Hər ürəkdə yeri var

 

Gəncə şəhəri dahi şairin yubileyinə hazırdır  

 

Nizami yurdu əlamətdar günlər yaşayır. "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2011-ci il tarixli sərəncamı ölkəmizin hər yerində, o cümlədən Gəncədə böyük sevinclə qarşılandı.

Ulu Nizaminin ölməz sənəti dünya söz sərvətinin ən parlaq səhifələrindən biridir. Ona görə də dahi şairin ədəbi irsinə hər yerdə, ilk öncə isə böyük türk elində, şairin vətəni Gəncə şəhərində maraq və məhəbbət böyükdür. Dövlət başçısının sərəncamında deyildiyi kimi, "Böyük sənətkarın bütün həyatı və zəngin ədəbi fəaliyyəti həmin dövrdə təkcə Azərbaycanın və Qafqazın ən iri şəhəri deyil, eyni zamanda, Yaxın və Orta Şərqin mühüm mədəniyyət mərkəzi kimi tanınmış Gəncə ilə bağlıdır. Şair ömrü boyu burada yaşayıb-yaratmış və dünya poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş etmişdir".

Gəncəlilər əbəs demirlər ki, ulu Nizami bu qədim şəhərin iftixarı, baş tacıdır. Neçə vaxtdır ki, şairin yubileyinə geniş hazırlıq görülür. İcra hakimiyyətinin başçısı Elmar Vəliyevin sərəncamı ilə şəhərin nüfuzlu ziyalılarından ibarət yubiley komitəsi və müxtəlif sahələr üzrə işçi qrupları yaradılıb. Sistemli surətdə axtarış işləri aparılır. Aliorta təhsil müəssisələrində, elm və mədəniyyət ocaqlarında silsilə tədbirlər keçirilir. Ölməz söz ustadının ədəbi irsinin təbliği üçün bir-birindən dəyərli tədbirlər görülür. Nizami şeirlərinin ifası üzrə müsabiqələr, ədəbi-bədii gecələr təşkil olunur. Şəhərin mərkəzi meydanında iki dəfə "Nizami Gəncəvinin söz buketi" adlı sərgi nümayiş etdirildi.

Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə şəhərdə görülən genişmiqyaslı abadlıq-quruculuq işlərinin də ana xəttində məhz Nizaminin ölməz ruhuna məhəbbət və ehtiram duyulur. Şairin müqəddəs məqbərəsinin ətrafı yenidən qurulur, Nizami küçəsi başdan-başa təzələnir. Gəncə çayının sahilində "Xəmsə" abidə kompleksi, Gülüstan yaşayış sahəsində Nizami bağı yaradılır.

Sərəncamda deyilir: "Nizami irsinin daim aktual olduğu nəzərə alınaraq hazırkı mərhələdə respublikamızda gənc nəslə mənsub nizamişünas kadrların yetişdirilməsi, şairin əsərlərinin filoloji tərcüməsinin təkmilləşdirilərək yenidən nəşrə hazırlanması və müxtəlif dillərə tərcümə edilməsi, habelə dünyanın mötəbər kitabxana və arxivlərində şairin yeni əlyazmalarının üzə çıxarılması Azərbaycan mədəniyyətinin öyrənilməsi işində bu gün xüsusilə mühüm əhəmiyyət daşıyır. Nizami dövrü, ədəbi irsi və məktəbi problemləri müasir humanitar düşüncənin tələbləri kontekstində və azərbaycançılıq məfkurəsi işığında tədqiqini gözləyir".

Bu məqsədlə artıq ilk addımlar atılır. Prezident İlham Əliyevin təşəbbüsü ilə şəhərdə elmi-tədqiqat Nizami institutu fəaliyyətə  başlayıb. İcra hakimiyyətinin təşəbbüsü ilə Nizami Gəncəvinin "Xəmsə"si, eyni zamanda, onun poeziyasını xarakterizə edən "Sələflər və xələflər", "Məqbərənin tarixitaleyi", "Nizami Gəncəvinin musiqi dünyası" adlı əsərlər, habelə "Sənsiz" və "Sevgili canan" romans-qəzəlləri və digər kitablar nəşr olunub.

Yeni yaradılmış Nizami saytı rus, ingilis və fransız dillərində olan materiallarla zənginləşdirilir. Dövlət Aqrar Universitetindəki muzeydə Nizaminin aqrar məsələlər üzrə fikirlərini əks etdirən ayrıca guşə təşkil olunub. Şəhərin ali məktəblərində təhsildə fərqlənənlər üçün bir neçə təqaüd təsis edilib. Gəncə Dövlət Dram Teatrında O.Altunbəyin "Şeyx Nizami" əsəri tamaşaya qoyulub. Kukla teatrı balacalar üçün "Xəmsə"nin ayrı-ayrı motivləri əsasında səhnəciklər düzəldib. 11 nömrəli məktəbdə Nizami muzeyi fəaliyyətə başlayıb.

Ayrı-ayrı nizamisevərlər də yubileyə öz töhfələrini hazırlayırlar. Dekorativ sənət ustası Avtandil Məlikovun əl işləri əsasında "Üçbulaq" çay evində sərgi açılıb. Məhbubə Həsənova kibrit çöpləri ilə Nizami məqbərəsinin maketini, "Sirlər xəzinəsi" və "İsgəndərnamə" qəhrəmanlarının fiqurlarını yaradıb. Sənətşünaslıq doktoru Sevda Qurbanəliyeva Kiyevdə "Nizami Gəncəvinin musiqi dünyası" adlı əsərini nəşr etdirib. Tarix üzrə fəlsəfə doktoru Samir Pişnamazzadə Nizami məqbərəsinin tarixitaleyi ilə bağlı tədqiqat işi aparır. Texnologiya universitetinin dosenti Sənubər Məmmədova Nizaminin fəlsəfi-estetik görüşləri mövzusunda doktorluq işi üzərində çalışır. "Divani Hikmət" ədəbi məclisinin növbəti məşğələsi Nizami irsinin təbliğinə həsr olunub. "Gəncənin səsi" qəzetində şəhər üzrə görülən tədbirlər müntəzəm işıqlandırılır. "Novosti Gəncə"də isə 1941-ci il oktyabrın 19-da rus ziyalıları tərəfindən Ermitajda ulu Nizaminin 800 illik yubileyinin keçirilməsi barədə materiallar bu günün oxucularına çatdırılır.

Şəhərin hər yerində rəssam Şərif Şərifovun hazırladığı Nizami Gəncəvinin portretləri, dahi şairin müdrik sözləri diqqəti cəlb edir:

 

Çalış öz xalqının işinə yara,

Geysin əməlinlə dünya zərxara.

 

Ulu şairə Gəncənin daha bir tarixi xidməti. Bakı səmtində milli-memarlıq üslubunda rəmzi giriş qapısı hazırlanır. Nizaminin məqbərə kompleksi isə sözün tam mənasında tanınmaz dərəcədə dəyişilir. Bu müqəddəs guşədə fundamental işlər görülür. Təqribən 40 hektar sahədə canlı muzey yaradılır. Hər gün minlərlə ağac əkilir. Məqbərə onun ətrafı əsaslı şəkildə bərpa edilir, geniş miqyaslı abadlıq-quruculuq işləri aparılır. Yolun hər iki tərəfində uzunluğu 47 metr olan sədd - qala divarı tikilir. Məqbərəyə qədər olan ərazidə - bir neçə kilometr sahədə kitab-abidələr ucaldılır, hər abidənin bir səhifəsində beş poemadan birinin adı yazılır, digər səhifədə isə bu poemaya çəkilmiş miniatürlərdən mozaika yığılır. Yolun əks tərəfində həmin əsərin personajlarının təsvir olunduğu şəlalə fəvvarə kompleksi quraşdırılır. Məqbərənin ən baxımlı yerində Nizami mərkəzinin inşasına hazırlıq görülür. Burada Nizami muzeyinin, əlyazmalar fondunun, beynəlxalq əlaqələr şöbəsinin digər obyektlərin yaradılması nəzərdə tutulub. Beləliklə, türk xalqının böyük oğlu, gəncəli Nizaminin ədəbi irsinin tədqiqi təbliği sahəsində yeni mərhələ başlanır. Bir sözlə, ulu Nizami öz əzəməti, öz müdrikliyi ilə bu günümüzə qovuşur.

Daha böyük uğurlar, möhtəşəm işlər isə hələ öndədir. Prezident sərəncamının əsas məğzi, mahiyyəti məhz budur. Nizami dünən var idi, bu gün var, sabah da olacaq. İllər, əsrlər boyu beləcə təravətlə, məhəbbətlə, dərin hörmət ehtiramla yaşayacaq. Bu dahi insanın yurd yeri ulu Gəncə, gündən-günə gözəlləşən yeni Gəncə! Özü demişkən:

 

Yüz il sonra sorsan bəs o hardadır?

Hər beyti səslənər: "Burda, burdadır!"

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2012.- 10 yanvar.- S. 1.