Azərbaycanın beynəlxalq aləmdə mövqeləri möhkəmlənir

 

İyirmi il əvvəl Azərbaycan milli müstəqilliyini bərpa etdikdən sonra dünya birliyinə, ilk növbədə Avropaya inteqrasiya istiqaməti götürdü. O vaxt gənc dövlət bir-birindən ağır problemlərlə üzləşmişdi. Keçmiş sovet imperiyası dağılar-dağılmaz Ermənistanın silahlı təcavüzünə məruz qalmış Azərbaycanın daxilində qeyri-sabitlik, hərc-mərclik, qanunsuzluq hökm sürürdü. Ölkə ümummilli böhranın doğurduğu fəsadlardan əzab çəkirdi. Azərbaycan "olum, ya ölüm" dilemması ilə qarşılaşmışdı. Dövlətin və xalqın gələcəyi böyük sual altında idi. Çoxları güman edirdi ki, Azərbaycan üzləşdiyi çətinliklər məngənəsində boğulacaq və bir dövlət kimi formalaşa bilməyəcək.

Bütün bunlara baxmayaraq, son dərəcə ağır vəziyyətdən çıxış yolu tapıldı. 1993-cü ildə təcrübəli siyasətçi, bacarıqlı dövlət xadimi Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra normal dövlət quruculuğu prosesi başladı. Cəbhə xəttində atəş dayandırıldı, siyasi sabitlik bərqərar edildi, vətəndaş həmrəyliyi təmin  olundu, iqtisadi tənəzzülün qarşısı alındı və cəmiyyət həyatının bütün sahələrində köklü islahatlara start verildi.

Dövlətin xarici siyasət xəttini müəyyənləşdirərkən Prezident Heydər Əliyev ölkəmizin nüfuzlu regional və beynəlxalq təşkilatlarına qoşulmasına xüsusi əhəmiyyət verirdi. Bu baxımdan Avropanın  inkişaf təcrübəsindən faydalanmaq, qitədə ölkənin maraqlarını müdafiə etmək üçün mötəbər regional təşkilat sayılan Avropa Şurası (AŞ) ilə əməkdaşlıq əlaqələrini genişləndirmək və nəticə etibarilə onun sıralarına qəbul olunmaq gündəlikdə duran mühüm məsələlərdən idi. Lakin bu məqsədə çatmaq üçün Avropa standartlarına uyğunlaşmaq, zəruri islahatlar keçirmək lazım idi.

Azərbaycan dövləti bu istiqamətdə ardıcıl addımlar atmağa başladı. İlk növbədə cəmiyyəti humanistləşdirmək, insan hüquq və azadlıqlarını təmin etmək üçün qərarlar qəbul edilməli idi. Belə ki, Avropa İnsan Hüquqları Konvensiyasının 6 nömrəli protokolunda vətəndaşlar barədə ölüm hökmünün çıxarılmasının yolverilməz olduğu birmənalı şəkildə vurğulanır. Ona görə də Azərbaycanda ölüm hökmünün icrasına moratorium qoyuldu, 1998-ci ildə isə belə bir cəza növü tamamilə ləğv edildi. Bu, insanın yaşamaq hüququnun qanunvericilik qaydasında təsbiti idi. 1995-ci ildə referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu və Əsas Qanunda insan hüquqlarına xüsusi yer verildi. Konstitusiyanın maddələrinin üçdə biri bu hüquqların təmin edilməsi ilə bağlı idi. Əsas Qanunun qəbul edilməsi milli qanunvericiliyi Avropa standartlarına uyğunlaşdırmaq üçün zəmin yaratdı.

Atılmış ilk addımlar Avropanı Azərbaycanın niyyətində ciddi olduğuna inandırdı və 1996-cı il iyunun 28-də Avropa Şurası Parlament Assambleyasının Bürosu ölkəmizə "xüsusi dəvət edilmiş qonaq" statusu verdi. Bundan sonra Prezident Heydər Əliyev ölkənin AŞ-yə qəbul edilməsini sürətləndirmək üçün bir sıra məqsədyönlü tədbirlər gördü. Dövlət başçısının "Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi  tədbirləri haqqında" (8 iyul 1996-cı il), "Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında" (20 yanvar 1998-ci il), "Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi haqqında" (14 may 1999-cu il) sərəncamları bu qəbildən idi. Bu sənədlərdə Avropa normalarına uyğunlaşmaq üçün bir sıra yeni qanunların, o cümlədən cinayət, cinayət-prosessual, mülki və mülki-prosessual məcəllələrin hazırlanmasını sürətləndirmək, ölkənin Avropa Şurasının konvensiya və sazişlərinə qoşulması məsələsini öyrənmək tövsiyə edilirdi. Sözügedən qanunlar Avropa Şurasının tövsiyələri nəzərə alınmaqla hazırlanıb qəbul edildi.

Beləliklə, AŞ-yə qəbul olunmaq üçün ilkin şərtlər yerinə yetirildi. Nəhayət, 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin iclasında Azərbaycan Respublikasının AŞ-yə tamhüquqlu üzv seçilməsi haqqında qərar qəbul edildi. Yanvarın 25-də isə Azərbaycanın AŞ-nin sıralarına qoşulması ilə əlaqədar təşkilatın yerləşdiyi Strasburq şəhərində (Fransa) təntənəli mərasim keçirildi. Prezident Heydər Əliyev həmin gün avropalı deputatlara müraciətlə deyirdi: "Tarixi yolların qovuşuğunda yerləşən ölkəmizin Avropa Şurasına qəbul olunması həm Azərbaycan üçün, həm də bu təşkilat üçün çox mühüm hadisədir. Biz Ümumavropa dəyərləri xəzinəsinə öz töhfələrimizi gətirməyə hazırıq. Bu töhfələr həm Avropada demokratik sabitliyin möhkəmlənməsinə, həm də avropalıların Şərq xalqlarının tarixi taleyini daha yaxşı və daha dərindən dərk etməsinə kömək edəcək. Bu, bir tərəfdən qabaqcıl demokratik ideyaların, hüquqi baxışların yayılması, digər tərəfdən isə bütün xalqların milli-mənəvi xüsusiyyətlərinə hörmət bəslənilməsi üçün yaxşı zəmin olacaqdır. Mən bu mötəbər təşkilatın gələcək inkişafı və möhkəmlənməsində öz ölkəmin xüsusi rolunu və məsuliyyətini bunda görürəm... Biz fərqləri ziddiyyətə çevirməməli, əksinə, bu fərqlər içərisində bizi birləşdirən cəhətləri axtarıb tapmalı və onlara söykənməliyik. Biz müxtəlif xalqlar olsaq da, bir dildə - vahid Avropa dilində, azadlıq, demokratiya və qanun dilində danışırıq. Bizim gücümüz bundadır".

Bununla Azərbaycan təkcə coğrafi Avropanın yox, həm də demokratik Avropanın bir hissəsi oldu. Qarşıda isə bu məkanda Azərbaycana layiq olduğu  mövqeyi qazandırmaq, dövlətimizin maraqlarını qorumaq, qitə və dünya ictimaiyyətinə ölkə həqiqətlərini, xüsusilə Ermənistanın hərbi təcavüzü və onun nəticələri ilə bağlı obyektiv informasiya çatdırmaq kimi mühüm vəzifə dururdu. Bunun üçün AŞ kimi nüfuzlu təşkilatın tribunası əvəzsiz imkan yaradırdı. Lakin bu, heç də asan iş deyildi. Çünki ermənilər yüz illərdir Avropanın müxtəlif ölkələrində məskunlaşdıqlarından burada cərəyan edən ictimai-siyasi proseslərə müəyyən dərəcədə təsir edə bilirlər. Avropadakı çoxsaylı erməni icmalarının bu və ya digər hadisə barədə özlərinə sərf edən ictimai rəy formalaşdırmaq imkanları da var. Üstəlik, qitə ölkələrində ermənipərəst mövqe tutan ayrı-ayrı nüfuzlu siyasi qüvvələr də var.

Ona görə də AŞ-də fəaliyyətə başlayan Azərbaycan nümayəndə heyəti missiyasını uğurla icra etmək üçün yorulmadan səy göstərməli idi. Bəri başdan demək olar ki, ilk dövrdə - 2001-2003-cü illərdə Milli Məclisin deputatı cənab İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu işin öhdəsindən müvəffəqiyyətlə gəldi.

Əlbəttə, əsas məsələ özünü dünya ictimaiyyəti qarşısında "yazıq", "məzlum"  kimi göstərən Ermənistanı ifşa etmək idi. Cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan parlamentinin nümayəndə heyəti qısa müddət ərzində AŞ Parlament Assambleyasının (PA) iclaslarında  Ermənistanın təcavüzkar siyasətinin mahiyyət və məqsədlərini Avropa və dünya ictimaiyyətinə çatdırmağa müvəffəq oldu. Yeri gəlmişkən, erməni təbliğat maşını ilk zərbəni Azərbaycan və Ermənistanın tamhüquqlu üzv kimi təşkilata qəbul olunduğu elə ilk sessiyada - 2001-ci ilin yanvarında aldı. Həmin sessiyada İngiltərədən olan deputat Corc Teylor Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilərin törətdikləri vəhşiliklərdən söz açdı. O burada insan hüquqlarının kobud şəkildə pozulduğunu, ermənilərin Azərbaycana qarşı təcavüzkar siyasət apardıqlarını bəyan etdi. Teylor Ermənistanın hərbi təcavüzü nəticəsində yurd-yuvasından didərgin düşmüş qaçqınların və məcburi köçkünlərin ağır vəziyyətdə yaşadığını qeyd edərək AŞ-nin bu istiqamətdə ciddi addımlar atmasının zəruri olduğunu bildirdi. O, ermənilərin işğal olunmuş ərazilərdə dağıdıcılıqla məşğul olduqlarını, mədəniyyət abidələrini, xidməti binaları, məktəbləri, xəstəxanaları məhv etdiklərini sessiya iştirakçılarının nəzərinə çatdırdı. Teylor Dağlıq Qarabağda ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımına siyasi qiymət verməyə çağırdı.

Deputatlarımız vahid komanda kimi çıxış edərək AŞ PA-nın hər sessiyasında Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri əks etdirən sənədlər hazırlayıb onları AŞ-nin rəsmi sənədləri kimi yayırdılar. Bu məqsədlə ayrı-ayrı Avropa ölkələrini təmsil edən deputatlarla əlaqə yaradır, onlardan dəstək alırdılar. Həmin sənədlərdə erməni təcavüzü nəticəsində əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının vəziyyəti, işğal olunmuş ərazilərdə narkotik bitkilərin yetişdirilməsi və qanunsuz dövriyyəsi, dövlət tərəfindən nəzarət edilməyən bu bölgədə terrorçu qruplaşmaların yaradılması, ekoloji vəziyyətin pisləşməsi, həmçinin Azərbaycan xalqına məxsus tarixi-mədəni abidələrin məhv edilməsi ilə bağlı faktlar diqqətə çatdırılırdı. Nümayəndə heyətinin rəhbəri İlham Əliyev AŞ PA-da Azərbaycanın işğal olunmuş ərazilərinin beynəlxalq terrorizm yuvasına çevrildiyini vurğulayaraq deyirdi: "Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması ilə nəinki bir milyon azərbaycanlı qaçqın evsiz-eşiksiz qalıb, çoxsaylı şəhərlərimiz, kəndlərimiz, mədəniyyət abidələrimiz, əcdadlarımızın qəbirləri büsbütün dağıdılıb, bir sözlə, erməni işğalçılarının zəbt etdikləri ərazidə bütün infrastruktur məhv edilib, həm də ermənilərin işğal etdikləri ərazidə mütəşəkkil cinayətkarlığın inkişafı üçün çox əlverişli şərait yaranmışdır. "Dağlıq Qarabağ respublikası" deyilən ərazidən narkotik bitkilərin yetişdirilməsi və daşınması üçün istifadə edilir. Narkotiklərlə məşğul olan işbazlar və tiryək alverçiləri orada özlərini təhlükəsiz və çox rahat hiss edirlər". 

Bütün bu səylərin nəticəsi olaraq AŞ PA Dağlıq Qarabağ münaqişəsinə daha çox diqqət yetirməyi qərara aldı. 2001-ci ilin aprelində AŞ PA-nın yaz sessiyasında britaniyalı deputat Terri Devis təşkilatın Dağlıq Qarabağ üzrə məruzəçisi təyin edildi. Ermənistan nümayəndə heyəti məruzəçinin təyin olunmasına qarşı çıxsa da, azərbaycanlı deputatların gətirdikləri arqumentlər inandırıcı oldu. Nəticə etibarilə AŞ Ermənistanı işğalçı dövlət elan etdi və Azərbaycanın ərazi bütövlüyünü tanıdı.  AŞ Nazirlər Komitəsinin 24 sentyabr 2001-ci il tarixli qərarında deyilirdi: "Nazirlər bütün Avropada beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərə, suverenliyə və dövlətlərin ərazi bütövlüyünə, eləcə də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində, ATƏM-in Helsinki Yekun Aktında və digər müvafiq mətnlərdə əks olunmuş beynəlxalq hüquq prinsiplərinə hörmət edilməsinə dəstəklərini bir daha təsdiq edirlər". AŞ PA 2005-ci il yanvarın 25-də qəbul etdiyi 1416 nömrəli qətnamədə isə Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsindən narahatlığını ifadə edirdi: "Parlament Assambleyası silahlı əməliyyatların başlamasından 10 ildən artıq bir müddətin keçməsinə baxmayaraq, Dağlıq Qarabağ bölgəsi üstündə münaqişənin həll olunmamış qalmasından təəssüflənir. Yüz minlərlə insan hələ də köçkündür və acınacaqlı şəraitdə yaşayır. Azərbaycan ərazisinin əhəmiyyətli hissələri hələ də erməni qüvvələrinin işğalı altındadır və separatçı qüvvələr hələ də Dağlıq Qarabağ bölgəsinə nəzarət edir".

Ümumiyyətlə, cənab İlham Əliyevin AŞ PA-da Azərbaycan nümayəndə heyətinə rəhbərlik etdiyi dövrdə deputatlarımızın fəaliyyəti nəticəsində Avropanın belə bir nüfuzlu təşkilatında erməni təbliğat maşını zərərləşdirildi. Bu, xarici siyasətimizin ən ciddi uğurlarından idi. Həmin illərdə Azərbaycan parlament nümayəndə heyəti Qarabağ həqiqətlərini özündə əks etdirən 30-a yaxın sənəd hazırlayaraq AŞ PA-nın rəsmi sənədləri kimi yaymağa nail oldu.

Beləliklə, nümayəndə heyətimizin fəaliyyəti sayəsində Avropa ictimaiyyəti Azərbaycanda real vəziyyətlə tanış oldu, erməni yalanlarının mahiyyətindən xəbər tutdu. Sonralar cənab İlham Əliyev o dövrü xatırlayaraq deyirdi: "Həyatımın bu dövrü mənim üçün, bəlkə də, ən maraqlı, mühüm zaman kəsiyidir və bu dövr gələcək fəaliyyətimdə, əlbəttə ki, bugünkü vəzifəmdə də vacib rol oynadı".

AŞ PA-da təmsil olunan Azərbaycan nümayəndə heyəti vaxtilə cənab İlham Əliyevin siyasi məharəti sayəsində əldə olunmuş uğurları davam etdirir. Son illər AŞ ilə qarşılıqlı əlaqələr daha da sıxlaşmışdır. Azərbaycan nümayəndə heyəti təşkilatın müxtəlif strukturlarında keçirilən tədbirlərdə iştirak edir, müzakirə edilən məsələlərlə bağlı ölkəmizin mövqeyini çatdırır. Eyni zamanda, AŞ PA-nın nümayəndələri ölkəmizə gələrək görüşlər keçirir, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparırlar. Eləcə də AŞ bir sıra tədbirlərini, o cümlədən üzv dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda konfransını (noyabr, 2008-ci il), Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin "Gender bərabərliyi: de-yure və de-fakto bərabərliyin təmin olunması" mövzusunda VII konfransını (may 2010-cu il) Bakıda keçirmişdir.

Ölkəmiz artıq on bir ilə yaxındır ki, AŞ-nin üzvüdür. Prezident İlham Əliyev Azərbaycan-AŞ əlaqələrinin nəticələrini dəqiq qiymətləndirir: "Konstruktiv əməkdaşlıq, məsləhətlər, tövsiyələr, bölüşdüyünüz təcrübə - bunların hamısı Azərbaycan cəmiyyətinin gələcək demokratikləşməsinə, Azərbaycanın Avropa ailəsinə tam üzv olmasına xidmət etmişdir".

Azərbaycan diplomatiyası digər nüfuzlu regional və beynəlxalaq təşkilatlarda da dövlətin mənafeyi naminə fəal iş aparır. Xüsusilə İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığın səviyyəsi təqdirəlayiqdir. Bu təşkilat dəfələrlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə edərək Azərbaycanın haqq işinə birmənalı dəstək vermişdir.

Burada bir məqamı xüsusi  vurğulamaq lazımdır ki, bütün təzyiqlərə baxmayaraq, diplomatiyamız regional və beynəlxalq təşkilatlar çərçivəsində dünya dövlətləri ilə əməkdaşlıq məsələlərində dövlətin xarici siyasətinin prinsiplərindən bir addım belə geri çəkilmir. Məsələn, ölkəmiz MDB-nin üzvüdür. Lakin bu təşkilatda Azərbaycan yalnız öz milli maraqlarını rəhbər tutur, dövlətin müstəqilliyinə və suverenliyinə xələl gətirə biləcək heç bir təşəbbüsə, yaxud layihəyə  qoşulmur. Təsadüfi deyil ki, MDB çərçivəçində zaman-zaman irəli sürülən fövqəlmilli təsisatların yaradılması ideyası rəsmi Bakı tərəfindən birmənalı şəkildə rədd edilir. Bu gün Azərbaycan Gömrük Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi qurumlarda iştirak etmir.

Cari ilin oktyabr ayında müstəqil Azərbaycanın tarixində daha bir mühüm hadisə baş vermişdir. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlərinin seçkilərində inamlı qələbə qazanaraq bu mötəbər qurumun sıralarına qoşulmuşdur. Özü də ən mötəbər beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasında yer tutmaq Azərbaycan üçün asan olmadı. Seçkilər son dərəcə gərgin mübarizə şəraitində keçdi. İş o yerə çatmışdı ki, ölkəmizə namizədliyini geri götürməyi "tövsiyə edənlər" də vardı.

Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərinin seçkiləri zamanı əksər hallarda hər regional dövlətlər qrupu üçün ayrılmış yerlərin sayı namizədlərin sayı ilə üst-üstə düşür və namizədlər praktiki olaraq problemsiz, ümumi razılıq əsasında seçilirlər. Bu il Latın Amerikası dövlətləri qrupundan başqa, bütün qruplar üzrə alternativ əsasda seçkilər keçirildi. Asiya dövlətləri qrupundan (1 yer) Pakistan və Qırğızıstan, Afrika dövlətləri qrupundan (2 yer) Mərakeş, Mavritaniya və Toqo, Şərqi Avropa dövlətləri qrupundan (1 yer) isə Azərbaycan, Sloveniya və Macarıstan Təhlükəsizlik Şurasının qeyni-daimi üzvlüyünə namizəd idi (Yeri gəlmişkən, qeyri-daimi üzvlərin seçilməsinin ilkin mərhələsində Ermənistan da namizədliyini irəli sürmüşdü. Amma rəsmi Yerevan tezliklə başa düşdü ki, Azərbaycanla rəqabət apara bilməyəcək və ona görə də biabır olmamaq üçün tələm-tələsik namizədliyini geri götürdü).

Digər dövlətlər qruplarında qaliblər səsvermənin birinci raundunda müəyyən olmuşdularsa, Azərbaycanın namizədliyini göstərdiyi qrupda səsvermə 17-ci raundadək davam etdi. İlk raundda Macarıstan cüzi səs topladığından mübarizəni dayandırdı. Amma səsvermə davam etdikcə Sloveniya Azərbaycanla müqayisədə xeyli az fərq toplamasına baxmayaraq, geri çəkilmirdi. Bununla belə, iki ölkədən heç biri BMT-nin üzvü olan 193 ölkənin üçdə ikisinin (129 səs) dəstəyini əldə edə bilmədiyindən səsvermə davam edirdi.

Nəhayət, səsvermənin son raundu ərəfəsində Sloveniya səs fərqinin çox böyük olduğunu (Azərbaycan 116 səs, Sloveniya isə 77 səs toplamışdı) nəzərə alaraq namizədliyini geri götürdü.  Beləliklə, rəqibsiz qalan Azərbaycan sonuncu səsvermənin nəticələrinə görə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Səsvermə zamanı 155 ölkə Azərbaycanı dəstəklədi, 24 ölkə bitərəf qaldı, 13 ölkə isə namizədliyini geri götürmüş Sloveniyaya səs verdi.

Bununla Azərbaycan diplomatiyası tarixi qələbəyə imza atdı. Bu böyük nailiyyət dövlətimizin regional və beynəlxalq aləmdə yeritdiyi siyasətin məntiqi nəticəsidir. Şübhəsiz ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərini seçən ölkələr bu və ya digər namizədi dəstəkləməyi qərara alarkən onun beynəlxalq əlaqələrdə rolunu, beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasına verdiyi töhfəni nəzərə alırlar. Bu baxımdan Azərbaycanın mötəbər quruma seçilməsi tamamilə təbiidir.

Diqqətəlayiq haldır ki, Azərbaycan beynəlxalq əməkdaşlıq əlaqələrində etibarlı tərəfdaş kimi nüfuz qazanmışdır. Hələ 1994-cü ildə dövlətimiz ilk əhəmiyyətli beynəlxalq sazişini - "Əsrin müqaviləsi"ni imzalayarkən regional güclərin təzyiqi ilə üzləşmişdi. Bu müqavilənin reallaşmasına mane olmaq üçün bədnam daxili və xarici qüvvələr çox çalışdı, o cümlədən dövlət çevrilişi həyata keçirmək üçün cəhdlər göstərdi. Lakin əbəs yerə. Xalqın və dövlətin iradəsi ilə bu çirkin niyyətlər puç oldu, əvəzində isə Azərbaycanın beynəlxalq aləmdə imici möhkəmlənməyə başladı. Xarici ölkələr və şirkətlər ölkəmizin simasında  etibarlı tərəfdaş qazandı.

Sonrakı mərhələdə də Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr dinc dayanmadı, ölkənin tərəqqisinə mane olmaq üçün müxtəlif təxribatlara əl atdı. Yenə də əbəs yerə. Azərbaycanın sürətli inkişafı davam edirdi. Ölkə beynəlxalq əhəmiyyətli inkişaf layihələrinin təşəbbüskarı kimi çıxış etdi və bu sahədə böyük nailiyyətlər qazandı. Xüsusilə Xəzərin Azərbaycan sektorunda karbohidrogen ehtiyatlarının xarici tərəfdaşlarla birgə istismarı və dünya bazarlarına nəqli istiqamətində uğurlar ölkəmizin regional və beynəlxalq aləmdə mövqelərini gücləndirdi. Eləcə də tarixi İpək yolunun bərpasında və Asiyanı Avropa ilə birləşdirən Transqafqaz  nəqliyyat dəhlizinin işə salınmasında Azərbaycanın rolu dünya birliyi tərəfindən yüksək qiymətləndirilir.

Başqa sözlə, ötən illər ərzində xarici tərəfdaşlar əmin oldular ki, Azərbaycana tamamilə etibar etmək olar. Ona görə də dünya dövlətlərinin ölkəmizi BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi görməsi təbiidir. 155 ölkənin məhz Azərbaycanı dəstəkləməsi təsadüfi deyil. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Bu, dünya ictimaiyyətinin Azərbaycana olan münasibətinin əlamətidir, ölkənin inkişafının təzahürüdür. Amma mən çıxışlarımda dəfələrlə demişəm  ki, Azərbaycan etibarlı tərəfdaşdır. Bu cümlədə çox böyük məna vardır. Bəlkə, indi bunu eşidən o qədər də, necə deyərlər, tam həcmdə təsəvvür edə bilmir ki, bu fikirdə nə qədər böyük məna vardır. Etibarlı tərəfdaş olmaq çox böyük məsuliyyətdir və böyük nailiyyətdir. Biz, doğrudan da, etibarlı tərəfdaşıq. Siyasətimiz kiminsə xoşuna gələ də, gəlməyə də bilər. Biz çalışmırıq ki, hamının xoşuna gələk. Biz siyasətimizi aparırıq. Azərbaycan etibarlı tərəfdaşdır. Bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Bizim sözümüzlə imzamız arasında heç bir fərq yoxdur. Bu etibarı qazanmaq asan məsələ deyildir, xüsusilə gənc müstəqil dövlət üçün".

Bütün bunlarla yanaşı, Azərbaycan beynəlxalq sülhün və əmin-amanlığın qorunub saxlanması işinə layiqli töhfə verir, beynəlxaq terrorizmlə mübarizədə və digər qlobal məsələlərin həllində yaxından iştirak edir. Bütün bunlar isə ən nüfuzlu beynəlxalq təşkilatın - BMT-nin həyata keçirdiyi başlıca vəzifələrdəndir.

BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Azərbaycan qarşıdakı iki il ərzində həmçinin haqq işini dünya ictimaiyyətinə çatdırmaq üçün daha bir mühüm tribuna qazanacaq. Beynəlxalq ictimaiyyət ölkəmizin səsini tez-tez eşidəcək, dünyanı düşündürən məsələlərə münasibətdə mövqeyi ilə yaxından tanış olacaq. Yerli və xarici ekspertlərin diplomatiyamızın son qələbəsinə münasibəti isə birmənalıdır: Azərbaycanın BMT Təhlükəsizlik Şurasına seçilməsi bu ölkənin yeritdiyi fəal və uğurlu xarici siyasətin göstəricisidir!

 

 

Azərbaycan.- 2012.- 8 yanvar.- S.  2.