Nəticələr
sevindiricidir
Azərbaycan milli mədəniyyətinin və turizm potensialının müxtəlif ölkələrdə tanıdılması, yurdumuzun dünyanın mədəniyyət və turizm məkanına geniş inteqrasiya olunması, milli-mədəni irsimizin, dəyər və sərvətlərimizin qorunması, saxlanması, inkişaf etdirilməsi, gələcək nəsillərə tam çatdırılması istiqamətində əldə olunan nəticələr sevindiricidir. Əlbəttə, qazanılan bütün uğurların əsasında dövlətin, şəxsən ölkə Prezidenti İlham Əliyevin Azərbaycan mədəniyyətinə və turizmin inkişafına göstərdiyi diqqət və qayğı durur. Eləcə də milli-mənəvi dəyərlərimizə, bütövlükdə ədəbiyyatımıza, mədəniyyətimizə göstərilən qayğının getdikcə daha da artırılmasında, onun dünyada tanıdılmasında Heydər Əliyev\ Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın geniş fəaliyyəti xüsusilə qeyd edilməlidir. Başa vurduğumuz ildə ölkəmizdə çox vacib beynəlxalq və respublika miqyaslı hadisələr baş verdi. 2011-ci ilin Azərbaycan mədəniyyəti tarixinə töhfələr ili kimi yazılmasında əməyi olan qurumlardan biri Mədəniyyət və Turizm Nazirliyidir. Məhz bu işbirliyinin və ünsiyyətin nəticəsidir ki, həqiqətən də Azərbaycan mədəniyyəti zirvələrə doğru inamla addımlayır.
Təbii ki, tarixə qovuşan 2011-ci il bir çox sahələrdə öz uğurlu izlərini əbədi həkk etdirdi. Əvvəlki illərdə olduğu kimi, Azərbaycan mədəniyyəti yenə də inamla qanadlarını geniş açaraq möhtəşəm zirvələr fəth etdi. İlin yaddaş boğçasında elə hadisələr toplanıb ki, onları araşdırdıqca mədəniyyət aləminin zənginliyindən, əsrarəngizliyindən, ürəkdə xoş duyğular yaradan mərasimlərindən xəbər tuturuq. Həqiqətən də qürur və fərəh keçirilməli məqamdır ki, Azərbaycan mədəniyyətinin inciləri dünyanı heyrət içində saxlamaqdadır. Bir zaman sərhədləri keçməkdə müəyyən qadağa və çətinliklərlə üzləşən milli-mənəvi dəyərlərimizin xoş sorağı bu gün ölkələr dolaşmaqdadır. Milli mədəniyyətimizin səsi dünyanın möhtəşəm salonlarından gəlir. Azərbaycan muğamları, aşıq və xalçaçılıq sənəti Dünyanın İrs Siyahısına düşdü. İli ildən uğurlu və bəhrəli gələn Azərbaycan mədəniyyətinin fəth etdiyi zirvələr silsilə dağlara bənzəyir.
Mədəniyyət aləmində ötən ilin ilk xoş xəbəri bu sahənin inkişafında göstərdiyi xidmətlərə görə kinorejissor Eldar Quliyevə ölkə başçısı tərəfindən "Şərəf" ordeninin verilməsi haqqında imzalanan sərəncam oldu. Təkcə milli mədəniyyətə deyil, bütün xalqların mənəvi dəyərlərinə hörmət və ehtiramla yanaşan dövlət başçısı bu sahədə də özünəməxsus səmərəli təşəbbüslərin sahibidir. 2011-ci il yanvarın sonunda Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin yeni binasının açılışı oldu. Mərasimdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin iştirak etdilər. Cənab Ramiz Mehdiyev mərasimdə çıxış edərək dedi: "Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin fəaliyyəti Azərbaycan ilə Rusiya arasında humanitar əlaqəni daha yüksək səviyyəyə qaldırır. Heç şübhəsiz, bu mərkəz, əvvəlki kimi, Azərbaycan-Rusiya əməkdaşlığının, xalqlarımız arasındakı dostluğun, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və inkişafına xidmət edəcəkdir".
Fevralın əvvəllərində isə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin bir qrup əməkdaşı "Dövlət qulluğunda fərqlənməyə görə" və "Tərəqqi" medalı ilə təltif edildi. Mədəniyyət sahəsində əvəzsiz xidmətinə görə Sevda Məlikovaya "Əməkdar mədəniyyət işçisi" fəxri adı verildi. Xalq rəssamı Oqtay Sadıqzadənin "Şərəf" ordeninə layiq görülməsi də həmin ayın bəxtinə yazıldı.
İlin ikinci ayının ən yaddaqalan məqamı Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Şahdağ Qış-Yay Turizm Kompleksinin 2 nömrəli kanat və xizək enişinin açılışında iştirakı oldu.
Mart ayı daha rəngarəng və zəngin hadisələrinə görə ilin maraqlı ayına çevrildi. Ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı Şəhər İcra Hakimiyyətində ölkəmizin paytaxtı və şəhərətrafı qəsəbələrin sosial inkişafına dair müzakirə keçirildi. Nitqində çox mühüm məsələlərə aydınlıq gətirən Prezident İlham Əliyev qətiyyətlə söylədi: "Ölkəmizdə və xüsusilə Bakıda bütün mədəniyyət ocaqlarının təmiri prosesi gedir... Şəhərin mərkəzində, İçərişəhərdə, digər yerlərdə tarixi-memarlıq abidələri, məscidlərimiz bərpa olunur, yenidən tikilir. "Qala" tarixi-etnoqrafiya qoruğu yaradılıbdır, açıq səma altında nadir muzey mərkəzidir. Bu, nəinki Bakıda, regionda nadir mərkəzdir. Qobustan qoruğu - artıq orada da yeni muzeyin tikintisi layihəsi icra edilir, çünki o da dünya miqyasında nadir mədəniyyət ocağımızdır. O qayaüstü rəsmlər göstərir ki, burada on minlərlə il bundan əvvəl insanlar yaşamışlar... Bütün dini abidələrimiz bərpa olunmalıdır. Qəsəbələrdə bu proses gedir, məscidlər təmir olunur, yeniləri tikilir. Bu məsələyə də xüsusi diqqət verilməlidir".
Hər bir yaşayış sahəsinin abadlığı, mədəni mühiti yolundan bəllidir. Elə bu səbəbdən də "Bakı şəhərinin qəsəbələrində avtomobil yollarının tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında" imzalanan sərəncam, beləliklə, istər paytaxtın, istərsə də Bakıətrafı qəsəbə və kəndlərin sosial-iqtisadi inkişafında mühüm mərhələyə çevrildi. Mart ayında da mədəniyyətin inkişafında göstərdiyi xidmətlərə görə bu sahənin xadimlərinə müxtəlif fəxri adlar verildi.
Bakı yenə də beynəlxalq bir tədbirə ev sahibliyi etdi. Paytaxtda "Muğam aləmi" Beynəlxalq muğam festivalı öz işinə başladı. Bu münasibətlə AMEA-nın Milli Azərbaycan Tarix Muzeyində "Azərbaycan muğamı və Orta Şərq musiqisi" mövzusunda elmi simpozium keçirildi. YUNESKO səviyyəsində keçirilən simpoziumun böyük tarixi əhəmiyyəti var idi. Tədbirin açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, Azərbaycanın müstəqilliyi dövründə milli muğam ifaçılığı yeni inkişaf mərhələsinə qədəm qoyub. Əlbəttə, yüzilliklərlə cilalanan, zaman-zaman üslub, obraz, məzmun, ifaçılıq mahiyyəti zənginləşən Azərbaycan muğamının müasir tarixində ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayır. Bu barədə YUNESKO-nun nümayəndəsi, Paris Milli Elmi Araşdırmalar Mərkəzinin professoru Jan Dürinq söylədi: "Bir neçə ildir Azərbaycanda muğamla bağlı maraqlı tədbirlər keçirilir. Aparılan araşdırmalar göstərir ki, Azərbaycan xalqının musiqiyə, xüsusilə muğama olan sevgisi bütün dünyaya məlumdur. Keçirilən bu simpozium və tədbirlər də qədim tarixə malik və regionda geniş yayılmış Azərbaycan muğamatı üzərində cəmləşmişdir".
Novruz şənliklərinin bir-birinə bənzəməyən tədbirləri isə daha çox yaddaqalan oldu. Ən maraqlısı da odur ki, 21 mart dünyada Beynəlxalq Novruz Günü kimi qeyd edilməyə başladı.
Aprel ayında Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başladı. Dünyanın bütün qitələrindən bu foruma gələnlər bir daha sivilizasiyaların qovuşduğu məkanda yerləşən Azərbaycan xalqının mənəvi aləminə, mədəniyyətinə, qonaqpərvərliyinə, mətbəxinə vurğun kəsildilər. Həmin mərasimdə dövlət başçısı İlham Əliyev dedi: "Biz istəyirik ki, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir-biri ilə sıx təmasda olsunlar, bütün problemləri açıq şəkildə müzakirə etsinlər, öz fikirlərini söyləsinlər... Azərbaycanda milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması artıq faktdır və bu, bizim güc mənbəyimizdir. Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir... Milli və dini mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan hər bir kəs bizim dəyərli vətəndaşımızdır".
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Qadınlar mədəniyyətlərarası dialoqun əsas təmsilçiləridir" sessiyasında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva iştirak etdi. Həmin sessiyada qadınların mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri kimi cəmiyyət həyatında oynadığı rolun təşviq edilməsi məqsədilə nəzəri və praktiki çərçivənin müəyyənləşməsi məsələləri geniş müzakirəyə səbəb oldu. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sessiyadakı məzmunlu və məntiqli çıxışı bu mühüm tədbirin əsas istiqamətini müəyyənləşdirdi: "Biz elə bir dövrdə yaşayırıq ki, hətta insanların ən müqəddəs, ən ülvi hisləri ilə oynamaq istəyənlər də tapılır. Bizim hər birimiz müxtəlif dinə mənsubuq və bu dinlərin dəyər sistemləri olduqca yaxındır. Biz müxtəlif dillərdə bir Tanrıya dua edirik və dualarımızın mahiyyəti də eynidir. Lakin biz bu gün insanlıqdan kənar və ağılasığmaz bir faktla üzləşirik. Özünü din xadimi adlandıran biri müqəddəs kitabı - Qurani-Kərimi oda atıb yandırır. Nədir belə hərəkətin adı? Nədir onun məqsədi?.. Bu gün hər birimiz çox yaxşı dərk etməliyik ki, biz öz ölkəmizin vətəndaşı olmaqla yanaşı, bəşəriyyət adlı bir ailənin üzvüyük. Qloballaşma prosesi hər birimizi böyük və ümumi bir məkanın sakinlərinə çeviribdir. Bu məkanda insanlararası, dövlətlərarası, xalqlararası dialoq məhz etik, normal xalq, ədalət prinsipləri əsasında qurulmalıdır".
Uğurla başa çatan bu beynəlxalq tədbir bir daha təsdiqlədi ki, həqiqətən bu gün bəşəriyyətin tərəqqisində hər iki mədəniyyətin - Şərqlə Qərb sivilizasiyalarının qoşa dayanması nəinki vacibdir, əslində, həyati zərurətdir.
May ayında Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlər göstərən 16 şəxsə əməkdar incəsənət, mədəniyyət xadimi, əməkdar artist, rəssam fəxri adları verildi. 100 incəsənət xadimi Prezident mükafatına, 2 nəfər isə Prezidentin fərdi təqaüdünə layiq görüldü. Xalq yazıçısı Anara Heydər Əliyev mükafatı verildi. May ayının yaddaqalan ən maraqlı hadisələrindən biri də Almaniyanın Düsseldorf şəhərində keçirilən "Eurovision-2011" mahnı müsabiqəsində azərbaycanlı ifaçılar - Eldar Qasımov və Nigar Camalın qələbəsi oldu. Xalqımıza böyük sevinc və xoş duyğular gətirən bu qələbə mədəniyyət tariximizə qızıl hərflərlə yazıldı. 43 ölkənin yer aldığı mötəbər musiqi yarışmasında Azərbaycan dördüncü dəfə idi ki, iştirak edirdi. 25 ölkənin birincilik uğrunda mübarizə apardığı müsabiqənin finalında Azərbaycan təmsilçilərinin qələbəsi bizim hər birimizdə qeyri-adi hislər yaratdı. Səsimiz dünyaya yayıldı.
Artıq üçüncü yaydır ki, Qəbələdə beynəlxalq musiqi festivalı keçirilir. 2011-ci ilin avqust ayında bu qədim şəhər yenidən qonaqlı-qaralı oldu. Üçüncü Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün dünyanın bir çox ölkəsindən ifaçılar, bəstəkarlar Azərbaycanın bu dilbər guşəsinə gəldilər. Bu, sadəcə musiqili tədbir deyildi. Həm də Azərbaycan mədəni irsinin təbliği və təsdiqi idi. Bizi həm tanıyır, mənəviyyatımıza, mədəniyyətimizə, təbiətimizə yaxından bələd olurdular, həm də necə istedada, qabiliyyətə yiyə durmağımızdan xəbər tuturdular.
Yazdan başlayaraq Fransada, Çin Xalq Respublikasında, Küveytdə Azərbaycan Mədəniyyət günləri keçirildi. Azərbaycan mədəniyyətinin xoş təntənəsi həm iştirakçıların, həm də tamaşaçıların böyük sevincinə səbəb oldu. Azərbaycan musiqisinin, mədəniyyətinin qanadları həqiqətən də dünyanın möhtəşəm konsert salonlarını fəth etməkdədir. Bir vaxtlar özgə adla üz tutduğumuz ölkələrə indi məhz öz ismimizlə gedirik. Bundan böyük fəxarət, qürur təsəvvür etmək olmaz.
2009-cu ildən başlayaraq Azərbaycan professional musiqisinin banisi, dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının ildönümü ilə əlaqədar sentyabr ayında Bakıda Beynəlxalq Musiqi Festivalı keçirilir. III Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının yaratdığı növbəti xoş təəssürat ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda böyük əks-səda doğurdu. Festival konsertlərində dünyanın görkəmli musiqiçiləri, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirdilər. Heydər Əliyev Fondunun dəstəyi, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu beynəlxalq musiqi festivalı zəngin proqramla, böyük və yaddaqalan uğurlarla tarixə çevrildi. Azərbaycan mədəniyyətinin solmayan səhifələrinə yeni nailiyyətlər yazıldı. Sentyabr ayında həm də Moskvada böyük Azərbaycan bəstəkarı Müslüm Maqomayevin abidəsi açıldı.
Dövlət başçısının sərəncamı ilə yubileyləri dövlət səviyyəsində keçiriləcək ədəbiyyatşünas alimlərin, şairlərin düzənlənən mərasimləri də ölkənin mədəni həyatında dərin izlər buraxdı.
Oktyabr ayında həm də Bakıda Avropa klassik musiqisinin ən nüfuzlu nümayəndələrindən olan Volfqanq Motsartın abidəsinin açılışı oldu. Açılış mərasimində iştirak edən Prezident İlham Əliyev bu mühüm hadisəni belə səciyyələndirdi: "...Motsartın abidəsinin Bakıda ucaldılması həm Azərbaycan xalqının dahi şəxsiyyətin xatirəsinə olan hörmətinin əlamətidir, eyni zamanda Avstriya-Azərbaycan dostluğunun inkişafı üçün çox vacib bir hadisədir".
"Azərbaycan teatrının 2009-2019-cu illər üzrə inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq noyabr ayında Bakıda Beynəlxalq Kukla Teatr Festivalı keçirildi. Festival çərçivəsində 16 ölkədən gəlmiş 20-dən çox kukla teatrı iştirak edirdi. "Nizami" kinoteatrı binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı da məhz noyabr ayına təsadüf etdi. 1934-cü ildə istifadəyə verilmiş bu bina məhz Azərbaycan Prezidentinin sərəncamı ilə təmirə dayandırılmışdı. "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" çərçivəsində aparılan əsaslı təmir və yenidənqurma işləri yüksək səviyyədə başa çatdırılmışdır.
Prezidentin imzaladığı növbəti sərəncamlara əsasən Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının binası, eləcə də xalq şairi Səməd Vurğunun ev-muzeyinin əsaslı təmiri nəzərdə tutulur. İlin sonunda musiqi məktəblərində təhsil alan beş şagird dövlət başçısının sərəncamına əsasən təqaüdə layiq görüldü və adları gənc istedadların "Qızıl kitabı"na yazıldı. Eləcə də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 35 əməkdaşına bu musiqi ocağındakı fəaliyyətinə görə müxtəlif fəxri adlar verildi. 11 əməkdaş "Tərəqqi" medalı, 2 nəfər isə Prezidentin fərdi təqaüdü ilə təltif edildi.
Ötən ilin sonunda "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun həm idarə edilməsi, həm də fəaliyyətinin təmini ilə əlaqədar dövlət başçısının sərəncamı imzalandı. Abşeronun ən qədim yaşayış məntəqələrindən biri olan Qala kəndində Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən Arxeoloji-Etnoqrafik Muzey Kompleksi maraqlı ünvanlardan biridir. Beynəlxalq standartlara cavab olaraq muzeyin müasir üslubda idarə olunması üçün ölkə başçısının növbəti qayğısı bu qeyri-adi məkana yeni həyat gətirdi. Milli-mənəvi dəyərlərə həmişə diqqətlə yanaşan Prezident İlham Əliyevin qayğısı sayəsində Bakıdakı Əjdərbəy məscidi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildi.
2011-ci ilin sonunda Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Qobustan Dövlət Tarix-Bədii Qoruğunda inşa olunan muzeyin açılışında iştirak etdilər. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev muzey haqqında dövlət başçısına və xanımına ətraflı məlumat verdi. Ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq tikilən muzey və inzibati kompleksin ümumi sahəsi 2460 kvadratmetrdir. Muzeyin işi ilə tanış olan Prezident İlham Əliyev müasir soydaşlarımızın ulu əcdadlarının minillər ərzində yaratdığı maddi mədəniyyət nümunələrini qorumağı mühüm hadisə kimi dəyərləndirərək Azərbaycan insanının keçmişini dövrümüzə daşıyan, mədəniyyət incilərini xalqımızın yaddaşından silinməyə qoymayan və bunu bəşəriyyətə çatdıran Qobustanı Tanrı tərəfindən xalqımıza bəxş edilən dünya miqyaslı tarixi abidə adlandırdı.
Ötən ildə qazandığımız uğurlar 2012-ci ildə də bizi yeni zirvələrə aparacaq. Mədəniyyət sahəsində mühüm hadisələr, beynəlxalq tədbirlər gözlənilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial inkişaf, sosial-iqtisadi tərəqqi öz sözünü bundan sonra da deyəcək. Azərbaycan mədəniyyətinə dövlət tərəfindən diqqət və qayğı daim göstərilir. Məhz bu yüksək münasibətin nəticəsidir ki, milli mədəniyyətimizin təbliği dünya müstəvisində daha əhəmiyyətli yer tutub, mədəni irsimizin qorunması və inkişafı istiqamətində genişmiqyaslı fəaliyyət bundan sonra da səmərəli şəkildə davam edəcək.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2012.- 10 yanvar.- S. 2.