Belçika-Azərbaycan parlamentlərarası
işçi qrupunun
üzvləri ümummilli lider
Heydər Əliyevin məzarını və Şəhidlər
xiyabanını ziyarət etmişlər
Bakıda səfərdə olan Belçika-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvləri yanvarın 6-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstəsi qoymuşlar.
Sonra Şəhidlər xiyabanına gələn Belçika-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvləri ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad etmiş, "Əbədi məşəl" abidəsi önünə gül dəstəsi qoymuşlar.
Mətbuat nümayəndələrinin suallarını cavablandıran Belçika-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri, Belçika Parlamentinin deputatı Filip Blanşağ bildirmişdir ki, Azərbaycana səfərin məqsədi buradakı həmkarları ilə görüşlər keçirmək və bu ölkə ilə daha da yaxından tanış olmaqdır. Çünki Azərbaycan Avropa üçün həm enerji sahəsində əməkdaşlıq baxımından, həm də coğrafi mövqeyinə görə çox vacib ölkədir.
Qonaq
həmçinin bildirmişdir ki, Azərbaycan Avropa məkanına
inteqrasiya olunmaq istiqamətində uğurlu siyasət
aparır. Biz keçirəcəyimiz görüşlərdə
qarşılıqlı əməkdaşlığın daha
da genişlənməsini müzakirə edəcəyik.
Görüşlərdə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
tənzimlənməsi məsələsi də müzakirə
olunacaqdır.
AzərTAc
Azərbaycan.-2012.- 7 yanvar.- S.2.