialının Rəyasət Heyəti nəzdində təşkil
edilmiş Elmi Şuranın üzvü, 1956-cı ildə Azərbaycan
Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunun rektoru olarkən professor vəzifəsinə
seçilib.
Əziz Əliyevin Azərbaycan
Dövlət Tibb İnstitutuna rəhbərlik etdiyi dövrdə yazdığı
"Klinik analizlər" kitabı tələbələr və
gənc həkimlər tərəfindən rəğbətlə
qarşılanıb və onların stolüstü
kitablarından birinə çevrilib. Onun bir neçə elmi əsəri
"Azərbaycan Tibb Jurnalı"nda çap edilib. İlk
illərdə çap edilənlərə "Həzm
zamanı qanın xloridləri" (1928), "Malyariyanın
Karno metodu ilə müalicəsi" (1932), "Klinik analizlər
üzrə rəhbərlik" (1933) əsərlərini misal
göstərmək olar. Əziz Əliyev uzun müddət
eksperimental nefritin öyrənilməsi problemi ilə də məşğul
olub, elmi işlərinin əsas məğzini bu istiqamətə
yönəldib, pedaqoji işlərlə məharətlə
uzlaşdıra bilib və fakültə terapiyası
kafedrasında müəllimlik fəaliyyətini davam etdirib.
Belə ki, o, 1927-ci ildən BDU-nun tibb fakültəsinin
diaqnostika kafedrasında ordinator və aspirant, 1930-cu ilin
oktyabrından isə yenicə təşkil edilmiş Azərbaycan
Dövlət Tibb İnstitutunun birinci terapiya və diyar
patologiyası kafedrasında assistent və dosent vəzifələrində
çalışıb.
Professor
Əziz Əliyevin Azərbaycan Dövlət Tibb İnstitutuna
rəhbərlik etdiyi dövrdə 11 doktorluq və çox sayda
namizədlik dissertasiyası müdafiə edilib. Bununla
bağlı təkcə bu faktı qeyd etmək kifayətdir
ki, onun təşəbbüsü ilə kafedraların nəzdində
təşkil edilmiş aspiranturada 4 il ərzində 30 tibb elmləri
namizədi hazırlanıb. Onlardan 19-u milli kadr olub. O, tibb sahəsi
üzrə milli kadr hazırlığını daim ön
plana çəkib.
Əziz
Əliyev Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil
alan tələbələrin həyatı ilə dərindən
maraqlanır, onların probemləri barədə ciddi
düşünürdü. 1933-cü ildə onun təklifi, təşəbbüsü
və bilavasitə iştirakı ilə indiki Kliniki Tibbi Mərkəzin
yaxınlığında "Tibb şəhərciyi"nin
inşasına başlanır. Sonralar həmin şəhərcikdə
tələbə yataqxanaları ilə birlikdə nəzəri
kafedralar üçün tədris korpusları da tikilib. Bu
işlərin genişləndirilməsi ulu öndər Heydər
Əliyev tərəfindən yerinə yetirilib. Son 8 ildə isə
Prezident İlham Əliyev tərəfindən uğurla həyata
keçirilib.
1933-1934-cü
illərdə ölkədə çörək
qıtlığı yarandığından ADTİ-nin tələbələrinin
də güzəranı xeyli ağırlaşıb. Vəziyyətdən
çıxmaq üçün Əziz Əliyevin
qayğısı sayəsində "Azad qadın" heykəlinin
yaxınlığındakı orta məktəbin birinci mərtəbəsində
tələbə yeməkxanası təşkil edilib. Burada
ADTİ-nin tələbələrinə gündə 500-600 qr
çörəklə bərabər pulsuz yemək verilib.
Bundan əlavə, Əziz Əliyev Azərbaycan Dövlət
Tibb İnstitutunda rektorluq fondu yaradıb. Həmin fondun
hesabına ehtiyacı olan əlaçı tələbələrə
hər il paltar, ayaqqabı aldırar,
bu da tələbələri daha yaxşı oxumağa
sövq edərdi.
Əziz
Əliyev hər il Azərbaycan Dövlət Tibb İnstitutunun
son kurs tələbələrinin ən
bacarıqlılarını Moskvanın və Sankt-Peterburqun məşhur
ali tibb məktəblərinə ezam edər, onlara təcrübə
toplamaları üçün əlverişli şərait
yaradardı. Belə vaxtlarda da ölkədən xaricə gedən
tələbələrə pul yardımı edər,
onları başdan ayağa öz hesabına geyindirərdi.
Maraqlı
faktlardan biri də budur ki, Əziz Əliyev 1934-cü ildə
Bakıda səhiyyə xidmətinin səviyyəsini yüksəltmək
məqsədilə Bakı şəhər səhiyyə
şöbəsinin müdiri vəzifəsinə təyin
edilib, bir neçə aydan sonra o, qarşısına qoyulan məqsədə
nail olub və yenidən Azərbaycan
Dövlət Tibb İnstitutunun direktoru vəzifəsinə
qaytarılıb.
1936-1940-cı
illərdə Əziz Əliyevin iştirakı ilə malyariya
və traxomaya qarşı mübarizəyə
başlanılıb. Bacarıqla həyata keçirilən tədbirlər
sayəsində ölkəmizdə tüğyan edən bu dəhşətli
xəstəliklərin geniş miqyasda yayılmasının
qarşısı alınıb. Onun rəhbərliyi altında
müalicə - profilaktika məqsədilə
respublikamızda xüsusi
dispanserlər, şəhər və kəndlərdə
göz xəstəxanaları təşkil edilib.
Professorun
Azərbaycan Dövlət Tibb İnstitutunda göstərdiyi səmərəli
fəaliyyəti dövlət orqanları tərəfindən
yüksək qiymətləndirilib.
Göründüyü
kimi, görkəmli alimin fəaliyyət dairəsi olduqca rəngarən
və çoxcəhətli olub. O, müəyyən müddətdə
Azərbaycan Dövlət Tibb İnstitutunun direktoru olmaqla
yanaşı, Əczaçılıq İnstitutuna da rəhbərlik
edib və 1937-ci ildə eyni zamanda Bakı Dövlət
Universitetinin rektoru vəzifəsində
çalışıb. İkinci Dünya müharibəsi illərinin
əvvəllərində isə alay polkovniki rütbəsində
siyasi rəhbər kimi Cənubi Azərbaycana göndərilib.
O,
1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi,
1942-1948-ci illərdə Dağıstan MSSR Vilayət Partiya
Komitəsinin birinci katibi vəzifələrində
çalışıb və bu vəzifələrdə də özünü bacarıqlı
dövlət xadimi kimi göstərə bilib. Professor
1949-1950-ci illərdə Moskvada ÜİK (b) P MİK-nın təlimatçısı,
1950-1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin
birinci müavini, sonrakı illərdə Azərbaycan SSR Elmi-Tədqiqat
Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun
direktoru olmuş, Sabunçu xəstəxanasında işləmiş,
1956-cı ildən etibərən Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutunun rektoru vəzifəsində
fəaliyyət göstərmişdir.
Əziz
Əliyev I-II çağırış SSRİ Ali Sovetinin,
I-III çağırış Azərbaycan SSR Ali Sovetinin, II
çağırış Dağıstan MSSR-in Ali Sovetinin
deputatı olmuşdur.
Görkəmli
dövlət xadiminin vətən və xalq
qarşısındakı misilsiz xidmətləri yüksək
qiymətləndirilib. O, iki dəfə "Lenin" ordeni,
"Qırmızı Əmək Bayrağı" ordeni,
"I Dərəcəli Vətən Müharibəsi"
ordeni, "Səhiyyə Əlaçısı"
döş nişanı, bir çox medallar, o cümlədən
1948-ci ildə "Moskvanın yaranmasının 800
illik" xatirə medalı və
çoxsaylı fəxri fərmanlarla təltif edilib.
1960-cı ildə Əziz Əliyevə "Azərbaycan SSR əməkdar
həkimi" fəxri adı verilib. Hazırda Azərbaycan
Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutu, Bakının mərkəzi küçələrindən
biri, Mahaçqalada bir küçə, Dağıstanda bir
sovxoz, Kaspiyskidə bir tibb məktəbi Əziz Əliyevin
adını daşıyır.
1998-ci
ilin may ayının 14-də Əziz Əliyevin anadan
olmasının 100 illik yubileyi Bakıda dövlət səviyyəsində
qeyd edilərkən yubiley təntənələrində
çıxış edən ümummilli lider Heydər
Əliyev görkəmli dövlət xadiminin zəngin həyat
yolu və yaradıcılığı barədə
danışarkən demişdir: "Əziz Əliyev mənə
danışırdı ki, o, 1937-ci il repressiyasından
möcüzə nəticəsində xilas olmuşdur. Onu
sonralar 50-ci illərin əvvəllərində repressiya etdilər.
İşdən çıxarıb Ortopediya və Bərpa Cərrahiyyəsi
İnstitutunun direktoru təyin etdilər. Amma tezliklə bu vəzifədən
də çıxartdılar. Professoru, elmlər doktorunu, bu qədər
xidmətləri olan bir insanı Sabunçu xəstəxanasına
adi həkim kimi göndərdilər
və o, 3 il orada işlədi".
Lakin xoşbəxtlikdən bu, uzun sürmədi
və Əziz Əliyev yenidən
öz layiqli qiymətini aldı. Onun əvvəlki
şan-şöhrəti yenidən özünə
qaytarıldı.
Ümummilli
lider Heydər Əliyev Əziz Əliyevin yubiley gecəsində
çıxış edərkən bu böyük şəxsiyyətin
insani keyfiyyətlərindən söhbət
açmışdır: "Azərbaycanda və
Dağıstanda işlədiyi illərdə o, elm xadimləri
ilə çox sıx əlaqədə olurdu. Bütün
tibb professorları onun dostları idi. Onların çoxunu o
hazırlayıb irəli çəkmişdi. Azərbaycan incəsənəti
və ədəbiyyatının Üzeyir Hacıbəyov,
Müslüm Maqomayev, Bülbül, Niyazi, Səməd
Vurğun, Süleyman Rüstəm, Qara Qarayev kimi görkəmli
xadimləri ilə onun çox yaxın, mehriban, ailəvi
münasibətləri vardı. Bütün bunlar ona görə
olurdu ki, o, çox ziyalı bir adam idi, yüksək səviyyədə
savadlı, mədəni adam olduğuna görə həmişə
məhz bu mühitlə təmasda olmağa
çalışırdı. Həmin adamlar da onunla yaxın
olmaq istəyirdilər. O, hər cəhətdən gözəl
insan idi".
Əziz
Əliyev həyat yoldaşı Leyli xanımla birgə
böyütdükləri övladlarına layiqli valideyn olublar. Onların
övladları da öz istedadları, bacarıqları
hesabına ucalıblar. Bu ailənin övladlarından Zərifə
Əliyeva Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən
sonra həyatını bütünlüklə Azərbaycanda
oftalmologiya elminin inkişafına, bu sahədə yüksəkixtisaslı
tibb kadrlarının hazırlanmasına, müalicəyə
ehtiyacı olan saysız-hesabsız xəstələrin şəfa
tapması üçün çalışıb, onlara nur,
şəfqət bəxş edib. Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutunda da, Moskvada da eyni
uğurla çalışan Zərifə Əliyeva
oftalmologiya sahəsində akademik səviyyəsinə qədər
yüksəlib və 1981-ci ildə keçmiş SSRİ Elmlər
Akademiyasının çox nüfuzlu mükafatı
sayılan Averbax mükafatına layiq görülüb.
Əziz Əliyevin digər övladları Ləzifə Əliyeva
bacarıqlı göz həkimi, ADTİ-nin göz xəstəlikləri
kafedrasının dosenti, Dilbər xanım adlı-sanlı
mühəndis - rabitəçi olmuşdur. Əziz
Əliyevin kiçik qızı əməkdar incəsənət
xadimi Gülarə xanım Əliyeva uzun müddət "Dan
ulduzu" instrumental ansamblına rəhbərlik edib və
populyar pianoçu, peşəkar müsiqişünas kimi
xatirələrə əbədi həkk olunub. Əziz
Əliyevin böyük oğlu əməkdar elm xadimi, tibb elmləri
doktoru, professor Tamerlan Əliyev respublikanın
tanınmış terapevtlərindən idi. O, uzun müddət
ATU-nun daxili xəstəliklər kafedrasında kafedra müdiri
vəzifəsində çalışıb. Əliyevlər
ailəsinin kiçik övladı Cəmil Əliyev də həyatını
tibb elminin inkişafına həsr edib, tibb elmləri doktoru,
professor, əməkdar elm xadimi, akademik səviyyəsinə qədər
yüksəlib. O, hazırda Azərbaycan Milli Elmlər
Akademiyasının, Rusiya Tibb Elmləri Akademiyasının həqiqi
üzvü, əməkdar elm xadimi, Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin baş
direktorudur. Akademik Cəmil
Əliyevin elmi əsərləri təkcə respublikamızda
deyil, onun hüdudlarından kənarda da geniş
yayılıb, müəllifinə nüfuz qazandırıb.
1962-ci
ilin iyul ayının 27-də Əziz Əliyev vəfat
etmiş Fəxri xiyabanda dəfn olunmuşdur.
Əziz
Əliyevin anadan olmasının 115 illik yubileyi Azərbaycan
Tibb Universitetində böyük ruh yüksəkliyi ilə
qeyd olunur, bu böyük şəxsiyyətin xatirəsi
universitein professor-müəllim heyəti və tələbələri
tərəfindən hörmətlə anılır, ehtiramla
yad edilir.
Bir
sözlə, görkəmli
dövlət xadimi, bacarıqlı səhiyyə təşkilatçısı,
qayğıkeş alim, həkim və müəllim kimi
yaddaşlara əbədi həkk olunan Əziz Əliyevin zəngin
və mənalı həyat yolu bir örnəkdir və həmişə
örnək olaraq qalacaq.
Oqtay ŞİRƏLİYEV,
səhiyyə naziri
Əhliman ƏMİRASLANOV,
akademik, SSRİ Dövlət
mükafatı laureatı, Milli Məclisin deputatı
Azərbaycan.-2012.-1 yanvar.-S.6.