Pakistanda «Azərbaycan-Pakistan
münasibətləri - çağırışlar və
imkanlar» adlı kitab nəşr olunmuşdur
Pakistanın nüfuzlu ingilis və ərəbdilli "Diplomatic İnsight" jurnalı tərəfindən "Pakistan-Azərbaycan münasibətləri - çağırışlar və imkanlar" adlı kitab nəşr edilmişdir.
Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, nəşrin giriş hissəsində iki qardaş dövlət arasında münasibətlərə, ölkə liderlərinin qarşılıqlı səfərlərinə, beynəlxalq arenadakı əməkdaşlığa, habelə ümummilli lider Heydər Əliyevin Azərbaycan-Pakistan münasibətlərinə verdiyi töhfələrdən bəhs olunmuşdur.
Kitabda Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində ölkəmizə verdiyi birmənalı dəstək və Ermənistanı bir dövlət kimi tanımaması faktı müəlliflər tərəfindən xüsusi vurğulanmışdır.
Nəşrdə Azərbaycanın qədim və müasir tarixindən, dövlət müstəqilliyinin bərpasından və bu sahədə ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən söz açılmışdır. Kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə xüsusi yer ayrılmışdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilərin süni şəkildə yerləşdirilməsi tarixi və keçən əsrin sonlarından başlayaraq onların bu ərazini Azərbaycandan qopararaq Ermənistana birləşdirmək niyyətində olduqları qeyd edilmişdir. Müəlliflər münaqişənin incəliklərini açıqlamış, BMT Təhlükəsizlik Şurasının və digər nüfuzlu beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayan ermənilərin işğalçı siyasətlərini davam etdirdiklərini bildirmiş, azərbaycanlıların bununla heç vaxt barışmayacağını və doğma torpaqlarını azad etmək əzmində olduqlarını qeyd etmişlər.
Kitabda həmçinin Prezident İlham Əliyevin fəaliyyətindən, ölkədə aparılan köklü islahatlardan geniş bəhs olunmuşdur. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü də daxil olmaqla ölkəmizin bir çox nüfuzlu beynəlxalq təşkilatlara üzv olması nəşrdə xüsusi qeyd edilmiş, respublikamızın beynəlxalq arenada gündən-günə artan siyasi nüfuzundan söz açılmışdır. Ölkəmizin qısa müddət ərzində əldə etdiyi iqtisadi nailiyyətlərdən də bəhs olunan kitabda, enerji layihələrindən və sosial sektorun inkişafına göstərilən dövlət qayğısı barədə məlumatlar verilmişdir.
Nəşrdə Azərbaycan-Pakistan münasibətlərinin dinamikasına, əlaqələrin siyasi və iqtisadi məqamlarına xüsusi yer ayrılmış, 1991-ci ildən etibarən qarşılıqlı səfərlər, qəbul olunmuş qərarlar nəzərdən keçirilmişdir. Bundan əlavə, kitabda ölkəmizin Pakistanın çətin günündə daim yanında olduğu xüsusi vurğulanmış, 2005-ci, 2010-cu və 2011-ci illərdə Pakistanda baş vermiş təbii fəlakətlər zamanı Azərbaycan tərəfindən edilən humanitar yardımlardan, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində tikilmiş qızlar məktəbindən söz açılmışdır.
Kitabda Azərbaycan-Pakistan münasibətlərinin daha da inkişaf etdirilməsi ilə bağlı təkliflər və tövsiyələr də yer almışdır.
Azərbaycan və urdu dillərində nəşr ediləcək nəşrin tam mətnini bu linkdən oxumaq olar:
http://azembassy-pakistan.com/wp-content/plugins/page-flip-image-gallery/popup.php?book_id=2
Azərbaycan.- 2012.- 10 yanvar.- S. 3.