Sözün ucalığında

 

Tanınmış ədəbiyyatşünas alim, tənqidçi, publisist, filologiya elmləri doktoru, professor Şamil Vəliyevin "Elm və təhsil" nəşriyyatında çap edilmiş iki cildliyi - "Azərbaycan ədəbiyyatı və mətbuatından araşdırmalar" adlanır.

Topluya müəllifin müxtəlif illərdə nəşr olunan portret-oçerk, elmi-nəzəri, publisistik məqalələri, resenziya, müsahibə, məktub və şəxsi arxivindən seçmələr daxildir. İki cildlikdə mətbuat və jurnalistikanın dünəni, bu günü haqqında söz açılır, ədəbi tənqid və poeziya barəsində araşdırmalar əsaslı yer tutur.

Birinci cilddə əsasən XX əsr Azərbaycan ədəbi tənqidində poeziya problemləri araşdırılır. Hənəfi Zeynallının, Cabbar Əfəndizadənin, Əflatun Saraclının, İlyas Tapdıqın və başqalarının yaradıcılığına güzgü tutulur, Nizami Gəncəvi lirikasının bədii xüsusiyyətlərindən söz açılır. Şərqşünas, tərcüməçi Mirzə Kazım bəyin ədəbi, mədəni irsinə toxunulur. Bu cilddə diqqəti cəlb edən yazılardan biri də müəllifin "Söz haqqında" olan düşüncələridir. Şamil Vəliyevin fikirləri həssas oxucu ürəyində əks-səda tapan məntiqə söykənir. Müəllifin müqayisəsi maraqlı və təsirlidir: "Söz güc, qüvvət, iqtidar deməkdir. Belə olmasaydı, adi bir kəlmənin səslənməsindən insanların əhvalı xarab olmaz, qəlb evi viran qalmaz və hətta ölkələr dağılmazdı. Söz bədii sehri ilə könüllər mülkünü istədiyi vaxt laləzara döndərdiyi kimi, onu xəzan küləkləri ilə də bərbad etməyə qadirdir. Söz qüdrətdir. Söz siyasi motivlər daşıyanda iqtidar da ola bilir, müxalifət də. Söz dövlətlərarası müharibənin başlanma siqnalı da ola bilər, sülh və birgə yaşayışın vasitəsi də. Bubir sıra digər əlamətlərə görədir ki, sözün möcüzələr yarada bilməsi, ecazkar xarakter daşıması bəzən onun sehrlifüsunkar gözəllə müqayisə olunmasınaE əsas vermişdir".

Bütün varidatlardan yüksəkdə dayanan sözə bu cür həssas münasibət göstərən Şamil Vəliyev uzun illərdir ki, respublikanın arxiv və fondlarında, kitabxanalarda özünəməxsus təmkinlə tədqiqat aparaq söz-söz bu əbədi xəzinənin sirlərini açmaqdadır. Elə bu zəhmətin nəticəsində tədqiqatçı-alim indiyədək diqqətdən kənarda qalan bir sıra arxiv materiallarını tədqiq edərək taleyi quruluşun qaranlıq düyünlərinə bükülən şəxsiyyətlərin yaradıcılığını ilk dəfə təhlilə çəkərək onların haqqında məhz öz sözünü demişdir. Ə.Hüseynzadə, Ə.Ağayev, M.Ə.Rəsulzadə, Ə.Topçubaşov kimi tənqidçilərin irsinə münasibətdə özündən əvvəlki həmkarlarından fərqli olaraq bu şəxsiyyətlərin yaradıcılığını obyektiv qiymətləndirməyi bacarmışdır. Vaxtilə akademik Kamal Talıbzadə alimin bu sahədəki tədqiqatlarını və özgürlüyünü yüksək qiymətləndirərək yazırdı: "Ş.Vəliyev realist şeir ənənələrinin inkişaf etdirilməsi, yeni poetik forma və məzmun axtarışlarında tənqidin iştirakını göstərərkən öz mülahizələrini dəqiqləşdirir, poetik janrların təkamülü və Azərbaycan şeirində inqilabi pafosun gücləndirilməsi məsələsini təhlil hədəfinə çevirir".

Müəllifin oxuculara ünvanladığı fikirlər də maraqlıdır: "Bu gün biz tarixin burulğanlarında baş verən hadisələrə statik, donuq bir şey kimi yox, canlı, dinamik həqiqətlər kimi baxmalıyıq". Elə bu tövsiyənin və münasibətin nəticəsidir ki, müəllif təqdim etdiyi hər bir əsərdə tarixi olduğu kimi yazmağı vacib sayıb. Bununla da talelərinə işıq tutduğu insanların söz ucalığında dayanmasına nail olub.

Kitabın ikinci cildində ötən əsrin əvvəlində Azərbaycanda ictimai-tarixi və ədəbi-mədəni hadisələrə işıq salınıb. Azərbaycan jurnalistikasının ilkparlaq nümunəsi olan "Əkinçi" qəzetinin milli mədəniyyət və mətbuat tariximizdəki rolunu araşdıran müəllif yazır: "Əkinçi" dediyi sözün mənəvi məsuliyyətini daşıyır, danışdığı sözlə işi, əməli arasında fərq qoymur, obyektivlik hissini qoruyurdu". Müəllifin məqsədi aydın, gəldiyi nəticə olduqca aktualdır. Həqiqətən də 140-cı ilə dönür ki, Həsən bəy Zərdabinin qəzetlə bağlı söylədiyi fikirlər bu gün hər bir qələm sahibinin peşə və əxlaq devizi olmalıdır: "Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun..."

"Əkinçi"nin jurnalistika dərslərini ətraflı şərh edən müəllif haqlı olaraq bu fikirdədir ki, qəzetin ənənə və ideyaları Azərbaycanda sistemli şəkildə qorundu. Nəticədə də milli mətbuatımızın elmi-nəzəri və metodoloji əsasını təşkil edə bildi.

Elə tarixi şəxsiyyətlər var ki, onların kimliyi ilə tanışlıq, əməl və ideyalarına bələdlik bütövlükdə tarixin konkret dövrünü ətraflı bilməyə bərabər tutulur. Müəllifin fikrincə, belə şəxsiyyətlərdən biri də XX əsrin əvvəllərində yaşamış Əlimərdan bəy Topçubaşovdur. Şamil Vəliyev böyük ürəklə və məntiqlə onu Azərbaycanın şəxsiyyət simvollarından biri kimi dəyərləndirir. Bu sırada dayanan Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə yaradıcılığı haqqında da Şamil müəllimin özünəməxsus fikir və təhlilləri var. Bu insanların həyatını, şəxsiyyətini, dünyagörüşünü, elmi-fəlsəfi, ictimai-siyasi, nəzəri-estetik mülahizələrini dərindən araşdıran müəllif onları milli kimlik və vətəndaşlıq mövqeyindən çıxış edən vətən fədailəri kimi dəyərləndirir. Xüsusilə də Ə.Hüseynzadənin "Füyuzat" jurnalı ilə bağlı əlaqələrinə toxunaraq onu əsl hürriyyətçi və demokratik ruhlu milli ədəbiyyat aşiqi kimi təqdim edir. "Füyuzat" və füyuzatçıların məşğul olduğu əsas problemləri qısa şəkildə təsnif edir. Bu sırada əsas yeri isə türkləşmək, islamlaşmaq, avropalaşmaq (müasirləşmək) tutur. Bu vəhdətin də bərabərliyi azərbaycançılıqla nidalanır.

"Azərbaycan" qəzetinin 90 illiyi ilə əlaqədar - tarixin bu unudulmaz yadigarı ilə bağlı müəllifin bir sıra məqalələri də ikinci cilddə toplanıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) nəşr olunan "Azərbaycan" qəzeti haqqında söylənilən fikirlərdə mətbuatımızın təzadlı tarixinə ətraflı nəzər salınır. "Azərbaycan"ın varisi və davamçısı olan bugünkü "Azərbaycan" qəzetinin yüksək amallar uğrunda mübarizə aparan azad fikir tribunası kimi məziyyətlərindən danışılır.

"Azərbaycan informasiya mühitinin lideri" adlı məqalədə isə ölkəmizdə informasiya işinin təşkilində yeri aydın görünən AzərTAc-ın fəaliyyətinə toxunulur.

Əlbəttə, hər iki cilddə toplanmış 70-ə yaxın məqalə, resenziya haqqında geniş şəkildə söz demək mümkündür. Amma ən yaxşısı budur ki, oxucu o kitabları özü vərəqləsin. Çünki Azərbaycan ədəbiyyatının, mətbuatının tarixindən üzü bəri keçdiyi inkişaf yoluna çox parlaq güzgü tutularaq bir sıra qaranlıq mətləblərə aydınlıq gətirilib.zamansa gizlədilən, ciddi səylə ört-basdır edilən məqamlar var ki, professor Şamil Vəliyev tərəfindən o məsələlər də bugünün baxımından təhlil edilərək oxuculara çatdırılır. Kitabdan yalnız mətbuatla, ədəbiyyatla maraqlananlar deyil, bütün oxucular faydalana bilərlər. O cümlədən, ali təhsil ocaqlarının humanitar təmayüllü fakültələrində bu topludan dərs vəsaiti kimi istifadə edilə bilər. Yeni nəşrin redaktoru isə filologiya elmləri doktoru, professor Alxan Bayramoğludur.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.-7 yanvar.- S.  5.