Turizm yayda da mümkündür,
qışda da...
Bu günlərdə rayonumuzda iki muzeyin açılışı oldu. "Tarixi abidələrin taleyi" və bir də "Simenslər və qış turizmi". Əslində, hər iki muzeyin məqsədi birdir: istər yaz-yay və istərsə də payız-qış aylarında turizmin inkişafı üçün nə işlər görülməlidir.
Bəllidir ki, Gədəbəy rayonu tarixi və arxeoloji abidələrlə zəngindir. Burada bir ədəd dünya, 81 ədəd ölkə və 24 ədəd yerli əhəmiyyətli abidə qeydə alınıb. Dağlar diyarının hər guşəsində qala və qalaçalar, müdafiə istehkamları, məbəd və türbələr diqqəti cəlb edir. Koroğlu qalası, Cənnətqala, Qız qalası, Zəngi qala... Hərəsi bir sənət əsəri, xalqın mənəvi tarixinin əvəzsiz yadigarıdır.
Söyüdlü kəndindəki dünya əhəmiyyətli Böyük Qalaça nəhəng daşlardan hörülmüş uca bir qala-dağdır. Buradakı Qız qalası isə əsl möcüzədir. O da yüksək qayalığın başında, son dərəcə mənzərəli, füsunkar bir sahədə yerləşir. Yaxınlıqda çay axır, şəlalə çağlayır. Qız qalası beş dairəvi sütundan ibarətdir. Hamısı da kərpiclə hörülüb. Cəm halında bu kompleks qədim şəhəri xatırladır. Gədəbəyin ən baxımlı yerlərindən biri də Qalakənddir. Rayon mərkəzindən xeyli aralı, Şəmkir çayının sahilində, uca dağların, sıx meşələrin qoynunda yerləşir. Bura əsl yerüstü etnik muzeydir.
Gədəbəyə şöhrət gətirən bir çox qala, qalaça və körpülərlə yanaşı, onun saysız-hesabsız mağaraları, kilsə və məbədləridir. Bunların hər birinin öz tarixi, öz taleyi var. Təəssüf ki, onlardan bir hissəsinin adları vaxtilə dövlət tərəfindən mühafizə olunan abidələr siyahısına salınmayıb. İndi biz bunları dəqiqləşdirərək müvafiq təşkilatlar qarşısında məsələ qaldırmışıq.
Bir sözlə, dağlar diyarının turizm üçün çox münbit şəraiti var. Ona görə də bu yerlər həmişə qonaq-qaralıdır. Xüsusən yay aylarında gəlib-gedən çox olur.
Bəs qış aylarında necə? Təəssüf ki, bu məsələ bizdə kifayət qədər öyrənilməyib. Bu baxımdan vaxtilə bu yerlərdə yaşayıb-yaratmış almanların təcrübəsi diqqəti cəlb edir.
Bəlli olduğu kimi, on doqquzuncu yüzilliyin ortalarında Simens qardaşları bu yerlərə gəlib çıxmışdılar. Filiz yataqları kəşf edilmiş, dağların qoynunda zavodlar tikilmiş, elektrik stansiyası inşa edilmiş, dəmir yolu xətti çəkilmiş, körpülər salınmışdı. Bütün bunlarla yanaşı, uzaq elli sahibkarlar bu səfalı guşədə qış turizminin inkişafı üçün də xeyli iş görmüşdülər. On doqquzuncu yüzillikdə burada xizək, konki yarışları, hokkey oyunları keçirildiyi barədə yaşlı adamlar eşitdiklərini yaxşı xatırlayırlar.
Ölkəmizdə turizmin inkişafına xüsusi qayğı və diqqət göstərildiyi bir vaxtda Simens qardaşlarının bu sahədəki təcrübəsini öyrənib tətbiq etməyi qərara aldıq. Bu məqsədlə rayonda Simens qardaşlarına həsr edilmiş xatirə tədbiri keçirdik. Almaniyadan da təmsilçilər gəlmişdilər. Məqsəd onların turizm sahəsindəki təcrübəsini öyrənmək idi. Sonra onların dəvəti ilə biz yeddi nəfərlik nümayəndə heyəti ilə Almaniyaya gedib Gədəbəydə Simens muzeyinin yaradılması və qış turizminin təşkili ilə bağlı razılıq əldə etdik.
Bir xoş bahar günündə Simens qardaşlarının qış turizm marşrutları ilə dağları gəzdik. "Həyatımızda Simens izləri" kitabı nəşr olundu. Almaniyalı həmkarlarımızın təcrübəsindən istifadə edərək ayrı-ayrı kəndlərdən daş kitabələr və qoç heykəlləri gətirərək rayonun səfalı guşələrindən birində açıq səma altında təbiət muzeyi yaratdıq. Tarixi abidələr, kurqanlar, mağaralar, qalaçalar, qalalar, məbədlər barədə ətraflı məlumat topladıq. Əlaqələr möhkəmləndikcə rayonumuza Almaniyadan əlavə, Rusiyadan, İrandan, Fransadan, Kanadadan və başqa ölkələrdən də dəstə-dəstə turistlər gəlməyə başladılar. Görüşlərdən birində qonaqların iştirakı ilə geniş bir konfrans keçirdik.
Sonra bir neçə bölmədən ibarət turizm muzeyi yaradıldı. Muzeydə Azərbaycan-Almaniya əlaqələri barədə, mis mədənlərinin tarixi, həmin ərazidə aparılan arxeoloji qazıntılar zamanı əldə edilən materiallar, habelə, Simenslərin turizm sahəsindəki təcrübələri barədə yüzlərlə eksponat nümayiş etdirilir. Onu da deyim ki, almanlar da dağlar diyarının tarixi və taleyi barədə çoxlu məlumat toplayır, bu yerlərin təbiətinə, abidələrinə xüsusi maraq bəsləyirlər. Bu cür qarşılıqlı əlaqələr təkcə turizmin inkişafına deyil, eyni zamanda dövlətlər arasında əməkdaşlığın möhkəmlənməsinə də güclü təkan verir.
Qonaqlarımız hər gələndə "Yuxarı Narzan", "Aşağı Narzan", "Şirxan", "Ruslan", "Eldorado" istirahət mərkəzləri ilə ətraflı tanış olur, elimizin adət-ənənələrinə, tarixi abidələrimizə yüksək qiymət verirlər. Görüşlərdən birində hətta belə bir təklif səsləndi: turizm sahəsində zəngin ənənələrə malik Gədəbəy rayonu Azərbaycanın əfsanələr paytaxtı elan olunsa, burada yay və qış turizminin inkişafı sahəsində daha böyük işlər görülə bilər.
Fazilə MƏMMƏDOVA,
Gədəbəy
Rayon Mədəniyyət
və Turizm Şöbəsinin müdiri
Azərbaycan.- 2012.-7 yanvar.- S. 5.