Azərbaycan BMT Təhlükəsizlik Şurasında səlahiyyətlərinin icrasına başlayıb

 

 2011-ci il Azərbaycanda həyatın bütün sahələrində qazanılan çoxlu uğurlarla yadda qaldı. Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd etdiyimiz ötən il qarşıda duran bütün məqsədlər, ayrı-ayrı proqram və layihələr üzrə nəzərdə tutulmuş vəzifələr real həyata vəsiqə qazandı. İstər iqtisadiyyatda, istər sosial həyatda, istərsə də mədəni mühitdə müşahidə edilən yüksəliş, tərəqqi və artım ölkədə həyata keçirilən islahatların səmərəliliyini, effektivliyini bir daha təsdiq etdi.

2011-ci il həm də Azərbaycan üçün siyasi-diplomatik sahədə qazanılan uğurlarla əlamətdardır.  Ümumiyyətlə, son 8 ildə Prezident İlham Əliyevin ölkənin milli maraqlarını əsas götürən, Azərbaycanın müstəqillik aktının tələblərini yerinə yetirən siyasəti sayəsində respublikamız beynəlxalq müstəvidə diplomatik uğurlar əldə edib. Bu dövrdə sülh danışıqları prosesində Ermənistanın tamamilə çıxılmaz vəziyyətə salınması, Avropa Şurasında Azərbaycan ərazilərinin işğalını pisləyən qətnamənin qəbul edilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin məntiqi nəticəsi, Azərbaycanın diplomatik sahədə böyük uğurlarıdır.

Ötən il oktyabrın 24-də BMT Baş Məclisinin plenar iclasında gizli səsvermə nəticəsində Azərbaycanın Şərqi Avropa bölgəsindən bu mötəbər təşkilatın Təhlükəsizlik Şurasına üzv seçilməsi isə ölkəmizin diplomatik qələbələrinin zirvə nöqtəsi oldu. Gizli səsvermə zamanı mübarizə Azərbaycanla Sloveniya arasında gedirdi.

Qaydaya əsasən BMT TŞ-nin üzvü seçilmək üçün 193 üzv ölkədən üçdə ikisinin (129 səs) dəstəyini qazanmaq lazım idi. Səsvermənin növbəti mərhələlərindən sonra Sloveniya tərəfi Azərbaycanın açıq üstünlüyünüdaha çox dəstəkləndiyini görüb mübarizədən geri çəkildi. Yekunda 155 ölkənin dəstəyini qazanaraq Azərbaycan BMT TŞ-nin üzvü seçildi.

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə Azərbaycan xalqına təbrikində ölkəmizin BMT TŞ-yə üzv seçilməsini tarixi qələbə adlandıraraq deyib: "2011-ci ildə ölkəmiz üçün çox vacib hadisə baş vermişdir. İlk dəfə olaraq Azərbaycan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Bu, böyük tarixi qələbədir. Hesab edirəm ki, 20 illik müstəqillik dövründə ən böyük qələbəmizdir. Çətin mübarizədə biz bütün dünya birliyinin inamını qazana bilmişik. İlk turdan başlayaraq sonuncu tura qədər Azərbaycan bu səsvermədə liderlik edirdi. Nəticə etibarilə dünyanın 155 ölkəsi Azərbaycana öz səsini verdi, Azərbaycana inandı, bizim siyasətimizi dəstəklədi".

Azərbaycanın BMT TŞ-nin on qeyri-daimi üzvündən biri seçilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin uğurlu məntiqi nəticəsi, ölkəmizin dünyadakı siyasi nüfuzunun göstəricisidir. Nəzərə alsaq ki, Təhlükəsizlik Şurasının üzvü olmaq təyinatla və növbəlilik prinsipi əsasında deyil, məhz səsvermə yolu ilə baş verir, bu zaman Azərbaycana beynəlxalq ictimaiyyətin etimadının nə dərəcədə olduğunu görmək olar. BMT üzvü olan digər ölkələr bu qədər səs ala bilmədikləri halda, Azərbaycan səsvermənin ilkin mərhələlərində 100-dən çox, sonda isə 155 ölkədən səs toplamaqla faktiki olaraq dünyanın bütün bölgələrinin etimadını qazandı, iki il müddətinə BMT TŞ-nin üzvü seçildi.

Əlbəttə, BMT TŞ-yə üzv olmağın şərtləri var. O dövlət bu quruma üzv ola bilər ki, sülhə, təhlükəsizliyə, tolerantlığa, iqtisadi inkişafa, millətlərarası və sivilizasiyalararası münasibətlərə, dialoqa əməli töhfələr verir. Müqayisə etsək görərik ki, Azərbaycan Cənubi Qafqazda deyilənlərə daha çox önəm verən ölkədir. Respublikamızın BMT sənədlərində nəzərdə tutulan məsələlərə verdiyi böyük töhfələr, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Heydər Əliyev Fondu, Xarici İşlər Nazirliyi, Yeni Azərbaycan Partiyası xətti ilə ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq siyasi, iqtisadi, mədəni və humanitar tədbirlər, idman yarışları Azərbaycanın dünyada sülhə, əmin-amanlığa, sivilizasiyalararası dialoqa, dövlətlərarası münasibətlərə, tolerantlığa, multikulturalizmə, millətlərarası əlaqələrə çox böyük töhfələr verdiyini göstərən amillərdir.

Digər tərəfdən Azərbaycan dünyanın iqtisadi inkişafına, o cümlədən beynəlxalq proseslərə təsir göstərən dövlətə çevrilib. Bu göstəricilərin hər  biri Azərbaycanın nüfuzunu artıran çox mühüm meyarlardır. Azərbaycan Prezidenti İlham Əliyevin dünya siyasətçiləri və liderləri arasında şəxsi nüfuzunun yüksək olması, dövlət başçısı kimi ölkələrarası münasibətlərə verdiyi töhfə də təbii ki, respublikamızın beynəlxalq imicinin artmasında öz rolunu oynamaqdadır. Bununla da, Azərbaycan BMT TŞ-nin üzvlüyünə namizədliyini irəli sürdükdə nəticə etibarilə uğura imza ata bildi.

Artıq BMT TŞ-də səlahiyyətlərinin icrasına başlayan Azərbaycan Respublikası üçün bu çərçivədə fəaliyyətinin prioritetləri ümumən bəllidir. Nizamnaməyə əsasən Azərbaycan Respublikasının əsas hüquqi öhdəliyi təbii ki, BMT TŞ-nin üzvü olaraq qlobal sülh və təhlükəsizlik məsələlərində aydın mövqe ortaya qoymaqdan ibarətdir.

Hazırda Azərbaycan üçün ən vacib məsələ ərazi bütövlüyünün bərpa edilməsi, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərimizdən çıxarılmasıdır. Qeyd etdiyimiz kimi, danışıqlar prosesində Ermənistan çıxılmaz vəziyyətə düşüb, çünki bütün beynəlxalq hüquq normaları Azərbaycanın maraqlarını ifadə edir. Lakin beynəlxalq ikili standartlar ucbatından Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini azad etmir. Xatırladaq ki, BMT TŞ hələ 1993-cü ildə Dağlıq Qarabağa dair qəbul etdiyi 822, 853, 874, 884 nömrəli qətnamələrlə Azərbaycanın suveren ərazilərinin işğalını pisləmiş və erməni silahlı qüvvələrini zəbt etdikləri bölgələri qeyd-şərtsiz azad etməyə çağırmışdır. Amma hələ ki, bu qətnamələrin real nəticəsi yoxdur. Bu mənada Azərbaycan BMT TŞ-yə üzvlükdən istifadə edərək ilk növbədə özünün pozulmuş ərazi bütövlüyü, o cümlədən Ermənistan tərəfindən qətnamələrin tələblərinin yerinə yetirilməməsi məsələsini bu qurumun gündəliyinə çıxarmaq imkanı əldə edib. BMT Nizamnaməsinin 42-ci maddəsinə əsasən, tətbiq edilmiş sanksiyalar istənilən nəticəni vermədikdə TŞ-nin qərarı ilə güc tətbiq edilməsi barədə qərar qəbul edilə bilər. 45-ci maddəyə görə, regional razılaşmaların yerinə yetirilməsi üçün TŞ-yə məcburetmə imkanları verilir. Bu mənada ərazilərimizin Ermənistan tərəfindən işğalı və hərbi təcavüz faktını nəzərə alaraq, Azərbaycan BMT tərəfindən qəbul edilmişbu günə kimi icra olunmamış qətnamələrin yerinə yetirilməsi və işğalçı tərəfə qarşı məcburetmə vasitələrinin tətbiq edilməsi üçün əlavə imkanlar qazanıb.

BMT TŞ-nin üzvü kimi Azərbaycanın yanvar ayında on bir qapalı məsləhətləşmədə, üç formal debatdabeş brifinqdə iştirak edəcəyi gözlənilir. Müzakirələr Yaxın Şərq, xüsusilə də, SuriyaLiviyada cərəyan edən hadisələr, ədalətin və qanunun aliliyi, eləcə də BMT ilə Afrika Birliyi arasında əməkdaşlıq məsələləri ətrafında aparılacaqdır. Təhlükəsizlik Şurasının bu gündəliyi yanvarın 4-də keçirilən plenar iclasda müəyyənləşdirilmişdir. Azərbaycan həmin iclasda TŞ-nin qeyri-daimi üzvü kimi ilk dəfə iştirak etmişdir.

Beləliklə, respublikamız 2 il ərzində Şərqi Avropa dövlətlər qrupunu BMT TŞ-də təmsil edəcək. Hər zaman uğurlu xarici siyasət həyata keçirən respublikamızın belə bir mötəbər qurumda təmsil olunması ölkəmizin beynəlxalq miqyasda nüfuzunun daha da yüksəlməsi ilə müşayiət olunacaq. 2012-2013-cü illərdə bir sıra beynəlxalq və regional münaqişələr üzrə qərarların qəbul edilməsi proqnozlaşdırıldığından Azərbaycanın bu məsələlər üzrə TŞ-də həyata keçirəcəyi fəaliyyət olduqca aktualdır. Azərbaycanın BMT TŞ-də təmsil olunması həm də dost ölkələrin səsinin burada eşidilməsinə imkan yaradacaq.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2012.- 8 yanvar.- S.  1.