Dövlətin Silahlı Qüvvələrinə qayğısı inam kreditidir

 

Yeni ilin ilk günlərindən Azərbaycan Silahlı Qüvvələrində xidmət edən zabitlər və onların ailə üzvləri arasında dolaşan xoş xəbər hamımızın bayram əhval-ruhiyyəsini birə-beş artırıb. Ötən ayın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" verdiyi fərman Milli Ordunun bütün zabit heyətinin sevincinə səbəb oldu.  Fərmana əsasən, Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ilidaha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular dövlət vəsaiti hesabına mənzillə təmin ediləcəklər.

Dövlət vəsaiti hesabına mənzillərlə təmin olunacaq hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədilə müvafiq komissiya yaradılması qərara  alınıb. Silahlı Qüvvələrin ölkəmizin qərb bölgəsində yerləşən hərbi hissə komandirinin siyasi işlər və nizam-intizam məsələləri üzrə müavini kimi böyük qürur hissi ilə deyə bilərəm ki, Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il öncəsi imzalanan bu fərman çoxsaylı zabitçavuş heyəti tərəfindən rəğbətlə qarşılandı, bayram əhval-ruhiyyəmizə yeni bir ovqat qatdı.

On beş ilə yaxındır ki, hərbçiyəm. Sumqayıtın yaxınlığındakı Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dünyaya gəlmişəm. Orada boya-başa çatmış, öz arzu-istəyimlə Ali Hərbi Dənizçilik Məktəbini bitirmişəm. 1997-ci ildən respublikamızın cəbhə bölgələrindən tutmuş bir çox hərbi hissələrdə tərbiyə işlərinin təşkili üzrə zabit işləmişəm. Məsuliyyətli də olsa,  bu peşənin çətinlikləri ilə yaşamaq mənə çox xoşdur. Bu müddətdə mayor rütbəsinədək yüksəlmiş, dəfələrlə komandanlıq tərəfindən müxtəlif mükafatlara, təşəkkür və fəxri fərmanlara layiq görülmüş, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "Qüsursuz xidmətə görə" medalı ilə təltif olunmuşam. Ailəliyəm, üç övladım var. Böyüyü 15 yaşındadır. Hansı bölgədə hərbi qulluqda olmuşamsa, ailəm də yanımda olub. Mənim kimi taleyini hərbçi peşəsinə bağlayanlar, eləcə də bizim ailəmiz, yaxınlarımız Silahlı Qüvvələrdə 20 ilondan artıq müddətdə qüsursuz  xidmət edən hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin ediləcəkləri xəbərinə çox sevindilər.

Hamı görür ki, ölkəmizin hərbi gücü, müdafiə qüdrəti ildən-ilə artır. Azərbaycanın hərbi quruculuq sahəsindəki inkişafı, Silahlı Qüvvələrin hərbi qulluqçularına və onların ailələrinə göstərilən sosial qayğı ölkənin iqtisadi qüdrətinin birbaşa göstəricisidir. Azərbaycan Prezidentinin ötən il iyunun 25-də hərbi qulluqçuların təltif edilməsi və Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması barədə imzaladığı sərəncam dövlət başçısının Milli Orduya qayğısının daha bir bariz təzahürüdür. Silahlı Qüvvələrin inkişafına, təkmilləşməsinə hesablanmış bu xətt biz hərbiçi zabitləri və ailə üzvlərimizi çox sevindirir. Bu diqqət və qayğının nəticəsidir ki, Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib. Hazırda Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi dünyanın inkişaf etmiş 20-dən çox ölkəsinin firma və şirkətləri ilə sıx əməkdaşlıq edir. Bu gün "Matador" və "Marauder" tipli zirehli transportyorların, "Aerostar" və "Orbiter-2M" tipli pilotsuz uçuş aparatlarının, NATO standartlarına uyğun müasir tipli tapançaların istehsalı, eləcə də hazırda Silahlı Qüvvələrdə istifadə edilən keçmiş SSRİ istehsalı olan  müxtəlif tipli zirehli döyüş maşınlarının müasir tələblərə uyğun təkmilləşdirilməsi işləri uğurla həyata keçirilir. Bu cür misalların sayını istənilən qədər artırmaq olar. Dediyim odur ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən hərbi islahatlar, aparılan ordu quruculuğu ölkənin müdafiə qüdrətini ildən-ilə artırır. Odur ki, Azərbaycan Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz  edilərək Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik  güc mərkəzinə çevrilib.

Bu biz zabitləri həm sevindirir, həm məsuliyyətimizi artırır, həm də bizə əlavə güc və stimul verir.

 

 

 

Eldəniz DAŞDƏMİROV,

"N" saylı hərbi hissənin tərbiyə işlərinin təşkili üzrə zabiti

 

Azərbaycan.-2012.- 7 yanvar.- S.1.