Azərbaycan ordusu
Azərbaycan xalqı həmişə sülhün, əmin-amanlığın qədir-qiymətini bilib, qonşuları ilə mehriban, isti münasibətlərə üstünlük verib. Biz davakar olmamışıq, döyüşkən olmuşuq. Hücüm etməmişik, ancaq müdafiəni də unutmamışıq. Lakin son dərəcə əlverişli coğrafi mövqeyi, zəngin təbii ehtiyatları olan bu məmləkətin qapısından düşmən əksik olmayıb. Ona görə də bir əlimizdə duz-çörək olubsa, o biri ilə isə sivri qılıncın qəbzəsindən yapışmışıq. Bu gün rejim adlandırdığımız 70 illik sovet üsul-idarəsinin müsbət sayıla biləcək mirası içərisində Vətənə intəhasız məhəbbət, beynəlmiləl tərbiyə, vətənpərvərlik, əsgəri borc kimi məziyyətləri xüsusilə fərqləndirmək olardı. İkinci Dünya müharibəsi Azərbaycan əsgərinin misilsiz şücaət və solmaz rəşadətinə şahid oldu.
Respublika əhalisindən səfərbər olunmuş 600 minədək döyüşçü cəbhədə qəhrəmanlıqla vuruşaraq Azərbaycan oğlunun hansı yüksək mənəvi, fiziki keyfiyyətlərə və vətənpərvərlik hisslərinə malik olduğunu sübut etdi. Onlardan 300 mini geriyə qayıtmadı. O vaxt əsas heyəti azərbaycanlılardan ibarət olan dörd milli diviziya yaradılmışdı. Əfsuslar oslun ki, müharibədən sonra mərkəzi hakimiyyətin göstərişi ilə həmin hərbi birləşmələr ləğv edildi. Çünki milli ruhun, cəngavərlik ənənələrinin, şəxsi nümunənin yüksək olduğu milli diviziyalar Kremlin sahiblərinə qorxu və xof təlqin edirdi. Rusiya, Ukrayna və Belarusiya istisna olmaqla, milli respublikalarda hərb sənətinin, milli hərbi kadrların və onları yetişdirəcək müvafiq təhsil müəssisələrinin yaradılmasına qısqanc və ikili münasibət sonralar da özünü göstərdi.
Belə bir dövrdə - milli fərdilik nümunəsinin mücərrəd sovet ailəsi konsepsiyası kontekstində əridilməsinə cəhdlərin məqsədyönlü siyasət şəkli aldığı ötən əsrin 70-ci illərinin əvvəllərində Azərbaycanın rəhbəri Heydər Əliyevin Cəmşid Naxçıvanski adına hərbi liseyin əsasını qoyması öz ideyasına və miqyaslarına görə inqilabi səciyyə daşıyırdı. Belə ki, milli ruhlu hərbi kadrların yetişdirilməsi, bu prosesin zəruri vəsilələrini təşkil edən təhsil bazası və tədris korpusunun yaradılması heç vaxt mərkəzi hakimiyyətin "velikorus" millətçiliyi və strateji maraqlarının çərçivəsinə daxil olmamışdı. Ancaq Heydər Əliyevin tarixi xidməti və heç nə ilə müqayisəyə girməyəcək tarixi nailiyyəti ondan ibarət oldu ki, böyük bir sovet imperiyasının, onun ideoloji maşınının qurub keşiyində durduğu stereotipi yerindən tərpətməyə müvəffəq oldu, şəxsi münasibəti, nüfuzu, əlaqələri, nəhayət, iradəsi və qətiyyəti sayəsində respublikada milli hərbi kadr hazırlığı üçün baza rolunu oynaya biləcək ilk hərbi məktəbin təməlini qoya bildi.
Əlbəttə, acınacaqlı fakt idi ki, Zığda yerləşən və əhəmiyyətinə görə SSRİ məkanında ikinci yeri tutan Ali Hərbi Dənizçilik Məktəbində hətta xarici ölkələrdən gəlmiş 150-200 əcnəbi vətəndaş təhsil aldığı halda, azərbaycanlılar yox səviyyəsində idilər. Ali Ümumqoşun Komandirləri Məktəbində vur-tut 20-yə yaxın azərbaycanlı müdavim vardı. Professor-müəllim heyətinin milli tərkibi isə ümumiyyətlə, bizim xeyrimizə deyildi.
1989-1993-cü illər Azərbaycan tarixinə ən mənhus dövr kimi daxil olmuşdur. Həmin illərdə dövlətçilik təcrübəsi və ənənələri, iqtisadiyyat və idarəetmə, ordu quruculuğu, aqrar sahə, mənəvi sfera və digər fəaliyyət sahələrində əldə edilmiş nailiyyətlərin hamısı iflasa uğradı, xaos və anarxiya vəziyyətində olan ölkə Ermənistanın başladığı şərəfsiz müharibədə torpaqlarının 20 faizini itirdi. Şübhəsiz, bu faciələrin konkret baiskarları, xəyanətlərin konkret ünvanları vardı. Məhz Heydər Əliyevin sərkərdə səriştəsi, siyasi müdrikliyi və fitri idarəetmə istedadı sayəsində 1993-cü ilin ikinci yarısından etibarən son dərəcə mürəkkəb bir vəziyyətdə olan Azərbaycanda Milli Ordu quruculuğu, Silahlı Qüvvələrin təşkili prosesi yeni vüsət almağa başladı.
1994-cü ilin mayında ulu öndərin sayəsində əldə edilmiş atəşkəs rejimini bu günədək sabitqədəm saxlayan amillərdən biri də elə məhz son illər Azərbaycanın getdikcə artan müdafiə qüdrətidir.
2003-cü ildə xalqın mütləq əksəriyyətinin istəyi ilə Prezident seçilmiş cənab İlham Əliyev işğal altında olan torpaqlarımızın beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə, sülh yolu ilə azad edilməsi xəttini Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biri, Azərbaycan dövlətinin birmənalı mövqeyi olaraq bəyan etmişdir: "Biz danışıqlar prosesində öz prinsipial mövqeyimizdən bir addım geri atmamışıq. Bir neçə il bundan əvvəl nəyi demişiksə, bu gün də həmin mövqeyin üstündə dayanırıq. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıbdır və olmayacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. İşğalçı qüvvələr işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycan vətəndaşları oraya qayıtmalıdırlar".
Belə bir sülhpərvər siyasətə rəğmən dövlət başçısı hər il müdafiə xərclərinin artırılmasına, Silahlı Qüvvələrin müasir cəbbəxana və modern texnika ilə təchiz edilməsinə xüsusi diqqət yetirir. Çünki söhbət müstəqil dövlətin ərazi bütövlüyünün bərpasından, yurd-yuvasından didərgin düşən Azərbaycan vətəndaşının öz doğma torpaqlarında yaşamaq istəyi kimi təbii hüquqlarının təmin olunmasından gedir.
Sirr deyil ki, Azərbaycan bu gün regionun aparıcı siyasi-iqtisadi nüfuz və güc sahibi olmaqla yanaşı, hərbi müstəvidə də əsas söz sahibidir. Tək silahlanma sahəsində deyil, mənəvi-psixoloji hazırlıq cəhətdən də fərqlənən ordumuz erməni işğalına məruz qalmış əraziləri qısa müddət ərzində qaytarmaq gücünə qadirdir. Belə bir reallıq nəinki rəsmi Yerevan, eləcə də münaqişəyə bu və ya digər dərəcədə dəxli olan beynəlxalq güclər tərəfindən də etiraf olunmaqdadır. Hamı dərk edir və separatçılıq əhval-ruhiyyəsi gözlərini örtmüş zavallı Ermənistanın da dərk etməsinə çalışır ki, problemin hərbi yolla həlli variantı bu ölkəni fəlakətlərin girdabına sürükləyəcək, onun sonunun başlanğıcına çevriləcəkdir.
Ölkəmizdə ordu quruculuğu prosesində əldə edilən nailiyyətlər fonunda indi erməniləri qorxudan əsas məsələ Azərbaycanın işğal edilmiş ərazilərini azad etmək üçün hərbi əməliyyatlara başlaya biləcəyini və bu zaman Azərbaycan ordusunun qarşısında tab gətirməyəcəklərini yaxşı başa düşmələridir. Azərbaycan isə beynəlxalq hüquq normaları əsasında ərazilərini işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlamaq hüququna malik olduğunu dəfələrlə bəyan edib.
Respublikanın malik olduğu iqtisadi qüdrət, müdafiə potensialı, beynəlxalq siyasi dəstək, eləcə də güclü insan resursları hər hansı bir müharibə perspektivinin işğalçı Ermənistan rejimi üçün fiasko ilə nəticələnəcəyini ortaya qoyur. Müharibəni silahla edirlər. Faktdır ki, Silahlı Qüvvələrin maddi-texniki təchizatı ölkənin iqtisadi inkişaf dinamikası ilə paralel şəkildə yüksələn xətt üzrə inkişaf edir. Müharibəni Vətən yolunda canını fəda etməyə hazır olan əsgərlərlə edirlər. Azərbaycan torpağı Mübariz İbrahimov kimi çox qəhrəmanlar yetirməyə qadirdir.
Diqqətəlayiq faktdır ki, Milli Ordu quruculuğu, Silahlı Qüvvələrin modernləşməsi prosesləri beynəlxalq təcrübəyə istinad və inteqrasiya çətiri altında aparılır. Azərbaycan ordusu NATO standartlarına keçidi, döyüş qabiliyyətinin qabaqcıl təcrübəyə müvafiq olaraq yüksəldilməsi sahəsində də mühüm uğurlara imza atıb. Kursant və zabit heyətinin dünyanın ən qabaqcıl hərbi təhsil müəssisələrində hərb sənətinin sirlərinə yiyələnməsi ordumuzun peşəkarlıq səviyyəsinin yüksəlməsində öz töhfəsini verməkdədir. Ölkənin müdafiə sənayesinin istehsalı olan və xaricdən idxal olunan müasir silah-sursat və hərbi texnika hesabına Azərbaycan Ordusunun maddi-texniki bazası daim güclənməkdədir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Bizim hərbi xərclərimiz son 5-6 il ərzində 10 dəfədən çox artıb. Orduya ayrılan vəsait 10 dəfədən çox artıb. Hərbi hazırlıq yüksək səviyyədədir. Orduda və bütün Silahlı Qüvvələrdə ruh yüksəkliyi vardır. Son illər ərzində çoxlu texnika, silah-sursat alınmışdır. Bu proses davam edir və bu bizim təbii haqqımızdır".
Ordu quruculuğu prosesində xeyrimizə işləyən həm maddi, həm də sırf psixoloji məqamlardan biri də Ermənistandan fərqli olaraq, Azərbaycan Silahlı Qüvvələrinin maddi təminatını öz potensialı hesabına ödəməsidir. 2004-cü ildə yaradılmış Müdafiə Sənayesi Nazirliyi ildən-ilə hərbi təyinatlı məhsulların istehsalını artırır. Düşmənlərimiz bu sahədə də tamamilə əcnəbi "donorlardan" asılıdırlar. Əlamətdardır ki, Azərbaycan hərbi sursat istehsalını təmin etmək məqsədilə bu sahədə məşhur dünya şirkətləri ilə əməkdaşlıq etməklə yanaşı, müəyyən sursat növlərinin satışı və yeni bazarların axtarışı ilə də fəal məşğul olur.
Yaxın perspektivdə isə ölkənin müdafiə sənayesinin buraxdığı məhsulların çeşidinin daha da artacağı gözlənilir. Bu da Silahlı Qüvvələrin texniki ehtiyacının əsas etibarilə yerli istehsal hesabına ödəniləcəyindən xəbər verir. Qeyd olunmalıdır ki, son iki-üç il ərzində Silahlı Qüvvələrimizi müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla, eləcə də xalq təsərrüfatını maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə təmin etmək üçün Müdafiə Sənayesi Nazirliyinin tabelyində olan müəssisələrdə yeni istehsal sahələri yaradılıb. Nazirliyin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatların həcmi 3 dəfə, mülki məhsulların həcmi isə 20 faiz artıb. Ümumilikdə Müdafiə Sənayesi Nazirliyi tərəfindən ötən il 586 adda məmulat istehsal edilib ki, bunun da 350-si müdafiə təyinatlıdır.
Açılışında Prezident İlham
Əliyevin iştirakı etdiyi "Şərq"
İstehsalat Birliyinin "İqlim" Elmi-İstehsalat Müəssisəsində
"Zəfər", "Zəfər-K",
"İnam" tapançalarının,
"İstiqlal-1" snayper tüfənglərinin və digər
məhsulların istehsalı həyata keçirilir. Belə məhsullar
sırasına "Boran" artilleriya qurğusu, piyada əleyhinə
minaları da aid etmək olar.
Zirehli
avtomobil istehsalını təşkil etmək
üçün Cənubi Afrika Respublikasının
"Paramount Group" şirkəti ilə razılaşma əldə
olunub və artıq ölkəmizdə bu tip
maşınların istehsalı həyata keçirilir. "Matador" və "Maradeur" adlanan bu zirehli
maşınların taktiki-texniki göstəriciləri olduqca
yüksəkdir. Məsələn, 14 nəfərlik tutumu olan
"Matador" maşınları texniki göstəricilərinə
görə dünya standartlarına cavab verir və Azərbaycan
MDB məkanında bu zirehli texnikanı istehsal edən yeganə
ölkədir. Bundan başqa, ölkəmizdə
PDM (piyadaların döyüş maşını) və ZTR
-lərin (zirehli transportyor) modernizasiyası da həyata
keçirilir.
Azərbaycanda
istehsal edilən müdafiə təyinatlı məhsulların
yüksək keyfiyyəti beynəlxalq miyqasda həmin məmulatlara
maraq göstərilməsini təmin edir. Hazırda
bir çox dövlətlər ölkəmizdə müdafiə
sənayesi müəssisələri tərəfindən
istehsal olunan məhsullarla maraqlanmaqla yanaşı, bu sahədə
Azərbaycanla əməkdaşlıq qurulmasına və ya
mövcud əməkdaşlığın daha da dərinləşdirilməsinə
xüsusi maraq göstərirlər.
Türkiyənin
İstanbul şəhərində keçirilən müdafiə
sənayesi sərgisində (İDEF-2009) Azərbaycanda istehsal edilmiş 27 adda
müdafiə təyinatlı məmulat nümayiş etdirildi.
İordaniya Haşimilər Krallığının Əmman
şəhərində təşkil olunan "SOFEX-2010"
beynəlxalq sərgisində nümayiş etdirilən 55 adda
Azərbaycan məhsulu beynəlxalq istehsalçı və
alıcıların diqqətini cəlb edə bilib. Məlumat üçün bildirək ki,
"SOFEX-2010" beynəlxalq sərgisində dünyanın
inkişaf etmiş ölkələrindən 350-dən
çox qabaqcıl şirkət iştirak edib. ABŞ,
Malayziya, Livan şirkətləri ilə imzalanan niyyət
protokollarına əsasən, Azərbaycandan 82 millimetrlik
çaplı minaatanlar, PKM pulemyotları, müxtəlif
çaplı patronlar və döyüş sursatları
alınması ilə bağlı danışıqlar
aparılıb.
Perspektivdə Azərbaycan istehsalı olan hərbi
helikopterlərin istifadəyə verilməsi də
planlaşdırılır ki, bu, Silahlı Qüvvələrin
maddi-texniki imkanlarının daha da böyüməsi deməkdir. Daha bir vacib
fakt isə ondan ibarətdir ki, ölkəmizədə hərbi
təyinatlı məhsulların istehsalını həyata
keçirən müəssisələr Müdafiə Nazirliyi
və digər hərbi qurumları istənilən sayda
döyüş sursatı və silahla təmin etmək
imkanına malikdir. Bütün bunlar Azərbaycanın
hərbi-sənaye kompleksi sahəsində həyata keçirilən
siyasətin artıq öz müsbət bəhrəsini
verdiyini və ölkəmizin müdafiə qabiliyyətinin
daha da yüksəldiyini göstərir.
Silahlı Qüvvələrin texniki təchizatı
baxımından bu gün ölkəmiz Ermənistanı
bütün parametrlərdə çox üstələyir. Təkcə bir faktı qeyd
etmək kifayətdir ki, iki il əvvəl
ordunun istifadəsinə 1 milyard ABŞ dollarından artıq
silah və texnika verilmişdir. Bu isə Emənistanın
ümumi hərbi xərclərindən üç dəfə
çoxdur. Verilən məlumatlara görə,
son illər təcavüzkar erməni ordusu müasir hərbi
texnika ilə təmin edilməyib. Orduda ruh
düşkünlüyü və qənimətçilik əhval-ruhiyyəsi
hökm sürür. Ermənistan silahlı qüvvələrinə
tabe olan motoatıcı, əlahiddə rabitə, mühəndis-istehkam,
radio-texniki alaylarında, artilleriya və təlim
motoatıcı briqadalarında, artilleriya və əlahiddə
özüyeriyən divizionlarda, çoxsaylı hərbi hissələrdə
xidmət rəisləri və hərbi hissə komandirləri
tərəfindən ərzaq, əşya, yanacaq-sürtgü
materiallarını, avtomobil və döyüş
texnikalarının ehtiyat hissələrinin satılması
halları davam edir.
Azərbaycan ordusu isə bu gün ən müasir
standartalara cavab verən texnika ilə təmin edilməkdədir. Ötən
illər ərzində ordunun ehtiyacları üçün
pilotsuz uçuş təyyarələri, radio-kəşfiyyat
və radio-elektron mübarizə, gecə-gündüz uzaqməsafəli
müşahidə, o cümlədən qoşun və
xüsusi təyinatlı bölmələrdə kəşfiyyatçıların
fərdi gecəgörmə vasitələri, əlahiddə kəşfiyyat
taborları üçün xeyli yeni və müasir texnika
alınıb. Eləcə də Silahlı
Qüvvələrin artilleriya hissə və bölmələrinin
peşəkar şəxsi heyəti müasir silah və
texnika, avtomatlaşdırılmış idarəetmə
sistemləri, o cümlədən müasir yaylım atəşli
reaktiv sistemlərlə komplektləşdirilib. Bu isə yaxın və uzaq məsafələrdə
yerləşən düşmən hədəflərinin
böyük bir ərazidə məhv edilməsinə imkan
verir. Daha sonra
istismarda olan silahlar müasir tipli optik gündüz
və gecəgörmə nişangahları, müşahidə
cihazları ilə kompleksləşdirilib. Zirehli
texnika üzərində modernləşdirmə işlərinin
aparılması, atəşin və döyüşün
müasir tipli idarəetmə sistemlərinin
quraşdırılması işlərinin başa
çatdırılması nəticəsində isə maksimal
uzaqlıqda yerləşən düşmən hədəflərinin
hava şəraitindən asılı olmayaraq, gecə və
gündüz məhv edilməsi imkanı əldə edilib.
Ümumiyyətlə, artıq heç kimə
sirr deyil ki, yeni silah sistemlərinin alınması və
quraşdırılması sayəsində Silahlı Qüvvələrimiz
Ermənistanın bütün ərazisində yerləşən
hədəfləri məhv etməyə qadirdir.
Daha bir maraqlı məqam ondan ibarətdir ki, hazırda Azərbaycan Ordusunun ixtiyarında elə silah növləri, hərbi texnikalar, aviasiya parkı mövcuddur ki, Ermənistanın yaxın gələcəkdə analoji texnikaya yiyələnmək ehtimalı belə görünmür. Bu fakt işğalçı dövlətin özü tərəfindən də etiraf olunur. Azərbaycan təkcə son 5 ildə MDB məkanının ən böyük silah istehsalçılarından olan Ukraynadan 39 helikopter almışdır. Azərbaycanın müasir pilotsuz uçuş aparatı olduğu halda Ermənistanda belə cihazlar yalnız hərbi dərsliklərdə mövcuddur. 1989-cu ildə sovet ordusunun istifadəsinə verilən və kifayət qədər güclü artilleriya silahı sayılan "Smerç" tipli raket qurğuları barəsində də eyni sözləri söyləmək mümkündür. Daha bir vacib məqam ondan ibarətdir ki, Azərbaycan həm də Hərbi Dəniz Qüvvələrinə malikdir. Bu, ölkəmizin Silahlı Qüvvələrinin Ermənistan ordusu qarşısında üstünlüyünü bir daha artırır.
Bütün bunların fonunda Azərbaycan əsgərinin yüksək mənəvi hazırlığı, döyüş ruhu, zəbt olunmuş ərazilərdən düşməni hər an geriyə atmaq üçün qisas hissi ilə alışıb yanması işğalçı Ermənistanı getdikcə daha çox qorxudur. Ermənilər artıq yaxşı bilirlər ki, bu gün Ermənistan ilə Azərbaycan arasında həm hərbi, həm iqtisadi, həm də bütün başqa sahələrdə fərq çox böyükdür. Azərbaycanın Silahlı Qüvvələri durmadan inkişaf etdiyi halda Ermənistanda bunun tam əksi müşahidə olunur. Başqa sözlə, Azərbaycan öz ordusunu durmadan gücləndirdiyi halda, Ermənistanda bu proses tamamilə əks istiqamətdə cərəyan etməkdədir. Bu səbəbdən Ermənistanda işğal edilmiş Azərbaycan ərazilərini müharibə olmadan azad etməyin zəruriliyini bəyan edənlərin sayı artmaqdadır. Əks halda, istər Dağlıq Qarabağ, isətrsə də onun ətrafında yerləşən və işğal altında saxlanan ərazilərdə cəmləşmiş Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusu tərəfindən qısa zaman ərzində qovulub çıxarılacağı həm dünyaya, həm də ermənilərə yaxşı məlum olan reallıqdır.
Azərbaycan.-2012.- 7 yanvar.- S.1, 2.