Həyatın rəngləri, ilin günləri

Duyğular

 

 Sevinclə, kədərlə, müxtəlif maraqlı hadisələrlə, yeniliklərlə yaşanan 2011-ci il tarixin arxivinə üz tutdu. Elə bir millət, xalq tapmaq olmaz ki, ilin bütün günləri onlar üçün ancaq bayramdan, sevincdən ibarət olsun. Həyatın rəngləri ilin günlərində öz əksini tapır. Bu elə bir reallıqdır ki, insan heç zaman ondan qaça bilməz. İndi təzə - 2012-ci illə üzbəüz dayanmışıq.

Həyatın ən ağır məqamına, kədərinə bir nikbinliklə qələbə çalır, gələcəyə ümidlə baxırıq. İnsan qəribədir. Batan günəşin xiffətini çəksə də, açılan səhərlərin işığından nur alır. Beləcə, ömrünü günlərə bükərək aylara, illərə təhvil verir. Özü də həmişə Yeni ili xoş ovqatla qarşılamağı, daha doğrusu, onu səbirsizliklə gözləməyi çox sevir. Burada qəribə bir ümid işartıları var. Sanki köhnə ildə yarımçıq qalmış işlərin, qovuşmadığın arzuların məhz təzə ildə göyərəcəyinə, həyata keçəcəyinə ürəkdən inanırsan. Bəlkə də buna görə bütün dünya dekabrın son gecəsini xüsusi şənliklə qeyd edir. O bayram, o əlamətdar hadisə əgər bütün bəşəriyyətin diqqətindədirsə, bunun da öz mənası, öz gözəlliyi var. Təzə ili bütün dünyada böyüklərdən çox bəlkə də uşaqlar xüsusi intizarla gözləyir, qarşılayır, şənlik edirlər. Nə gizlədək... Çilçıraqlı yolkaların əlvanlığından adamın ovqatına qəribə sevinc süzülür. Bayram axşamı şampan butulkaları, sağlıqlar, bağışlanan hədiyyələr, bir-birinə qarışan təbriklər... Vallah çox gözəldir! Məhz həmin axşam Yeni ilin ilk sevinci başlayır. Bəzən söyləyirlər ki, bu bayramın bizim millətə dəxli yoxdur. Bayramlar heç zaman insanla birlikdə doğulmur ki?! Xoş günü, şənliyi, təqvim yeniliyini qeyd etməyin nəyi pisdir? Təki həmişə bayram olsun! Deyək ki, Azərbaycanda Yeni ili həmişə xüsusi məhəbbətlə qarşılayıb yüksək əhval-ruhiyyə ilə keçirməyə çalışırlar. Doğrudur, son illər bu bayramla bağlı bəzi təzadlı fikirlər də meydana çıxıb. Halbuki təqvim ili dəyişir, köhnə il ömrünü başa vurur, Yeni il qədəmlərini torpağımıza atır. Yüz ilə dönür ki, Azərbaycanda bu bayramı böyük təntənə ilə, ürəkdən gələn məhəbbətlə, sevinclə, ümidlə qarşılayıb qeyd edirlər. Doğrudur, bu bayram bizim əlamətdar günlərin sırasına sonradan gəlmədir. Lakin illərdir ki, təqvim ilinin dəyişməsini məmləkətimizdə böyük təmtəraqla keçirirlər. Evlərdə yolkalar qurulur, dekabrın son gecəsi bayram süfrəsi açılır, ailə üzvləri bir-birinə hədiyyələr bəxş edirlər. Həmin axşam süfrələr öz gözəlliyi, zənginliyi ilə diqqət çəkir. Üzlərdə, gözlərdə sevinc duyulur.

Yeni il ilk dəfə 1594-cü ildə Fransada qeyd olunub. IX Karlın fərmanı ilə Təzə il yanvarın 1-dən başlanıb. Bu yenilik ildırım sürətilə bütün dünyaya yayılıb. Fransa əyalətlərində indi də köhnə ənənəyə əməl olunur. Yeni ildə ilk olaraq su dalınca bulağa gedən ev sahibəsi oraya bayram süfrəsindən pay aparır. Bu da, adətən, qoğal və bulkadan ibarət olur. Bu bayram payını ertəsi günü başqa birisi götürür. Əvəzində öz gətirdiyini bulaq başına qoyur. Beləliklə, qadınlar gecəyarısına qədər bir-birlərini bu cür qonaq edirlər. Fransada şirin fətirlə bərabər qızardılmış şabalıd süfrəyə xüsusi gözəllik gətirir. Süfrədə mütləq göbələk supu, bal, kələm turşusu, süddə qızardılmış peçenyelər olmalıdır.

Əlbəttə, Yeni ili hər bir xalq, millət öz ənənəsinə uyğun keçirir. Rusiyada, İtaliyada, eləcə də Avropanın bir çox ölkələrində, Amerikada Yeni ili müxtəlif adət-ənənələrə uyğun qarşılayırlar. Dekabrın 31-də bütün evlərdə bayram süfrələri açılır. Hər bir xalqın da özünəməxsus süfrə mədəniyyəti var. Yeni il süfrələri müxtəlif şərabların, cürbəcür içkilərin çoxluğu ilə seçilib. İtaliyada bu bayramı beş gün keçirirlər. Süfrəyə mütləq meyvə piroqu, balıq, bal, noxud düzülür. Hətta Yeni il axşamı köhnə ev əşyalarının pəncərədən küçəyə atılması ənənəsi hələ də qalmaqdadır. Küçədən keçənlər üçün heç də təhlükəsiz olmayan bu adətə əməl edən italyanlar düşünürlər ki, nə qədər çox mebel atılsa, Yeni il öz gəlişi ilə həmin ailəyə bir o qədər sərvət gətirə bilər.

Rusiyada isə hər bir evdə kilsə şamları yandırılır. Süfrəyə mütləq müxtəlif yeməklər, salatlar, içkilər, piroqlar qoyulur. İnanclara görə süfrə nə qədər zəngin və gözəl olarsa, qarşıdan gələn il də elə gözlənilər. Rusların süfrəsinin tən ortasında mütləq qızardılmış donuz balası qoyulmalıdır. İnanca görə donuz var-dövlət simvoludur. Süfrəyə quş ətindən heç nə verilməz. Belə hesab edilir ki, xoşbəxtlik evdən uça bilər. Gələn qonaqlara xəmirdən hazırlanmış müxtəlif fiqurlu şirniyyatlar paylanılar. Yeni il axşamı mütləq təzə paltar və ayaqqabı geynilməlidir. Yaxın adamlar bir-birini təbrik edir, qonaq gedir, səhərədək yemək-içmək davam edir.

Avropanın çox ölkəsində Yeni ili fəxri şəkildə qarşılayırlar. Elə ölkə var ki, orada Şaxta baba, elə yerlər də var ki, orada uşaqların Şaxta nənəsi olur. Şaxta babanın adı Noel ata, Şaxta nənənin ismi isə Befandır. Avropada belə bir fikir də dəbdədir ki, Yeni il axşamı ən yaxşısı evindən bayıra çıxmamaqdır. Bunun da bir səbəbi var. Həm o axşam pəncərədən atılan köhnə mebellər sənin üstünə düşməz, həm də bayramı hansı ovqatla qarşılasan, elə o əhval-ruhiyyə ilə də sona çatdırarsan.

Almaniyada ilkin olaraq Yeni il tortu bişirilir, süfrəyə donuz əti qoyulur. Elə ki saatlar gecəyarısını göstərir, müxtəlif yaş təbəqəsinə mənsub insanlar sanki balaca uşağa dönürlər. Masa, stol, kreslonu "ata" döndərib atılıb-düşürlər. Beləliklə, onlar da Yeni ili bu şəkildə qarşılayırlar.

İngiltərədə də Yeni ilin özünəməxsus qarşılanma mərasimi var. Burada da hər yerdə olduğu kimi, ən çox sevinən uşaqlardır. Çünki bütün gecəni küçələrdə oyuncaqlar, maskalar, hava şarları satılır. Yeni il axşamı ingilislər ənənəvi ağ pudinq yeyirlər. Lakin onlar bunu çox ehtiyatla istifadə edirlər - çünki onun içərisində yemək üçün qidalarla bərabər, yararsız əşyalar da olur. Odur ki, pudinq loteriya kimidir. Kimə yaxşısı, kimə də pisi düşə bilər.

Şotlandiyada isə Yeni il qəribə bir hay-küylə qarşılanır. Çəlləkdə qətran yandırılır və onu küçə boyu diyirləyirlər. Bu da şotland inancına görə köhnə ilin yandırılması deməkdir. Guya bundan sonra Yeni ilə yol açılır. Bu ölkədə hələ qədimdən hesab edirlər ki, Yeni ilin gəlişindən sonra evə girən ilk adam ya xoşbəxtlik, ya də bədbəxtlik gətirər. Ona görə də evə ilk dəfə girməyə hər kəs tərəddüd edir. Deyirlər ki, şotland evinə ilk dəfə hədiyyə ilə tünd saçlı kişi daxil olsa, bu, xoşbəxtlik əlamətidir.

İrlandiyada isə həmin gecə evlərin qapıları taybatay açıq qalmalıdır. Kimin ürəyi hansı evi istəsə daxil ola bilər. Çünki onu orada əziz qonaq kimi qarşılayaraq bayram süfrəsi ətrafında ən şərəfli yerdə əyləşdirəcək və şirin şəraba qonaq edəcəklər. İrlandlar bayram axşamı badə qaldırarkən belə söyləyərlər: "Bu evdə və bütün dünyada sülh naminə".

Macarıstanda isə Yeni il günü oyuncaq tütəklər, fit hədiyyə etmək dəbdədir. Xalq inancına görə bu musiqi alətlərinin təsirli səsi evdəki cinləri qovar və evlərə sevinc, firavanlıq gətirə bilər. Rumıniyada isə Yeni il axşamı süfrəyə içərisində kiçik sürprizlər - qəpiklər, farfor fiqurlar, acı bibər qabığı olan qoğal qoyulur. Kiminsə qoğalında üzük tapılsa, bu, o deməkdir ki, Yeni il onun üçün xoşbəxtlik gətirəcək. Acı bibər qabığı isə sadəcə gülüş doğurmaq məqsədilə qoyulur.

Hindistanda isə bu bayramı əyalətlərdən asılı olaraq müxtəlif cür qarşılayırlar. Ölkənin şimal əhalisi özlərini , qırmızı, çəhrayı və bənövşəyi çiçəklərlə bəzəyir. Hindistanın mərkəzində evlər bənövşəyi bayraqlarla diqqət çəkir. Qərbdə isə evlərin damında mütləq od qalayırlar. Bayram ərəfəsində analar böyük qablara uşaqlar üçün aldıqları hədiyyələri, şirniyyatları, gülləri düzürlər. Yeni ilin ilk günü ertədən uşaqları gözü bağlı nimçəyə yaxınlaşdırırlar ki, onlar öz hədiyyələrini seçsinlər. Kimin qismətinə nə düşərsə...E

Qəribədir ki, İndoneziyada Yeni ili on gün qeyd edirlər. Allahların şərəfinə rənglənmiş düyüdən "yeməli sütun" düzəldirlər. Düzdür, bu yeməli sütundan Allahlara bir şey qalmır. Bayramdan sonra sütunlar sökülür, düyünü isə hər kəs öz evinə aparır. Düyü demişkən, Vyetnamda da Yeni ili düyü yeməyi ilə qarşılayırlar. Yeni il axşamı hər kəs akvariumda saxladığı balığı çaya və ya gölməçəyə buraxır. Vyetnamlılara görə, balığın belində Allah üzür. O, Yeni il günü səmalara çəkilir və orada Yer üzündə insanların necə yaşamasından asılı olaraq həmin ailəyə sovqat göndərir.

Monqolustanda isə Yeni il bir növ heyvandarlıq bayramı ili kimi qeyd edilir. Bu ölkədə Şaxta babanı Çoban əvəz edir. Həmin gün monqollar müxtəlif idman yarışları keçirir, xüsusən də, cəldlik və mətinlik üzrə yarışmalar təşkil edirlər. Həmin gün cıdır da olur.

Kubada isə Yeni il gecəsi saat yalnız 11 dəfə vurur. On ikinci zəng Yeni ilə düşür. Cəmi bir saat ərzində insanlar bayramı sakitcə qeyd etməli, gecəyarı pəncərədən küçəyə su atmalıdırlar. Yeni ildə atılan su insanların həyatına aydınlıq gətirər - deyirlər.

Dünyanın çox yerində qurulan yolkanın başına mütləq ulduz taxırlar. Bunun da mənası var. Ulduz mələklərlə ünsiyyətə işarədir. O gecə mələklər evlərə baş çəkir, insanların arzu və istəklərini eşidib Tanrıya çatdırırlar. Bu səbəbdən də yolkaların üzərindəki ulduz mələkləri qarşılamaq mənasını daşıyır.

Bizim üçün Yeni il axşamının bir özəlliyi və gözəlliyi də var. Bu da Dünya Azərbaycanlılarının Həmrəylik Gününün həmin axşama düşməsidir. Doğrudur, Yeni ilin gəlişini biz adətən, Novruz bayramında qeyd edirik. Amma Yeni ili də eyni məhəbbətlə qarşılayırıq. Süfrəmizdə ləziz yeməklərlə bərabər, milli mətbəximizin gözəl təamları da qoyulacaq. Şəhərimizin küçələrində, mədəniyyət ocaqlarında Yeni ilin simvolu olan Şaxta baba və Qar qız yenə də öz missiyasını yerinə yetirəcək. Bu il Bakımız daha da gözəlləşib. Xüsusilə, gecələri daha aydın və işıqlı olub. İnanırıq ki, Yeni il Azərbaycanda əsl bayrama çevriləcək. Şəhərimizin küçə və meydanlarında qurulmuş nəhəng yolkalar insanlara fərəh və sevinc gətirir. Arzumuz budur ki, Yer üzündə sülh olsun, müharibələr dayansın, insanlar öz halal ocaqlarında, dədə-baba yurdlarında xoşbəxt yaşasınlar. 2012-ci il Azərbaycana uğur gətirsin! Onun millətimizə bəxş etdiyi ən böyük hədiyyə Qarabağın, ümumilikdə işğalda qalan torpaqlarımızın qaytarılması ilə əlamətdar olsun! Bundan sonra ürəklə deyək ki, 2012-ci il xalqımızın və millətimizin həyatında ən uğurlu, ən yaddaqalan, unudulmaz Qalibiyyət ilidir!

 

 

 

Flora XƏLİLZADƏ,

Azərbaycan.-2012.-1 yanvar.-S.7.