Tolerantlıq
Azərbaycan xalqının bəşər sivilizasiyasına
töhfəsidir
Bəşəriyyətin tarixi
təkamül prosesinin yeni dövrü üçün səciyyəvi
olan qloballaşma dalğası bir sıra mütərəqqi
cəhətləri ilə yanaşı, xalqların tarixən
formalaşmış etnik düşüncə sisteminin, milli-mənəvi
mədəniyyət arxetiplərinin ciddi təhdidlərə,
ideya avtoritarizminə məruz qalması ilə
müşayiət olunur. Bu proses suveren dövlətlər
arasındakı sədləri dağıdaraq cəmiyyət
daxilində sosial münasibətləri yeni məcraya yönəldir,
milli özünəməxsusluğu xüsusi
dünyagörüşü çərçivələrinə
salaraq sərt şəkildə məhdudlaşdırır: mədəniyyət
və ənənələrin
öncüllüyünü dağıdaraq özünəməxsusluqdan
uzaqlaşmanı gücləndirir, coğrafi və iqtisadi vəziyyətindən,
siyasi quruluşundan, habelə milli mentalitetindən
asılı olmayaraq cəmiyyəti qərbləşdirir.
Bu da təsadüfi deyil ki, son onillikdə
bütün dünyada milli identikliyin, mental-əxlaqi
xüsusiyyətlərinin qorunub saxlanılması, kütləvi
mədəniyyət stereotiplərindən qaçma meyilləri
güclənmişdir. Başqa sözlə,
müasir dünyada tranzitar proseslərin nəticəsi kimi
ortaya çıxan sivilizasiyalararası toqquşma və
ziddiyyətlər hər bir xalqın milli-mənəvi, dini dəyərlərinin
qorunması zərurətini dövrün aktual məsələlərindən
birinə çevirmişdir. Lakin ilk
baxışdan təbii və mütərəqqi görünən
bu meyillər bəzi hallarda sivil bəşər cəmiyyətinin
minilliklər boyu əxz etdiyi bir fenomen dəyərə -
tolerantlığa kölgə salır, onun etnik, irqi, dini və
siyasi dözümsüzlüklə əvəzlənməsinə
rəvac verir. Milli özünəməxsusluğu qoruma
instinkti və yaxud da bəhanəsi altında son nəticədə
başqa mədəniyyətlərə, dinlərə, hətta
millətlərə münasibətdə
dözümsüzlük, ksenofobiya halları artır.
Qloballaşma meyilləri gücləndikcə,
xüsusən də bəzi Avropa dövlətlərində
milli mövcudluğu qoruyub saxlamaq cəhdləri aşkar
aqressivliklə müşayiət olunur. Dövlətlər
səviyyəsində islamın və müsəlmanların
sıxışdırılmasına yönələn cəhdlər
son nəticədə "daha çox tolerant olmaq"
şüarı ilə çıxış edən Avropada
dözümsüzlük əhval-ruhiyyəsini gücləndirir.
Bunun nəticəsidir ki, son zamanlar müsəlman mühacirlərin
kütləvi şəkildə Avropadan
çıxarılmasına açıq
çağırışlar artır. Belə
çağırışların həm də
"islamafobiya" və terror cəhdləri ilə
müşayiət olunması çox ciddi təhlükələrdən
xəbər verir. 2011-ci il iyulun 22-də Norveçdə 70
dinc insanın ölümü ilə nəticələnən
dəhşətli terror aktı Avropada antiislam
kampaniyasının hələ güclü olduğunu,
bu coğrafi arealda müsəlmanlara qarşı tolerant olmayan
münasibətin hökm sürdüyünü bir daha təsdiqləmişdir.
Avropanın ən firavan və dinc ölkələrindən
birində baş vermiş dəhşətli faciə
postsosialist dövlətlərinə "demokratiya
ixracı"na çalışan bəzi Qərb ölkələrində
ksenofobiya meyillərini qabarıq şəkildə təzahür
etdirmişdir. Aşkar görünür ki, bir
neçə il əvvəl Məhəmməd Peyğəmbərin
müsəlmanların heysiyyətinə toxunan karikaturasının
çəkilməsi və hicab qadağasının genişlənməsi
ilə başlanan sivilizasiyalararası qarşıdurma meyilləri
yenidən güclənir. Əslində bu, sözügedən
coğrafiyada milli kökə qayıtmaq adı altında
qatı millətçilik ovqatının genişlənməsinə
işarədir.
Tolerantlıq
düşüncəsi - bəşəriyyətin nicatı
Sivil bəşəri cəmiyyət
formalaşandan ayrı-ayrı insan cəmiyyətləri həmişə
inteqrasiyaya can atmış, vahid siyasi, iqtisadi, yaxud sosiomədəni
məkanın bir hissəsi olmaqla maraqlarını təmin etməyə
çalışmışlar. Tarix belə
nümunələr yaradaraq bu və ya digər imperiyaya öz
hərbi-siyasi və iqtisadi nüfuz dairəsini iki, bəzən
də üc qitəyə genişləndirmək imkanı
vermiş, üc dünya dininin meydana gəlməsi dünya məkanının
qlobal inteqrasiyasının yeni nümunəsini yaratmışdır.
İudaizm, xristianlıq, sonra isə islam gercəkliyin sosiomədəni,
siyasi və iqtisadi qavrayışına təsirin
hüdudlarını genişləndirərək bu və ya
digər dinin nümayəndələrinin məskunlaşdığı
məkanlar formalaşdırmışlar. Fərqli
məkanlarda formalaşan etnosların sivil dialoqu,
qarşılıqlı anlaşması isə antik dövrlərdən
formalaşaraq mürəkkəb təkamül və
inkişaf mərhələləri keçmiş
tolerantlıq düşüncəsi sayəsində
mümkün olmuşdur.
Bir qayda olaraq təkcə mənəvi deyil, həm
də siyasi və hüquqi tələbat kimi özünü
göstərən tolerantlıq insan hüquq və azadlıqlarının
etirafı əsasında formalaşmış
düşüncə sərbəstliyidir; o, insanın təbii-başlanğıc
və sonradan qazanılmış hüquqlarının
pozulmasına heç bir halda bəraət qazandırmır,
eyni zamanda hər kəsin qanun qarşısında bərabərliyi
prinsipini inkar etmir. Məhz dözümlü yanaşma sayəsində
cəmiyyətdə sivil birgəyaşayış
normaları, habelə fikir və əqidə müxtəlifliyi,
siyasi plüralizm təmin olunur, demokratik ideyaların praktik
şəkildə gerçəkləşməsinə imkan
yaranır. Dözümlü davranış tərzi liberal cəmiyyətin
nail olmaq istədiyi əsas nailliyyətdir. Sivilizasiyaların
toqquşması nəzəriyyəsinin banisi S.Hantinqton hesab
edir ki, tolerantlıq bir dəyər normativi olaraq kompromisin
legitimliyini və həmçinin, sosial və siyasi qruplar
arasında mövcud olan fərqlərə və ziddiyyətlərə
dözümlülüyü özündə ehtiva edir.
Tolerantlıq mahiyyətcə
insanın ali şüur və düşüncə tərzi
ilə bağlı olan fenomenal anlayışdır. Əgər
hansısa bir insanı fiziki cəhətdən ram etmək,
onun varlığına hakim kəsilmək,
azadlığını məhdudlaşdırmaq
mümkündürsə, onun fikir və düşüncələri,
baxışları üzərində qələbə
çalmaq qeyri-mümkündür. Orta əsrlərdə
yerin günəş ətrafında
fırlandığını iddia edən N.Kopernik, yaxud "Həqq
mənəm, həqq məndədir" deyən hürufi təliminin
davamçısı, dahi şair İmaməddin Nəsimi
fiziki cəhətdən məhv edilsə də, sonadək
öz fikirlərindən dönməmişlər. Məhz
bu və digər mübariz insanların sayəsində
plüralizm tarixi inkişafda olmuş, demokratik cəmiyyətlərin
başlıca xüsusiyyəti kimi qəbul edilmişdir.
Araşdırmalar göstərir
ki, tolerantlıq ideyası XVI-XVII əsrlərdə Avropada
baş verən dinlə əlaqəli münaqişələr
nəticəsində aktuallaşmağa
başlamışdır. 1648-ci ildə imzalanmış Vestfal
sülhü dini dözümlülüklə bağlı ilk
sənəd sayılır. Tolerantlıq
düşüncəsi Qərb dünyasında əsasən,
dini təəssübkeşliyin hakim olduğu ölkələrdə
əsrlər boyu formalaşaraq inkişaf etmişdir.
Ağır müharibə və
münaqişələr əsri kimi dəyərləndirilən
XX yüzilliyin gerçəklikləri bir daha təsdiqləmişdir
ki, tolerantlığı inkişaf etdirmədən
ayrı-ayrı xalqların vahid sosium kimi sivil birgəyaşayışı,
habelə insan hüquq və azadlıqlarının
etibarlı şəkildə qorunması mümkün
deyil. Tolerantlıq düşüncəsinin inkişafında
Birləşmiş Millətlər Təşkilatının
1948-ci il 10 dekabr tarixli "İnsan hüquqlarına dair
Ümumi Bəyannamə"si mühüm əhəmiyyətə
malik olmuşdur. Bəyannamədə göstərilirdi ki,
"İnsan ailəsinin bütün üzvlərinə məxsus
ləyaqətin etirafı və onların bərabər,
ayrılmaz hüquqları azadlıq, ədalət və
ümumi dünyanın əsasını təşkil
edir".
Ötən əsrin 90-cı illərində də
tolerantlıqla bağlı bəzi mühüm konsepsiya və
sazişlər imzalanmışdır. Avropa Şurasına
üzv dövlətlərinin rəhbərlərinin 1993-cü
il oktyabrın 8-9-da Vyanada keçirilmiş zirvə
toplantısında irqçiliyin yüksəlişi; xaricilərə
qarşı qərəzli münasibət və antisemitizm;
dözümsüzlük mühitinin inkişafı, əsasən,
mühacirlərə və mühacir mənşəli
insanlara qarşı zorakılıq aktlarının
artması; aqressiv millətçilik və etnomərkəzçilik
formasında xaricilərə qarşı yeni qərəzli
münasibətin inkişafı ilə bağlı həyəcan
təbili səslənmişdir. Bunun nəticəsi olaraq
irqçilik, xaricilərə qarşı qərəzli
münasibət, antisemitizm və dözümsüzlüyə
qarşı mübarizə üzrə Fəaliyyət
Planı qəbul olunmuşdur. Fəaliyyət Planı cəmiyyətin
səfərbərliyi, belə halların mübarizəsinə
yönəlmiş təminat və siyasətlərin təkmilləşdirilməsi,
habelə səmərəli icrası üçün görüləcək
tədbirləri özündə əks etdirmişdir.
1995-ci il noyabrın 16-da keçirilmiş UNESCO
baş konfransının 28-ci sessiyasında isə
"Tolerantlıq prinsiplərinə dair bəyannamə" qəbul
olunmuşdur. Həmin bəyannamədə göstərilir ki,
"Dözümlülük, ilk növbədə insan azadlıqları
və universal hüquqların etirafı əsasında
formalaşan fəal münasibətdir". Sənəddə
həmçinin vurğulanır ki,
"Dözümlülük insan hüquqlarına dair beynəlxalq
hüquq aktlarında müəyyən olunmuş normaları
iddia edən, həqiqətin mütləqləşdirilməsindən
və ehkamçılıqdan imtina edən bir
anlayışdır".
2001-ci ilin sentyabrında Cənubi
Afrikada keçirilmiş ümumdünya konfransının
iştirakçıları irqçilik, ksenofobiya və
onlarla bağlı dözümsüzlüyü demokratiyaya
zidd hallar kimi qiymətləndirərək
bu qənaətə gəlmişdilər ki, "Demokratik
dövlətlər bütün etnik qrupların, mədəniyyətlərin
və dinlərin nümayəndələrinə bərabər
həyat tərzi yaratmalıdırlar".
Tolerantlıq azərbaycanlılar üçün mental
dəyərə çevrilib
Tolerantlıq düşüncəsi hər bir
xalqın keçdiyi inkişaf yolundan, qarşıya
qoyduğu məqsədlərdən, habelə yerləşdiyi
coğrafi məkandan asılı olaraq formalaşaraq
inkişaf edir. Bu baxımdan Azərbaycanda tolerantlıq
düşüncəsinin tarixi xalqın və dövlətin
formalaşma mərhələləri ilə bilavasitə
bağlıdır. Tarixən müxtəlif dinə, məzhəbə,
dilə, mədəniyyətə malik insanların ümumi Vətəninə
çevrilən Azərbaycanda tolerantlıq düşüncəsi
getdikcə inkişaf etmişdir.
Tarixçilər yazmışlar ki, Babil
hökmdarı II Novuxodonosurun (e.ə. 586 il) Yerusəlimi zəbt
etməsi nəticəsində talan olmuş İudeya
çarlığından qaçan yəhudi
köçkünləri məhz Azərbaycan torpağında
özlərinə sığınacaq tapmışlar. Eramızın birinci yüzilliyinin ortalarında isə
xristianlığın ilk ardıcılları Azərbaycana pənah
gətirmiş və sonradan burada yaranan Alban aftokefal kilsəsinin
əsasını qoymuşlar. İslamın Azərbaycana gəlişi
ilə dini dözümlülük ənənələri daha
da möhkəmlənmişdir. İslamda tolerantlıq
dinin əsas ünsürü kimi qəbul edilir, müqəddəs
"Qurani-Kərimdə" bununla bağlı buyrulur:
"Sizin dininiz sizə, mənim dinim mənə aiddir"
("Kafirun" surəsi, 6). Bu ayədən
insanların müxtəlif inamda və fikirdə ola biləcəyi
və həmin insanlara qarşı münasibətin necə
formalaşacağı aydın görünür. İslama
görə, tolerantlıq güclü qarşısında
dözümlülük nümayş etdirmək deyildir, əksinə,
özündən zəifə, yaxud bərabər olana
eyni cür münasibəti bəsləməyi bacarmaqdır.
Azərbaycanda tarixən azsaylı xalqların
yaşadığını, onların öz dilini, mədəniyyətini,
dinini qoruyub saxladığını təsdiqləyən
mötəbər mənbələrdən biri də şifahi
xalq ədəbiyyatımızdır. Xüsusən də epik
folklorun ən mükəmməl nümunələri olan
dastanlarımızda azərbaycanlıların digər xalqlarla
qarşılıqlı hörmət şəraitində
yaşadığını göstərən
çoxsaylı epizodlar mövcuddur.
Azərbaycan fəlsəfi
fikrinin görkəmli tədqiqatçısı, Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyev rəsmi mətbuatda çap olunan
"Müasir milli ideyanı zənginləşdirən odur
ki, vətəndaş özünü dövlətin bir hissəsi
hesab edir, özündə dəyişikliklər
üçün qüvvə görür,
güclü dövlətin və güclü, iradəli
liderin varlığına ehtiyac duyur" adlı müsahibəsində
haqlı olaraq deyir ki, azərbaycanlılar minilliklər boyu bu ərazidə
mövcud olmuş dövlətlərin,
orada məskunlaşmış xalqların obyektiv xələfləri
və varisləri olan Azərbaycan Respublikasının vətəndaşlarıdır.
Akademikin qənaətincə, əlverişli iqlim şəraiti
sayəsində Cənubi Qafqaz insanların qədim məskəni
olmuş, müasir Azərbaycanın ərazisində
çoxlu dövlətlər, etnoslar yaranmış və yox
olmuş, onların hər biri tariximizdə öz izini
qoymuşdur. Beləliklə, Azərbaycan milləti bu
coğrafi məkanda yaşayan bütün etnosların tarixi
yolunun vəhdətini əks etdirən "qaynar qazan" kimi
formalaşmışdır. "Burada
güclü türk təməli ilə yanaşı,
İran, ərəb başlanğıcları, alban layı,
digər qədim etnoslar mövcud olmuş, onlar hamısı əsrlər
boyu təbii şəkildə vahid xalq kimi assimilyasiya
olmuş, azərbaycanlıların milli identikliyinə xas
cizgilər, komponentlər kəsb etmişlər. Qətiyyətlə
demək olar ki, hər bir azərbaycanlı müasir Azərbaycanın
ərazisində yaradılmış qədim dövlətlərin
varisidir. Azərbaycanlıların damarlarında bizim bu qədim
əcdadlarımızın da qanı axır. Bu,
reallıqdır. Bunu etiraf etməyi antropologiya - insanın mənşəyi
və təkamülü, irqlərin yaranması və
insanın fiziki quruluşunun normal variasiyaları haqqında
elm öyrədir" - deyə akademik bildirir.
Fikrimizcə, Azərbaycanda tolerantlıq
düşüncəsinin inkişafına ölkəmizin
mühüm coğrafi-siyasi məkanda yerləşməsi və
zəngin karbohidrogen ehtiyatlarına malik olması da həlledici
təsir göstərmişdir. Xüsusən də XIX əsrdə
Bakıda sənaye üsulu ilə ilk neft quyularının
qazılması Azərbaycana müxtəlif ölkələrdən
neft maqnatlarının gəlməsinə stimul
yaratmışdır. Nobel qardaşlarının həmin
dövrdə Bakıda həyata keçirdiyi mühüm layihələr
buna misal göstərilə bilər. Eyni zamanda, XX əsrin əvvəllərində
Almaniyadan, Polşadan, Türkiyədən, Rusiyadan, İrandan
çox sayda tacirlər, neftçilər, habelə fəhlələr
gələrək Bakıda və Azərbaycanın digər
bölgələrində çalışmışlar. Beləliklə,
ötən əsrin əvvəllərində iqtisadi fəallığın
artması, sənayenin inkişafı, orta burjuaziyanın
formalaşması və digər obyektiv tarixi proseslərlə
əlaqədar Azərbaycanda tolerantlıq mədəniyyəti
inkişaf etmişdir. Bədnam qonşularımız olan ermənilərdən
fərqli olaraq, azərbaycanlılar başqa xalqlara daim
hörmət və qayğı ilə yanaşmış,
onların sıxışdırılmasına,
diskriminasiyasına yol verməmişlər.
XX əsrin
əvvəllərində çar Rusiyasında cərəyan
edən mürəkkəb ictimai-siyasi proseslər, imperiya
daxilində bir araya gətirilmiş xalqların azadlıq
uğrunda mübarizəyə qalxması 1918-ci il mayın 28-də
Azərbaycana istiqlaliyyətini elan etmək şansı yaratmışdır.
İstiqlal Bəyannaməsində demokratik dövlətə
məxsus atributların - hakimiyyətin xalqa məxsusluğu,
vətəndaşların mülki-siyasi hüquqlarının
təmini, bütün xalqların və hər bir kəsin
milli, dini, sinfi, silki və cinsi mənsubiyyətindən
asılı olmayaraq azad inkişafı üçün şəraitin
yaradılması, ən nəhayət, hakimiyyət
bölgüsü kimi prinsiplərin əksini tapması suveren,
demokratik, hüquqi dövlət yaradılması istəyinin,
habelə tolerantlığın bariz təcəssümü
olmuşdur.
Cümhuriyyətin Rusiyanın hərbi
müdaxiləsi ilə süqutundan sonra Azərbaycan 70 il sovet
imperiyasının tərkibində yaşamalı olmuşdur.
Bu illərdə mərkəzin qondarma "vahid sovet
xalqı" formalaşdırmaq məqsədinə xidmət
edən beynəlmiləlçilik ideologiyası digər
respublikalarda olduğu kimi, Azərbaycanda da etnik
tolerantlığın güclənməsinə təkan
vermişdir. Lakin ateizm siyasəti yürüdən imperiya
ayrı-ayrı xalqların mental dəyərlərinin, mədəniyyətinin,
dininin inkişafına yol verməmiş, milli identikliyə
qarşı dözümsüzlük nümayiş
etdirmişdir. Həmin illərdə respublikada məscidlər
bağlanmış, din xadimləri
sıxışdırılmış, islami dəyərlərin
yayılmasına qarşı sərt tədbirlər həyata
keçirilmişdir. Bununla belə, 70 illik totalitar sovet rejimi
xalqın tolerantlıq düşüncəsinə hakim kəsilə
bilməmiş, onu öz milli-mənəvi, dini dəyərlərindən,
adət-ənənələrindən ayıra bilməmişdir.
Onu da xüsusi vurğulamaq lazımdır ki, ötən əsrin
70-80-ci illərində məhz ulu öndər Heydər Əliyevin
himayəsi altında onlarca məscid tarixi abidə adı
altında qorunub saxlanılmış, əsaslı təmir
edilib, xalqa qaytarılmışdır.
Yüksək tolerantlıq mədəniyyəti
Müstəqil Azərbaycan son 20 ildə
qazandığı bir sıra nailiyyətlərlə
yanaşı, həm də regionda və bütövlükdə
Avropa məkanında fərqli dini sivilizasiyaların
qovuşduğu tolerant məkan kimi tanınmışdır. Ulu öndər Heydər Əliyev 1993-cü ildə
xalqın təkidli tələbilə hakimiyyətə
qayıtdıqdan sonra ölkədə dini, milli, etnik
münasibətlərin yüksək səviyyədə tənzimlənməsi,
vicdan azadlığının tam bərqərar olması naminə
ardıcıl tədbirlər həyata keçirmiş,
xalqın milli təhlükəsizlik maraqları
baxımından bu sahəyə daim diqqətlə
yanaşmışdır. Heydər Əliyev
hesab edirdi ki, yalnız milli zəmin - azərbaycançılıq,
Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələrinin
bərabərliyi və əməkdaşlığı, milli
həmrəylik, milli-mənəvi dəyərlərin qorunması,
ümumi tarix və ümumi ünsiyyət dili etnik mənsubiyyətindən
asılı olmayaraq hər bir azərbaycanlıya
özünü hamı üçün ümumi evin
qurulmasına səfərbər edilmiş müstəqil insan
kimi hiss etmək imkanı verəcəkdir.
1995-ci ildə Azərbaycanda ümumxalq səsverməsi
yolu ilə qəbul olunmuş Konstitusiyada hər bir ölkə
vətəndaşının vicdan azadlığı birmənalı
təsbit edilmişdir. "Dünyada bir çox böyük
dinlər mövcuddur. Hər dinin özünəməxsus yeri
var. Biz azərbaycanlılar islam dini ilə fəxr
edərək, eyni zamanda heç vaxt başqa dinlərə
qarşı mənfi münasibət göstərməmişik,
düşmənçilik etməmişik, ədavət
aparmamışıq və heç bir başqa xalqı da
öz dinimizə itaət etməyə məcbur etməmişik.
Ümumiyyətlə, başqa dinlərə
dözümlülük, başqa dinlərlə yanaşı
və qarşılıqlı anlaşma şəraitində
yaşamaq islam dəyərlərinin xüsusiyyətidir. Bu,
tarix boyu Azərbaycanda da, Qafqazda da öz əksini
tapıbdır. Azərbaycanda islam dini ilə
yanaşı xristian dini də, yəhudi dini də əsrlər
boyu yaşayıb və indi də yaşayır" - deyən
ümummilli lider ölkədə mütərəqqi islam dəyərlərinin
inkişafına xüsusi diqqət yetirməklə
yanaşı, başqa dinlərin inkişafına da tolerant mühitin
yaradılmasını təmin etmiş, dini konfessiyalar
arasında qarşılıqlı hörmətə söykənən
münasibətlərin formalaşmasına
çalışmışdır. Milli-dini mənsubiyyətindən
asılı olmayaraq, hər bir vətəndaşın bu
torpaq üçün milli yiyəlik hissini yaşaması
tolerantlığın ən bariz nümunəsidir. Xüsusi
vurğulamaq lazımdır ki, ulu öndər Heydər Əliyevin
müəllifi olduğu azərbaycançılıq
ideologiyası eyni zamanda dini tolerantlığın polietnik
mövcudluğunun qarantı kimi çıxış edir.
Müstəqilliyin bərpasının
ilk illərində dövlətin maliyyə imkanlarının
məhdudluğuna rəğmən, ulu öndər Heydər Əliyev
ölkədə mövcud olan dini ziyarətgahların təmiri
və bərpasına, qorunmasına da xüsusi diqqət yetirmişdir. Ulu öndər hələ 1994-cü ildə Bibiheybət
məscidini ziyarət etmiş, onun təmiri və bərpası
ilə bağlı göstərişlərini vermişdir.
1997-ci ildə Heydər Əliyevin göstərişi ilə
Bibiheybət məscidinin bərpa olunmasına vəsait
ayrılmış, 1998-ci il iyulun 12-də ümummilli liderin
iştirakı ilə ziyarətgahın böyük bir
hissəsinin açılışı olmuşdur. Heydər Əliyev ölkədə mütərəqqi
islam dəyərlərinin inkişafına xüsusi diqqət
yetirməklə yanaşı, başqa dinlərin
inkişafına da tolerant mühitin yaradılmasını təmin
etmiş, dini konfessiyalar arasında qarşılıqlı
hörmətə söykənən münasibətlərin
formalaşmasına çalışmışdır.
Ulu öndərin diqqəti və qayğısı ilə
Bakı şəhərinin mərkəzində Qafqazda ən
böyük Sinaqoqun inşa edilməsi də bunu bir daha təsdiqləyir.
Roma-katolik Kilsəsinin sabiq başçısı
II İoann Pavelin 2002-ci ilin mayında ölkəmizə etdiyi
tarixi səfəri zamanı Azərbaycandakı tarixi
dözümlülük ənənələrini xüsusi qeyd
etmişdir. Eləcə də Rum patriarxı I Varfolomey
2003-cü il aprelin 16-dan 18-dək Azərbaycanda rəsmi səfərdə
olmuşdur. Şərqi Roma pravoslav kilsəsi
başçısının səfərinin əsas məqsədi
dinlərarası dialoqu daha irəli aparmaq idi. O da etiraf
etmişdir ki, respublikamızdakı dövlət-dini
konfessiyalar münasibətləri, habelə ənənəvi
və qeyri-ənənəvi dini konfessiyalar arasındakı
mövcud münasibətlər nümunəvidir.
Xalqlararası və mədəniyyətlərarası
dialoqu müasir qloballaşma dövründə daha da
inkişaf etdirmək, ona dəstək vermək, bütün
insanların gələcəyi naminə mədəniyyətlərin
və dinlərin qarşılıqlı dialoquna nail olmaq bu
gün də dövlət siyasətinin
mühüm tərkib hissəsidir. Bu siyasəti
inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin
milli mədəniyyətin, dini-mənəvi dəyərlərin,
adət-ənənələrin qorunması və inkişaf
etdirilərək gənc nəsillərə
çatdırılması ilə bağlı siyasəti bu
baxımdan çağdaş dövrün reallıqları
ilə şərtlənir.
Azərbaycan Prezidenti total mədəniyyətin
mütərəqqi cəhətlərinin mənimsənilməsi
tərəfdarı kimi çıxış etməklə
yanaşı, xalqın özünəməxsusluğunu şərtləndirən
etnik-milli dəyərlərin qorunmasını da vacib məsələ
kimi önə çəkir. Prezident İlham Əliyevin
konsepsiyasına görə, milli ruhu qorumağın,
inkişaf etdirməyin və yeni nəsillərə
çatdırmağın ən mühüm şərti məhz
milli dövlətçilikdir. Milli dövlət ancaq ərazinin,
maddi sərvətlərin deyil, həm də milli-mənəvi
dəyərlərin qorunmasına xidmət edir. Eyni
zamanda, milli dövlət Azərbaycanın hüdudlarında
yaşayan hər bir milli azlığın mənafelərinin
azərbaycanlılarla bərabər səviyyədə təminatını
özünün başlıca vəzifəsi sayır,
dövlət funksional imkanlarını işə salaraq hər
bir etnosun milli-mənəvi, dini dəyərlərinin, mədəniyyətinin
qorunmasının təminatçısı qismində
çıxış edir.
Dövlət başçısı cənab
İlham Əliyevin tolerantlıq və milli münasibətlər probleminə
dair baxışları onun siyasi portretinin əsas cizgilərini
təcəssüm etdirir. Dövlət başçısının
bununla bağlı irəli sürdüyü prinsiplər,
müəyyənləşdirdiyi strateji xətt,
atdığı konkret addımlar onun Azərbaycanı həm
də sivilizasiyalararası dialoq, mədəni-intellektual
konsolidasiya və əməkdaşlıq mərkəzinə
çevirmək məqsədindən irəli gəlir.
Şübhəsiz, hər bir xalqı milli-mənəvi
və dini dəyərlər qədər birləşdirən
ikinci qüvvə yoxdur. Azərbaycanlıları da vahid məqsədlər
ətrafında birləşdirən də məhz onların zəngin
mədəniyyəti, mənəvi dəyərləri, adət-ənənələridir.
Azərbaycan Prezidenti həmişə azsaylı
xalqlara, milli-dini azlıqların nümayəndələrinə
həssaslıqla yanaşır, onların problemlərinin həlli
üçün bütün lazımi tədbirləri
görür. Dövlət başçısı
respublikamızda bütün milli və dini azlıqların
birgə yaşayışı üçün kifayət qədər
tolerant mühitin olduğunu məmnunluqla bildirir. Prezident
İlham Əliyev 2011-ci il aprelin 7-9-da Bakıda
keçirilmiş "Ümumdünya mədəniyyətlərarası
dialoq forumu"nda bununla bağlı demişdir: "Azərbaycanda
milli və dini dözümlülüyün,
tolerantlığın yüksək səviyyədə
olması artıq faktdır və bu bizim güc mənbəyimizdir.
Hər bir cəmiyyətin gücü onun dini və milli
müxtəlifliyindədir. Biz tam əminik ki,
dini və milli amildən asılı olmayaraq, istənilən
cəmiyyətdə normal münasibətlər qurmaq
mümkündür. Əlbəttə, bunun üçün ənənələr
lazımdır, eyni zamanda, dövlət siyasəti də
lazımi səviyyədə aparılmalıdır. Azərbaycanda
hər iki amil mövcuddur. Həm tarixi keçmişimiz
bugünkü şəraiti bizim üçün yaradır, həm
də bu sahədə dövlət siyasətimiz birmənalıdır.
Bir daha demək istəyirəm ki, bizim gücümüz
birliyimizdədir. Milli və dini mənsubiyyətindən
asılı olmayaraq, Azərbaycanda yaşayan hər bir kəs
bizim dəyərli vətəndaşımızdır. Mən
şübhə etmirəm ki, Azərbaycanda milli və dini
dözümlülük məsələləri bundan sonra da
uğurla öz həllini tapacaq. Azərbaycan vətəndaşları
bundan sonra da bir ailə kimi yaşayacaqlar".
Hər bir insan hansısa millətə, xalqa,
etnosa mənsubluq hissi daşıyır. Bu özünəməxsusluq
hissi ilə səciyyələnən, milli kimliyi ifadə edən
mənəvi dəyər xalqın toxunulmaz sərvətidir. Bu reallıqdan çıxış edən dövlət
başçısı İlham Əliyev vurğulayır ki,
demokratik prinsiplərlə yaşamaq, bu yönümdə
inkişaf etmək arzusunda olan hər bir dövlət ölkəsində
cəmiyyətdaxili tolerantlığın bərqərar
olmasını təmin etməlidir. Bu, regionda, sonda isə bütün
dünyada tolerant durumun formalaşmasına olan xidmətdir. Tolerantlıq
düşüncə tərzi, cəmiyyətin tarixi
inkişafının nəticəsi, müxtəlif mədəniyyət
və lokal insan birliklərinin birgəyaşayışı nəticəsində
əldə olunmuş tarixi nailiyyətidir. Bu, demokratik cəmiyyətin, mədəniyyətlərarası
münasibətlərin təməl prinsiplərindəndir.
Tolerantlıq ayrıca
götürülmüş bir dövlətin deyil, hazırda
bütün dünyanın qlobal, sosial-mədəni problemi
statusunu kəsb etmişdir. Məhz bu
baxımdan bu gün tolerantlığa münasibətin konkretləşməsinə
böyük ehtiyac var.
Azərbaycan
Prezidenti bu fikirdədr ki, tolerantlıq hər bir ölkənin
demokratiklik səviyyəsini müəyyən edən
başlıca amillərdən biridir. Ölkəmizdə
tolerantlıq - etnik milli və bəşəri müstəviləri
əhatə etmək baxımından yekcinsliyin təsdiqi
deyil, müxtəlifliyin vəhdəti kimi bugünün həm
lokal, həm də qlobal gerçəkliyinin tələblərinə
cavab verir. Söhbət, ilk növbədə,
dini, milli və siyasi tolerantlıqdan gedir. Dünyəvi,
demokratik, hüquqi dövlət quruculuğunu milli xüsusiyyətlərin
nəzərə alınması ilə həyata keçirən
Azərbaycan da bu kontekstdə tolerantlığın gerçəkləşdiyi
bir məkandır. Geostrateji mövqeyinə
görə çeşidli
dünyagörüşünün, həyat tərzinin, mədəni
və mənəvi dəyərlərin, dini konfessiyaların
qovuşduğu bu torpaq milli-etnik tərkibi ilə
dünyanın nadir mədəni sivilizasiyalarından birinə
çevrilmişdir.
Dövlət
başçısı İlham Əliyev son 8 ildə tarixi-mədəni
irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsi,
xüsusən də dini ziyarətgahların əsaslı təmiri
və yenidənqurulmasına da xüsusi diqqət
ayırmışdır. Onun İslam mədəniyyəti nümunələri
olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların,
müqəddəs dini sitayiş və inanc yerlərinin təmiri,
bərpası ilə bağlı xüsusi sərəncamlar
imzalaması və bu işi şəxsi nəzarətinə
götürməsi deyilənləri bir daha təsdiqləyir.
Son illərdə Bibiheybət, Təzəpir və
digər məscidlər əsaslı təmir olunmuş,
onların təchizatına lazımi diqqət
ayrılmışdır. Bundan başqa, cənab
İlham Əliyevin göstərişi ilə paytaxtın ən
gözəl guşələrinin birində Katolik Kilsəsi
inşa edilmiş, habelə pravoslav kilsəsi təmir və bərpa
olunmuşdur. Əhalinin əsas hissəsinin
müsəlman olmasına baxmayaraq, Azərbaycanda gürcü
pravoslav kilsəsi, rus pravoslav kilsəsinin yepiskopu müstəqil
fəaliyyət göstərir. Əhalisinin
tərkibi etnik, dini və məzhəb baxımdan zəngin
olan Azərbaycanda indiyədək dini zəmində heç
bir qarşıdurma baş verməmişdir. Ölkədə
rəsmi şəkildə 525 islam, 34 qeyri-islam təmayüllü
dini icma, eyni zamanda 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir.
Prezident
İlham Əliyevin sərəncamı əsasında
Bakıdakı Əjdərbəy məscidinin əsaslı təmir
və yenidənqurmadan sonra istifadəyə verilməsi də
respublikadakı tolerantlığın təcəssümüdür. Dövlət başçısı məscidin
açılış mərasimindən sonra Qafqaz Xalqları Ali Dini
Şurasının üzvləri ilə görüşdə
demişdir: "Biz hamımız Qafqazda sülh, əmin-amanlıq,
əməkdaşlıq, inkişaf olmasında
maraqlıyıq. Siz hamınız öz
xalqlarınızın parlaq nümayəndələrisiniz və
əminəm ki, bütövlükdə bizim regionda əməkdaşlıq
da çox cəhətdən Qafqazın din xadimləri
arasında sıx qarşılıqlı əlaqələrdən,
əməkdaşlıqdan və dostluqdan asılı
olacaqdır".
Ölkədə
tolerantlıq düşüncəsinin inkişafında Heydər
Əliyev Fondunun xidmətlərini də xüsusi vurğulamaq
lazımdır. Fondun
prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın vətənpərvər
fəaliyyəti sayəsində bir-birinin ardınca Azərbaycanın
mənəvi inciləri dünya qeyri-maddi mədəni irs
siyahısına salınmış, ölkəmiz
sözün, əsl mənasında fərqli
sivilizasiyaların və mədəniyyətlərin dialoqu və
ortaq məxrəc axtardığı məkana
çevrilmişdir. Tolerantlıq nümunəsi sayılan Azərbaycan
Heydər Əliyev Fondunun xətti ilə Parisdə Versal
Sarayının parkında abidələri bərpa edir,
Strasburqda Müqəddəs Məryəm kafedral kilsəsinin
yenidən qurulmasına yardım göstərir, Pakistanda zəlzələdən
zərər çəkən qızlar məktəbini yenidən
inşa edir, Hollandiya, Rusiya, Gürcüstan, Rumıniya, Misir və
digər ölkələrdə təhsil ocaqlarını
müasirləşdirir, Afrika ölkələrinin qeyri-maddi mədəni
irsinin qorunmasına dəstək verir, Qəbələ Beynəlxalq
Musiqi Festivalı kimi onlarca qlobal və mükəmməl layihəyə
imza atır.
Son 7 ildə
Fondun bilavasitə təşəbbüsü və təşkilatçılığı
ilə Beynəlxalq Millətlər Təşkilatının,
İslam Konfransı Təşkilatının və digər
nüfuzlu qurumların savadsızlığın aradan
qaldırılmasına, gender bərabərliyinə, milli-mədəni
müxtəlifliyin, habelə uşaq hüquqlarının
qorunmasına, sivilizasiyalararası dialoqun genişləndirilməsinə,
etnik, dini, irqi ayrı-seçkiliyin aradan
qaldırılmasına həsr olunmuş tədbirlərin məhz
Bakı şəhərində keçirilməsi buna əyani
sübutdur. Hələ 2004-cü il iyulun 6-da Fondun təşəbbüsü
ilə Parisdə UNESCO-nun iqamətgahında "Davamlı
inkişaf üçün Azərbaycanda təhsil
islahatları" mövzusunda beynəlxalq konfrans
keçirilmiş, 2005-ci ilin avqust ayında isə Bakıda
"UNESCO-Azərbaycan: Azərbaycanın təhsil problemləri
və perspektivləri" mövzusunda konfrans təşkil
olunmuşdur. Konfransda çıxış edən
Azərbaycanın birinci xanımı ölkəmizdə milli
təhsilin problemlərindən söz açmış, həyata
keçirilən islahatlar barədə konfrans
iştirakçılarına ətraflı məlumat
vermişdir. Konfrans milli təhsilimizin
ümumi vəziyyəti ilə bağlı UNESCO nümayəndələrində
tam təsəvvür yaratmaq, onları hərtərəfli məlumatlandırmaq,
habelə perspektivdə müştərək layihələrlə
çıxış etmək baxımından uğurlu nəticələrlə
yadda qalmışdır.
Azərbaycanın
tarixi ənənələrini, tarixi İpək yolunun
regiondakı rolunu nəzərə alan
Latın Mədəniyyəti Akademiyasının hələ
2006-cı il aprelin 19-da Bakıda keçirilmiş XIII
konfransı respublikamızın sivilizasiyalarası dialoq mərkəzinə
çevrildiyini nümayiş etdirmişdir. 30-dan artıq latın mənşəli görkəmli mədəniyyət
və ədəbiyyat xadiminin iştirakı ilə Heydər Əliyev
Fondunda keçirilən konfransda çıxış edən
Mehriban xanım Əliyeva demişdir: "Bu gün biz
sivilizasiyalararası dialoqun keçmişindən söhbət
açaraq xüsusi vurğulamalıyıq ki, qədim və
çox zəngin yunan-Roma sivilizasiyasının ilk varisi məhz
Şərq olubdur. 2006-cı ildə
konfransın məhz Bakı şəhərində
keçirilməsi ölkəmizin mədəniyyətlərarası
dialoq səviyyəsində çox müsbət təcrübə
toplaması ilə əlaqələndiririk. Həqiqətən də əsrlər boyu
Böyük İpək yolu üstündə yerləşən
ölkəmiz çox yüksək tolerantlığa malik və
müxtəlif mədəniyyətləri birləşdirən
bir məkan kimi tanınır. Bu bizim
qürur duyduğumuz uğurumuz, keçmişimizdir və
inanıram ki, gələcəkdə də bu sahədə Azərbaycan
öz müsbət rolunu oynayacaqdır".
Azərbaycan
bu gün paralel olaraq həm Qərbə, həm də Şərqə
inteqrasiya etməklə bərabər, hər iki
sivilizasiyanın dialoqu prosesində vasitəçi kimi
çıxış edir, mədəniyyətlərarası
yaxınlaşmaya töhfəsini verir. 2008-ci ildə Heydər Əliyev Fondunun
prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü,
həmçinin UNESCO-nun və İSESCO-nun dəstəyi ilə
Bakıda keçirilən "Mədəniyyətlərarası
dialoqda qadınların rolunun genişləndirilməsi"
mövzusunda Beynəlxalq Bakı Forumu da sivilizasiyalararası
dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas
nöqtələrinin tapılması, ümumbəşəri
konsolidasiya prosesində qadınların rolunun
araşdırılması, bu yönümdə konkret fəaliyyət
istiqamətlərinin müəyyənləşdirilməsi
baxımından vacib əhəmiyyət kəsb etmişdir. 2009-cu ildə Bakının "İslam
sivilizasiyanın paytaxtı" elan edilməsi də məhz
Heydər Əliyev Fondunun İslam Konfransı Təşkilatı
ilə qarşılıqlı faydalı əməkdaşlığının
nəticəsi sayəsində olmuşdur.
UNESCO-nun
"Dünyada savadlılığın dəstəklənməsi"
üzrə regional konfransını 2008-ci ildə Bakıda təşkil
olunması da Azərbaycanın təhsil sahəsində
mühüm beynəlxalq tədbirlərin mərkəzinə
çevrildiyini göstərmişdir. Belə bir mühüm
konfransın keçirilməsi böyük siyasi əhəmiyyət
kəsb etməklə, respublikanın elm və təhsil
ictimaiyyətinə Avropa ölkələrinin bu sahədəki
müsbət təcrübəsindən bəhrələnmək
imkanları yaratmışdır. Azərbaycanın
milli problemlərinə əsl vətəndaş mövqeyi
nümayiş etdirən, respublikanın üzləşdiyi təcavüz
və soyqırımı siyasətini vətənpərvərliklə
bütün dünyaya çatdıran Mehriban xanım Əliyeva
konfransdakı çıxışında da Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə diqqət
çəkmişdir.
Təcavüzkar
Ermənistandan fərqli olaraq Azərbaycanda mövcud olan
etnik-dini tolerantlıq hazırda bəzi inkişaf etmiş
ölkələrə də örnək göstərilir. İnsan hüquqları
üzrə ixtisaslaşmış beynəlxalq təşkilatların
hesabatlarında Azərbaycanda müxtəlif dini sivilizasiyalar
arasındakı münasibətlərin yüksək səviyyədə
olduğu, dini azlıqların maraq və mənafelərinin
qorunduğu razılıqla bildirilir. Respublikamızda
rusların, yəhudilərin və digər milli
azlıqların öz ana dillərində təhsil alması
üçün çoxsaylı məktəblərin
mövcudluğu da tolerantlığın əyani göstəricisidir.
Bütün bunlar isə Azərbaycanı
sivilizasiyaların toqquşması deyil, qovuşması məkanına
çevirir, respublikamız regionda iqtisadi əməkdaşlıq,
dialoq və dini tolerantlıq mərkəzi kimi tanınır.
Aytən MUSTAFAYEVA,
AMEA-nın İnsan Hüquqları
İnstitutunun direktoru, Milli
Məclisin
deputatı, hüquq elmləri üzrə
fəlsəfə doktoru
Azərbaycan.- 2012.-7 yanvar.- S. 4.