Qəbələ
aeroportu ərazisində qədim
yaşayış yeri ilə bağlı tarixi abidə aşkarlanmışdır
Qəbələdə Beynəlxalq Hava Limanı tikilərkən aşkarlanan qədim yaşayış yeri ilə bağlı aparılmış ilkin arxeoloji qazıntıların nəticəsi açıqlanmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki-Qax-Oğuz ekspedisiyasının rəisi Nəsib Muxtarov AzərTAc-a bildirmişdir ki, "Qalayeri-daş" adlanan həmin yaşayış yeri Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası ilə birgə aparılan arxeoloji qazıntılar zamanı eneolitin son mərhələsinə aid olan Leylatəpə mədəniyyətinə aid edilmişdir.
Bu ərazi eramızdan əvvəl IV minilliyin I yarısının əvvəllərində Leylatəpə mədəniyyətinin daşıyıcıları tərəfindən salınmışdır. İnsanlar bu yaşayış yerində eramızın VIII əsrinə qədər yaşamışlar. Daha sonra bura ilk müsəlmanlar tərəfindən qəbiristanlığa çevrilmişdir.
N.Muxtarov demişdir ki, Leylatəpə mədəniyyətinə aid nümunələrə Ağdam, Qazax, Tovuz ərazilərində rast gəlinsə də, Azərbaycanın şimal-şərq və şimal-qərb ərazilərində yox idi. Bu baxımdan Qəbələdə aşkarlanmış yeni yaşayış yeri Azərbaycan tarixinin eneolit dövrünün öyrənilməsi üçün müstəsna əhəmiyyətə malikdir.
Arxeoloq hesab edir ki, bu abidənin tədqiqi tariximizin həmin dövrünün öyrənilməsi ilə bağlı yaranan bir çox problemləri həll edəcəkdir. İndiyədək hesab edilirdi ki, Leylatəpə mədəniyyəti Mesopotamiyadan şimala doğru yayılıb. Bu mədəniyyət Şimali Qafqaza da Qara dəniz ətrafı yollarla yayılmışdır. Amma bu abidənin aşkarlanması və tədqiqi göstərdi ki, Leylatəpə mədəniyyəti Şimali Qafqaza Qəbələ rayonunun dağ keçidləri vasitəsilə də yayıla bilər. O, bu il həmin ərazidə əsaslı arxeoloji qazıntı işlərinin aparılacağını bildirmişdir.
Azərbaycanda Leylatəpə mədəniyyətinin
aşkar olunması ilk
Tunc dövründə Kür-Araz
mədəniyyətinin formalaşmasında Azərbaycanın
iştirakını təkzib edən fikirləri alt-üst etmişdir.
Azərbaycan.- 2012.- 7 yanvar.- S. 5.