Mədəniyyət işçiləri ili müvəffəqiyyətlə başa vurdular

 

Daha bir təqvim ili başa çatdı. Adətən, ilin əvvəlində ötənlərə, arxada qalanlara nəzər salınır, görüləsi və görülən işlər müqayisəli şəkildə təhlil edilir.

Bütün istiqamətlərdə inkişaf sürətinə görə təkcə regionda deyil, Avropa dövlətləri arasında ön sıralarda yer tutan Azərbaycan yeni ili uğurlu göstəricilərlə qarşıladı. Gündən-günə siması dəyişən, inkişafına görə Avropanın mədəniyyət mərkəzlərindən birinə çevrilən paytaxt Bakıda bu günlərdə xüsusilə bayram ovqatı yaşanır. Bu əhval-ruhiyyəyə müsbət impulslar verən amillərdən biri də  paytaxtda fəaliyyət göstərən xidmət təşkilatlarında işlərin ahənginin dəyişməsidir. Belə təşkilatlardan biri də, təbii ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsidir. Hər yeni təqvim ilini qarşılayanda  adıçəkilən təşkilatın xidmətinə daha çox ehtiyac duyulur. Çünki təkcə paytaxt sakinləri deyil, əcnəbi qonaqlar da istirahət və asudə saatlarında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən mədəni-maarif təşkilatlarının xidmətindən istifadə edirlər.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin informasiya və ictimaiyyətlə əlaqə şöbəsinin müdiri Samid Rzayev bildirdi ki, paytaxt sakinlərinin mədəni istirahətinin təşkili daim yüksək səviyyədə olub. Bu xidmət hər yeni il gələndə daha çox hiss olunur. 2011-ci ilin yekunları  ilə bağlı ən fəal mədəni-maarif müəssisəsinin və işçisinin müəyyən edilməsi məqsədilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən müsabiqənin qaliblərinin təqdimat mərasimi də göstərdi ki, adıçəkilən xidmət sahəsində qarşıda duran mühüm tapşırıqlar layiqincə yerinə yetirilib: "Müsabiqədə  ilin yekunlarına əsasən, "Ən fəal məktəb", "Ən fəal mədəniyyət evi", "Ən fəal xalq kollektivi", "Ən fəal mədəni-maarif işçisi", ümumiyyətlə, 21 nominasiya üzrə mükafatlandırma olub. Tədbirdə 42 mədəni-maarif işçisinə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi, Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birlikdə fəxri fərman, mükafat və idarədaxili təşəkkürnamələr təqdim edilib. Şəbəkəyə daxil olan müəssisələrdən başqa, "Ən fəal əməkdaş" nominasiyasında bir sıra şirkət və  təşkilatlar da mədəniyyətin inkişafında göstərdiyi xidmətlərə görə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən xüsusi diplom və mükafatlara  layiq görülüblər".

"Ən fəal mədəni-maarif müəssisəsinin və mədəni-maarif işçisinin müəyyən edilməsi" məqsədilə  başa vurulan müsabiqənin  nəticələri də bir daha təsdiqlədi ki, paytaxt sakinlərinə göstərilən  mədəni xidmət günün tələbləri səviyyəsinə cavab verir. 28 mədəni-maarif müəssisəsi və 73 mədəniyyət işçisinin qalib olması da yuxarıda qeyd edilən layiqli xidmətin göstəricilərindəndir.

Ötən il həm də turizm sahəsində əldə edilən uğurlu göstəricilərlə yadda qaldı. Şüvəlan qəsəbə mədəniyyət evində Turizm ilinin yekunlarına həsr olunan "Vətənim Azərbaycan" adlı mədəni-kütləvi tədbirdə əl işlərindən ibarət tətbiqi sənət nümunələrinin nümyaiş olunduğu sərgidə eyni zamanda antik dövrün eksponatları, vətənimizin turizm məkanlarının foto-stendləri təqdim edilib.

Azərbaycanın tarixi, mədəniyyəti və təbiətinin  əsrarəngizliyini nümayiş etdirmək məqsədilə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkil etdiyi sərgi iştirakçılara regionun hər bir guşəsilə tanış olmaq, zəngin turizm potensialını əyani şəkildə izləmək imkanı yaradıb. Həmin tədbirdə turizm sahəsinin inkişafına dəstək  vermək, gənclərin asudə vaxtının səmərəli  təşkilini, maraq və meyillərinin təmini məqsədilə mədəniyyət müəssisələrində yaradılmış "Gənc turist" klublarının fəaliyyətini əks  etdirən foto-sərgi nümayiş olunub. Adıçəkilən klublar dövlət siyasətinin həyata keçirilməsində gənclərin fəal iştirakını təmin etmək, onların adıçəkilən sahənin inkişafına dəstək vermək, sistemli fəaliyyətlərinə zəmin yaratmaq istiqamətində atılan mühüm addımlardan biridir. Habelə turizm sahəsinə meyilli gənclərin  kadr kimi yetişməsinə də əməli kömək göstərilir. Belə klubların sayı 76, orada fəaliyyət göstərən üzvlərin sayı isə min nəfərə yaxındır. Xətai Mədəniyyət Mərkəzində idarənin təşkilatçılığı ilə "Gənc turistlər" üçün yeni il şənliyi də yaddaqalandı. S.Rzayev onu da xüsusi olaraq  vurğuladı ki, tədbirdə Azərbaycan estradasının ulduzları ilə yanaşı, şəbəkəyə daxil olan mədəniyyət  evləri və musiqi məktəblərinin estrada və rəqs ansamblları iştirak etdi: "Yeni ili yüksək əhvali-ruhiyyə ilə qarşılamaq üçün şəhərin  müxtəlif yerlərində mədəni-kütləvi tədbirlər, adəti üzrə, silsilə xarakter daşıdı. Şaxta babaların xidmətindən istifadəyə gəlincə, onların yenə də sifarişi mümkün oldu. Lakin onu xüsusi olaraq qeyd etməliyik ki, Şaxta babalar Bakı Şəhər İcra Hakimiyyətindən lisenziyalaşdırılır, yəni  bizim struktura daxil deyillər. Ona görə də onların fərdi qaydada yeni il şənliklərinə dəvəti ilə birbaşa Bakı Şəhər İcra Hakimiyyətinin əlaqədar şöbəsi məşğul oldu. Təbii ki, möhtəşəm tədbirlər bu il də diqqət çəkdi. Xüsusən uşaq və gənclərin  yeni il şənliklərində fəallığını artırmaq, onların asudə vaxtlarının səmərəli keçirilməsi xidmət fəaliyyətimizin əsasını təşkil etdi".

Quruma daxil olan 38 mədəniyyət və turizm  təşkilatının təşkil etdikləri yeni il şənlikləri bu il də pullu xidmət növlərinə aid olmadı. Struktura daxil olan mədəniyyət müəssisələrində fəaliyyət göstərən bədii özfəaliyyət və xalq kollektivləri paytaxt sakinlərinə gözəl mədəni xidmət göstərdilər. Yeni ilin ilk günlərində paytaxtda və Abşeron ərazisində fəaliyyət göstərən uşaq evlərində, kimsəsiz və valideyn qayğısından məhrum balalar üçün bayram süfrələri açıldı, tanınmış mədəniyyət və incəsənət ustaları konsert proqramları ilə çıxışlar etdilər. Bütün bu tədbirlər isə  Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin birgə layihələri və təşkilatçılığı ilə keçirilir.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2012.-7 yanvar.- S.  5.