Azərbaycanın
BMT yanında daimi nümayəndəsi ermənilər tərəfindən
atəşkəsin pozulması halları ilə bağlı təşkilatın
Baş katibinə məktub göndərmişdir
Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev son vaxtlar cəbhə xəttində ermənilər tərəfindən tez-tez atəşkəsin pozulması halları ilə bağlı BMT Baş katibinə və Təhlükəsizlik Şurasına 12 səhifəlik məktub göndərmişdir.
BMT-nin İnformasiya Mərkəzindən AzərTAc-a verilən məlumata görə, məktubda bildirilir ki, 2011-ci il oktyabr və noyabr aylarında erməni silahlı qüvvələri atəşkəsi 102 dəfə pozmuşdur. Atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 5 hərbçisi öldürülmüş, 1 mülki şəxs yaralanmışdır. Hesabat dövründə Ermənistan silahlı qüvvələri təkcə Azərbaycanın işğal olunmuş ərazilərindəki mövqelərdən deyil, Ermənistan ərazisindəki mövqelərdən də Azərbaycanın hərbi və mülki obyektlərini intensiv atəşə tutmuşlar.
Diplomat məktubunda Ermənistanın BMT-də Azərbaycan Silahlı Qüvvələrinin atəşkəsi pozması ilə bağlı yaydığı yalan məlumatlardan narahatlığını da ifadə etmişdir.
Məktubda deyilir: "Ermənistanın daimi nümayəndəsinin BMT-nin Baş katibinə ünvanladığı məktub da onu sübut edir ki, Ermənistan hökuməti məqsədli şəkildə beynəlxalq ictimaiyyəti çaşdırmağa, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünün yaratdığı əsas problemlərdən diqqəti yayındırmağa çalışır. Lakin ən azı Azərbaycanın suveren ərazisinin Ermənistan tərəfindən qeyri-qanuni işğalının davamı, təcavüzkar ölkənin açıq-aşkar işğalçı niyyətləri, BMT-nin Nizamnaməsinə və beynəlxalq hüquqa hörmətsizliyi fonunda Ermənistanın təbliğat maşınının reallığı təhrif etmək cəhdləri yersizdir".
Ermənistanın daimi nümayəndəsinin məktubuna
əlavə etdiyi atəşkəsin pozulması halları ilə
bağlı yalan məlumatlarda bir sıra qeyri-dəqiqlik, faktiki
səhv və ziddiyyətlərin olduğunu deyən A.Mehdiyev
qeyd etmişdir ki, Ermənistan silahlı qüvvələri hətta
iddia edir ki, snayper tərəfindən onların mövqelərinə
460 atəş açılmışdır. Bu cür
uydurmaların müəllifləri özlərinə əziyyət
verib erməni hərbçiləri arasında itkilərin
olmamasına aydınlıq gətirməmişlər. Daha bir
uğursuz saxtakarlıq erməni hərbçilərinin
qarşı tərəfdən atılan güllələri səngərdəki
mövqelərindən dəqiq saya bilmə
"bacarığıdır". Biz əminik ki, Ermənistan
hökuməti təcavüzkar və təxribatçı siyasətindən
əl çəkməyə, Azərbaycan ərazilərinin
işğalına son qoymağa və beynəlxalq hüquqa
hörmət etməyə məcbur olacaqdır.
Azərbaycan.- 2012.- 8 yanvar.- S. 1.